Məhkəmə qərarları › İş №2(011)-347/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-347/2022

09.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-347/2022 09.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin ödənilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A, ünvanında inşa edilən çoxmənzilli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 94.1 kv.m olan 92 nömrəli təmirsiz mənzilin (bundan sonra - Mənzil) sahibidir. O, həmin Mənzili "xxxx" MMC ilə xx.xx.2018-ci il tarixdə bağladığı 51 saylı müqavilə əsasında 94.100 manat məbləğində pul ödəməklə əldə etmişdir. İddiaçnın Mənzilə dair mülkiyyətə gözləntisi vardır.

2. İddiaçı ilə Cavabdeh1 arasında şifahi formada podrat müqaviləsi bağlanılmış, razılaşmaya əsasən Cavabdeh1 Mənzildə təmir işlərinin görülməsi, təmir işlərinin görülməsi üçün tikinti materiallarının alınması, tikinti materiallarının Mənzilə daşınmasının təmin edilməsi, ustalara işə görə muzdun ödənilməsi və digər tikinti işlərinin yerinə yetirilməsilə təmiri tam başa çatdırmaq barədə, iddiaçı isə görülmüş işlərin qarşılığında 19 000 manat məbləğində pulun Cavabdeh1 ödənilməsi barədə üzərinə öhdəlik götürmüşdür.

3. İddiaçı tərəfindən muzdun bir hissəsi ödənilmiş, Cavabdeh1 tərəfindən isə Mənzildə tavan altının profillə yığılaraq alçipan vurulması, tavanın və divarların şpaklyovka ilə üzlənməsi, istilik, elektrik, su-kanalizasiya xəttinin çəkilməsi sment məhlulu ilə döşəmənin hazırlanmasından ibarət təmir işləri yerinə yetirilmişdir. İddiaçı işi qəbul etməmiş və təmir işləri yarımçıq saxlanılmaqla, müqavilə iddiaçı tərəfindən ləğv edilmişdir.

4. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı cavabdehlərə ödənilmiş 15 800 manat pulun, 1850 manat vurduqları maddi zərərin, 31 manat dövlət rüsumun cəmi 17681 manat pulun müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, 04 avqust 2018-ci 11 tarixli, 51 nömrəli müqaviləyə əsasən o, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 31A ünvanında inşa edilən binadan 2 otaqlı 94.1 kv.m təmirsız evi təhvil almışdır. Həmin mənzilin ümumi dəyəri 94100 manat olmaqla bütün məbləğ aylara bölünməklə tərəfindən tam ödənilmişdir. Sözügedən mənzil tam təmirsiz olduğu üçün təmir etdirmək qərarına gəlmiş və həmin binaya təqdim edilmiş vızitkalardakı nömrələrlə təmir işlərinin görülməsi üçün əlaqə saxlamışdır. Bu təkliflərdən biridə cavabdehlər Cavabdeh1 və onunla birlikdə hər zaman gələn və bəzən şəriki bəzən də sürücüsü kimi ona təqdim etdiyi Cavabdeh2 təklifi onu cəlb etmişdir. Həmin təklif hər kv.m-ində digərlərindən nisbətən ucuz və əlverişli olduğu üçün onlara təmiri həvalə etmişdir. Şifahi razılaşmaya əsasən bu təmir üçün 19000 manat pul ödənilməli idi. Müxtəlif vaxtlarda cavabdehlərə ümumilikdə 15800 manat pul verilmişdir. Təmir zamanı mənzilində müxtəlif fəhlələr və ustalar işləmiş, sonradan onlar pullarını cavabdehlərdən ala bilmədikləri üçün təmiri yarımçıq qoyub evi tərk etmişlər. Cavabdehlər ondan yerdə qalan pulu tələb etdikdə onlara təmirin dayandığını və təmirdə heç bir müsbət irəliləyiş görmədiyini haqlı olaraq irad şəklində bildirdikdə aralarında mübahisələr olmuşdur. Bundan sonra cavabdeh mənzilə daxil olaraq az miqdarda etdiyi təmiri yarasız hala salaraq yenidən ona maddi zərər vurmuşdur. Həmin zərərin qiymətini isə müstəqil ekspert tərəfindən 1850 manat qiymətləndirilir. Belə kı, cavabdehlər tərəfindən divarlar, tavan, pəncərələr sındırılaraq yararsız hala salınmış, divarın içində olan elektrik naqilləri və tavanda olan yük saxlayan arakəsmələr doğranaraq yararsız hala salınmışdır. Bununla bağlı Xətai rayon Polis idarəsinin 36-cı polis bölməsinə şikayət etmiş, izahat, onda olan sms - yazışmalar və səs yazıları təqdim edildikdən sonra araşdırılmış, cavabdehin ondan 15800 manat almasına dair sübutlar təsdiqini tapmışdır və iş mülki xarakterli olduğu üçün ümumi qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh1 məhkəmə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, təxminən 2021-ci ilin iyun-iyul aylarında iddiaçının oğlu ilə Mənzildə təmir işlərinin görülməsi ilə bağlı danışıqlar aparmışlar. Razılaşmaya əsasən sifarişçi Azər (iddiaçının oğlu) mənzildə təmir işlərinin görülməsi üçün ona 19000 manat pul ödəməyi öhdəsinə götürmüşdü. Razılaşmaya uyğun olaraq Azər tərəfindən müxtəlif vaxtlarda 3-4 dəfəyə hissə-hissə ona 13900 manat pul ödənilmişdi, sonra Azər maşınını əzəndə gəlib ona sonuncu dəfə 700 manat da ödəmişdir. Ümumilikdə mənzilin təmirinə görə Azər ona nağd şəkildə cəmi 14600 manat pul ödəmişdir (Cavabdeh1 yazılı etirazında əvvəlcə 15800 manat ödədiyini qeyd etsə də, sonradan təqdim etdiyi etiraza əlavəsində Azərin ona 14600 manat ödədiyini, “15800 manat”ın səhvən yazıldığını bildirmişdir) pulun qalanı isə ödənilməmişdir. Verilmiş puldan o müxtəlif vaxtlarda hissə-hissə ümumilikdə 6865 manat dəyərində materialları almış, yük maşını tutub aldığı materialları mənzilin yerləşdiyi binaya gətirtmiş, materialların mənzilə daşınmasını təşkil etmişdir. Mənzilin təmiri üçün mal-materiala, yüklərin daşınmasına və qaldırılmasına, təmir tikinti işlərinə, eləcə də əmək haqqı kimi, ümumildə 14425 manat pul xərcləmiş, iddiaçıya cəmi 175 manat borcu qalmışdır.

8. Digər Cavabdeh2 etirazını məhkəməyə təqdim etməmişdir.

9. Məhkəmə iclasında verilən izahatlar:

İddiaçının vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh1 vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı yazılı etiraza uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razı deyillər. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat vermədiyindən, habelə iddiaçının vəkili və nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir.

10. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

13. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.

17. Maddə 752.1 podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

18. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

19. Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

20. Maddə 1096.1-ci Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

21. Maddə 1096.2-ci Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

25. Məhkəmə iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

26. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

27. Tərəflər arasında şifahi formada podrat müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehə Mənzildə təmir işlərinin görülməsini sifariş vermiş, cavabdeh həmin sifarişi qəbul etmiş, tərəflər görüləcək iş və muzd barədə də razılığa gəlmişlər. Mülki Məcəllənin 752.1-ci maddəsində podrat müqavilləsinə verilən anlayışdan da görünür ki, bu müqavilə kansensual müqavilədir, tərəflər sifarişin qəbul edilməsi və muzd barədə razlığa gəldikləri andan müqavilə bağlanmış sayılır. Podrat müqaviləsinin yazılı formada bağlanması ilə bağlı qanunvericilikdə hər hansı məcburi şərt göstərilmədiyindən məhkəmə, Mülki Məcəlləsinin 406.1-ci maddəsinə (müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin) əsasən, qeyd edir ki, podrat müqaviləsi şifahi formada da bağlana bilər.

28. Tərəflər arasındakı mübahisə işin (təmirin) qüsurlu yerinə yetirilməsi və bununla bağlı dəymiş zərərin ödənilməsi ilə əlaqədardır. Podratçının işi (podratın nəticəsini) qüsursuz yerinə yetirməsi öhdəliyi Mülki Məcəllənin yuxarıda qeyd edilən 762-ci maddəsində nəzərdə tutulmuşdur. Ümumiyətlə, podratın nətiəsinin qüsursuzluğuna dair 2 meyar nəzərdə tutulmuşdur: birinci meyara görə podratın nəticəsi əvvəlcədən şərtləşdirilmiş keyfiyyətə uyğun olmalıdır. Tərəflər arasında təmir işlərinin keyfiyyəti ilə bağlı əvvəlcədən müəyyən edilmiş hər hansı şərt mövcud deyil. İkinci meyara görə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olmalıdır. Podratın nəticəsinin adi istifadə üçün yararlı olması, nəticənin sifarişçinin arzuladığı adi keyfiyyət və istifadəyə uyğun gəlməsini nəzərdə tutur.

29. Lakin iş materiallarında olan xüsusi biliyə əsaslanan sübutlar əsasında müəyyən edilir ki, Cavabdeh1 tərəfindən Mənzildəki təmir işləri keyfiyyətsiz aparılmışdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/96 nömrəli, xx.xx.2022-ci il tarixli rəyində təmir işlərinin keyfiyyətinin aşağı olması qeyd edilməklə göstərilmişdir ki, Mənzildə tavan altı profillə yığılaraq alçipan vurulmuş, tavan və divarlar şpaklyovka ilə üzlənmiş, istilik, elektrik, su-kanalaizasiya xətləri çəkilmiş, döşəmə sement məhlulu ilə hamarlanmışdır. Həmçinin, rəydə görülmüş təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqribən 7215 manat olması göstərilmişdir.

30. Eyni zamanda, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş mütəxəsis rəyində də, Mənzildə təmir işlərinin keyfiyyətinin aşağı olması və görülmüş işlərin 7178 manat olması müəyyən edilmişdir.

31. Beləliklə, şərh edilənlərdən də görünür ki, Cavabdeh1 Mənzildə aparılan təmir işlərini qüsurlu yerinə yetirilməklə, öhdəliyini pozmuşdur.

32. Bu halda, iddiaçı işlərin keyfiyyatəsiz yerinə yetirlməsinə görə dəymiş zərəri tələb etmək hüququna malikdir. Bu hüquqi əsas Mülki Məcəllənin yuxarıda göstərilən 443.1-ci maddəsində göstrilmişdir. Həmin norma imkan verir ki, öhdəliyini yerinə yetriməyən borcludan kreditor dəymiş zərəri tələb etsin. Öhdəliyin yerinə yetirilməməsi, öhdəliyin lazımı qaydada icra edilməməsini də ehtiva edir (Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Mülki Məcəllənin 442-ci maddəsi).

33. Cavabdeh1 tərəfindən öhdəliyinin lazımı qaydada yerinə yetirməməsi Mənzildə aparılan təmir işlərinin aşağı keyfiyyətdə olması (ekspert rəyinə əsasən) və görülən işlərin dəyərinin verilmiş muzdun məbləğindən qat-qat az olması ilə əlaqədardır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/96 nömrəli, xx.xx.2022-ci il tarixli rəyində Mənzildə aparılan təmir işlərinin - tavan altının profillə yığılaraq alçipan vurulması, tavan və divarların şpaklyovka ilə üzlənməsi, istilik, elektrik, su-kanalaizasiya xətlərinin çəkilməsi, döşəmənin sement məhlulu ilə hamarlanması, habelə əlavə və nəqliyyat xərclərinə görə çəkilən xərcin 7215 manat olması göstərilmişdir. Halbu ki, iddiaçı həmin işlərin yerinə yetirilməsi məqsədilə Cavabdeh1 14600 manat məbləğində pul (muzd) verilmişdir.

34. Məhkəmə Cavabdeh1 15 800 manat məbləğində ödəniş etməyi ilə bağlı iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı bu dəlilini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. MPM-nin 77-ci maddəsində sübut etmə yükünün bölgüsü aparılmışdır. İddiaçı iddia etdiyi, cavabdeh isə etiraz etdiyi halları sübut etməlidir. Cavabdeh1 isə iddiaçı tərəfindən ona 14 600 manat məbləğində pul verildiyini bildirmişdir. İddiaçı 15 800 manat pulun ödənilməsi ilə bağlı məhkəməyə onunla Cavabdeh1 arasında aparılmş optik informasiya daşıyıcıya (CD) köçürülmüş səs yazısını təqdim etmişdir. Lakin məhkəmə hesab edir ki, həmin səs yazısı sübut kimi qəbul edilə bilməz, çünki qanuni əsaslarla əldə edilməmişdir. Səs və video yazıların əldə edilməsinə dair tələblərin əks olunduğu Mülki Prosessual Məcəllənin 95.1 və 95.2-ci maddəsinin tələbinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Qanunla icazə verilən hallardan başqa gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz.

35. Bununla yanaşı, məhkəmə qeyd edir ki, əgər həmin səs yazısı sübut kimi qəbul olunsaydı belə, yenə də 15800 manat pulun iddiaçı tərəfindən verilməsi təsdiq olunmur. Belə ki, səs yazısından müəyyən olunur ki, iddiaçı Cavabdeh1 15 800 manat məbləğində pul verməsi barədə sual versə də, sonuncu həmin məbləğdə pulun alınmasını etiraf etmir, suala ümumi şəkildə “Sən də, mən də bilirik nə vermisən...” kimi cavab verir.

36. Məhkəmə iddiaçı tərəfindən Mənzilin təmirinə ödənilmiş pulun tam geri qaytarılması ilə bağlı iddia tələbinə münasibətdə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

37. İddiaçı tərəfindən Cavabdeh1 14600 manat məbləğində pul ödənilməsinə baxmayaraq, sonuncu öhdəsinə düşən vəzifələri tam icra etməmiş və nəticədə iddiaçı tərəfindən müqaviləyə xitam verilmişdir. İddiaçı ödənilmiş pulu tam şəkildə tələb etsə də, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının nəticəsində müəyyən olunmuşdur ki, Mənzildə yuxarıda sadalanan təmir işləri yerinə yetirilmiş və həmin işlərin ümumi dəyəri 7215 manat məbləğində olmuşdur. Odur ki, Cavabdeh1 yerinə yetirdiyi işlərin dəyəri çıxıldıqdan sonra, qalan 7385 (14 600 – 7215 = 7385) manat məbləğində iddiaçıya dəymiş zərərin geri qaytarılması hissəsində təmin edilməlidir.

38. Məhkəmə iddia tələbinin 1850 manat vurulmuş maddi zərərin tutulması hissəsinə münasibətdə hesab edir ki, iddia tələbi həmin hissədə qismən əsaslı olduğundan, qismən təmin edilməlidir.

39. Yerinə yetirilmiş təmir işlərinin bir hissəsinin sonradan elə Cavabdeh1 təfərindən yararsız hala salınması həm iş materiallarında olan foto-şəkillərlə, həm tərəflərin izahatı ilə, həm də iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təsdiq olunur. Məhkəmə tikinti-texniki ekspertizasının 10/96 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə də müəyyən edilmişdir ki, mənzilin divarları və tavanın alçipan örtüyünün üzərində iri çapıqlar və zədələr vardır. Mənzildə sonradan tikinti-təmir işlərini yararsız hala salınması nəticəsində dəymiş zərərin 1800 manat məbləğində olması müəyyən olunur.

40. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus Mənzilə dəymiş ziyanın ümumilikdə 1800 manat məbləğində olması iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə xüsusi bilik tələb edən elm sahəsinin mütəxəssislərinin rəyi ilə müəyyən edildiyindən, dəymiş ziyanın real həcmi 1800 manat məbləğində müəyyən edilərək, həmin məbləğdə pul vəsaiti Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir.

41. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 aid hissəsinə təmin edilməməsi qənaətinə gəlir.

42. İş materialları ilə də müəyyən olunur ki, Mənzildə tikinti-təmir işlərinin aparılması Cavabdeh1 tərəfindən həyata keçirilmiş və şifahi podrat müqaviləsi də onlar arasında bağlanmışdır. Cavabdeh2 məhkəmə iclası zamanı verdiyi izahatında o, Cavabdeh1 taksi sürücüsü kimi aparıb-gətirdiyini bildirmiş, eyni zamanda, iddiaçının vəkili və nümayəndəsi də məhkəmə baxışı zamanı verdiyi izahatında Cavabdeh2 Vüsal Bağrovla birlikdə gəldiyini, onu sürücüsü kimi tanıtdığını bildirmişdir. Məhkəmə hesab edir ki Cavabdeh2 iddiaçının hazırki iddia tələbinə cavab verməli olan şəxs deyil.

43. Məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu və 100 manat məbləğində ekspert xərci iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 52 faizi nisbətində təmin olunmuşdur) tərəflərə aid edilməlidir.

44. Mülki Prosessaul Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. 7385 manat və 1800 manat məbləğində maddi ziyan olmaqla, cəmi 9185 manat məbləğində pul və 15,60 manat dövlət rüsumu Cavabdeh1 alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 15,40 manat hissəsi iddiaçıya aid edilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində pul vəsaitinin 48 manat hissəsi İddiaçı, 52 manat hissəsi isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar