Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7897/2023 25.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı, Cavabdeh1 İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh1 İB-yə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Cavabdeh1 İB-yə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanmış və 1994-ci ildən bu günə kimi 2-ci qrup Qarabağ əlilidir. 1996-cı ildən Cavabdeh1 İB-nin Nəsimi rayon qaz istismarı İdarəsində Qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsində işləməyə başlamışdır. İndiyədək müdiriyyət tərəfindən ona qarşı heç bir intizam tədbiri tətbiq edilməmişdir. Buna baxmayaraq, rəhbərlik 2 dəfə onu əlilliyinə əsaslanaraq heç bir əsaslı səbəb olmadan işdən çıxarmış və sonuncu dəfə Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(011)-7286/2019 saylı qətnaməsi ilə işə bərpa olunmuşdur. Məhkəmənin Azərbaycan Respublikasının adından çıxardığı qətnamələrlə onun hər dəfə işə bərpa olunmağı rəhbərlik tərəfindən həddindən artıq qıcıq yaradır və illər ərzində iddiaçının hər hansı bir əsaslı səbəblə işdən çıxarılmağı üçün bəhanələr axtarılıb, lakin belə “fürsəti” onlara vermədiyi üçün Birliyin rəhbərliyi tərəfindən onunla bağlı “əmək müqaviləsinə xitam verilməsi haqqında” 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmr imzalanmışdır. Əmrdə “əmək müqaviləyə xitam verilməsinin əsası” kimi “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi” bildirilmişdir. Cavabdehin guya iddiaçının əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməyi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi tamamilə qanunsuz və yalandır, belə ki, “əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi” dedikdə iddiaçının 6 ay ərzində xəstəliyi ilə bağlı stasionar və ya ambulator müalicə almağı və bununla bağlı iş yerinə xəstəlik vərəqələri verməyi nəzərdə tutulur. Halbuki iddiaçı son altı ayda bir dəfə də olsun xəstə olmamış, heç bir xəstəlik kağızını iş yerinə təqdim etməmişdir, son 6 ay ərzində daim işlədiyi ilə bağlı iş naryadları mövcuddur və belə bir “əsasla” iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi cavabdehin ona qarşı qərəzli münasibətindən və Qarabağ qazisi kimi ona qarşı ayrı-seçkiliyinin sübutudur. Qanunvericilik əlil vətəndaş kimi iddiaçının bütün hüquqlarını qorumasına baxmayaraq, cavabdeh qanunvericiliyin bütün tələblərini kobud surətdə pozaraq, yəni daim iş yerində olduğu halda onun saxta və uydurma bir əsasla işdən çıxarılmağı ilə bağlı əmr imzalamışdır. Cavabdeh1 İB-nin Nəsimi rayon qaz istismarı sahəsinin 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmri ləğv edilməli, iddiaçı öz vəzifəsinə bərpa olunmalı və işə bərpa olunan günədək məcburi işburaxmaya görə ona əmək haqqı tam şəkildə ödənilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh1 İB-nin 11 sentyabr 2023-cü il tarixli 14-2- 2/3-1 k-893/2023 saylı əmrinin ləğv edilməsinə, öz vəzifəsinə bərpa olunmağına və işə bərpa olunan günədək məcburi iş buraxmaya görə ona əmək haqqının, eləcə də bu müddət ərzində işdə olduğu halda ala biləcəyi olan bütün mükafat kimi ödəniləcək pul vəsaitinin (Nefçilər günü, Zəfər Bayramı ödənişinin ) tam şəkildə və ona dəyən maddimənəvi ziyana görə 2000 manat kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İB-nin 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmrinin ləğv edilməsinə, öz vəzifəsinə bərpa olunmağına və işə bərpa olunan günədək məcburi iş buraxmaya görə ona əmək haqqının, eləcə də bu müddət ərzində işdə olduğu halda ala biləcəyi olan bütün mükafat kimi ödəniləcək pul vəsaitinin (Nefçilər günü, Zəfər Bayramı ödənişinin) tam şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, izahatında bildirmiş ki, 1996-cı ildən Cavabdeh1 İB-də işləyir, onun komissiyadan keçmək fikri yoxdur, çünki komissiyanın rəyində əmək qabiliyyətsizliyi müddətsiz müəyyən edilmişdir. O, üzərinə qoyulan vəzifələri icra edir, işindən qalmır, onunla əmək müqaviləsi bağlananda da onun barəsində eyni rəy mövcud olmuşdur. Məhkəmə iclasında çıxış edən Cavabdeh1 İB-nin nümayəndəsi X2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, həqiqətən iddiaçı işdə olmuşdur, lakin onun əmək qabiliyyətsizliyi ilə bağlı rəy mövcud olduğu üçün ona təkrarən ƏƏSMN-dən Komissiyadan müayinədən keçmək təklif edilmiş, lakin iddiaçı imtina etmişdir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasının (TSEK-in) sonuncu müayinəyə dair məlumatlarından müəyyən olunmuşdur ki, İddiaçı əmək qabiliyyəti yoxdur, əmək qabiliyyətsizdir və onun əmək qabiliyyətsizliyi barədə ƏƏSMN-nin TSEK-in sonuncu müayinə məlumatlarının “Əmək zəmanəti” hissəsində müvafiq qeydlər aparılmışdır. İddiaçı əmək qabiliyyətsizliyi barədə məlumatlar www.e-qov.az internet portalına yerləşdirildikdən sonra Cavabdeh1 İB İddiaçı “əmək zəmanətinin dəqiqləşdirilməsi” və “əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi” məqsədi ilə təkrar olaraq ƏƏSMN-nin Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (TSERA) müraciət etməsini tövsiyyə etmiş, TSEK-in sonuncu müayinəyə dair məlumatlarında “Əmək zəmanəti” hissəsində ən azından ‘‘oturaq işlərdə işləyə bilər”, “yüngül işlərdə işləyə bilər" və s. kimi qeydlərin aparılması barədə düzəlişlərin edilməsinə imkan vermişdir. Xülasə, iddiaçının əmək qabiliyyətsizliyi barədə TSEK-in müayinə məlumatları elektron hökümət portalına yerləşdirilən kimi Cavabdeh1 İB iddiaçını işdən azad etməmişdir. Lakin İddiaçı əmək zəmanətinin dəqiqləşdirilməsi və əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi məqsədi ilə yenidən ƏƏSMN-nin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etməkdən imtina etmiş, son 6 aydan çox müddətə əmək qabiliyyəti olmadan (əmək qabiliyyətsiz) fasiləsiz olaraq Cavabdeh1 İB- də işləmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi halı tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsinin əsasını təşkil edir. Həmin maddənin qeyd hissəsinə əsasən əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Qeyd olunan qanunvericiliyin tələbləri nəzərə alınaraq, Cavabdeh1 İB-nin xx.xx.2023-cü il tarixli, 14-2-2/3-1K-893/2023 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 İB tərəfindən 11 sentyabr 2023-cü il tarixli 14- 2-2/3-1 k-893/2023 saylı əmrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 İB arasında bağlanılmış 23 dekabr 2015-ci il tarixli müqaviləyə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi əsası ilə xitam verilmişdir. Həmin əmrdən görünür ki, İddiaçı Cavabdeh1 İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(011)-7286/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1nə qarşı “əmrin ləğvi, işə bərpa və vurulmuş mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi qismən təmin edilmiş, Əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilmədiyindən Cavabdeh1 İB tərəfindən tərtib edilmiş iddiaçının tutduğu peşə və iş rejimindən uzaqlaşdırılmasına dair olan 01 avqust 2019-cu il və 02 avqust 2019-cu il tarixli əmrlər ləğv edilmiş, İddiaçı Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidməti, Qaz avadanlıqlarının təmiri və istismarı üzrə (12 saatlıq iş rejimində) vəzifəsinə bərpa edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh1 İB-nin qaz avandanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsində işləyən 2-ci dərəcəli əlil İddiaçı işə yararlılığının müəyyən edilməsi barədə məktubuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində baxılmışdır. İddiaçı ağır fiziki işlər əks göstərişdir, əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilməsi ilə bağlı cavab verimişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatların verilməsi barədə 14 aprel 2023-cü il tarixli, 31 may 2023-cü il tarixli və 05 iyun 2023-cü il tarixli çıxarışlardan görünür ki, İddiaçı müddətsiz ikinci dərəcə əlilliyi olmaqla, ona döş qəfəsinin sağ yarısının dəlib keçən güllə yaralanmasının qalıq əlamətləri Vİ Vİİ barmaqların sınığı, Sağ evi ciyərin ortasında yad cisim diaqnozu qoyulmuş və əmək qabiliyyətsiz hesab edilmişdir. Konstitusiyasının 12-ci maddəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layigli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 16-cı maddəsi). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin vəzifələri və prinsipləri arasında (bundan sonra ismin müvafiq hallarında «Əmək Məcəlləsi») əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipi müəyyən edilmişdir. Əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. (7-ci maddə). Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur. (11-ci maddə) Əmək Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. (46-cı maddə) Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçinin əmək funksiyasını yerinə yetirə bilməməsi halı tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununu müəyyən edən Əmək Məcəlləsinin 84-cü maddəsinə əsasən:
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.
2. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
3. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 21.3-cü maddəsinə əsasən, əlilliyi olan şəxsin səhhətinin peşə vəzifələrini yerinə yetirməsinə mane olduğu, yaxud başqa şəxslərin səhhəti və əmək təhlükəsizliyi üçün təhlükə törətdiyi hallar istisna olmaqla, onunla əlillik səbəbindən əmək müqaviləsini bağlamaqdan, işdə irəli çəkməkdən imtina edilməsinə, əmək müqaviləsinə xitam verilməsinə və öz razılığı olmadan başqa işə (peşə, vəzifə) keçirilməsinə yol verilmir. Beləliklə, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı 23 dekabr 2015-ci il tarixdə Cavabdeh1 İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə işə qəbul edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli 2(011)-7286/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1nə qarşı “əmrin ləğvi, işə bərpa və vurulmuş mənəvi ziyanın ödənilməsi” barədə iddia tələbi qismən təmin edilmiş, Əmək qanunvericiliyində nəzərdə tutulmuş prosedur qaydalara əməl edilmədiyindən Cavabdeh1 İB tərəfindən tərtib edilmiş iddiaçının tutduğu peşə və iş rejimindən uzaqlaşdırılmasına dair olan 01 avqust 2019-cu il və 02 avqust 2019-cu il tarixli əmrlər ləğv edilmiş, İddiaçı Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə texniki istismar xidməti, Qaz avadanlıqlarının təmiri və istismarı üzrə (12 saatlıq iş rejimində) vəzifəsinə bərpa edilmişdir. Cavabdeh1 İB-nin 11 sentyabr 2023-cü il tarixli 14- 2-2/3-1 k-893/2023 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilməməsi əsası ilə xitam verilmişdir. Cavabdehin nümayəndəsi iddiaçının işdə olduğunu və iş vəzifələrini yerinə yetirdiyini inkar etməmiş, lakin komissiyadan keçməli olduğu halda, komissiyadan keçmədiyinə görə onunla əmək müqaviləsinin ləğv edildiyini bildirmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh1 İB-nin sorğusuna əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti İddiaçı ağır fiziki işlər əks göstərişdir, əsəb gərginliyi olmayan yüngül işlərdə işləyə bilməsi ilə bağlı cavab verimişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının yuxarıda qeyd edilmiş maddi hüquq normalarını, və işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, İddiaçı işdə olduğu, əmək vəzifələrini icra etdiyi halda onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin "c" bəndinə əsasən işəgötürən tərəfindən ləğv edilməsi qanunsuz olduğundan iddia tələbi əsaslıdır, odur ki, iddia təmin edilməli, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh1 İB-nin 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmri əğv edilməli, İddiaçı Cavabdeh1 İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməli, İddiaçı məcburi iş buraxmaya görə 11 sentyabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı və digər ödənişlər (mükafat kimi ödəniləcək pul vəsaitləri (Nefçilər günü, Zəfər Bayramı münasibətilə və sair) ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə Cavabdeh1 İB-nin 11 sentyabr 2023-cü il tarixli 14-2-2/3-1 k-893/2023 saylı əmri ləğv edilsin. İddiaçı Cavabdeh1 İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi rayonlar üzrə Texniki istismar xidməti bölməsində qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilsin. İddiaçı məcburi iş buraxmaya görə 11 sentyabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı və digər ödənişlər (mükafat kimi ödəniləcək pul vəsaitləri (Nefçilər günü, Zəfər Bayramı münasibətilə və sair) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: İlahə Abbasova