Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-55/2025 13.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçıların nümayəndəsi və vəkili Vəkil2, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı fərdi yaşayış evinin və həyətdə yerləşən tikililərin tikintisinə çəkdikləri xərcin əvəzi olaraq 827.857 manat, eyni ərazidən oxşar torpaq sahəsi əldə etməyi üçün qiymət fərqinə görə 162.500 manat, ödədiyi dövlət rüsumunun əvəzi olaraq 1281 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçılar məhkəməyə vəsatət ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh qismində cəlb edilməsini, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv.metr torpaq sahəsində fərdi yaşayış evinin və həyətdə yerləşən tikililərin tikintisinə çəkdikləri xərcin əvəzi olaraq 827.857 manat, eyni ərazidən oxşar torpaq sahəsi əldə etməyi üçün qiymət fərqinə görə 162.500 manat, ödədiyi dövlət rüsumunun əvəzi olaraq 1.281 manat pul vəsaitinin müştərək qaydada cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İddiaçıların nümayəndəsi və vəkili məhkəməyə iddianı dəqiqləşdirilməsi ərizəsi ilə müraciə edərək Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv.metr torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin və həyətdə yerləşən tikililərin tikintisinə çəkdikləri xərcin əvəzi olaraq 709.625 manat, eyni ərazidən oxşar torpaq sahəsi əldə etməyi üçün qiymət fərqinə görə 156.250 manat, dövlət rüsumunun əvəzi olaraq 1.281 manat, mütəxəssis rəyinin verilməsi üçün "xxxx" Qiymətləndirmə Təşkilatına ödənilmiş 1000 manat pul məbləğinin pul vəsaitinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçılara ödənilməsini xahiş etmişdirlər. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, cavabdehlərlə ailəvi yaxın dostluq münasibətində olmuşlar və bir müddət Kanadada yaşamışlar. Özlərinə fərdi yaşayış evi tikmək niyyətində olmuşlar. Bu fikirlərini bilən ailəvi yaxın dostluq münsibətində olduqları cavabdeh, Kəlpəli adlı şəxsdən torpaq aldığını, ailəvi bağ qonşusu olsunlar deyə həmin torpaq sahəsini almağı onlara təklif etmişdir. Torpaq sahəsi cavabdehin adına qeydə alınmadığından o, Bakı şəhəri Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 030 №-li qərarı ilə X2 ayrılmış Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində yerləşən və xx.xx.2011-ci il tarixli 7E- 15434 reyestr nömrəli etibarnamə əsasında aldığı 1250 kv.metr torpaq sahəsini onlara satmışdır. Onlar tərəfindən torpaq sahəsinə görə cavabdehə “AAAF Park” yaşayış kompleksində inşa edilmiş sahəsi 89 kv.m olan mənzil verilmişdir. Əvəzində cavabdeh də torpaq sahəsində özlərinə fərdi yaşayış evi tikə bilməkləri üçün xx.xx.2013-cü il tarixdə, xx.xx.2061-ci ilədək müddətə (faktiki olaraq ömürlük) etibarnamə vermişdir. Cavabdeh bundan sonra həmin torpağı onların faktiki sahibliyinə vermişdir və onlarda həmin torpaqda ən azından vicdanlı sahib kimi özlərinə 3 mərtəbəli fərdi yaşayış evi tikdirib, həyətində hövuz və sair tikinti işləri gördürmüşlər. Bütün bu tikinti-təmir işlərinə ümumilikdə 827.857 manat xərcləri çıxmışdır. Əvvəllər yaxın dostluq münasibətində olsalar da, evin tikintisi, təmiri başa çatdıqdan bir müddət sonra cavabdehin ailələrinə qarşı münasibəti onlara bəlli olmayan səbəbdən kəskin pisləşmişdir. Cavabdeh və ailəsi faktiki olaraq ailələri ilə düşmənçilik etməyə başlamışdır. Məhz bundan sonra cavabdeh evlərini əllərindən almaq üçün əvvəlcə sağlığında hər hansı iradı olmayan X1 ölümündən sonra inzibati qaydada iddia qaldıraraq artıq vəfat etmiş şəxsin adına verilmiş Bakı şəhəri Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 030 №-li qərarını ləğv etdirmiş, daha sonra isə məhkəmədə, mülkiyyətində olan Bakı şəhəri, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv. metr sahəsi olan ərazi və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən iddiaçıların çıxarılması barədə iddia qaldırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi 2(008)-961/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Yuxarı instansiya məhkəmələri isə həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. Hadisələrin belə olacağını bilsəydilər, cavabdehdən deyil, başqa bir şəxsdən torpaq sahəsi alıb evlərini orada tikdirərdilər. İndi onlara bəlli olmuşdur ki, cavabdehin məqsədi onları aldadıb, etibarlarından sui-istifadə edib əmlaklarını ələ keçirmək olub. Nəticədə həm evlərindən, həm də onun inşasına sərf etdikləri 827.857 manat pul vəsaitindən məhrum olmuşlar. Bundan başqa eyni ərazidən oxşar torpaq sahəsi əldə etməkləri üçün hazırda 225.000 manat pul xərcləməlidirlər. Belə ki, onlar torpaq sahəsini alan vaxt Bilgəh qəsəbəsində, həmin ərazidə torpağın bir sotunun qiyməti 5000 manat idi və 12,5 sot topraq sahəsinin qiyməti 62.500 manat edirdi. Hal-hazırda isə Bilgəh qəsəbəsində oxşar ərazidə torpaq sahəsinin bir sotunun qiyməti orta hesabla 18.000 manat təşkil etdiyi üçün onlar 12,5 sot torpaq sahəsi almaq üçün 225.000 manat ödəməlidirlər. Nəticədə 162.500 manat qiymət fərqi yaranır. İddiaçılar hesab edirlər ki, həmin qiymət fərqi də cavabdehdən onların xeyrinə tutulmalıdır. Tərəflərin izahatları: İddiaçıların nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərin nümayəndəsi və vəkili iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşin faktiki halları: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-961/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək Bakı şəhəri, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv metr sahəsində olan ərazi və onun üzərində inşa edilmiş fərdi yaşayış evindən cavabdehlər İddiaçı2 və İddiaçı1 çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-258/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməyərək mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-961/2022 saylı, 15 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qətnamədə cavabdehlər tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-2638/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən cavabdeh İddiaçı2 və İddiaçı1 tərəfindən birlikdə verilmiş kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 258/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. "xxxx" MMC-nin 05 iyun 2025-ci il tarixli mütəxəssi rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 18-ci dalan ünvanında yerləşən 12,5 sot torpaq sahəsinin 2013-cü il üçün bazar dəyəri 68.750 manat, 2025-ci il üçün isə 225.000 manat təşkil edir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 18-ci dalan ünvanında yerləşən 12,5 sot torpaq sahəsi üzərində yerləşən tikiliyə 2013-2014-cü illər ərzində çəkilən xərcin məbləği (material və işçilik xərci hesablanmaqla) 709.625 manat təşkil edir. İş materiallarında olan 15 fevral 2013-cü il tarixli etibarnaməyə əsasən Cavabdeh1 İddiaçı1 Azərbaycan Res. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli 030 saylı qərarına əsasən, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində yerləşən 1250.0 kv.metr torpaq sahəsini idarə etməyi, tikinti işlərini aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nin Bakı şəhəri Ərazi idarəsindən dövlət reyestrindən çıxarış almağı, Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsindən kadastr plan: almağı, həbs və girov barədə arayışı aldıqdan sonra sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adımdan ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmişdir. Məhkəmə iclasında dindirilmiş X4 bildirmişdir ki, iddiaçları tanıyır. O Əli ilə Lənkərandan, uşaqlıqdan qonşu olub. Həm də onların qohumluğu çatır. Cavabdehləri də tanıyır. Onları Əliyə görə tanıyıb. Dost idilər. Ailəvi də dostluqları var idi. 2013-cü ilin mart ayının əvvəli-ortası olardı. Evin başlaması üçün Əli ona demişdi ki, evi başlamaq lazımdır. Sücaətdən torpağı alıb. Şahid əslində Sücaətin həyətində də işləyib deyə onu tanıyırdı. Oranı başlamaq lazımdır. Gedib briqada ilə başlayıb. Hazırlayıb təhvil verib. Ev Əlinin olub. Cavabdehlərlə əlaqəsi yox idi. Amma o bilir ki, dostluqları var idi. Get-gəlləri var idi. Amma onların torpaqlarına 2 otaqlı ev yazıldı “AAAF Park”-dan. Ondan sonra yenə dost idilər. Gəlirdilər, gedirdilər. Sücaət də gəlirdi. O evə oxşar Sücaətin də evi var. Qonşuluqdadır. 1 çəpərdilər. Hətta get-gəl olsun deyə qapı da qoymuşdu. Evlərin oxşarlığı var. Əvvəli başladı eyni proyektlə. Sonra ortada Əli demişdir ki, tam eyni olmasın. 1-ci mərtəbəyə kimi eyni proyektdir, sonra da deyişmişlər, 3-də tamam dəyişikdir. Biri 3 mərtəbə, biri 2 mərtəbədir. Evin tikintisi üçün pulu Əli verib ona. Dost-tanışlardır hamısı. Tanıyır, bilir. Çöl işləri başladı. İç işlərində də o iştirak edib. Gəlirdi, o vaxt pulları başı çıxan adam kimi onunla göndərirdi. O da təxminən tavana qədər 240 minə başa gəldi. Kitabları var idi. 2-3 il əvvəl köçəndə itdi. Hamısı qalırdı onda kitablar. Orda bəzi betonların pulunu o vermişdi. Qarışıq haqq-hesab olub. Təxminən tək usta pulu deyildi orda. Sonra yenidən başladı həyəti təmirə, içini təmirə. İştirak da edib. Onları artıq yazmayıb. Nəzarətdə onda olub. Hovuz gitara formasında tikilib. Peşəsi idi. Həm də qeyri-adilik istədi. Tam Sücaətinkinə oxşamasın. Onlarda fərqli eləmişlər. Orda Sücaətin bir dost kimi öz fikirləri olub. Məhkəmə iclasında dindirilmiş X6 bildirmişdir ki, iddiaçıları tanıyır, sinif yoldaşıdı. Onlar da Lənkəranlıdır, yerliləridir, qohumudurlar. Ordan tanıyır. Cavabdehlərdən Sücaəti tanıyır. Əlinin dostu, şəriki kimi. Əlini çoxdan tanıyır. Sücaəti hardasa 2012-2013-dən. Usta işləyib ünvanda, fasadını, üz tərəfini işləyib. 3 mərtəbəli ev idi. 2013-cü ilin axırında o başlayıb. Əli müəllim şifariş vermişdi. Ödənişi də Əli edib. Sücaət müəllim orda iştirak etməyib. Şərik olublar, şəriki kimi tanıyıb. Hamı bilirdi ki, Əlinindir. Əli tikdirirdi evi. Tikilib təhvil veriləndən sonra da 5-6 dəfə gedib ora, əlinin yanına, işlə bağlı. Vəsait təqribi yadında deyil. 120 mindən çox idi tək üz qabığı. 2015-ci ildə nəm verirdi ev. 1-ci mərtəbədə balkon. Təzədən Əli müəllim onu çağırmışdı, oranı də düzəltdirdi. Məhkəmə iclasında dindirilmiş X5 bildirmişdir ki, iddiaçıları tanıyır. Əlini 30 ilə yaxındır tanıyır. Lənkəranlı çayçı var idi, onun yanına gedib-gəlirdi. Əli ilə dost idi. Onun yanında tanış olub. O vaxt o tələbə idi. Gülnarə xanım onun yoldaşı idi. Cavabdehlərdən Sücaəti tanıyır. Əli müəllimin yanında tanıyıb. Sücaəti təxminən 2011-ci ildən tanıyır. Tanıyır evi, gəlib-gedi ora. Torpağı o vaxt Sücaətdən almışdı Əli. Biryerdə şərik iş görürdülər. “AAAF Park”-da filan. Torpağı Sücaətdən alandan sonra özü üçün də ev tikdirmişdi. Bəzi işlərini də o eləyib. Kafel-metlax işlərini eləyib. Təxminən 2014-cü ildə. Evə köçəndən sonra 1-ci mərtəbədə hovuz artırmışdı. Onun üstü damırdı. İzalyasiya eləyib. Onun orda usta işlədiyi vaxt 2014-cü il olub. O kafel-metlax işlərini eləyib. Əli müəllim sifariş vermişdi. Vəsaiti də Əli müəllim vermişdi. Təxminən onların orda gördüyü işlərin işçiliyi 1200 manat dəyərində tutumuşdu. Onlar çox iş görməyib orda. Maisin briqadası işləyirdi. O axırda kafel-metlax işlərinə köməyə gəlib ki, köçmək üçün. Sağ tərəfdə birinci Sücaətin evidi. Sonra Əli müəllimin evidi. Arxa da Siyavuş müəllimin evidi. Bir nəfər də mühafizəçi var idi. O baxırdı sonra. Siyavuş müəllim Sücaətin dostu. Sücaət üçün də o iş gördürüb. Əli müəllimin evini təmir edən vaxtlar idi. İşdən xoşu gəldi. Şəhərdə evi var. Xətai metrosunun yanında. Orda da Sücaət üçün iş gördürüb. Yaxın dost idilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.[13] V. Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Vİ. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 188. Emal 188.1. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, şəxsin özünə mənsub olmayan materialların emalı yolu ilə hazırladığı yeni daşınar əmlaka mülkiyyət hüququnu materialların mülkiyyətçisi əldə edir. Emalın dəyəri materialların dəyərindən əhəmiyyətli dərəcədə yüksək olduqda, yeni əmlaka mülkiyyət hüququnu vicdanla hərəkət edərək, materialları özü üçün emal etmiş şəxs əldə edir. Maddə 238. Torpaq mülkiyyət hüququnun obyekti kimi 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. 238.2. Əgər qanunla ayrı qayda müəyyənləşdirilməyibsə, torpaq sahəsinə mülkiyyət hüququ həmin sahənin sərhədləri daxilində yerləşən səth (torpaq) qatına və qapalı sututarlara, meşələrə və bitkilərə də şamil edilir. 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir. 238.4. Başqa məqsədlər üçün istifadəsinə yol verilməyən və ya məhdudiyyət qoyulan kənd təsərrüfatı təyinatlı və digər təyinatlı torpaq sahələri qanunla müəyyənləşdirilir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, ilkin olaraq məhkəmə qeyd etmək istəyir ki, qanuni qüvvəsini almış Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8703/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı və Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2-1(103)-2391/2022 nömrəli qərardadı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv.metr torpaq sahəsinin Cavabdeh1 qanuni əsaslarla məxsus olması öz təsdiqini tapdığından bu hal məhkəmə tərəfindən mübahisəsiz hal kimi qəbul edilir. Digər tərəfdən müəyyən edilir ki, tərəflər arasında sözügedən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin kimə məxsus olmasına dair mübahisə vardır. İşin faktiki hallarında müəyyən edilir ki, Cavabdeh1 məxsus torpaq sahəsində fərdi yaşayış evi inşa edilmişdir. Bununla bağlı iddiaçı tərəfin mövqeyi ondan ibarətdir ki, mübahisəli fərdi yaşayış evi onların vəsaiti hesabına öz istifadələri məqsədi ilə inşa edilmişdir ki, fərdi yaşayış evinin inşasına cavabdehlər tərəfindən razılıq verilmişdir. Cavabdeh tərəf isə bildirmişdir ki, qeyd olunan fərdi yaşayış evi onların vəsaiti hesabına və öz istifadələri üçün tikilmiş, iddiaçılara isə müvəqqəti yaşamaq üçün icazə verilmişdir. İddia tərəfi iddia tələblərini belə əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv.metr torpaq sahəsi iddiaçılar tərəfindən Cavabdeh1 alqı-satqı yolu ilə alınmış və həmin sahədə yaşamaqlar üçün 3 mərtəbəli fərdi yaşayış evinin tikintisi aparılmışdır. Uzun illər orada yaşamışlar, lakin sonradan tərəflər arasında olan dostluq münasibətləri pozulduğundan cavabdehlər onları evlərindən məhrum etmişlər. Yuxarıda göstərilənlə bağlı məhkəmə qeyd edir ki, əsas kimi göstərilmiş torpaq sahəsinin alqı-satqı yolu ilə əldə edilməsi halı məhkəmə araşdırması zamanı öz təstiqini tapmamışdır. Belə ki, iddiaçılar mübahəsəli fərdi yaşayış evinin onlara məxsus torpaq sahəsində tikildiyini iddia etsələr də, torpağın onlara məxsus olmasını təstiqləyən hər hansısa hüquqmüəyyənedici sənəd təqdim etməmişdirlər. Digər tərəfdən təqdim olunmuş etibarnamə ilə bağlı məhkəmə təqdim edilmiş sübutları məcmu halda araşdıraraq belə qənaətə gəlmişdir ki, Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci tarixli 030 №-li qərarı ilə mübahisəli 1250 kv.m. torpaq sahəsi Kəlpəli Əliyevə ayrılmışdır. Cavabdeh1 həmin qərarın etibarsızlığı barədə Bilgəh Bələdiyyəsinə qarşı Bakı İnzibati Məhkəməsində iddia ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin yuxarıda göstərildiyi qərarı ilə iddia təmin edilmişdir. Belə olan halda Kəlpəli Əliyev tərəfindən Cavabdeh1 verilmiş xx.xx.2011-ci il tarixli etibarnamə əsasında İddiaçı1 verilmiş etibarnamənin artıq hüquqi qüvvəsi yoxdur, habelə Kəlpəli Əliyev ölmüş və onun adına verilmiş qərar etibarsız hesab edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli fərdi yaşayış evinin tikildiyi torpaq sahəsinin onlara məxsus olamsı öz təstiqini tapmadığından həmin tikili “əsassız tikinti” kimi qiymətləndirilməlidir. Elmi ədəbiyyatda “əsassız tikinti” adlandırılan belə vəziyyətlər üç qrupda təsnif edilir: 1) şəxsin özünə məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması; 2) şəxsin başqasına məxsus material ilə öz mülkiyyətində olan torpaq sahəsində inşaat aparması; 3) şəxsin başqasına məxsus material ilə başqasının mülkiyyətində olan torpaq sahəsində inşaat aparması. Əsassız tikinti torpaq sahəsinin mülkiyyətçisi ilə inşaatı öz hesabına aparmış şəxs arasında yaranan mülki hüquq münasibətləri ilə bağlıdır. Baxılan iş üzrə ixtilafın əsasının iddiaçılara məxsus materiallar ilə Cavabdeh1 məxsus torpaq sahəsində inşaat aparılması təşkil edir. Bununla bağlı ilkin olaraq qeyd olunmalıdır ki, mülki qanunvericilikdə bu halı düzünə tənzimləyən maddi hüquq normaları aşkar edilmir. Yalnız Mülki Məcəllənin 172.3-cü maddəsində qeyd olunmuşdur ki, əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Göründüyü kimi, bu normada qonşu torpaq sahəsinin sərhədlərinin qərəzsiz şəkildə pozulması ilə tikinti aparıldıqda buna dərhal etiraz etməyən torpaq mülkiyyətçinin həmin pozuntuya dözmək, pozuntuya yol vermiş mülkiyyətçinin isə müvafiq pul kompensasiyası ödəmək öhdəlikləri nəzərdə tutulmuşdur. Normanın zidd mənasından isə aydın olur ki, inşaat zamanı qonşu sahənin sərhədləri qərəzli şəkildə pozularsa (yəni tikinti aparan şəxs sərhədi pozduğunu bilirsə və ya bilməlidirsə), yaxud müdaxiləyə məruz qalmış torpaq mülkiyyətçisi pozuntuya dərhal etiraz edərsə, tikilinin sökülməsini, hətta sözügedən pozuntu delikt təşkil etdiyi üçün zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Bu qayda binanın və ya qurğunun qonşu mülkiyyətçinin torpaq sahəsində inşa edildiyi hallara aid olduğu kimi, qonşu olmayan başqa bir şəxsin torpaq sahəsində qərəzsiz şəkildə öz vəsaiti hesabına aparılmış inşaata da aid edilə bilər. Hazırki mülki iş üzrə iddiaçılar sözügedən torpaq sahəsində öz vəsaiti hesablarına materiallar əldə edərək mübahisəli fərdi yaşayış evini tikdirdiklərini bildirsələrdə, bununla bağlı məhkəmə mötəbər sübut təqdim etməmişdirlər. Sübut kimi məhkəməyə yalnız şahid ifadələri təqdim edilmişdir ki, həmin ifadələr sübut kimi yalnız o halda qəbul edilə bilərdi ki, göstərilən hallar digər sübutlarla da öz təstiqini tapsınlar. Odur ki, qeyd edilən şəxslərin ifadələri istinad edilən halların təsdiq edilməsi üçün yetərli və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Məhkəmə iddiaya cavabdehlərdən eyni ərazidən oxşar torpaq sahəsinin əldə edilməyi üçün qiymət fərqinə görə 156.250 manat pul vəsaitinin iddiaçıların xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsassızdır. Belə ki, maddi və ya mənəvi zərərin ödənilməsi ilə bağlı mübahisəyə baxılarkən cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində tələbkarın çəkdiyi zərər arasında səbəbli əlaqənin mövcud olduğu müəyyən edilməlidir. Hazırkı mülki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar mübahisəli torpaq sahəsi və fərdi yaşayış evindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında çıxarılmışdırlar. Digər tərəfdən iddiaçı tərəf cavabdehlərin hüquqdan sui-istifadə edilməsi ilə bağlı istinad etdiyi halları da məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, mülki iş üzrə cavabdehlərin iddiaçılara qarşı hər hansı qanunsuz hərəkət və ya hərəkətsizlik etdiyi müəyyən edilməmişdir. Odur ki, maddi zərərin ödənilməsi ilə bağlı mülki məsuliyyətin yaranması əsasları movcud olmadığından iddia bu hissədə də əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız hesab edilərək rədd edilməlidir. Məhkəmə xərcləri: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı iddiaları rədd edildiyinə görə, məhkəmə xərclərinə daxil olan dövlət rüsumu məbləği və mütəxəssis tədqiqatının dəyərinə görə ödəniş də iddiaçı tərəfə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 18-ci dalanda yerləşən 1250 kv.metr torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin və həyətdə yerləşən tikililərin tikintisinə çəkdikləri xərcin əvəzi olaraq 709.625 manat, eyni ərazidən oxşar torpaq sahəsi əldə etməyi üçün qiymət fərqinə görə 156.250 manat, dövlət rüsumunun əvəzi olaraq 1281 manat, mütəxəssis rəyinin verilməsi üçün "xxxx" Qiymətləndirmə Təşkilatına ödənilmiş 1000 manat pul məbləğinin pul vəsaitinin müştərək qaydada cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi tələbinə dair iddiaları rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-55/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-55/2025
13.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver