Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6655/2025 15.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayonu 63 saylı tam orta məktəbə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı – işdən çıxarılma barədə əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İ. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbi inzibati orqanın publik sahəyə aid hərəkəti (hərəkətsizliyi) və ya qərarının mübahisələndirilməsinə aid deyilsə, iddiaçı əmək müqaviləsi üzrə hüquqlarının mülki məhkəmə icraatında bərpasını tələb etməkdə haqlıdır. Lakin iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçının tələbi bilavasitə inzibati orqanın publik hüquq sahəsinə aid hərəkətlərinin qanuniliyinin yoxlanılmasına yönəlmişdir. Həmin tələblə bağlı mübahisəyə aidiyyəti üzrə inzibati məhkəmə tərəfindən baxıla bilər. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar imtahanda kifayət qədər bal toplayaraq, uğur qazana bilməmişdir. Bu səbəbdən də iddiaçı sertifikatlaşdırmanın nəticələrini mübahisələndirir. Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 1.0.6-1-ci maddəsinə görə sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 3.22-ci maddəsinə görə sertifikatlaşdırmanın nəticələri ilə razılaşmayan təhsilverənlər məhkəməyə və (və ya) nəticənin “Şəxsi kabinet”inə göndərildiyi tarixdən 30 (otuz) iş günü müddətində inzibati qaydada Nazirliyə şikayət verə bilərlər. Nazirlik təhsilverənin şikayətinə onun iştirakı ilə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun baxır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. Məhkəmə hesab edir ki, təhsilverənlərin sertifikatlaşdırılmasının nəticələrinin mübahisələndirilməsi ilə bağlı hazırki iddia öz yurisdiksiyası daxilində aidiyyəti üzrə inzibati məhkəmə tərəfindən baxılmalı iddia növünə aid olduğundan, sözügedən tələb geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, yuxarıda sadalanmış səbəblərdən iddianın icraatı qeyrimümkündür. Buna görə də iddia ərizəsi geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah olunmalıdır ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra qərardadda göstərilə xüsusatlar nəzərə alınmaqla, ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq qəraraaldı: İddiaçı cavabdehlər Bakı şəhəri Xətai rayonu 63 saylı tam orta məktəbə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı işdən azad edilməyi barədə cavabdeh Xətai Rayonu "Sədrəddin Həsənov adına 63 №-li tam orta məktəbi" tərəfindən tərtib olunmuş xx.xx.2025ci tarixli 90 №li əmrin ləğv edilməsi və onun işə bərpa edilməsi, işə bərpa olunanadək məcburi iş buraxma müddətinə görə qətnamə icra olunan tarixə kimi əmək haqqının cavabdeh tərəfindən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra qərardadda göstərilə xüsusatlar nəzərə alınmaqla, ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №2(011)-6655/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6655/2025
15.08.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver