Məhkəmə qərarları › İş №2(060)-1361/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1361/2025

04.03.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1361/2025 04.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 Cavabdeh Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinə və Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinə qarşı işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinə və Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinə qarşı işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verilməsinə dair cavabdeh X4 Mədəniyyət İdarəsinin Nəriman Nərimanov adına Sumqayıt Mədəniyyət Mərkəzinin 1 noyabr 2024-cü il tarixli 120 saylı əmrinin ləğv edilməsi, onun cavabdehin tabeliyində olan 4 saylı Diyarşünaslıq klubuna müdir vəzifəsində işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət mədəniyyət sahəsində müxləlif vəzifələrdə çalışmış və xx.xx.2018-ci il tarixli 08-6 saylı Əmrlə cavabdeh Abşeron X2 İdarəsinin Nəriman Nərimanov adına Sumqayıt Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 saylı Diyarşünaslıq klubuna müdir vəzifəsində işə qəbul edilmiş və xx.xx.2024-cü il tarixə kimi bu vəzifədə işləmişdir. İşlədiyi klubda sanepidemstansiya tərəfindən müvafiq tədbirlərin görülməməsi və antisanitar vəziyyətin yaranması, nəticədə siçanların, siçovulların çoxalması və normal iş ahənginin pozulması ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş və normal iş şəraitinin yaradılmasını xahiş etmiş, lakin onun müraciətlərinin heç birinə baxılmamış və ona bildirilmişdir ki, «budur,işləyirsən işlə,işləmirsənsə ərizəvi yaz,işdən çıx» deyə cavab verilmişdir. O, bu qeyri-normal vəziyyətə etiraz olaraq işdən çıxma barədə ərizə yazmış, ərizədə qəsdən fərqli tarixlər qoymuş, lakin cavabdeh bu ərizəni alan kimi dərhal işdən çıxma əmrini vermişdir. Halbuki cavabdeh özü də bilirdi ki onun bu ərizəni yazmağı nıövcud olan antisanitar və dözülməz vəziyyətə etiraz olaraq yazılmışdır, o, düşünürdü ki, cavabdeh vəziyyəti nə dərəcədə ciddi olduğunu anlayar, onu şəxsən qəbul edər və mövcud vəziyyətə son qoyar. Cavabdeh rəhbəri olduğu bu klubda hər bir işçi üçün normal iş şəraiti yaratmaqda borclu idi, lakin o öz vəzifəsini yerinə yetirməmiş və üstəlik də ona qarşı bu addımı atmışdır. O, cavabdehlə bu məsələni məhkəmədənkənar qaydada həll etmək üçün mediasiya təklifini yazaraq cavabdehə göndərmiş, mediasiya sessiyasına dəvət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməkdən boyun qaçırmışdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. 3.Cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsinə etiraz edir, iddianın dəlillərini əsassız hesab edir və iddiaya qarşı etirazlarını aşağıdakı formada ifadə edirlər. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. İşdə olan sənədlərdən və iddiaçının özü tərəfindən iddia ərizəsində də etiraf edildiyi kimi, işçi hazırki halda iddiaçı könüllü surətdə işəgötürənə - hazırki iş üzrə cavabdehə müraciət edərək işdən azad olunmağını xahiş etmiş, onun təşəbbüsü nəzərə alınaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı hazırda cavabdehin 1 noyabr 2024cü il tarixli 120 saylı əmrini mübahisələndirsə də, həmin əmrin qanunsuzluğuna dair hərhansı sübut təqdim etməmiş, mövqeyini ümumi sözlərlə - işlədiyi müəssisədə antisanitar vəziyyətin yaranması ilə əlaqədar işdən çıxma barədə ərizə yazması, belə bir ərizəni yazmaqda məqsədinin mövcud vəziyyətə etiraz etmək olması ilə əsaslandırmışdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. Qeyd olunanlara, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsinə əsasən məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X1 İdarəsinə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, işlədiyi yer siçanlarla dolu idi. Bu halla əlaqədar şikayət etmək istədikdə buna icazənin olmadığı bildirildi. İdarənin rəisi də heç vaxt onları qəbul etmirdi. Əlində sübut qismində foto və video materiallar vardır. Müraciətlərinə idarə tərəfindən heç bir reaksiya verilmədi. İdarə rəisi tərəfindən onun işdən çıxarılma əmri verildi və son haqq-hesabı ödənilmədi. Rəsmi şəkildə antisanitar vəziyyətlə bağlı müraciətlərinə isə idarə rəhbəri tərəfindən icazə verilmədi, dərmanlama üçün heç bir vəsait ayrılmadı. O, şikayət etdikdə idarənin baş mühasibi ona mövcud vəziyyətlə barışmalı olduğunu bildirdi. O, idarədən noyabr ayında işdən çıxmışdı, lakin idarə hələ dezinfeksiya edilməmişdi. Müəssisə nəzərdə tutulmuş vaxtdan 1 ay sonra dezinfeksiya edilib. O, hər gün pis şəraitdə iş yerində işləməyə məcbur edilib. O, hətta idarənin qanunsuz olaraq saxta biletlər satması ilə əlaqədar də müraciətlər edib. İdarə ilin son günündə dərmanlanıb. O, son haqq hesabının ödənilməsi üçün idarə rəisinə müraciət etsə də, idarə rəisi ona cavabında bununla əlaqədar bir problem olmadığını bildirib. O, ərizəsini 29 oktyabr 2024-cü il tarixdə yazıb, diqqət cəlb etmək üçün tarixi fərqli göstərib. Məhkəmənin nəzərinə çatdırır ki, işdən könüllü çıxmağına dair ərizəni idarə rəisinin mövcud vəziyyətdən narahat olması üçün vermişdir. Lakin onun ərizəsi dərhal əmrləşdirilmiş, işdən azad olması barədə əmr verilmişdir. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 5.Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. O, iddiaçını yaxşı işçi kimi tanıyır. Müəssisənin dezinfeksiyası dekabr ayı tarixində aparılmışdır. Hazırda dezinfeksiya işlərinin aparılması üçün tender komissiyasının icazəsi lazımdır. İddiaçının yeri hazırda boşdur. İş yeri Mədəniyyət nazirliyinin tabeliyindədir. Bütün müəssisələr noyabr ayında dezinfeksiya edilmişdir. Bildirir ki, cavabdehin son haqq hesabı ödənilmişdir. Cavabdehin son haqq hesabını ödəməyən əməkdaş isə cərimələnmişdir. Hesab edir ki, məsələ başqa formada da həll edilə bilərdi. Mədəniyyət klublarında şəxsləri işə götürən və işdən çıxaran Nərimanov adına mədəniyyət mərkəzidir. Nərimanov adına mədəniyyət mərkəzi də X1 İdarəsinə tabedir. İşçilərlə əlaqədar məsələlərdə onlara yalnız məlumat verilir. Əmr Mərkəzin özü tərəfindən qəbul edilir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. 6.Məhkəmə iclasında iştirak edən cavabdeh Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Nümayəndə2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddiaçı 2018-ci ilin fevral ayından 4 saylı Diyarşünaslıq Klubuna direktor təyin edilib. İddiaçının 30 oktyabr 2024-cü il tarixdə ərizəsi daxil olmuş, o, ərizəni qəbul etmişdir. Əvvəl ərizəni cırmaq istəmişdir, lakin iddiaçı ilə ərizəsi barədə danışmış, iddiaçı ona fikrinin qəti olduğunu və artıq yorulduğunu bildirmişdir. Bundan sonra o əmri sənədləşdirmişdir. Ərizədə tarixin səhv qoyulduğunu sonradan görmüşdür. Bu barədə iddiaçıya bildirdikdə o, gəlib ərizəsini dəyişəcəyini bildirmişdir, lakin sonradan dəfələrlə əlaqə saxlamasına baxmayaraq gəlməmişdir. İddiaçı dəfələrlə siçovullarla əlaqədar müraciətlər etmişdir. Müraciəti rəhbərliyə ünvanlamışlar, rəhbərlikdən noyabr ayında müəssisənin dərmanlanacağı bildirilmişdir.

7. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İş materiallarında olan Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin 120 nömrəli, 01 noyabr 2024-cü il tarixli əmrindən görünür ki, həmin əmrlə Nəriman Nərimanov adına Sumqayıt Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 saylı Diyarşünaslıq klubunun müdiri İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən öz xahişinə əsasən xitam verilmişdir. 9.İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. 10.İşdə olan ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixli 08-6 saylı əmrlə Abşeron X2 İdarəsinin Nəriman Nərimanov adına Sumqayıt Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 saylı Diyarşünaslıq klubuna müdir vəzifəsində işə qəbul edilmişdir. 11.İşdə olan xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. 12.İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti X5 şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Abşeron X2 İdarəsinin Abşeron-Xızı regional şöbəsinə təqdim etdiyi xx.xx.2024-cü il tarixli məktuba və ona əlavə edilmiş təsdiqedici sənədlərə baxılmaqla müəyyən olunmuşdur ki, Sizinlə bağlanmış müddətsiz əmək müqaviləsinə müraciətiniz əsasında 120 saylı xx.xx.2024-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (Öz xahişiniz ilə xx.xx.2024-cü il tarixdən Abşeron X2 idarəsi N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin direktor vəzifəsini icra edən (işəgötürən) Nümayəndə2 tərəfindən xitam verilmiş, 2024-cü ilin oktyabr ayının əmək haqqısı xx.xx.2024-cü il tarixdə əmək haqqı kartınıza köçürülsə də, istifadə olunmamış (2024-2025ci işi il) əsas məzuniyyətinizə görə məzuniyyət haqqı hesablanılmamış və ödənilməmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, Abşeron X2 idarəsi N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin direktoru (işəgötürəni) tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin fəmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir) və 172-ci maddəsinin 4-cü hissəsinin (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) tələbləri pozulmuşdur. Qeyd edir ki, qanun pozuntusuna əsasən tərəflərindən N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin direktoru (işəgötürəni) barəsində inzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntulanna yol verilməsi) maddəsinin tələbinə uyğun olaraq xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmçinin son haqq hesabınızın (2024-2025 ci iş ilinə düşən məzuniyyət haqlarının) yenidən hesablanıb tam ödənilməsinin təmin edilməsi üçün tərəflərindən N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin direktoruna 3-17-5/2-90924/2024 saylı xx.xx.2024-cü il tarixli göstəriş xarakterli məktub ünvanlanmışdır. Qeyd edirlər ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin ”a” bəndinə əsasən əmək müqaviləsi bağlamaq onların şərtlərini dəyişdirmək işəgötürənin əsas hüquqlarına aid olduğundan yenidən işlə təmin olunmaqları üçün Abşeron X2 İdarəsi N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin rəhbərliyinə müraciət etmək hüquqları vardır. Müraciətdə qeyd etdiyiniz məsələlərin həlli ilə bağlı məhkəmənin müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır.

13. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi xx.xx.2024-cü il tarixli xidməti məruzə məktubu ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək bildirmişdir ki, N.Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin 4 saylı Diyarşünaslıq klubu Sumqayıt şəhəri 6-cı mikrorayon Z.Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir. Bina Əmlak Məsələləri Dövlət Xidmətinin balansındadır. Binanın zirzəmi qatında olan çirkab suları ilə bağlı 4 saylı Diyarşünaslıq klubunda siçovullar müşahidə olunur. Bina idarənin balansında olmadığından zirzəmi qatının dezinfeksiya olunması idarənin səlahiyyətləri xaricindədir. Binada dezinfeksiya işlərinin aparılması ötən illərdə icra hakimiyyəti tərəfindən təmin olunmuşdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 25 iyun 2024-cü il tarixli, 3-24/3-1-f-171/2024 nömrəli “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə dövlət orqanları, dövlət adından yaradılan publik hüquqi şəxslər və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında yazışma və görüşlərin keçirilməsinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” əmrinə əsasən Sumqayıt şəhər 4 saylı Diyarşünaslıq klubunun yerləşdiyi beşmərtəbəli binanın zirzəmi qatının dezinfeksiya işləri üçün aidiyyəti quruma müraciət olunmasına köməklik göstərilməsini xahiş edir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2018-ci il tarixli 08-6 saylı əmrlə Abşeron X2 İdarəsinin Nəriman Nərimanov adına Sumqayıt Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 saylı Diyarşünaslıq klubuna müdir vəzifəsində işə qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə (ərizədə tarix xx.xx.2017-ci il kimi qeyd edilmişdir) ərizə ilə müraciət edərək, tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Daha sonra Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinin 120 nömrəli, 01 noyabr 2024-cü il tarixli əmri ilə Nəriman Nərimanov adına Sumqayıt Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 saylı Diyarşünaslıq klubunun müdiri İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixindən öz xahişinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı həmin əmrin ləğv edilməsini xahiş edir. Cavabdehlər isə iddia tələbini qəbul etmirlər.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 16.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 17.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 18.Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinin müddətinin qurtarması, əmək şəraitinin şərtlərinin dəyişdirilməsi, müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər), tərəflərin iradəsindən asılı olmayan və ya tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallarda xitam verilə bilər. 19.Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. (ƏM-nin 68-ci maddəsinin a bəndi).

20. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işdən azad olunmasına dair ərizə verilməsi və bununla əlaqədar iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulmamışdır.

21. Belə ki, iddiaçı belə bir ərizə verməsinin səbəbinin işlədiyi müəssisədə antisanitar vəziyyətin olması və ərizə verməklə bu halın aradan qaldırılmasına nail olmaq istəməsi ilə əsaslandırmışdır.

22. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi hal cavabdeh Abşeron X2 İdarəsinin Nəriman Nərimanov adına Sumqayıt Mədəniyyət Mərkəzinin 1 noyabr 2024-cü il tarixli 120 saylı əmrinin ləğv edilməsi və iddiaçının cavabdehin tabeliyində olan 4 saylı Diyarşünaslıq klubuna müdir vəzifəsində işə bərpa edilməsi üçün əsas ola bilməz.

23. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

24. Göründüyü kimi əmək qanunvericiliyi yalnız işçinin iradə ifadəsinin zədələndiyi, yəni əmək münasibətlərinə xitam verməsinə məcbur edildiyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.7-ci maddəsinin tələblərinin işəgötürən tərəfindən pozulduğu hallarda işçinin həmin əsaslarla verdiyi ərizəni mübahisələndirmək hüququnun olduğunu təsbit etmişdir.

25. Başqa sözlə, yalnız işəgötürən tərəfindən işçiyə qarşı zor işlədilməsi; işəgötürənin işçiyə hədə-qorxu gəlməsi; işəgötürənin hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə məcbur etməsi hallarında bu hallar nəzərə alına bilər.

26. Hazırki iş üzrə iddiaçı isə bu hallardan hər hansı birinə istinad etməmiş, yalnız iş yerində olan sanitar vəziyyət onu qane etmədiyi üçün belə bir ərizə verdiyini bildirmişdir.

27. Eyni zamanda məhkəmə araşdırması zamanı məhkəmə tərəfindən işəgötürən tərəfindən iddiaçıya əmək müqaviləsini ləğv etməyə zor tətbiq etmək, hədə-qorxu gəlmək və ya hər hansı digər üsulla müqavilənin ləğvi barədə ərizə verməyə məcbur edən hərəkətlərə yol verildiyi müəyyən edilməmişdir.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

29. Həmin Məcəllənin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

30. Məhkəmə hesab edir ki, iddiaçıya işdən çıxdığı gün əsas məzuniyyətinə görə məzuniyyət haqqının hesablanılmaması və ödənilməməsi mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas ola bilməz.

31. Belə ki, bu hal işəgötürənin inzibati qaydada məsuliyyətə cəlb edilməsinə səbəb olsa da, öz təşəbbüsü ilə işdən çıxmış işçinin yenidən işə bərpa edilməsi üçün əsas ola bilməz.

32. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhkəmə iclasında verdiyi izahatında tutduğu vəzifədən azad edilməsi barədə ərizəsini 29 oktyabr 2024-cü il tarixdə verdiyini, lakin bilərək ərizədə tarixi səhv qeyd etdiyini bildirmişdir.

33. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.

35. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinə və Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinə qarşı işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir.

37. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

38. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsinə və Nəriman Nərimanov adına Sumqayıt şəhər Mədəniyyət Mərkəzinə qarşı işdən çıxarma barədə əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə)apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar