Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-5143/2023 25.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «ləyaqətsiz vərəsə hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı «ləyaqətsiz vərəsə hesab edilməsi tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının oğludur. Cavabdeh xx xxx 1989-сu ildə anadan olmuşdur. Ailəlidir, Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Maral göl üzrə gecəqondu, Şöhrət Qasımov küçəsi, 114 ünvanında ailəsi ilə birlikdə 2010cu ildən iddiaçıya məxsus fərdi evdə yaşayır. Həmin ünvanda cavabdehlə yanaşı, iddiaçı və həyat yoldaşı da yaşayırlar. Cavabdeh valideynlərinin həyatını cəhənnəmə çevirib. Heç bir əsas olmadan cavabdeh evdə daima davaş-dalaş salır, iddiaçını və anasını təhqir edir, dəfələrlə onlara qarşı əl qaldırmış, onları təhqir edərək ləyaqətini alçaltmışdır. Cavabdeh 2010-cu ildən başlayaraq, valideynləri ilə konfliktlər yaratmağa başlamışdır. Əsəbləşərək evdə olan əşyaları sındıraraq onları yararsız hala salır. 23 iyun 2023-cü il tarixində iddiaçı işdə olanda həyat yoldaşı ilə gəlini dalaşıb. Gəlin polis çağırıb, evdə olan münaqişəni cavabdehə (yəni həyat yoldaşına) xəbər verib. Cavabdeh də işdən gəlib anasını təhqir etmişdir. Evdə olan ev əşyalarını qırıb töküb. İddiaçı işdən gəldikdən sonra görmüşdür ki, qırılmış əşyalar evin ortasındadır. Əhəmiyyət verməyib otağa keçmişdir. Otaqda olanda cavabdeh qışqıraraq təhqiredici sözlərlə iddiaçını çölə çağırmışdır. İddiaçı çölə çıxmış, cavabdeh onu görüb daha da qızışıb onu təhqir etmişdir. İddiaçı da polisə zəng etmişdir. Cavabdeh ataya layiq olmayan ifadələr işlədir. Sübutu vardır. Belə hadisələr dəfələrlə olmuşdur. İddiaçı da övladı olduğu üçün güzəştə getmişdir. Göstərilənlərə əsasən cavabdeh xx xxx 1989-cu il tarixdə anadan olmuş Cavabdeh ləyaqətsiz vərəsə hesab edilərək vərəsəlik hüququndan məhrum edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdeh ona qarşı təhqirəramiz ifadələr işlədib. Hətta nəvələrini də ona qarşı öyrədir. Hazırda cavabdeh ilə eyni ünvanda yaşayırlar. Yaşadıqları ev iki mərtəbəli həyət evidir və evin 2 otağı birinci mərtəbədə, 3 otağı isə ikinci mərtəbədə yerləşir. Mübahisələri yaradan cavabdehdir. İddiaçı evi satmaq istəyir, lakin cavabdeh maneçilik yaradır. Belə ki, evin satışında əldə olunan pulun yarısını cavabdehə verməyi təklif edir, lakin cavabdeh qəbul etmir. Sözügedən evi özü inşa etmişdir. 13 ildir ki, bu mübahisələr davam edir. Hətta qeyd edir ki, cavabdeh evdə olan əşyaları belə sındırmışdır. Odur ki, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, o, iddiaçının ərizəsində göstərdiyi hallarla qətiyyən razı deyildir. Belə ki, iddiaçı onun atasıdır. O, ərizəsində guya onun Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Maral göl üzrə gecəqondu, Şöhrət Qasımov küçəsi, 114 ünvanında 2010-cu ildən yaşamağa başlamışdır. Halbuki, bu ev 2007-ci ildə inşa olunmuş, o da 2009-cu ilin mart ayının 27-də ailə həyatı quraraq həmin ünvanda məskunlaşmışdır. Bundan əlavə, iddiaçı guya onun onlarla daima konfliktdə olduğunu, evdə davaş-dalaş salaraq onlara fiziki və mənəvi təzyiqlər göstərdiyini, evdəki əşyalara zərər verdiyini bildirmişdir. Halbuki, o, ailə həyatı qurandan bəri iddiaçı-atası və anası X1 onların həyatını kabusa çevirmiş, onu, həyat yoldaşını uşaqlarının gözü önündə təhqir edərək onu boşanmağa məcbur etmişdir. Özü 2-ci qrup əlildir, anası övladlarının qarşısında onu xəstəlikləri ilə aşağılamış, o isə onların bu hərəkətlərinə baxmayaraq, bütün bu illər ərzində nə atasına, nə də anasına bir dəfə belə olsun əl qaldırmamışdır. Atası ilə olan mübahisələrin birində atası ona əl qaldırmış, cavabdeh isə ona vurmaq niyyətində olmadığı üçün anlıq əsəblə özünü cilovlaya bilməyərək şkafa toxunmuş və şkaf aşmışdır, qarşı tərəf bu faktı ərizədə başqa şəkildə təqdim etmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
6. Beləliklə, yuxarıda qeyd olunduğu kimi hazırki mübahisənin predmeti cavabdehin ləyaqətsiz vərəsə kimi tanınmasıdır.
7. İddiaçı öz iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1139, 1203-cü maddələrinə istinad etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin.
9. Bununla əlaqədar, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
10. Miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur.
11. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir.
12. Yuxarıda qeyd olunduğu kimi vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar Mülki Məcəllənin 1137-ci maddəsində öz əksini tapmışdır.
13. Qanunverici şəxsin ləyaqətsiz vərəsə elan edilərək vərəsəlik hüququndan məhrum edilməsi barədə məhkəməyə müraciət etmək hüququ olan subyektlərin dairəsini Mülki Məcəllənin 1139-cu maddəsi ilə konkret müəyyənləşdirmişdir. Belə ki, Mülki Məcəllənin bu maddəsinə müvafiq olaraq ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyən edilir. Mülki Məcəllənin 1203.2-ci maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.
14. Nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 1137-ci maddəsi miras qoyanın və yaxud onun yaxınlarının şəxsiyyətinə qarşı törədilmiş hər hansı hüquqa zidd hərəkətləri deyil, məhz miras qoyanın son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin təqsirinin məhkəmə tərəfindən təsdiq olunduğu təqdirdə onun nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməməsini müəyyən edir.
15. Göründüyü kimi, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.
16. Ləyaqətsiz adam mənəvi keyfiyyətlərdən məhrum və əxlaqi davranış qaydalarına yad bir fərd kimi, özünün qanunla uzlaşmayan şəxsi marağı naminə istənilən hüquq pozuntusunu, o cümlədən ən ağır cinayət əməlini törətməyə hazır olan bir subyektdir.
17. Məhkəmə qeyd edir ki, ləyaqətsiz vərəsənin qanunsuz hərəkəti bir halda miras qoyanın hələ vəsiyyətnamədə ifadə edilməmiş, son iradəsini həyata keçirməsinin əleyhinə, digər halda isə miras qoyanın artıq vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı yönəlir. Ləyaqətsiz vərəsənin miras qoyanın, ümumiyyətlə, son iradəsinin həyata keçirilməsinə qarşı hərəkəti, onun qəsdən törətdiyi maneə şəklində özünü göstərir. Ləyaqətsiz vərəsənin miras qoyanın vəsiyyətnamədə göstərilmiş son iradəsinin həyata keçirilməsinə qarşı yönəlmiş hərəkətləri onun qəsdən cinayət və digər əxlaqsız hərəkətlər törətməsində özünü göstərir.
18. Bundan əlavə, məhkəmə qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1137-ci maddəsində qeyd edilmiş halların (miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmək, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmək) cavabdeh tərəfindən həyata keçirilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrum etmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrum etməyə səbəb olan hallar olduqda mümkündür.
20. Həmin maddəyə müvafiq olaraq məhkəmə qeyd edir ki, vərəsə məcburi pay almaq hüququndan qanunda nəzərdə tutulan ciddi əsaslar olduqda yalnız məhkəmə tərəfindən məhrum edilə bilər.
21. Qanunda nəzərdə tutulmuş ciddi əsaslar dedikdə, şərh olunan maddənin məzmunundan göründüyü kimi, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar anlaşılır. Ümumiyyətlə, vərəsəlik hüququndan məhrum etməyə əsas olan hallar dedikdə, MM-in 1137-ci maddəsində nəzərdə tutulmuş ləyaqətsiz vərəsə, 1138ci maddəsində nəzərdə tutulmuş valideynlər və miras qoyanı saxlamaqdan qəti imtina etmiş şəxs kimi tanınmasına əsas olmuş hallar anlaşılır.
22. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “…Vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil. Ona görə ki, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir. Mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203- cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur”.
23. Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda formalaşdırdığı hüquqi mövqeyinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin ləyaqətsiz vərəsə elan olunması yalnız vərəsələrdən birinin və ya bir neçəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilə bilər.
24. Lakin vəsiyyət edən vərəsələrdən hər hansı birinin məcburi pay hüququndan məhrum edilməsi ilə bağlı məhkəməyə müraciət edərkən, həmin şəxslərin Mülki Məcəllənin 1137-ci maddəsi baxımından, onun son iradəsinin həyata keçirilməsinə qəsdən maneə törətməsini, yaxud vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətməsini əsaslandırması mümkün deyil.
25. Bu baxımdan, Mülki Məcəllənin 1137-ci maddəsi əsasında ləyaqətsiz vərəsə qismində tanınması miras qoyanın vəfatından sonra mübahisələndirilir.
26. Məhkəmə, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, araşdırma zamanı İddiaçı Mülki Məcəllənin 1137-ci maddəsinin tələbləri baxımından cavabdehin ləyaqətsiz vərəsə olmasını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, eyni zamanda iddia tələbinə əlavə edilmiş sənədlər isə cavabdehin ləyaqətsiz vərəsə hesab edilməsi üçün əsas yaratmamışdır.
27. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
28. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
29. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
30. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
31. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
32. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
33. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
34. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı «ləyaqətsiz vərəsə hesab edilməsi tələbi»nə dair iddia tələbi təmin edilməməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
37. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı «ləyaqətsiz vərəsə hesab edilməsi tələbi»nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva