Məhkəmə qərarları › İş №2(060)-35/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-35/2021

14.04.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-35/2021 14.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh X3 iştirakı ilə, İddiaçı "İddiaçı" İB-nin cavabdeh X4 qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "İddiaçı" İB-nin cavabdeh Əliyev Xanağa Balağa oğluna qarşı qanunsuz tikilinin sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyev Xanağa Balağa oğlu tərəfindən İddiaçı İB-nin Sumqayıt Qaz İstismarı Sahəsinə məxsus 89 mm-lik orta təyziqli, yerüstü qaz kəmərinin, mühafizə zonasında, qeyri-qanuni olaraq qaz paylayıcı şkafı həyətin içərisinə salaraq qeyri-qanuni inşa etmiş zaborun cavabdehin öz vəsaiti hesabına sökülərək mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01.03.2021-ci il tarixdə iddiaçı "İddiaçı" İB məhkəməyə müraciət edərək, cavabdeh Əliyev Xanağa Balağa oğlunun əsl cavabdeh X6 ilə əvəz edilməsini xahiş etmişdir. Belə ki, icraat zamanı məlum olmuşdur ki, qaz sayğacı Əliyev Xanağa Balağa oğlunun adına qeydiyyatdan keçmiş olsa da, həmin ünvanda faktiki olaraq yaşayan onun qardaşının arvadı X6 və onun övladlarıdır. Eyni zamanda iddia tələbinə dəqiqləşmə verərək, X6 tərəfindən şəxsi vəsaiti hesabına İddiaçı İB-nə məxsus 89 mm-lik orta təzyiqli, yerüstün qaz kəməri və qaz tənzimləyici şkafı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə, 118 saylı evin həyətindən sökülərək çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Qaz İstismarı Sahəsi Sumqayıt şəhərinin ərazisindən keçən müxtəlif diametrli qaz kəmərlərinin istismar olunmasına xidmət göstərir. Cavabdeh Əliyev Xanağa Balağa oğlu tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq İddiaçı Sumqayıt qaz istismarı sahəsinin balansında və istismarında olan Sumqayıt şəhəri, Kotec qəs., məh. 12, m.118 ünvanında olan aşağı təzyiqli yerüstü qaz kəmərinin və qaz tənzimləyici şkafı həyətin içərisinə salaraq mühafizə zonasını pozmuş və bu səbəbdən də qaz kəmərinə və qaz tənzimləyici şkafa vaxtı-vaxtında texniki xidmət göstərilməsi mümkün olmur ki, bu da potensial təhlükə mənbəyi olmaqla bədbəxt hadisələrin baş verməsinə çıxara bilər. İddiaçı Sumqayıt Qaz İstismarı Sahəsi tərəfindən cavabdehə inşa etdiyi tikintinin adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb çıxarılması barədə xəbərdarlıq edilmiş, lakin cavabdeh tərəfindən adı çəkilən tikinti hazırki vaxta kimi ləğv olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddia tələbinə etiraz edərək, eyvanın İddiaçı İBnin boru xətlərinə dirəndiyini bildirərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İddiaçı İB tərəfindən təsdiq olunmuş 24 oktyabr 2016-cı il tarixli aktdan görünür ki, Əliyev Xanağa Balağa oğlu Sumqayıt şəhəri, Kotec qəs., məh. 12, m.118 ünvanında olan aşağı təzyiqli yerüstü qaz kəmərinin və qaz tənzimləyici şkafı həyətin içərisinə salaraq mühafizə zonasını pozmuş və bu səbəbdən də qaz kəmərinə və qaz tənzimləyici şkafa vaxtı-vaxtında texniki xidmət göstərilməsi mümkün olmur. - Xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh tikilinin sökülməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. - İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının 30 dekabr 2020-ci il tarixli, 10/1556 saylı rəyindən görünür ki, İddiaçı İB-nə məxsus diametri 89 mm-lik orta təzyiqli qaz xətti və qaz tənzimləyicisindən Sumqayıt şəhəri, Kotec qəs., məh. 12, m.118 ünvanında yaşayan cavabdeh Əliyev Xanağa Balağa oğlunun istifadəsində olan 10x15 ölçüdə olan evə qədər en hissəsindən məsafənin 20 sm, uzunluq hissəsindən təxminən 1.0 metr aralı olduğunu və “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 nömrəli qərarının 5№-li əlavəsinə əsasən orta təzyiqli (0,05-dən 3-ə qədər (kqq/sm2) ) yerüstü qaz kəmərlərindən yaşayış və ictimai binalara qədər olan məsafənin 5 metr təşkil etdiyini nəzərə aldıqda, cavabdeh Əliyev Xanağa Balağa oğlunun istifadəsində olan 10x15 ölçüdə evin en hissəsinin 4.80 metr, uzunluq tərəfdən isə təxminən 4.0 metr hissə ərazisinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, Kotec qəs., məh. 12, m.118 ünvanında yaşayan X6 tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozulmuşdur. Həmin ünvanda yaşayan X6 qeyri-qanuni İddiaçı İB-nin Sumqayıt QİS-nin balansında və istismarında olan 89 mm diametrli orta təzyiqli, yerüstü qaz kəmərinin və qaz tənzimləyici şkafı həyətin içərisinə salaraq mühafizə zonasını pozmuş və bu səbəbdən də qaz kəmərinə və qaz tənzimləyici şkafa vaxt-vaxtında texniki xidmət göstərilməsi mümkün olmur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1999-cu il 21 iyul tarixli, 103 nömrəli qəraraı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri” Qaydalarının 3.32-ci bəndində göstərilmişdir ki, dayaqlar üzərində qoyulan yerüstü qaz kəmərlərindən binaların divarlarına qədər olan üfüqi (işıqla) məsafə, həmçinin yerüstü qaz kəmərlərinin quraşdırılmasının hündürlüyü Dövləttikintikom tərəfindən təsdiq edilmiş müvafiq Tikinti Norma və Qaydaları ilə (TN və Q) (əlavə 5, 6 və 10, 11) müəyyən edilən kəmiyyətlərdən az olmamalıdır. Azərbaycan Respublikası Prezidentinin 30.06.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 2-ci bəndinin tələblərinə görə mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Bu qaydanı pozaraq aparılan hər cür tikinti işləri müvafiq qaz qurğusuna xüsusi icazəsi olan şəxsin tələbi ilə tikinti sahibinin və ya tikinti üçün ayrılan torpaq sahibinin hesabına oradan kənar edilməlidir. “Əhalinin və iqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.07.2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikintilərin aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına, xüsusilə Bakı, Gəncə və Sumqayıt şəhərlərinin icra hakimiyyətlərinə tapşırılmışdır. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsumu ödənilmiş və aparılmış ekspert tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdeh X6 tərəfindən şəxsi vəsaiti hesabına İddiaçı İB-nə məxsus 89 mm-lik orta təzyiqli, yerüstün qaz kəməri və qaz tənzimləyici şkafı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə, 118 saylı evin həyətindən sökülərək çıxarılmalı və iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 10 manat dövlət rüsumu cavabdehə aid edilməli, həmçinin ekspert tədqiqatının dəyəri 50 manat cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-cı və 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh X6 tərəfindən şəxsi vəsaiti hesabına İddiaçı İB-nə məxsus 89 mm-lik orta təzyiqli, yerüstün qaz kəməri və qaz tənzimləyici şkafı Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 12-ci məhəllə, 118 saylı evin həyətindən sökülərək çıxarılsın. Cavabdeh X2 10 (on) manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat cavabdeh X2 alınaraq, dövlət büdcəsinə X1, kod 210005, VÖEN **********, Müxbir hesab АZ41NABZ********************, SFİFT BİK CTREAZ22 hesaba köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar