Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2374/2025 02.09.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 17.400 manat borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu X9 2018-ci ilin mart ayında etibarından sui-istifadə edib onun bacısı oğlanlarını «SOCAR» şirkətinə mühəndis və operator vəzifələrinə işə düzəldəcəyinə dair ona yalan vəd verib onu aldadaraq, Bakı şəhəri, Pirallahı rayonu, Çilov qəsəbəsi «28 May» NQÇİ-nin MKT-də yerləşən iş otağında xeyli miqdar təşkil edən 22.000 (iyirmi iki min) ABŞ dolları məbləğində, yəni həmin dövr üzrə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş rəsmi məzənnə ilə 37.400 (otuz yeddi min dörd yüz) manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. X9 ona qarşı törətdiyi dələduzluq cinayətinə görə Bakı şəhəri Pirallahı rayon polis idarəsinin istintaq şöbəsində başlanmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmiş və cinayət işi məhkəmədə baxılarkən, Cavabdeh X5 təyin ediləcək cəzanın yüngülləşdirilməsinə nail olmaq üçün Zamik Əliyevin ona vurduğu maddi ziyanın 10.000 (on min) manat hissəsini 07 fevral 2023-cü il tarixdə nağd şəkildə ödəməklə, şəxsən yazılı akt tərtib edərək, zərərin ödənilməyən 27.400 (iyirmi yeddi min dörd yüz) manat hissəsinin isə 9 ay ərzində ödəyəcəyi barədə üzərinə yazılı öhdəlik götürmüş, lakin aktda qeyd etdiyi müddətdə 24.400 manat pul məbləğindən daha 10.000 (on min) manat, ümumilikdə isə 20.000 (iyirmi min) ödəmiş, lakin ödənilməyən 17.400 manat məbləği isə ödəməkdən bu günədək yayınmışdır. Baxmayaraq ki, cavabdehdən ödəmədiyi 17.400 manat məbləği ödəməsini dəfələrlə tələb etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək bildirdi ki, cavabdehin oğlu Zamik Əliyev dələduzluq yolu ilə onun 22000 (iyirmi iki min) ABŞ dollarını ələ keçirmişdir. Onun şikayəti üzrə başlanmış cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə məhkəməyə verilmiş və Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli müvafiq hökmü ilə Zamik Əliyev Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zamik Əliyevin atası, hazırki iş üzrə Cavabdeh xx.xx.2023-cü il tarixdə əlyazma şəklində akt tərtib etmişdir. Həmin aktda Cavabdeh oğlunun törətdiyi cinayət nəticəsində ona dəymiş 37400 manat pulun 10000 manat hissəsini ona qaytardığını, qalan 27400 manat pulu isə 9 ay ərzində ona ödəməyi öhdəsinə götürmüşdür. Həmin cinayət işinə apellyasiya qaydasında baxılarkən Zamik Əliyevin vəkilləri X8 və X11 vasitəsilə daha 10000 manat pul ona qaytarılmışdır. Lakin 17400 manat isə qaytarılmamışdır. Zamik Əliyevin vəkili İsa Məmiyev ödənilməmiş 10000 manat pulun ona ödənilmiş kimi göstərən ərizə verməsini ondan xahiş etmişdir. Belə ki, vəkil İ.Məmiyev onu ziyanın tam şəkildə ödənilməsini təsdiq edən notarial qaydada təsdiq edilmiş ərizə verəcəyi halda, apellyasiya instansiyası məhkəməsində Zamik Əliyevə təyin edilmiş cəzanın dəyişəcəyinə, onun azadlıqda qalıb həqiqətdə ödənilməmiş 10000 manat pulun ona qaytarılacağına inandırmışdır. O, əvvəlcə buna razı olmasa da, sonradan humanist davranmağa qərar vermiş, Zamik Əliyev tərəfindən ona 10000 manat ödənilmədiyi halda, ona dəymiş ziyanın tam şəkildə ödənilməsini, ondan şikayət və tələbinin olmamasını özündə əks etdirən xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizə vermişdir. Həmin ərizənin məzmununu vəkil İsa Məmiyev ona diktə etmişdir. Həmin məzmunlu ərizəni xoşniyyətlilik göstərərək vermişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən X9 barəsində hökm dəyişdirilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2023-cü il tarixdə Z.Əliyevin vəkilləri ona Cavabdeh adından yazılmış öhdəlik də təqdim etmişlər. Həmin öhdəliyin Cavabdeh tərəfindən yazılıb-yazılmadığını bilmir. Həmin öhdəlikdə də 17400 manat pulun 3 ay ərzində ödənilməsini Cavabdeh öhdəsinə götürmüşdür. Zamik Əliyev həbsdən çıxdıqdan sonra 2023-cü ilin may ayından etibarən dəfələrlə onunla, onun atası Cavabdeh ilə apardığı telefon danışıqları heç bir müsbət nəticə verməmiş, hər dəfəsində onlar müxtəlif bəhanələr gətirməklə ödənilməmiş 17400 manat pulun ona geri qaytarılmasından yayınmışlar. Həmin telefon danışıqları tərəfindən DVD diskə köçürülmüş və məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili X12 barəsində etdiyi şikayətə baxılaraq ona xəbərdarlıq edilmişdir. O, Zamik Əliyevin ona dəymiş ziyanı tam şəkildə ödənilməsi ilə bağlı ərizə təqdim etsə də, həqiqətdə 17400 manat pul ona ödənilməmiş, o aldadılmışdır. Cavabdeh oğlu Zamik Əliyevin törətdiyi cinayət əməli nəticəsində ona dəymiş ziyanın ödənilməmiş qalan hissəsi üçün öz üzərinə öhdəlik götürdüyünə görə 17400 manat pulu cavabdehdən tələb edir. Qeyd olunanları nəzərə alıb iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, oğlu Namik Əliyevin törətdiyi cinayət əməli nəticəsində İddiaçı 22000 ABŞ dolları və ya 37400 manat məbləğində maddi ziyan dəymişdir. O, həqiqətən də iddiaçının təqdim etdiyi xx.xx.2023-cü il tarixli aktı özü yazmışdır. Həmin aktda olan yazılar və imza ona məxsusdur. O, özünün tərtib etdiyi sözügedən aktla oğlunun törətdiyi cinayət əməli nəticəsində İddiaçı dəymiş 37400 manat pulun 10000 manat hissəsini ona qaytardığını, qalan 27400 manat pulu isə 9 ay ərzində ona ödəməyi öhdəsinə götürmüşdür. Lakin iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli onun adından yazılmış öhdəlikdən məlumatı yoxdur. Həmin öhdəlik onun tərəfindən yazılmamışdır. Hesab edir ki, iddiaçıya dəymiş ziyan tam şəkildə ödənilmişdir. Əgər ziyan tam şəkildə ödənilməsəydi iddiaçı bu barədə notarial ərizəni apellyasiya məhkəməsinə təqdim etməzdi. İddiaçının təqdim etdiyi DVD diskdə onun da iddiaçı ilə telefon danışıqları olmuşdur. O da iddiaçıya oğlunun həbsdən çıxdıqdan sonra səbrli olmasını, Zamikin işləyib pulu qaytaracağını bildirmişdir. Lakin hesab edir ki, 37400 manat pul tam şəkildə iddiaçıya qaytarılmışdır. Qeyd olunanları nəzərə alıb iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq edilmiş: Cavabdeh tərəfindən yazılaraq imzalanmış xx.xx.2023-cü il tarixli aktdan görünür ki, o, İddiaçı ödənilməli olan 37400 manat pulun 10000 manat hissəsini ona qaytarmış, qalan 27400 manat pulu isə 9 ay ərzində ona ödəməyi öhdəsinə götürmüşdür. Pirallahı Rayon Məhkəməsinin 1(904)-3/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X4 şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 01 (bir) müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılması və üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İddiaçı Bakı Apellyasiya Məhkəməsinə ünvanladığı notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, X10 ilə barışmışdır. Çünki, o vurduğu ziyanı tam ödəyib, ondan heç bir şikayət və tələbi yoxdur. X6 təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdiyini etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-902/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 07 mart 2023-cü il tarixli hökmü dəyişdirilmiş, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 il 06 ay müddətində azadlığın məhdudlaşdırılması təyin edilmiş, X4 xx.xx.2022-ci il tarixdən həbsdə olduğu 05 ay 26 gün və xx.xx.2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 05 ay 27 gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsi rəhbər tutulmaqla hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 11 ay 24 gün müddət X5 təyin olunan 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılması və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 06 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. AZE07926283 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1955ci il tarixdə doğulmuşdur. AZE0834900 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası Vəkillər X2 İddiaçı ünvanladığı xx.xx.2025-ci il tarixli, 1055 nömrəli məktubundan görünür ki, onun Bakı şəhəri 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 və fərdi qaydada fəaliyyət göstərən vəkil X7 barəsində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuş müraciəti Vəkillərin İntizam Komissiyasında araşdırılaraq müvafiq rəy verilmiş və həmin rəyə Rəyasət Heyətinin iclasında baxılmışdır. Rəyasət Heyətinin qərarına əsasən vəkil İ.S.Məmiyevə xəbərdarlıq edilərək peşə fəaliyyətini həyata keçirərkən qanunvericiliyin tələblərinə əməl etməsi tapşırılmış, vəkil Tural Musayevin vəkil İsa Məmiyevlə əlbir olaraq onu aldadıb barışıq ərizəsi yazdırmağa təhrik etməsi xüsusatına dair isə müvafiq təsdiqedici sübutlar təqdim edilmədiyindən, qeyd edilən məlumata Rəyasət Heyəti tərəfindən hüquqi qiymət verilməsinin mümkün olmadığı bildirlmişdir. xx.xx.2025-ci il tarixli, 1799 №-li mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməd iddia ərizəsinin verilməsinə görə 143 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh oğlu Zamik Əliyevin cinayət əməli nəticəsində dəymiş 37400 manat puldan 22000 manat pul qaytarılmış, lakin iddiaçıya həmin məbləğin 17400 manat hissəsi isə qaytarılmamışdır. Cavabdeh tərəfindən yazılmış xx.xx.2023-cü il tarixli akt əsasında İddiaçı ödənilməli olan 27400 manat pulu isə 9 ay ərzində ona ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı Zamik Əliyevin cəzasının yüngülləşdirilməsi üçün sonuncunun vəkil(lər)i tərəfindən barışıq ərizəsi yazmağa inandırılmış, həqiqətdə ona 17400 manat pul qaytarılmadığı, ona dəymiş ziyan tam şəkildə ödənilmədiyi halda yuxarıda məzmunu təsvir edilən notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə ilə apellyasiya instansiyası məhkəməsinə müraciət etmişdir. Lakin Z.Əliyev həbsdən azad edildikdən sonra iddiaçının təqdim etdiyi məhkəmə iclasında tədqiq edilmiş DVD diskdə onun Zamik Əliyev, atası Cavabdehlə telefon danışıqları, sonuncuların ona pulun qaytarılacağını bildirməsi, səbrli olmasını xahiş etmələri, iddiaçının Vəkillər Kollegiyasının Rəyasət Heyətinə daxil olmuş müvafiq müraciəti əsasında Zamik Əliyevin vəkili olmuş Bakı şəhəri 6 saylı Vəkil Bürosunda fəaliyyət göstərən vəkil X3 barəsində Vəkillərin İntizam Komissiyasında araşdırma aparılaraq Rəyasət Heyətinin qərarına əsasən vəkil İ.S.Məmiyevə xəbərdarlıq edilməsi onu deməyə əsas verir ki, həqiqətən də iddiaçıya dəymiş ziyanın 17400 manat hissəsi ona ödənilməmişdir. Bu xüsusatların mövcudluğu, İddiaçı ona dəymiş ziyanın tam şəkildə ödənilməsini göstərən notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsinin olmasına əsaslanıb iddianın rədd edilməsini istisna edir. Belə ki, işin faktiki hallarından müəyyən edilir ki, həmin ərizə iddiaçının xoşniyyətlilik məramından irəli gələrək verilmişdir. Həmin ərizə Zamik Əliyevin vəkili A.Məmiyevin iddiaçını ona Z.Əliyev həbsdən çıxdıqdan sonra ona qalan 17400 manat pulu ödəyəcəyinə inandırması nəticəsində həmin vəkilin diktəsi ilə yazılmış, daha sonra notariat ofisində təsdiq edilmişdir. İddiaçıdan həmin məzmunda ərizə alınmasında məqsəd Z.Əliyevin həbsdən azad edilməsinə nail olmaq olmuş, faktiki olaraq həmin məqsəd hasil olmuşdur. Lakin cavabdeh üzərinə öhdəlik götürməsinə baxmayaraq sonrakı mərhələdə iddiaçının xoşniyyətli addımından sui-istifadə edərək ona müvafiq məbləği qaytarmamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi Z.Əliyevin vəkillərinin ona verdiyi xx.xx.2023-cü il tarixli Cavabdeh adından yazılmış öhdəliklə bağlı məhkəmə qeyd edir ki, həmin öhdəlik Cavabdeh tərəfindən öhdəlikdə qeyd olunan yazı və imza onun tərəfindən təkzib edilsə də, xx.xx.2023-cü il tarixli aktda Cavabdeh üzərinə öhdəlik götürməsi və həmin aktı özünün tərtib etdiyini məhkəmə iclasında etiraf etməsinə görə məhkəmə xx.xx.2023-cü il tarixli Cavabdeh adından yazılmış öhdəliklə bağlı araşdırma aparmağa lüzum görmür. Beləliklə məhkəmə qeyd edir ki, iddiaçı Yaqut X1 cinayət əməli nəticəsində maddi ziyan dəysə də, onun atası hazırki iş üzrə Cavabdeh ödənilməmiş maddi ziyanı özünün ödəyəciyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh onun xeyrinə pul tutulmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Maddə 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübütlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 17400 (on yeddi min) min manat və 143 (yüz qırx üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə 17543 (on yeddi min beş yüz qırx üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 17400 (on yeddi min dörd yüz) manat və 143 (yüz qırx üç) manat dövlət rüsumu olmaqla, ümumilikdə 17543 (on yeddi min beş yüz qırx üç) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2374/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2374/2025
02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver