Məhkəmə qərarları › İş №2(011)-8047/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-8047/2024

12.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-8047/2024 12.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “ləyaqətsiz vərəsə sayılma barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. Cavabdeh iddiaçının övladıdır. Cavabdehdən başqa iddiaçının 2 övladı var. İddiaçı cavabdehin ailə üzvləri ilə birlikdə hazırda Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 14 saylı evin 128 saylı mənzilində (bundan sonra – Mənzil) yaşayır.

2. Mənzil əvvəllər xx.xx.1979-cu il tarixdə verilmiş order əsasında iddiaçıya verilmiş (orderdə yalnız tərəflərin adları göstərilmişdir), sonradan cavabdehin də verdiyi razılıq əsasında iddiaçının adına özəlləşdirilmiş və iddiaçının Mənzilə dair mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı həmin mənzili sataraq dəyərini özü və övladları arasında bərabər bölmək istəsə də, cavabdeh onunla razılaşmır.

3. Əvvəllər iddiaçının cavabdehə qarşı kompensasiya (10000 manat) verilməklə Mənzilə isitfadə hüququna xitam verilməsi barədə iddiası olsa da, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5253/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

4. Bundan başqa, iddiaçı iki dəfə cavabdeh barəsində Bakı şəhəri Pİ-nin 34-cü PŞ-nə müraciət etmiş, hər iki müraciəti üzrə xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə cavabdeh barəsində cinayət işinin başlanılmasın rədd edilməsi barədə qərarlar qəbul edilmişdir.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı cavabdehin ləyaqətsiz vərəsə tanınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh onun oğludur. O, qeyri-rəsmi nikahda olduğu bir qadınla mülkiyyətçisi olduğu Mənzildə onunla birlikdə qalır. Birgə yaşamaları mümkün olmadığından dəfələrlə cavabdehə mənzili satıb ona kompensasiya verməyini təklif etsə də, o, bununla razılaşmamışdır. 2023-cü ildə o, Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək mənzilin hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına cavabdehə 10000 manat kompensasiya verilməsini xahiş etsə də, iddiası təmin edilməmişdir. Cavabdeh qeyri-rəsmi yaşadığı qadınla mütəmadi olaraq onu söyüb-təhqir edir, hətta döyür. Bu barədə dəfələrlə Xətai rayon Prokurorluğuna, Xətai Rayon Polis İdarəsinə şikayət ərizələri ilə müraciət etsə də, cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh bundan istifadə edərək, ona qarşı öz ləyaqətsiz hərəkətlərini hal-hazırda da davam etdirir. Onun bu hörmətsizliyi, qəddarlığı və bir ata kimi ona qarşı olan nifrəti, artıq cavabdehin ləyaqətsiz övlad və ləyaqətsiz vərəsə kimi tanıtdırmağına əsas yaratmışdır.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

7. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

5. İddiaçı məhkəmə baxışı zamanı iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdeh məhkəmə iclası zamanı iddia tələbini qəbul etməyərək bildirdi ki, onun atası ilə münasibəti əvvəllər yaxşı olub, lakin, sonradan ona kənar şəxslərin təzyiqi olduğundan, onun üstünə şər böhtanlar ataraq polisə şikayət etmişdir.

7. Cavabdehin vəkili və nümayəndəsi iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçı hazırki tələblə yox, vərəsənin məcburi pay hüququndan məhrum edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Cavabdehin isə ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsaslar mövcud deyil. İddiaçının cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsini istəməsinin səbəbi onun ailəsini qəbul etməməsidir.

Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

8. Maddə 1137. Miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.

9. Maddə 1139. Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

12. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

13. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını, iddia ərizəsinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

14. Belə ki, iddianın əsasını cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.

15. Məhkəmə qeyd edir ki, hazırki iddiaçı tərəfindən yazılmış vəsiyyətnamənin olması müəyyən edilmir. Bundan başqa cavabdehlərin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsi nə baxışı zamanı, nə də işdə olan sübutlar əsasında müəyyən edilmir. Hazırda tərəflər arasındakı mübahisə Mənzilin satılması və satışdan əldə ediləcək vəsaitin iddiaçının özü və cavabdehlə birlikdə digər övladları arasında bərabər bölünməsi ilə bağlıdır. İşin bu halı tərəflərin məhkəmə baxışı zamanı verdikləri izahatlarla da müəyyən edilmişdir.

16. Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd olunmuşdur ki,”Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan və məcburi pay almaq hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Qanunvericiliyə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, burada şəxsin ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin.”

17. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq hazırki iş üzrə cavabdeh o halda vərəsəlik hüququndan məhrum edilə bilər ki, o, miras qoyana qarşı hər hansı cinayət və ya əxlaqsız xarakterli hərəkətlər törətmiş olsun, habelə ləyaqətsiz vərəsə hesab edilməsi üçün qanunda göstərilən digər əsaslar mövcud olsun. Lakin hazırki iş üzrə cavabdehin ləyaqətsiz vərəsə hesab olunmaqla vərəsəlik hüququndan məhrumetməyə səbəb olan əsaslar aşkar olunmamışdır. Cavabdehin Mənzilin satılması ilə bağlı razılığının olmaması isə onun ləyaqətsiz vərəsə hesab edilməsi üçün hər hansı bir əsaslar yaratmır və iddiaçının bu yolla mülkiyyət hüququnu realizə etməsi qanuni sayıla bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüququnu realizə etməsi üçün qanunla digər əsaslar nəzərdə tutulmuşdur ki, o, həmin vasitələrdən istifadə etmək hüququna malikdir.

18. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar