Məhkəmə qərarları › İş №2(011)-745/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-745/2023

21.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-745/2023 21.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehdən 5500 ABŞ dolları məbləğində pul vəsaiti və ödədiyi 114 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, cavabdeh iddiaçıdan 5500 ABŞ dolları məbləğində borc pul almışdır. xx.xx.2022-ci il tarixində cavabdeh aldığı 5500 ABŞ dolları borc pulu etiraf edərək 5500 ABŞ dolları məbləğində borcu hər ay hissə-hissə ödəmək şərti ilə 2024-cü ilin dekabr ayınadək qaytaracağı barədə yazılı öhdəlik götürmüşdür. Cavabdeh aldığı borc pulu qaytarmamışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdır ki, o, cavabdehə 5 500 ABŞ dollar bor pul vermişdir. Buna dair cavabdehdən yazılı iltizam almışdır. Cavabdeh tərəfındən imza atılan 18 mart 2022-ci il tarixli iltizam sənədində cavabdeh ondan 5 500 ABŞ dolları borc pul aldığını həmin pulu hissə-hissə hər ay ödəmək şərti ilə 2024-cü ilin dekabr ayınadək qaytarılması öhdəliyi götürdüyü qeyd etmişdir. Lakin buna baxmayaraq cavabdeh 18 mart 2022-ci il tarixdə bu günədək bir manat belə ödəniş etməmişdir. Hazırda onunla heç bir əlaqəyə girmir, borcunu qaytarmaqdan yayınmır. Bununla bağlı pulun 5 gün müddətində ödənilməsi ilə cavabdehə 10 oktyabr 2022-ci il tarixində bildiriş göndərmişdir, lakin heç bir ödəniş olmamışdır. Hazırda məcbur qalıb məhkəməyə müraciət edir. İddiaçının vəkili və nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək iddianı müdafiə etdiyini və iş üzrə qiyabi qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olması barədə əvvəlcədən məlumat verməmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Cavabdehin iddiaçıdan borc pul alması, lakin pulu alan zaman onların arasında yazılı müqavilənin bağlanmaması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin 740-cı maddəsində borc müqaviləsinin formasına aid tələblər göstərilmişdir. Həmin maddəyə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (740.2-ci maddə). Qeyd edilən müddəanın mənasından da göründüyü kimi, müqavilənin formasına əməl olunmaması, əgər bu borc alan tərəfindən mübahisələndirilərsə, qaldırılan iddianın uğurlu olmasını istisna etmiş olur. Lakin məhkəmənin qənaətinə görə qanunla müəyyən edilmiş qaydada borc müqaviləsinin yazılı formada bağlanmasının məcburi olması borc verəni gələcəkdə borcun verilməsini sübut etmək yükündən azad etmək məqsədi daşıyır. Lakin işin mübahisəsiz halıdır ki, borcun məbləği 5500 ABŞ dolları olsa da, tərəflər arasında Mülki Məcəllənin 740-cı maddəsinin tələb etdiyi halda, yazılı borc müqaviləsi bağlanmasa da, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.2022-ci il tarixdə yazdığı “iltizam”la iddiaçıdan aldığı borcu etiraf etmiş, borcu qaytaracağı barədə yazılı öhdəlik götürmüş, yazılı öhdəlikdə borcun məbləğini (5500 ABŞ dolları), borcun qaytarılması şərtlərini açıq formada göstərmişdir. Göründüyü kimi, edilmiş bu etiraf iddiaçını borcun cavabdeh tərəfindən alınmasını sübut etmək vəzifəsindən azad edir. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair öhdəliyə malik olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüquqlarından istifadə etmiş, pul vəsaitini qaytarmalı olmasına dair vəzifələrini isə icra etməyərək, öhdəliyini pozmuşdur. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə, həmçinin iddiaçının vəkili və nümayəndəsinin ərizəsini və cavabdehin məhkəmə iclasında iştirak etməməsi ilə bağlı halları nəzərə alaraq iş üzrə qiyabi qətnamənin çıxarılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-nin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının dəlilləri, onun izahatı və təqdim etdiyi sübutları iddia tələbinin qiyabi qətnamə ilə təmin edilməsi üçün yetərlidir. Buna görə də göstərilən sübutların tədqiqi ilə kifayətlənərək, həmin sübutlar nəzərə alınmaqla iddianın təmin edilməsinə dair qiyabi qətnamə qəbul edilməlidir. Məhkəmə həmçinin iddianın 114 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Mülki Prosessual Məcəllə müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir (77.1-ci maddə). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (14.2-ci maddə). Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. 5500 ABŞ dolları məbləğində borc və 114 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamənin rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar