Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № 2(051)-1681/2024 24.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil Üçüncü şəxs: X1 iştirakı ilə İddiaçı cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə qarşı bağışlama müqaviləsinin bağlanması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış Mingəçevir şəhəri, Təbriz küçəsi 15 saylı evin 25 saylı mənzili üzərində olan ½ hissədə payını X3, X6, X2 razılığı alınmadan onun tərəfindən X4 bağışlama müqaviləsinin bağlanmasının təmin edilməsi öhdəliyinin cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X13 ilə xx.xx.1984-cü il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahdan xx.xx.1985-ci il tarixdə X8 və xx.xx.1986-cı il tarixdə X12 adlı uşaqları doğulmuşdur. Artıq övladları hər biri ailə qurub, özlərinin ailələri və uşaqlar vardır. X13 ilə münasibətləri əvvəllər normal olsa da, hazırda pozulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli, 2(051)-232/2024 saylı qətnaməsinə əsasən aralarında bağlanmış rəsmi nikah qeydi pozulmuşdur. Birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil üzərində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ½ hissədə payı müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən onun ½ hissədə payı xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Qeyd edilən mənzildə İradə, oğlu Pərviz, gəlini Mehriban qeydiyyatdadırlar. Hazırda qeyd edilən mənzildə yaşaya bilmir, çünki ailə münasibətləri normal deyil, İradə ilə boşanmışdır və onlarla bir mənzildə yaşamağı qeyr-mümkündür. Hazırda bacısı X1 evində yaşayır. Ona bacısı baxır, qulluq edir. Əmlak Məsələləri Dövlət Xidməti Daşıınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış ona məxsus olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil üzərində olan ½ hissədə payını bacısı X4 bağışlamaq istəyir. Lakin üçüncü şəxslər, X13, X12 və X9 ona razı olmurlar. Bununla əlaqədar olaraq Mingəçevir Regional “Asan Xidmət" Mərkəzində Notariat ofisinə müraciət edərək bağışlama müqaviləsi bağlamaq istəsə də, cavabdeh tərəfindən imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclası zamanı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı üçüncü şəxs X10 iddianı qəbul etdi və əlavə olaraq göstərdi ki, iddiaçı onun qardaşıdır. Mingəçevir Şəhər Məhkəməsinin 18 mart 2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə X13 arasında bağlanmış rəsmi nikah qeydi pozulmuşdur. Birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil üzərində Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən ½ hissədə iddiaçının payı müəyyən edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Çıxarışa əsasən iddiaçının ½ hissədə payı xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Qeyd edilən mənzildə iddiaçı, İradə Qaçayeva, Pərviz Qaçayev, Mehriban Qaçayeva qeydiyyatdadırlar. İddiaçı sözügedən mənzil üzərində olan ½ hissədə payını ona bağışlamaq istəyir. X21, Pərviz Qaçayev, Mehriban Qaçayeva buna razı olmurlar. Bununla əlaqədar olaraq iddiaçı Mingəçevir Regional “Asan Xidmət" Mərkəzində Notariat ofisinə müraciət edərək bağışlama müqaviləsi bağlamaq istəsə də, bundan imtina edilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisinə, üçüncü şəxslər X11, X7 və X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat ofisi məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak edə bilmədikləri üçün işə nümayəndəsinin iştirakları olmadan baxılmasını xahiş etmiş, üçüncü şəxslər isə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin və həmin üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, iddiaçının və onun nümayəndəsinin və üçüncü şəxs X1 izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)- 232/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə X13 arasında xx.xx.1984-cü il tarixdə Mingəçevir Şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 152 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulması qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-344/2024 saylı qətnaməsindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81,74 kv.m olan, 4 otaqlı mənzil üzərində ½ hissədə İddiaçı, ½ hissədə X6 payı müəyyən edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45-05101-093029 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 81,74 kv.m olan mənzil üzərində ½ hissədə İddiaçı payı xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə, ½ hissədə X6 payı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı 09 noyabr 2004-cü il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. X13, X12, X9, X14 da həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadırlar. İşdə olan Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Ramin Muradovun 23 iyul 2024-cü il tarixli 1356 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə əsasən mənzildə yaşayış yeri üzrə daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığını aldıqdan sonra mənzili özgəninkiləşdirə bilmək hüququna malik olduğunu qeyd etməklə bağışlama müqaviləsinin rəsmiləşdirilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********45-05101-093029 reyestr nömrəli çıxarışa əsasən mübahisəli mənzil üzərində ½ hissədə İddiaçı payı xx.xx.2024-cü il tarixdə ********** nömrə ilə ½ hissədə X6 payı Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Mənzildə iddiaçı və üçüncü şəxslər X13, X12, X9 yaşayış yeri üzrə qeydiyyatdadırlar. İddiaçı mənzil üzərində olan ½ hissədə payını bacısı X4 bağışlamaq istəyir, lakin Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin notariusu Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndinə istinad edərək mübahisəli mənzildə yaşayış yeri üzrə daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılıq ərizələrinin olmadığına görə bağışlama müqaviləsini təsdiq etməkdən etmişdir. Hazırda üçüncü şəxslər iddiaçı ilə olan qərəzli münasibətlərinə görə razılıq verməkdən imtina edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə əmlak xarakterli hüquq münasibəti olduğundan, hazırkı mübahisə üzrə həm əşya hüquq münasibətlərini, həm də müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən əqdlər haqqında ümumi müddəlar əlaqəli şəkildə tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 136.1-ci maddəsinə əsasən əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər. Göründüyü kimi, Mülki Məcəllənin mülkiyyət hüququnu tənzimləyən müddəaları mülkiyyətçinin öz hüquqlarını sərbəst və maneəsiz istifadə etməsinin hüquqi əsaslarını müəyyən etməklə, əşya hüquq münasibətlərinin iştirakçısı kimi çıxış edən mülkiyyətçiyə münasibətdə öz hüquqlarının həyata keçirilməsində lazımi davranış hüdudlarını müəyyən edir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Həmin Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Məhkəmə, həmçinin hesab edir ki, mülkiyyət toxunulmazdır və mülkiyyətçi öz əmlakı üzərində sərbəst şəkildə sahiblik, istifadə və sərəncam hüququna malikdir. Onun bu hüququ heç bir şəkildə məhdudlaşdırıla bilməz. Bağışlama müqaviləsi isə mülki qanunvericiliklə tənzimlənən elə bir müqavilədir ki, mülkiyyətçi öz əmlakının bir hissəsini hədiyyə alana verməsi, hədiyyə alanın isə onu qəbul etməsi ilə bağlanmış sayılır. Göründüyü kimi bağışlama müqaviləsi mülkiyyətçinin sərbəst iradə ifadəsidir. Həmçinin mülki qanunvericilik bağışlama müqaviləsinin notarius qaydasında təsdiqlənməsi ilə etibarlı sayıldığını qeyd edir. Lakin bu müddəa mülkiyyətçinin hüquqlarını məhdudlaşdırmağa yönəlməməlidir. Azərbaycan Respublikasında Notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 49-cu bəndi Mülki Məcəllənin tələblərinə zidd olmaqla xüsusi mülkiyyətçinin hüquqlarının məhdudlaşdırılmasına yönəlmişdir. Belə olan halda məhkəmə daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktı tətbiq etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ bəndinə əsasən Mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunun 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi mülki hüquq normalarını əks etdirən digər məcəllə və qanunlarla ziddiyyət təşkil etdikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsi tətbiq edilir. Həmin Qanunun 2.6-cı maddəsinə əsasən fərman və ya digər normativ hüquqi akt qanunla ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir. Mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə əsasən mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Həmin Qərarda, həmçinin qeyd olunmuşdur ki, mülkiyyətçi tərəfindən sərəncam səlahiyyətinin həyata keçirilməsinin mülkiyyətçi olmayan şəxslərin iradəsi ilə istənilən halda şərtləndirilməsi faktiki olaraq bu səlahiyyətin mülkiyyətçi olmayan şəxslərə mənsub olduğunu göstərir. Halbuki, bunun yolverilməzliyi həm Konstitusiyanın 29-cu maddəsinin İİİ hissəsində, həm də onu inkişaf etdirən Mülki Məcəllənin 152.1-ci maddəsində ifadə olunmuşdur. Həmin normaya əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bunun əksinə olaraq, sərəncam vermək səlahiyyətinin mülkiyyətçi olmayan şəxslərə verilməsi faktiki olaraq bir əmlak üzərində eyni zamanda ikinci eyni həcmli mülkiyyət hüququnun mövcudluğu deməkdir. Bu isə yalnız həmin əmlak üzərində bir neçə şəxsin birgə mülkiyyət hüquqları olduqda mümkündür. Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarında bu məsələ ilə bağlı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunmaması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. 2000-ci il sentyabrın 1-dən sonra mənzildən istifadə edilməsi ilə əlaqədar yaranmış hüquq münasibətlərinin mövcudluğunda notarius tərəfindən özgəninkiləşdirilən yaşayış mənzilində kimlərin yaşayış yeri üzrə qeydiyyatda olması barədə arayışın tələb edilməməsi və daimi qeydiyyatda olan yetkinlik yaşına çatmış bütün ailə üzvlərinin razılığının alınmaması alqısatqı müqaviləsinin aldatma yolu ilə bağlanması və Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə istinadən bu əqdin etibarsız hesab edilməsi üçün səbəb ola bilməz. Eyni zamanda qanunvericiliyin tələblərini pozmadığına görə aldatmanın olmadığını və əqdin etibarlı olduğunu sübut etmək cəhdləri də əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsində müqavilə azadlığı prinsipinin mahiyyəti açıqlanaraq göstərilir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Həmin Məcəllənin 215.6-cı maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Ümumi mülkiyyət hüququndakı payın satışı üçün açıq hərraca paylı mülkiyyətin bütün mülkiyyətçiləri razılıq vermədikdə belə hərrac bu Məcəllənin 224.2-ci maddəsində nəzərdə tutulan hallarda keçirilə bilər. Göründüyü kimi istinad edilən maddi hüquq normalarında paylı mülkittədə olan əşyanın özgəninkiləşdirilməsi əvəzli əqd əsasında həyata keçirildikdə, digər paylı mülkiyyətçinin razılığının alınması, onun satınalmaqda üstünlük hüququnun tələbləri baxımından zəruridir, lakin özgənikiləşdirilmə əvəzsiz əqd əsasında həyata keçirildikdə, həmin qaydalar tətbiq edilmir. Hazırkı vəziyyətdə iddiaçı paylı mülkiyyətdə olan olan payını əvəzsiz əqd əsasında bacısına bağışladığına görə digər paylı mülkiyyətçinin razılığının alınması istisna olunur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və ünvan 3 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı məxsus olan mənzilin bağışlama müqaviləsi mənzildə qeydiyyatda olan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı olmadan cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. ünvan 3 ünvanında yerləşən paylı mülkiyyət hüququ ilə ½ hissədə İddiaçı məxsus olan mənzilin bağışlama müqaviləsinin mənzildə qeydiyyatda olan üçüncü şəxslər X6, X3, X2 razılığı olmadan təsdiq edilməsi cavabdeh Mingəçevir Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №2(051)-1681/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №2(051)-1681/2024
24.09.2024 · Müqavilələrin məcburi bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver