Məhkəmə qərarları › İş №2(051)-133/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-133/2025

21.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Nikahın pozulması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-133/2025 21.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları 1.İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlə arasında olan nikahın vaxt verilmədən pozulması, 15 oktyabr 2015-ci il tarixdə doğulmuş Lalə və 22 dekabr 2018-ci il tarixdə doğulmuş Dəniz adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə 29 aprel 2014-cü il tarixdə nikah bağlamaqla evlənmiş, birgə nikahdan 15 oktyabr 2015-ci il tarixdə Lalə və 22 dekabr 2018-ci il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət ailə münasibətləri normal olmuşdur. Lakin 2023-cü ilin dekabr ayında cavabdeh ailənin maddi vəziyyəti ilə bağlı işləmək üçün Bakı şəhərinə getmişdir. Bundan sonra Rəfailin ailəsinə olan münasibəti tamamilə dəyişmişdir. Belə ki, cavabdeh ailədə daim yersiz söz-söhbətlər yaratmışdır. Heç bir səbəb olmadan evdə münaqişələr baş verməyə başlamışdır. Bir ailə üzvü kimi bu münaqişənin qarşısını almaq üçün müxtəlif tədbirlər görmüş, müxtəlif güzəştlər etmiş, ancaq bütün bu tədbirlər əhəmiyyətsiz və nəticəsiz olmuşdur. Onun bu münasibəti ailədə uşaqlarının tərbiyəsinə pis təsir göstərirdi. Son vaxtlar isə cavabdehin ona qarşı soyuq münasibəti ailə xəyanətinə gətirib çıxarmışdır. Ona bəlli olmuşdur ki, Rəfail başqası ilə faktiki ailə qurmuş, ailəsini onunla davam etdirmişdir. Xəyanəti bağışlaya bilmir. Cavabdeh ona uşaqlarının saxlanmasında maddi yardım etmir. Baxmayaraq ki, cavabdeh Bakı şəhərində alverlə məşğuldur. Faktiki olaraq ayrılmışlar. Barışmaqları mümkün deyildir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh məhkəmə iclası zamanı göstərdi ki, onlara barışmaq üçün vaxt verilmiş, lakin barışmamışlar. Taksi fəaliyyəti ilə məşğul olsa da, hazırda rəsmi olaraq işsizdir. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq qətnamə çıxarılmasını xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2–ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqda razılığı olmadıqda, məhkəmə ər–arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər, barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2.1–ci maddəsinin tələblərinə görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiya «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış nikah 150 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Xəlilova” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, 15 oktyabr 2015-ci il tarixdə doğulmuş Lalə və 22 dekabr 2018-ci il tarixdə doğulmuş Dəniz adlı uşaqların anası İddiaçı, atası Cavabdehdur. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflərə barışıb ailəni bərpa etmələri üçün 3 ay vaxt verilsə də, onların barışmaları mümkün olmamışdır. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş və birgə nikahdan 15 oktyabr 2015-ci il tarixdə Lalə və 22 dekabr 2018-ci il tarixdə Dəniz adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmış və onların arasında ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Tərəflər ayrıldıqdan sonra uşaqlar iddiaçının yanında qalmışdır. Tərəflər ər–arvad kimi yaşamamaqla, birgə təsərrüfatı idarə etmirlər və ayrı yaşayırlar. Tərəflər arasında olan nikah artıq formal xarakter daşıyır. İddiaçının boşanmaq fikri qətidir və o, nikahın pozulmasında təkid edir. Eyni zamanda uşaqların saxlanması üçün cavabdehdən aliment tələb edir. Məhkəmə tərəfindən barışmaq üçün verilmiş 3 ay vaxt ərzində də tərəflərin barışmaları mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, Lalə və Dəniz adlı uşaqlar iddiaçının yanında qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, Lalə və Dəniz adlı uşaqların iddiaçının yanında qalması müəyyən edilməli, həmçinin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün cavabdehdən aliment alınıb iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının aliment tələbi qismən əsaslıdır, iddiaçı cavabdehin daha çox gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün aliment iddiaçının tələb etdiyi miqdarda deyil, işin müəyyən olunmuş hallarına əsasən, cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində aliment, uşaqların mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq təyin edilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı təqvim ili ilə qətnamənin qəbul edildiyi təqvim ili arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqının müəyyən mislinə uyğun təyin edilməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların üstün mənafelərini və iddiaçının himayəsində yaşamalarını, digər diqqətəlayiq halları, həmçinin alimentin hesablanmağa başlandığı təqvim ili ilə qətnamənin qəbul edildiyi təqvim ili arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərqin olmasını nəzərə alaraq hesab edir ki, ərizə verildiyi, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq, cavabdehdən hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,49 mislində (345 x 0,49 » 169 manat) alimentin tutulması, uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Belə ki, uşaqlar iddiaçının yanında yaşayır, onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Ona görə də məhkəmə alimentin məbləğinin iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşaqların mənafeyinə və diqqətəlayiq hallara uyğun olaraq (hər təqvim ili üzrə müəyyən edilmiş minimum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli həddində təyin edilməsini, işin həqiqi hallarına uyğun hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9– cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş ümumi əmlakın bölünməsi tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 150 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulsun. Boşanmadan sonra 15 oktyabr 2015-ci il tarixdə doğulmuş Lalə və 22 dekabr 2018-ci il tarixdə doğulmuş Dəniz adlı uşaqların İddiaçı yanında qalması müəyyən edilsin və xx.xx.2024-cü il tarixdən başlayaraq həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə (hər təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,49 misli, cəmi (iki uşaq üçün) 0,98 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Tərəflərə, nikahın pozulması haqqında hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar