Məhkəmə qərarları › İş №2(011)-7736/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7736/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7736/2024 18.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbi barədə mülki işin materiallarını araşdıraraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ”İnvest-AZ İnvestisiya Şirkəti” -nin hesabından 46.310.273,3 (qırx altı milyon üç yüz on min iki yüz yetmiş üç) ABŞ dolları məbləğində vəsaitin (qərar çıxarılan günə məbləğin ABŞ dollarından mülli valyuta azərbaycan manatına olan ekvalenti) tutularaq iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1-ci maddəsinin “Qeyd” hissəsindən görünür ki, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarının 12-ci bəndinə görə, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndinə əsasən əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hazırki mülki işdə iddiaçı tərəfin vergi ödəyicisi kimi fərdi sahibkar statusuna malik fiziki şəxs olduğu, cavabdehin isə hüquqi şəxs olması mübahisəsizdir. Belə ki, mülki işin materiallarına əlavə edilmiş “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş İddiaçı vergi məlumatları barədə çıxarışdan görünür ki, iddiaçının ********** nömrəli VÖEN-i olmuş və VÖEN-nin fəaliyyəti müvəqqəti olaraq dayandırılmışdır, Cavabdeh QSC ********** nömrəli VÖEN-i olmuş, statusu aktivdir. Hebelə mülki işdən görünür ki, tərəflər arasında İddiaçı ilə Cavabdeh QSC arasında №F-İX-4001-3- xxxxxxx/23 saylı, xx.xx.2023-cü il tarixli "Marja ticarəti xidmətinin təqdim edilməsinə" dair müqavilə bağlanmış və müqaviləyə əsasən xx.xx.2024-cü il tarixədək müştəri İddiaçı məxsus 3 fərqli (№211949\ №211974, №212446) ticarət hesabları mövcuddur. Eyni zamanda məhkəməyə təqdim edilən ilkin sənədlərdən tərəflər arasındakı mübahisə onların sahibkarlıq fəaliyyəti ilə bağlı yarandığı müəyyən olunur. Göründüyü kimi, həm tərəflərin subyekt tərkibi, həm də mübahisəli hüquq münasibəti kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılması nəzərdə tutulduğundan həmin müddəa bu münasibətə tətbiq edilməli və mülki işə kommersiya məhkəməsində baxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş fiziki şəxsin öz fəaliyyətini müvəqqəti dayandırması onu belə statusdan məhrum etmir və onun tərəfi olduğu kommersiya mübahisələrinin xarakterini dəyişmir. Məhkəmə belə qənaətə gəlir ki, iddia icraatı qaydasında baxılan işlərdə mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq tələb (və ya birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud tərəflərin onların bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldikdə işə kommersiya məhkəmələri baxır. Göründüyü kimi, müvafiq Plenum qərarına əsasən tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələr kommersiya mübahisəsi olmaqla, kommersiya məhkəməsində baxılmalı olan tələblərə aid edilmişdir. Məhkəmə göstərilənləri, habelə tərəflərin subyektiv tərkibini və onlar arasında mövcud olan hüquq münasibətlərinin xarakterini nəzərə alıb, belə qənaətə gəlir ki, bu halın mövcudluğu məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar kimi çıxış edərək, işə məhkəmə aidiyyəti baxımından ümumi məhkəmədə baxılmasını qeyri-mümkün edir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi: **********) özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-7736/2024 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2024-cü il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, İddiaçı Cavabdeh QSC-yə qarşı “pul” tələbi barədə ərizəsivə ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:50-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 10:00-da qurtardı. Protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar