Məhkəmə qərarları › İş №2(013)-1327/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(013)-1327/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(013)-1327/2024 03.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı pul tələbi barədə mülki işə 03 iyul 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh 900 manat, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 50 manat – cəmi 950 (doqquz yüz əlli) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qismində məhkəmədə izahat verən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Bərdə rayonunun Muğanlı kəndində yaşamaqla kənd təsərüfatı ilə məşğuldur. Ona məxsus bir baş iribuynuzlu inək və danasını pula ehtiyacı olduğu üçün Bərdə mal bazarında tanımadığı şəxsə 1770 manata satmışdır. Pulu aldıqdan sonra alıcı ilə tanış olaraq biri-birlərinə ünvanlarını demişlər. Həmin vaxt alıcının Hafiz Əliyev olduğunu bilmişdir. Hafiz təxminən 4-5 gün sonra onunla əlaqə saxlayaraq heyvanların xəstə olduğunu deyərək geri almasını ondan tələb etmişdir. Hafizə sağlam inək verdiyini demişdir. Buna baxmayaraq Hafiz ona bir baş inək qaytararaq 1770 manatı geri istəmişdir. Pulunun əsassız olaraq Hafiz Əliyevdə qaldığını qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, 19 may 2023-cü ildə İddiaçı 1770 manata bir baş yanı balalı inək almışdır. Saməddin inəyi ona satarkən tam sağlam olduğunu bildirmişdir. Saməddinə inanaraq 1770 manat verib inəyi almışdır. Lakin 4 gün sonra inəyin xəstə olduğunu bilərək həkimə göstərmiş, həkim də inəyin xəstə olduğunu demişdir. Saməddinə zəng vuraraq inəyi xəstə olduğundan qaytarmaq istədiyini demiş və inəyi qaytarmışdır. Saməddin 1770 manat məbləği qaytarmayacağını ona bildirmişdir. Bu zaman Bərdə Rayon Polis Şöbəsinə şikayət etmiş, lakin orada mübahisənin mülki xarakterli olduğu ona bildirilmişdir. Bundan sonra Bərdə Rayon Məhkəməsində iddia qaldırmış və onun xeyrinə qətnamə çıxarılmışdır. Hazırki vaxta qədər Saməddinin onun pulunu qaytarmadığını qeyd etməklə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin əsassız varlanması, iddiaçıya zərər vurması, pul ödəməsi barədə üzərinə hər hansı bir öhdəlik götürməsi məhkəmə baxışında müəyyən olunmamışdır. Cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsində nəzərdə tutulan əsaslardan heç biri mövcud olmamışdır. Məhz həmin səbəbdən məhkəmə belə hesab edir ki, iddia təmin oluna bilməz. Cavabdeh iddiaçıya zərər vurması məhkəmə baxışında təsdiq olunmamışdır. Mülki işə baxılarkən məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2703/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı iddiası təmin edilərək İddiaçı 1770 manat və ödənilmiş dövlət rüsumu əvəzində 39 manat alınaraq Cavabdeh verilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli 2(104)-2696/2023 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-2703/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh sağlam, keydiyyətli və qanunvericilikdə göstərilən başlıca qüsurlardan azad şəkildə iribuynuzlu heyvan satmalı olduğu halda, başlıca qüsurla, yəni ağ ciyərlərin tam iltihabı xəstəliyi ilə qaramal, yəni iribuynuzlu heyvan satmışdır. Bu halda xəstəlik olan başlıca qüsur malda risk Cavabdeh keçən ana qədər mövcud olmuşdur. Cavabdeh 1770 manat dəyərində qaramal (inək) satılmasını İddiaçı özü də məhkəmə iclasında iştirak edərək etiraf etmiş, lakin malın Cavabdeh tərəfindən kimyəvi məhlulla yuyulması nəticəsində öldüyünü qeyd etsə də bu haqda məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. İnək Cavabdeh tərəfindən 19 may 2023-cü ildə İddiaçı alınmış, inəyin xəstələnməsi nəticəsində 20 may 2023-cü ildə baytar həkimi dəvət edilmiş, baytar həkimi tərəfindən müalicə kursuna başlanılmış, lakin həkimin apardığı bütün müalicələrə baxmayaraq inək 25 may 2023-cü ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 617.1-ci maddəsində göstərilmişdir ki, satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Həmin Məcəllənin 617.2-ci maddəsində qeyd olunmuşdur ki, pərakəndə alğı-satqı müqaviləsi bağlananadək alıcının malı gözdən keçirmək, öz yanında malın xassələrinin yoxlanılmasını və ya ondan istifadənin nümayiş olunmasını tələb etmək ixtiyarı vardır, bir şərtlə ki, bu, malın xarakterinə görə istisna edilməsin və pərakəndə ticarətdə qəbul edilmiş qaydalara zidd olmasın. Həmin Məcəllənin 617.3-cü maddəsində göstərilmişdir ki, alıcıya bu Məcəllənin 617.1 və 617.2-ci maddələrində göstərilmiş mala dair məlumatı satış yerində dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə alğı-satqı müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan müddətdə müqavilənin icrasından imtina edə bilər, mal üçün ödədiyi məbləğin geri qaytarılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 617.4-cü maddəsinə əsasən alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 624.1-cü maddəsində göstərilmişdir ki, alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (ərzaq malları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 608-ci maddəsində göstərilmişdir ki, əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 609.1-ci maddəsində qeyd olunmuşdur ki, heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 609.2-ci maddəsinə əsasən faydalı və damazlıq heyvanların satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.2.1. cıdır və yük heyvanlarında - manqo, şüurun azalması ilə baş beyinin sağalmaz xəstəliyi, qırtlağın və ya traxeyanın və ya ağ ciyərlərin və ya ürəyin sağalmaz xəstəliyi nəticəsində tənəffüsün çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihablı dəyişməsi - 14 günlük qarantiya müddəti ilə; 609.2.2. qaramalda - heyvanın vəziyyəti ümumən pisləşməklə vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam iltihabı - 28 günlük qarantiya müddəti ilə; 609.2.3. davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti ilə. 609.3. Yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 609.3.1. cıdır və yük heyvanlarında - manqo - 14 günlük qarantiya müddəti ilə; 609.3.2. qaramalda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə; 609.3.3. qoyunlarda və keçilərdə - ümumi hidropos - 14 günlük qarantiya müddəti ilə; 609.3.4. donuzlarda - heyvanın çəkisinin yarıdan çoxunu insanın qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə trixin - 14 günlük qarantiya müddəti ilə. 609.4. Digər heyvanlar, quşlar və balıqlar satılarkən başlıca qüsurlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən, normativ hüquqi aktlar olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir. 609.5. Qarantiya müddəti riskin alıcıya keçdiyi günün sonundan başlanır. Həmin Məcəllənin 611-ci maddəsinə əsasən qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar edildikdə ehtimal olunur ki, həmin qüsur riskin alıcıya keçdiyi ana qədər mövcud idi. Həmin Məcəllənin 612.1-ci maddəsində göstərilmişdir ki, heyvanlarda, quşlarda və balıqlarda başlıca qüsurların olması nəticəsində alıcı yalnız müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb edə bilməz. Həmin Məcəllənin 612.1.1-ci maddəsində qeyd olunmuşdur ki, bu halda alıcı cavabdeh olmadığı hallarla əlaqədar heyvanı, quşu və ya balığı qaytara bilmədikdə, o cümlədən başqasına satması, onun tələf olması, xəstələnməsi və ya kəsilməsi nəticəsində qaytara bilmədikdə də müqavilənin ləğvini tələb edə bilər. Heyvanın, quşun və ya balığın kəsildiyi halda alıcı onu qaytarmaq əvəzinə dəyərini ödəyir. Həmin Məcəllənin 612.1.3-cü maddəsində göstərilmişdir ki, müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir. 612.2. Müəyyən cins əlamətləri olan heyvan, quş və ya balıq alıcısı müqavilənin ləğvi əvəzinə tələb edə bilər ki, müqaviləyə uyğun gəlməyən heyvanın, quşun və ya balığın əvəzinə ona müqaviləyə uyğun gələn heyvan verilsin. 612.3. Əgər satıcı heyvanın, quşun və ya balığın hər hansı başlıca qüsurlarının olmadığına və ya hər hansı konkret xassələrinin olduğuna xüsusi qarantiya verirsə və onlar bu qarantiyaya uyğun gəlmirsə, alıcı müqavilənin ləğvini və ya icra edilməmə nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 613.1-ci maddəsində qeyd olunmuşdur ki, alıcı hər hansı başlıca qüsur əsasında ona mənsub hüquqlardan o halda məhrum olur ki, qarantiya müddəti qurtardıqdan sonra üç gündən gec olmayaraq və ya əgər heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən sonra satıcıya bu qüsur barəsində məlumat vermir və ya ona bu barədə bildiriş göndərmir və ya qüsur əsasında ona qarşı iddia irəli sürmür. Əgər satıcı bu qüsur barəsində qəsdən susmuşdursa, hüquq itmir. Göründüyü kimi iddiaçı tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübut edə bilməmiş, qanunvericilik isə həmin vəzifəni tərəfin üzərinə qoymuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddiaçı cavabdeh X2 qarşı 900 manat, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə 50 manat – cəmi 950 (doqquz yüz əlli) manat tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar