Məhkəmə qərarları › İş №2(043)-3297/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-3297/2020

14.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-3297/2020 14.10.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 21 nömrəli binanın 26 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o Cavabdeh2 ilə Gəncə şəhəri, Kəpəz rayonu 4-cü mikrorayon, 21 saylı evin 26 saylı mənzilini 27-iyul 2017-ci il tarixdə Gəncə şəhərində yerləşən “ASAN xidmətin” notariat kontorunda alqı-satqı müqaviləsi bağlayaraq həmin mənzili almışddır. Cavabdehlər həmin mənzilin satılmasına dair notarial qaydasında razılıq ərizəsi vermişdilər. Lakin, buna baxmayaraq cavabdehlər indiyədək həmin mənzildən qeydiyyatından çıxmamışdılar. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən 26 nömrəli mənzil xx.xx.2017-ci il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 171 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 26 nömrəli mənzili Cavabdeh2 almışdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin 120-20510Z-3219 nömrəli xx.xx.2019-cu il tarixli ərizəyə cavab məktubundan görünür ki, cavabdehlərin ünvan 1, mənzil 26 ünvanından pasport qeydiyyatından çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, cavabdehlər ünvan 1, mənzil 26 ünvanda qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş rus dilindən Azərbaycan dilinə tərcümə olunmuş və notarial qaydada təsdiq edilmiş xx.xx.2017-ci il tarixli 77 AБ ******* nömrəli razılıq ərizədən görünür ki, Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən, 21 nömrəli binanın, 26 saylı mənzilin mülkiyyətçisi anası Cavabdeh2 tərəfindən istədiyi qiymətə və şərtlərə satılmasına notarius tərəfindən təsdiq edilmiş yazılı razılıq vermişdir. İş materiallarına əlavə edilmiş razılıq ərizələrinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh4, Cavabdeh5 və X1 Zabidə Həsənqulu qızına məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 21 nömrəli binada yerləşən 26 nömrəli mənzilin satılmasına, özgəninkiləşdirilməsinə, bağışlanmasına, dəyişdirilməsinə, ipoteka (girov) qoyulmasına, həmçinin sair qaydada üzərində sərancam verilməsinə etiraz etmədiyini və həmin ünvandan müqavilənin rəsmiləşdirldiyi tarixdən ən geci 1 ay ərzində qeydiyyatdan çıxacaqlarını öz öhdələrinə götürdüklərini göstərmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 228.4-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən 21 nömrəli evin 26 saylı mənzil Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı tərəfindən ev alındıqdan sonra cavabdehlər həmin mənzildə yaşamamışlar, lakin formal olaraq mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatları qalmışdır. Cavabdehlər mənzilin alqısatqısı ilə mübahisəli mənzilə olan hüquqları itmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusudur. Satıcı öz əşyası barədə alqı-satqı müqaviləsi bağladıqda mülkiyyət hüququnun, o cümlədən onun tərkib hissəsi olan istifadə hüququnun başqa şəxsə keçəcəyini qəbul edir. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 572.1-ci maddəsinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Digər tərəfdən istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barədə ərizə verməsi onun istifadə hüququna xitam verilməsi üçün əsasdır. Bu əsasla məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanması üçün qanuni əsas olmadığından həmin hüquqa xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 ünvan 3 ünvanda yerləşən 26 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi təqdim edildiyi gündən bir ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar