Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6759/2021 21.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı MTK-nın Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs - "xxxx" ASC) müqavilənin ləğvi və mənzilin boşaldılması tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MTK (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək ("xxxx" ASC-ni müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərməklə) cavabdeh ilə bağlanmış 00000076 saylı, 07.11.2016-cı il tarixli payçı müqaviləsinin ləğv edilməsi, Sumqayıt şəhəri, “Bulvar” ərazisində tikilməkdə olan, bina 1, blok 3, mərtəbə 3, ümumi sahəsi 100,4 kv.metrdən ibarət 3 otaqlı 97 saylı mənzilin boşaldılması və ailə üzvlərinin həmin mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, “Bulvar” ərazisində tikilməkdə olan, bina 1, blok 3, mərtəbə 3, ümumi sahəsi 100,4 kv.metrdən ibarət 3 otaqlı 97 saylı mənzilin alınması üçün cavabdeh ilə üçüncü şəxs arasında 07.11.2016-cı il tarixli, 1-07-11-2016-BX-SB nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı, cavabdeh və üçüncü şəxs arasında üç tərəfli 07.11.2016-cı il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən üçüncü şəxs cavabdehə 147892 manat məbləğində kredit vermişdir. Cavabdeh kredit üzrə faizləri hər ayın 7-dən gec olmayaraq, ödəniş cədvəlinə uyğun olaraq bərabər hissələrlə hər ay 1427 manat məbləği ödəməyi üzərinə öhdəlik kimi götürmüşdür. Həmin kredit müqaviləsi əsasında iddiaçı ilə cavabdeh arasında 00000076 saylı, 07.11.2016-cı il tarixli payçı müqaviləsi bağlanmışdır. Cavabdeh, iddiaçı və üçüncü şəxs arasında bağlanmış olan üç tərəfli daşınmaz əmlakın zaminlik müqaviləsinə əsasən aldığı kredit vəsaitini hesaba tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə ilə cavabdeh müqavilədə nəzərdə tutulan kredit vəsaitindən istifadə etmişdir. Lakin uzun müddətdir ki, cavabdeh artıq heç bir ödəniş etməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, payçı müqaviləsi üzrə cavabdehin iddiaçı qarşısında hər hansı borcu mövcud deyil. Əgər həmin müqavilə üzrə cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməyibsə ödənişləri cavabdehdən üçüncü şəxs tələb edə bilər. Çünki cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında deyil, bank qarşısında məsuldur. İddiaçı həmin müqavilədə zamin kimi çıxış edir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarıını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh 28.01.1979-cu ildə, Gəncə şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 00000076 saylı, 07.11.2016-cı il tarixli payçı müqaviləsinə əsasən iddiaçı Sumqayıt şəhəri, “Bulvar” ərazisində tikilməkdə olan, bina 1, blok 3, mərtəbə 3, ümumi sahəsi 100,4 kv.metrdən ibarət 3 otaqlı 97 saylı mənzili inşa edib cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə həmin mənzilin dəyəri olan 147892 manat aylıq 1473 manat olmaqla iddiaçı və "xxxx" ASC (bundan sonra – üçüncü şəxs) arasında bağlanacaq üçtərəfli müqavilə əsasında aldığı kredit hesabına tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh ilə üçüncü şəxs arasında bağlanmış 07.11.2016-cı il tarixli, 1-07-11- 2016-BX-SB nömrəli kredit müqaviləsinə əsasən cavabdeh ilə iddiaçı arasında imzalanmış 00000076 saylı, 07.11.2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin alınması üçün üçüncü şəxs tərəfindən 147892 manat məbləğində kredit verilmişdir. Həmin müqavilədə göstərilmişdir ki, mənzil barəsində daşınmaz əmlakın dövlət reyestrindən çıxarış alındıqdan sonra mənzil ipoteka ilə yüklü edilməlidir.ş Eyni tarixdə iddiaçı, cavabdeh və üçüncü şəxs arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdeh iddiaçının kredit müqaviləsi üzrə üçüncü şəxs qarşısında olan öhdəlikləri üzrə zaminliyi öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən verilmiş 04.11.2021-ci il tarixli maliyyə arayışında göstərilmişdir ki, cavabdehin hazırda üçüncü şəxsə borcu 17220 manat və 420 gün gecikməsi yaranmışdır. İddiaçıya olan debitor borcu isə 1700 manat, kommunal borcu 296 manat təşkil edir. İşdən görünür ki, üçüncü şəxs tərəfindən cavabdehə 13.04.2021-ci il tarixli, mənzil kreditinə tutumanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və gecikdirilmiş 9950 manat məbləğində gecikmə borcunun ödənilməsi tələb olunmuşdur. İşdə olan qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən görünür ki, 07.11.2016-cı il tarixli payçı müqaviləsində üçüncü şəxs tərəf kimi çıxış etməmişdir. Lakin, müqavilənin 4.2.7-ci bəndində göstərilmişdir ki, payçı tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya "xxxx" ASC ilə imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə, bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib payın sahibi ola bilər. Bu halda “MTK” "xxxx" ASC və payçı arasında bağlanmış zaminlik müqaviləsindən irəli gələn payçının öhdəliklərini yerinə yetirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). Üçüncü şəxsin xeyrinə müqavilə elə müqavilədir ki, onun tərəfləri borclunun icranı müqavilədə göstərilmiş və ya göstərilməmiş, öhdəliyin öz xeyrinə icrasını borcludan tələb etmək hüququ olan üçüncü şəxsə həyata keçirməli olduğunu müəyyənləşdirirlər (403.1.). Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yaxud öhdəliyin mahiyyətindən hər hansı ayrı hal irəli gəlmirsə, üçüncü şəxsin xeyrinə bağlanmış müqavilənin icrasını həm kreditor, həm də üçüncü şəxs tələb edə bilər (403.2.). Qeyd edilməlidir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 00000076 saylı, 07.11.2016-cı il tarixli payçı müqaviləsinin bəzi müddəalarına üçüncü şəxsin xeyrinə müqavilənn müddəaları kimi qiymət verilməlidir. Belə ki, həmin müqavilədə cavabdehin üçüncü şəxs qarşısında kredit öhdəliklərini lazımınca yerinə yetirmədiyi təqdirdə iddiaçının hazırkı müqavilənin ləğvini və mənzilin geri qaytarılmasını tələb etmək hüququnun olduğu təsbit edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi cavabdeh payçı müqaviləsi üzrə üçüncü şəxs qarşısında olan öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı payçı müqaviləsinin ləğvi və mənzilin geri qaytarılması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçı iddia ərizəsinin xahiş hissəsində cavabdehin və ailə üzvlərinin mənzildən çıxarılmalarını xahiş etsə də, cavabdehin ailə üzvlərinin kimlər olduğu iddia ərizəsində göstərilməmiş və həmin şəxslər cavabdeh kimi qeyd edilməmişlər. Bu səbəbdən iddia tələbi cavabdehin ailə üzvlərinin mənzildən çıxarılmaları hissəsində təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MTK ilə Cavabdeh arasında bağlanmış 00000076 saylı, 07.11.2016-cı il tarixli payçı müqaviləsi ləğv edilsin. Cavabdeh Sumqayıt şəhəri, “Bulvar” ərazisində tikilməkdə olan, bina 1, blok 3, mərtəbə 3, ümumi sahəsi 100,4 kv.metrdən ibarət 3 otaqlı 97 saylı mənzildən çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6759/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6759/2021
21.10.2021 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver