Məhkəmə qərarları › İş №2(011)-3795/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3795/2022

27.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3795/2022 27.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə istifadə hüququnun itirilməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 39 saylı evin, 30 saylı mənzilinə (bundan sonra – Mənzil) dair iddiaçı ilə Cavabdeh1 (bundan sonra – keçmiş mülkiyyətçi) arasında xx.xx.2013-cü il tarixli 84-5700-13 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. İddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmış və bu barədə ona Dövlət reyestrindən Çıxarış verilmişdir.

2. Mənzilin keçmiş mülkiyyətçisinin Mənzilə dair mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına (qeydiyyat nömrəsi: **********) alınmışdır. Cavabdehlər – Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – digər cavabdehlər) Mənzilin keçmiş mülkiyyətçisinin övladlarıdır. Cavabdehlər hal-hazırda mübahisəli mənzildə pasport qeydiyyatındadırlar.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 39 saylı evin, 30 saylı mənzildən istifadə hüquqlarının itirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, Mənzili keçmiş mülkiyyətçidən 10 dekabr 2013-cü il tarixdə Bakı şəhəri 43 saylı Xüsusi Notariat Kontorunda № 84-5700-13 saylı daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsinə əsasən almışdır. Mənzilə dair mülkiyyət hüququ dövlət qeydiyyatından keçmişdir. Cavabdehlər yaşayış sahəsini ona satdıqdan sonra köçüb getmələrinə baxmayaraq qeydiyyatdan çıxmamışlar. Bu hal onun mənzil üzərində mülkiyyət hüquqlarını pozur.

b. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişlər.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

9. Cavabdehlərin faktiki yaşayış yeri məlum olmadığından, onlar məlum olan axırıncı yaşayış yeri olan mübahisəli mənzildən məhkəmə iclasına çağırılmış, lakin cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanının onların həmin mənzildə yaşamamalarına dair qeyd yazılmış bildiriş məhkəməyə qaytarıldığından, məhkəmə Azərbaycan Respublikası MPM–nin 147-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

10. Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

12. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.

13. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

14. Maddə 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

15. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.

16. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.

Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

17. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

18. Maddə: 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

22. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

23. İşə baxan məhkəmənin mövqeyi:

24. Məhkəmə iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

15. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

16. İddianın əsasını cavabdehlərin Mənzilə dair istifadə hüququ ilə bağlı mübahisə təşkil edir. İstifadə hüququ Mülki Məcəllədə həm ayrıca bir hüquq kimi (istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.3), həm də mülkiyyət hüququnun tərkib hissəsi kimi müəyyən edilmişdir (mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.1).

25. Hazırkı mübahisə Cavabdeh1 mülkiyyət hüququna aid olan istifadə hüququ ilə bağlıdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi, Cavabdeh1 Mənzilin əvvəlki mülkiyyətçisi olmuş və onunla iddiaçı arasında bağlanmış, alqı-satqı müqaviləsi əsasında iddiaçının mülkiyyət hüququ dövlət reyestrində qeydə alınmışdır.

26. Məhkəmə qeyd edir ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququnu əldə etdiyi andan Cavabdeh1 həmin Mənzilə dair bütün hüquqları, o cümlədən istifadə hüququ itirilmişdir. Belə ki, əvvəla, cavabdehin istifadə hüququ, əvvəldə də qeyd edildiyi kimi, onun mülkiyyət hüququna bağlı olmuş, Mənzilin satılması ilə cavabdehin mülkiyyətinə dair qeyd yazısı ləğv edilməklə, onun mülkiyyət hüququ, eyni zamanda mülkiyyət hüququna bağlı olan digər hüququları da itirilmişdir (§ 16).

27. Digər tərəfdən, cavabdeh Mənzili özgəninkiləşdirməklə, mülkiyyət hüququndan birdəfəlik imtina etmiş, Mənzillə bağlı bütün əlaqələrini daimi olaraq kəsmişdir.

28. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının Mənzilə dair mülkiyyət hüququ yarandığı andan cavabdehin mülkiyyət hüququ itirildiyindən, onun Mənzilə dair istifadə hüququ da saxlanıla bilməz.

29. Həmçinin, işin mübahisəsiz hallarından o da müəyyən olunur ki, digər cavabdehlər Mənzilin keçmiş mülkiyyətçisinin övladlarıdır. Mənzilə dair keçmiş mülkiyyətçinin mülkiyyət hüququ isə xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Bu halda, digər cavabdehlərin də Mənzildən istifadə hüquqları yaranmışdır (§ 21).

30. Mülkiyyətçi ilə bərabər həmin yaşayış sahəsində yaşayan şəxslərin istifadə hüquqlarının yaranması əsaslarını müəyyən edən MM-nin 30.1-ci maddəsinin mənası baxımından mülkiyyətçinin ailə üzvləri 2 qrupa bölünür. Birincisi, mülkiyyətçi ilə birlikdə yaşayan onun arvadı (əri), uşaqları və valideynləri, ikincisi, mülkiyyətçinin himayəsində olmaqla əmək qabiliyyəti olmayan və mülkiyyətçi tərəfindən ailə üzvü kimi köçürüldükdə digər qohumlar. Digər cavabdehlər Mənzilin keçmiş mülkiyyətçisinin ailə üzvü olduqlarından onların da Mənzildən istifadə hüquqları yaranmışdır. Lakin onlar da Mənzil satıldıqdan sonra keçmiş mülkiyyətçi ilə birlikdə köçüb başqa yaşayış yerinə getdiklərindən onlar Mənzildən istifadə hüquqları ilə bağlılığını daimi olaraq kəsmişlər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehlərə aid hissədə də təmin edilməlidir.

31. Məhkəmə qeyd edir ki, iddiaçı həmin şəxslərin Mənzili ona təhvil vermələrinə və onların qeydiyyatdan çıxmalarına əmin olaraq Mənzili əldə etmişdir. İddiaçı ilə həmin cavabdehlər arasında hər hansı yaxın qohumluq əlaqələri mövcud deyil, habelə onlar iddiaçının ailə üzvləri deyil. Ona görə də, məhkəmə işin faktiki hallarını müqayisəli şəkildə təhlil edərək hesab edir ki, iddiaçı Mənzili alarkən digər şəxslərin hüquqları ilə yüklü olan Mənzilin əldə edilməsini arzu etməmişdir və o, Mənzilin cavabdehlərin hüquqları ilə yüklülüyünün olmamasına münasibətdə vicdanlı olmuşdur.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, 39 saylı evin, 30 saylı mənzilinə dair istifadə hüquqları itirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar