Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3303/2020 21.10.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxx» MMC-yə qarşı pul tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxxx» MMC-yə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliyi icra etməməsi nəticəsində ödənilməli olan 6980 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş vəsaitin əvəzi olaraq 210 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında bağlanmış müqavilə əsasında iddiaçı öz mülkiyyətində olan Ağdaş rayonu, Dəhnəxəlil kəndi, Ağdaş- Qəbələ magistral yolunun 7-ci km-də yerləşən qeyri-yaşayış sahəsini istifadə etməsi üçün cavabdehə icarəyə vermişdir. Müqavilə üzrə cavabdeh tərəfindən 6 aydan bir ödənilməli olan kirayə haqqı sonucu dəfə 2019-cu ilin iyul ayına kimi ödənilmiş, digər aylarda isə cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir. Sonradan aralarındakı əlavə razılaşmaya görə kiraya haqqı aylıq ödənilməli olmuş, lakin bu zaman yenə də cavabdeh 2019-cu ilin avqust ayı üçün ödəniş edərək sonra ümumiyyətlə kirayə haqqını ödəməmişdir. Cavabdeh həmin obyektdən 2019-cu ilin dekabrına kimi istifadə etmiş, həmin obyekti iddiaçıya təhvil vermədən qoyub getmişdir. 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 4 aylıq ödənilməmiş olan kirayə haqqının ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə edilən müraciətlər nəticəsiz qalmış, belə olan halda da məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılan cavabdeh iclasda nümayəndəsinin iştirakını təmin etmədi və səbəbləri barədə heç bir məlumat vermədi. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Mülki işin materiallarından olan ƏMDK yanında DƏDRX tərəfindən verilən ******* №-li çıxarışdan müəyyən edilir ki, Ağdaş rayonu, Dəhnəxəlil kəndindəki qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Mülki işin materiallarında olan yaşayış sahəsinin kirayəsi haqqında xx.xx.2019-cu il tarixli, AZTX/352 saylı müqavilədən müəyyən olunur ki, kirayə pretmeti olan Ağdaş rayonu, Dəhnəxəlil kəndi, Ağdaş-Qəbələ magistral yolunun 7-ci km-də yerləşən qeyriyaşayış sahəsi İddiaçı tərəfindən hər ay 1745 manat kirayə haqqı qarşılığında «xxxxxxxxxxxxxx» MMC-yə kirayə vermişdir. Mülki işin materiallarından olan Expressbank ASC-nin Yasamal filialı tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, «xxxxxxxxxxxxxx» MMC sonuncu dəfə kirayə haqqını xx xxxxxx 2019-cu il tarixdə ödəmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh tərəflər arasında imzalanan müqavilənin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Mülki işin materialları arasında cavabdehin 2019-cu ilin sentyabr, oktyabr, noyabr, dekabr ayları üçün 4 aylıq borcunu tam şəkildə ödədiyini təsdiq edən hər hansı bir sənəd yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 684-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Həmin Məcəllənin 700-cü maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində ödənilməli olan 6980 manat pul, ödənilmiş 30 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 210 manat məbləğində vəsaitin əvəzi cavabdeh «xxxxxxxxxxxxxx» MMC-dən alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Əsas borcu üzrə 6980 manat pul, ödənilmiş dövlət rüsumu üçün 30 manat və ödənilmiş hüquqi yardım üçün 210 manat məbləğində pul vəsaiti «xxxxxxxxxxxxxx» MMCdən alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-3303/2020
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3303/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver