Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7487/2025 24.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, Ərizəçi nəvəsi üzərində himayəçi təyin edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, nəvəsi xx.xx.2010-cu il təvəllüdlü X2 üzərində himayəçi təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qızı vəfat etmiş, nəvəsinin atası isə uşaqla görüşə gəlməmiş, Azərbaycanı tərk etmiş və qayıtmamışdır. Nəvəsinin atasının harda olmasının dəqiqləşdirilməsi, nəvəsinin işləri ilə məğul olmaq üçün etibarnamə verilməsinə cəhd etsə də, cəhdləri uğursuz olmuşdur. Xətai rayon İcra Hakimiyyəti isə nəvəsi üzərində himayəçi təyin olunmaq üçün atanın notarial qaydada razılıq ərizəsini tələb etmişdir. Ona görə də, məcburiyyətdən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə ərizəni və ərizənin dəlillərini nəzərdən keçirərək hesab edir ki, xüsusi icraat qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Ailə Məcəlləsi: 114.1. Valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 136.3. Uşaqlara qəyyumluq və himayə təyin edilməsi və bunun xitamı Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilir. Mülki Məcəllə: 35.1. Qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və ya himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Məhkəmənin mövqeyi: Yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərindən göründüyü kimi, yetkinlik yaşına çatmayan uşaqlara qəyyum və himayəçinin təyin edilməsi qəyyumluq və himayəçilik orqanlarının səlahiyyətlərinə aiddir. Belə ki, qəyyum (himayəçi) təyin edilməsinin qanunvericilkdə nəzərdə tutulmuş qaydalarına əməl edilməsi, qəyyum (himayəçi) təyin edilməsini xahiş edən şəxslərin onlar üçün nəzərdə tutulan tələblərə cavab verib-verməməsinin yoxlanması (səhhəti, məhkumluğu və s.) qəyyumluq və himayəçilik orqanlarının səlahiyyətlərinə aid olub, məhkəmələr tərəfindən həyata keçirilə bilməz. Eləcə də, ərizəçinin ərizəsində qeyd etdiyi hallara uyğun olaraq, Ailə Məcəlləsinin 114.1-ci maddəsində qeyd edilmişdir ki, valideynlər uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Odur ki, məhkəmə hesab edir ki, ərizədə qeyd edilən məsələ məhkəmə qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, daha əvvəl də Ərizəçi nəvəsi X2 üzərində himayəçi təyin edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin 2(011)-6910/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin icraata qəbulundan imtina edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi nəvəsi üzərində himayəçi təyin edilməsi barədə xüsusi icraat qaydasında ərizəsinin icrata qəbulundan imtina edilsin. Ərizəçiyə qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-7487/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7487/2025
24.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver