Məhkəmə qərarları › İş №2(011)-7208/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7208/2025

18.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7208/2025 18.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Aygün Tərlan qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə ödənişin, gecikdirilmiş gün üçün əmək haqqının bir faizinin, mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli əmrin ləğv edilməsi, əvvəllər işlədiyi Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara X4 Şöbəsinə mühəndis vəzifəsinə bərpa edilməsinə (məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı zaman həmin vəzifə mövcud olmadıqda isə ona uyğun vəzifəyə), məcburi iş buraxdığı dövrdə ona ödənilməli olan əmək haqqının, əmək haqqının gecikdirilməsinə görə əmək haqqının 1 faizinin, yaşadığı mənəvi iztirablara görə 30000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.20210-cu il tarixdən xx.xx.2025-ci il tarixinədək Cavabdeh İB-də müxtəlif vəzifələrdə işləmişdir. İşlədiyi müddət ərzində daim işinə məsuliyyət ilə yanaşmış, heç bir intizam tənbehi ilə bağlı cəza almamışdır. Lakin, buna baxmayaraq, Cavabdeh İB-nin tərkibində olan Bakı Regional Qazın Satışı Departamentinin ləğvi əsas gətirilərək Birlik tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə xitam verilmişdir. Əmr verilərkən əmək Məcəlləsinin 68-70, 73-76, 78-79-cu maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də əmr əğv olunmalı və işə bərpa olunmalıdır. Onun himayəsində iki azyaşlı uşağı var. Özü şəkərli diabet xəstəliyindən əziyyət çəkir. Ailənin yeganə qazanc əldə edən şəxsidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda izahatında bildirmişdir ki, o, 10-cu dərəcəli mühəndis vəzifəsini tutsa da, cavabdeh tərəfindən 9-cu dərəcə mühəndis vəzifəsi təklif edildiyi üçün həmin işi qəbul eməkdən imtina etmişdir. Cavabdeh İB tərəfindən ona 10-cu dərəcəli mühəndis vəzifəsi təklif edilməmişdir, əgər təklif edilmiş olsa idi, o həmin işdən imtina etməzdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İzahatında bildirmişdir ki, iddiaçıya 10-cu dərəcəli mühəndis vəzifəsi təklif edilmiş, o, isə bundan imtina etmiş, lakin imtina ərizəsini imzalamamışdır. Bununla bağlı akt tərtib edilmişdir. Odur ki, iddiaçıya öz tutduğu vəzifəsinə uyğun iş təklif edilməsinə baxmayaraq, bundan imtina etdiyi üçün və işdən çıxarılmağa razı olduğu üçün, hazırda işdən çıxarılma barədə əmri mübahisələndirməsi əsassızdır. İş materiallarında olan: Əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixdən Cavabdeh İB-də müxtəlif vəzifələrdə işləmiş, xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara X4 Şöbəsinə əsas mühəndis vəzifəsinə müddətsiz işə qəbul edilmişdir. İşçinin vəzifə maaşı 988 manat(10-cu dərəcə) olmuşdur. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona təklif olunan Nərimanov rayonu üzrə Müayinə Xidmətinə 9-cu dərəcəli mühəndis vəzifəsindən imtina etmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı Əmək Məcəlləsinin 77-ci maddəsi ilə müəyyən olunmuş xəbərdarlıq müddəti əvəzində ona orta aylıq əmək haqqının 1,7 misli miqdarında əmək haqqını birdəfəyə ödəməklə Əmək Məcəlləsinin 70-ci maddəsiin “b” bəndi ilə əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ləğv edildiyi üçün ona orta aylıq əmək haqqının 5 misli həddində birdəfəlik müavinət ödənilməsini xahiş etmişdir. Cavabdeh İB-nin 14-2-2/3-1K2161/2025 saylı, xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi səbəbindən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin 10 dərəcəli mühəndisi İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X1 Bakı Regionall Qazın Satışı Departamentinin və Bakı Regional Qaz İstismarı Departamentinin ləğvi ilə əlaqədar iş təklifini qəbul etməyən işçilərlə bağlanmış əmək müqavilələrinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılıq vermişdir. Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli əmrindən görünür ki, Cavabdeh İB-nin hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qazın Satışı və Bakı Regional Qaz İstismarı Departamentlərinin ləğv edilməsi, onların bazasında Bakı Regional Qaz İstismarı İdarəsinin yaradılması əmr edilmişdir. Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsinin ştat cədvəllərində struktur bölmələri, vəzifə kateqoriyaları, dərəcələri, ştat vahidlərinin sayı əks olunmuşdur. İş təklifi haqqında ərizədən görünür ki, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsində Müayinə və istismara qəbul Xidmətinin 10-cu dərəcəli mühəndisi vəzifəsi təklif edilir. Ərizənin “iş təklifini qəbul edirəm” və “iş təklifini qəbul etməkdən imtina edirəm” qrafaları İddiaçı tərəfindən imzalanmamışdır. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, akta imza edənlər İddiaçı ona təklif edilən Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsində Müayinə və istismara qəbul Xidmətinin mühəndisi vəzifəsindən imtina etdiyini təsdiq etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək;

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; 71.1 İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 78.2. İşəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: ...öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; 80.1 Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarı:

75. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar...Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Tərəflərin izahatları, təqdim edilmiş sübutlarla müəyyən edilmiş işin halları ondan ibarətdir ki, Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən Cavabdeh İB-nin hüquqi şəxs statusuna malik olmayan Bakı Regional Qazın Satışı və Bakı Regional Qaz İstismarı Departamentləri ləğv edilmiş, onların bazasında Bakı Regional Qaz İstismarı İdarəsi yaradılmışdır. Yeni yaradılmış Bakı Regional Qaz İstismarı İdarəsində ləğv edilmiş Bakı Regional Qazın Satışı və Bakı Regional Qaz İstismarı Departamentlərinin əməkdaşlarına iş təklif edilmiş, iş təklifini qəbul etməyən işçilərin əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2016-cı il tarixdən Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin İstehlakçılara X4 Şöbəsində 10-cu dərəcə (müqavilədə işçinin vəzifə maaşı 10-cu dərəcəyə uyğun olaraq 988 manat müəyyən edilmişdir) mühəndis vəzifəsində çalışmışdır. Lakin, Cavabdeh İB-nin xx.xx.2025-ci il tarixli əmrinə əsasən cavabdeh təşkilatda struktur dəyişikliyi baş verərkən iddiaçıya tutduğu ştata uyğun olaraq 10-cu dərəcə mühəndis vəzifəsinin təklif edilməsi təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona təklif olunan Nərimanov rayonu üzrə Müayinə Xidmətinə 9-cu dərəcəli mühəndis vəzifəsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ona tutduğu ştata uyğun olaraq 10-cu dərəcə mühəndis vəzifəsinin təklif olunmadığını, bu səbəbdən həmin təklifdən imtina etdiyini, əgər 10-cu dərəcə mühəndis ştatı təklif edilmiş olsaydı, bu təklifdən imtina etməyəcəyini, işdən öz razılığı ilə deyil, ştatlar ixtisar olunduğu üçün çıxarıldığını bildirmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdehin nümayəndəsi də, bu halı təsdiq edərək, iddiaçıya tutduğu dərəcədən daha aşağı, 9-cu dərəcə mühəndis ştatının təklif edildiyini təsdiq etmişdir. Sonradan Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilmiş iş təklifi haqqında ərizədə qeyd edilmişdir ki, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsində Müayinə və istismara qəbul Xidmətinin 10-cu dərəcəli mühəndisi vəzifəsi təklif edilmişdir. Lakin, ərizənin “iş təklifini qəbul edirəm” və “iş təklifini qəbul etməkdən imtina edirəm” qrafaları İddiaçı tərəfindən imzalanmamışdır. xx.xx.2025-ci il tarixli aktdan isə görünür ki, akta imza edənlər İddiaçı ona təklif edilən Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsində Müayinə və istismara qəbul Xidmətinin mühəndisi vəzifəsindən imtina etdiyini təsdiq etmişlər, lakin həmin akt ilə İddiaçı neçənci dərəcə mühəndis ştatının təklif edilməsi müəyyən edilmir. Beləliklə, məhkəmə qeyd edilən sübutlara məcmu halda qiymət verərək, belə qənaətə gəlir ki, iddiaçıya tutduğu ştata uyğun olaraq 10-cu dərəcə mühəndis vəzifəsi təklif edilməsi sübut olunmur. Həqiqətən iddiaçı özünün tutduğu ştata uyğun olaraq 10-cu dərəcə mühəndis vəzifəsinin təklifindən imtina etmiş olsaydı, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştatların ixtisar edilməsi səbəbindən deyil, digər əsaslarla xitam verilə bilərdi (68-ci maddənin “c” bəndinə əsasən əmək şəraitinin şərtlərinin dəyişdirilməsi və ya 69-cu maddəyə əsasən işçinin təşəbbüsü ilə). İddiaçı ona təklif edilən 9-cu dərəcə mühəndis vəzifəsindən imtina etdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən işçinin razılığı olmamış, işçinin razılığı yalnız işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsində nəzərdə tutulmuş təminatların icra edilməsi və işçilərə ödənilməli olan ödənişlərin qəbul edilməsi ilə bağlı olmuşdur. Cavabdeh İB tərəfindən cavabdeh təşkilatda struktur dəyişikliyindən əvvəl mövcud olmuş 10-cu dərəcə mühəndis ştatının sayı və ştat cədvəlləri məhkəməyə təqdim edilmədiyindən, struktur dəyişikliyindən sonra cavabdeh təşkilatda 10-cu dərəcə mühəndis ştatının sayının azalmasını, ştatların həqiqətən ixtisar edilib-edilməməsini müəyyən etmək mümkün olmamışdır. Struktur dəyişikliyindən sonrakı ştat cədvəllərindən isə görünür ki, iddiaçının əmək müqaviləsinə xitam verildikdən sonra, ştat cədvəllərinə yenidən bir neçə dəfə 10-cu dərəcə mühəndis ştatları daxil edilmişdir. Qeyd edilənlər belə nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh İB-də struktur dəyişikliyindən sonra 10-cu dərəcə mühəndis ştatlarının həqiqətən ixtisar olunması, iddiaçının ştatının ixtisarının real olması sübut olunmur. Bundan başqa, ştatların ixtisarı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən, iddiaçının peşəkarlıq səviyyəsinin işəgötürən tərəfindən müəyyən edilib-edilməməsi, iddiaçının öhdəsində iki və daha çox 16 yaşınadək uşağının olmasına baxmayaraq, üstünlük hüququnun hansı səbəbdən tətbiq edilməməsi ilə bağlı iş materiallarında sübutlar aşkar edilməmişdir. AR Dövlət Neft Şirkəti Cavabdeh İB-nin Həmkarlar İttifaqı Komitəsinin Rəyasət Heyətinin xx.xx.2025-ci il tarixli qərarından isə görünür ki, Həmkarlar İttifaqının iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsinə razılığı formal olmuş, razılıq ümumi qaydada verilmiş və yalnız işçilərin yeni iş təklifini qəbul etməməsinə əsaslanmışdır. Lakin, konkret olaraq məhz iddiaçıya münasibətdə iş təklifini hansı səbəbdən qəbul etməməsi araşdırılmamışdır. Şərh edilənləri ümumiləşdirərək, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh İB-nin 14-2-2/3- 1K-2161/2025 saylı, xx.xx.2025-ci il tarixli əmri ləğv olunmalı, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsində (Cavabdeh İB-nin hazırki strukturuna uyğun olaraq) 10-cu dərəcəli mühəndis vəzifəsinə işə bərpa olunmalı və məcburi işburaxma dövrü üçün əmək haqqı Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməlidir. İddianın təmin edilməyən hissələrinə münasibətdə məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 172.5-ci maddəsi məcburi işburaxma üçün ödənilən əmək haqqının deyil, əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi halda hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsini nəzərdə tutduğundan, həmin hissədə iddia təmin edilməməlidir. Mənəvi zərərlə bağlı hissədə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən hər hansı mənəvi iztirab (sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi) yaşaması barədə sübutlar təqdim edilməmişdir. Mənəvi sarsıntıya (ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması) görə zərərin ödənilməsi tələblərinin təmin edilməsi üçün isə həmin pozuntu müəyyən mənəvi dəyərlərə, şəxsin sağlamlıq vəziyyətinə, cəmiyyətdəki statusuna və ya şəxsi həyatına mənfi təsir göstərməli, bu təsirin müəyyən real nəticələri olmalıdır. Mənəvi sarsıntıya görə zərərin ödənilməsi tələblərinin təmin edilməsi üçün bir qayda olaraq əsas qismində hüquq pozuntusu aradan qaldırıldıqdan sonra belə bərpası mümkün olmayan mənəvi itkilər çıxış edə bilər. Hazırki halda isə, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə razılaşmayaraq, dərhal məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, mənəvi zərərin ödənilməsi hissəsində iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB-nin 14-2-2/3-1K-2161/2025 saylı, xx.xx.2025-ci il tarixli əmri ləğv olunsun, İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qaz İstismarı İdarəsində 10-cu dərəcəli mühəndis vəzifəsinə işə bərpa olunsun. xx.xx.2025- il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Cavabdeh İB tərəfindən İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar