Məhkəmə qərarları › İş №2(067)-1231/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1231/2021

21.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1231/2021 21.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X9 idarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X9 idarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X9 idarəsinə qarşı işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon məhkəməsinə müraciət edərək X9 İdarəsinin 16.12.2020-ci il tarixli 56-K saylı və 15.01.2021-ci il tarixli 01-K saylı əmrlərin ləğv olunaraq, öz işinə bərpa olunması və məcburi işburaxmaya görə əməkhaqqının hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2016-cı ilin 21 yanvar tarixində Şabran rayon Mədəniyyət və Turizm şöbəsinin Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur. 2017-ci ilin yanvar ayından Şabran rayon Mədəniyyət Mərkəzi X9 İdarəsinin tabeçiliyinə verilmişdir. Yeni Azərbaycan Partiyasının Şabran rayon Mədəniyyət işçiləri təşkilatının sədridir. Rəhbərlik tərəfindən qarşıya qoyulan bütün tələblər vaxtında və qüsursuz yerinə yetirmişdir. Əvvəllər hər hansı intizam məsuliyyətinə cəlb edilməmişdir. Kollektivin bütün əməkdaşları ilə qarşılıqlı etmad və səmimi münasibətləri olmuşdur. Rayon rəhbərliyi tərəfindən xidmətləri yüksək qiymətləndirilmişdir. 15 oktyabr 2020-ci il tarixində Şabran rayon Mədəniyyət Mərkəzində mədəni təşkilatçı vəzifəsində işləyən X6, onun iş otağında, şər atmaq məqsədilə əvvəlcədən planlaşdırdığı təxribat əməli törətmişdir. Münaqişələrə meyilli olan X3 məqsədyönlü şəkildə ona şər atması Şabran Rayon Məhkəməsinin 3(031)- 432/2015 saylı 20.11.2020-ci il tarixli X14 iş üzrə qərarı ilə əlaqədardır. Belə ki, X6 iş yoldaşı X4 nalayiq sözlərlə təhqir etdiyinə və onu döyərək xəsarət yetirdiyinə görə (qüvvədən düşmüş Azərbaycan Respublikasının İXM-nin 38-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməli Ş.M.) inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin araşdırma materiallarında onun da izahatı olduğuna görə X6 ən müxtəlif səbəblərdən münaqişələr yaradır. Ülviyyənin 15 oktyabr 2020-ci il tarixində onun iş otağında əvvəlcədən planlaşdırdığı provokasiya da həmin riyakar niiyyətlərinin tərkib hissəsidir. X1 uydurduğu cəfəngiyyata əsasən, Şabran Rayon Məhkəməsi onu 23.11.2020-ci il tarixli 3(031)-514/2020 saylı qərarı ilə inzibati cərimə etmişdir. Verilmiş apellyasiya şikayəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin 12.02.2021-ci il tarixli qərarı ilə Şabran Rayon Məhkəməsinin qərarı ləğv edilmişdir. Şabran Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli 3(031 )-514/2020 saylı qərarı qanuni qüvvəyə minməmiş, X9 İdarəsinin rəisi Nazim Ağayev məhkəmə qərarını əsas tutaraq, 16.12.2020ci il tarixli 56-K saylı əmrlə ona şiddətli töhmət vermişdir. Şabran Rayon Məhkəməsinin 23.11.2020-ci il tarixli 3(031 )-514/2020 saylı qərarından verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəsində inzibati xəta üzrə 3(105)-643/2020 saylı iş icraatda olarkən, X9 İdarəsinin rəisi Nazim Ağayev təkrar eyni əsaslarla, 15.01.2021-ci il tarixli 01-K saylı əmrlə onu qanunsuz olaraq işdən azad etmişdir. Azərbaycan Respublikasının qanunvericilik aktlarında, qanunların tələbləri bır dəfə pozmuş şəxsləri eyni əsaslarla bir neçə dəfə məsuliyyətə cəlb edilməsi qadağan edilmişdir (AR-nın Konstitusiyası mad. 64; AR İXM-i mad. 9.2; AR ƏM-i mad.189.1). Xüsusilə qeyd etməyi zəruri hesab edir ki, mütəmadi münaqişə obyekti olan X6 barəsində qanuni tədbir görülməsi üçün dəfələrlə tərəfindən əsaslandırılmış təqdimatla X9 İdarəsinə müraciət etsə də, rəis X11 münaqişəli adam olmasını və ona başağrısı gətirəcəyini əsas gətirərək kollektivdə müzakirədən yayınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 15 oktyabr 2020-ci ildə iddiaçı ilə X6 arasında baş vermiş insident nəticəsində X9 İdarəsinin rəisinin 16 dekabr 2020-ci il tarixli 56-K saylı əmri ilə İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilmişdir. Lakin əmrin surəti ona verilməmişdir və bu səbəbdən o, vaxtında əmri məhkəmədə mübahisələndirə bilməmişdir. Bundan bir ay sonra, yəni 15 yanvar 2021-ci il tarixdə İddiaçı barəsində 01-K saylı əmr verilmiş və əmrə əsasən sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “ə” bəndinə əsasən Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsindən azad edilmişdir. Bu əmrdə ona qanunla müəyyən edilmiş qaydada təqdim olunmamışdır. Hər iki əmrin əsassız olduğunu və Əmək qanunvericiliyinin tələblərinə zidd olduğunu nəzərə alaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X9 İdarəsinin nümayəndəsi X7 iddia ərizəsi ilə tanış olduğunu və iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdırıb hesab edir ki, iddia ərizəsi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X9 İdarəsinin rəisi Nazim Ağayevin 16 dekabr 2020-ci il tarixli 56-K saylı əmrin təsviriəsaslandırıcı hissəsindən görünür ki, Şabran rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Ülviyyə Məmmədovanın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə yazdığı şikayət məktubu araşdırılarkən məlum olmuşdur ki, İddiaçı ilə onun arasında mübahisə baş vermiş və nəticədə o, İddiaçı tərəfindən təhqir olunmuş və yüngül xəsarət almışdır. Baş verən hadisə ilə əlaqədar Ü.Məmmədova rayon polis şöbəsinə, prokurorluğuna, məhkəməsinə şikayət etmiş, nəticədə İddiaçı 300(üç yüz) manat məbləğində cərimə edilmişdir. Eyni zamanda İddiaçı şəhid ailəsinin üzvü, öhdəsində azyaşlı uşağı olan mərkəzin fəhləsi Təhminə Bəylərovaya oktyabr, noyabr aylarında əmək haqqı yazmamış və israrla onun işə çıxmasını tələb etmişdir. Bununla bağlı, X5 Nazirliyinə və Regional İdarəyə müraciət etdikdən sonra bu vəziyyət aradan qaldırılmış, onun əmək haqqısı ödənilmişdir. Nəzərə alsaq ki, bu məsələ pandemiya dövründə baş verir İddiaçı müəssisə rəhbəri kimi necə ciddi nöqsanlara yol verdiyi aşkar olunur. Qeyd olunanlara əsasən əmrin nəticə hissəsinə görə İddiaçı sonuncu xəbərdarlıq edilərək şiddətli töhmət verilmişdir. Məhkəmə hesab edir ki, Xaçmaz Regional İdarəsinin rəisinin 16 dekabr 2020-ci il tarixli 56-K saylı əmri müxtəlif qanun pozuntuları ilə verildiyindən ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən intizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İş materiallarında olan məlumatlara əsasən İddiaçı ilə Ülviyyə Məmmədova arasında baş vermiş insident 15 oktyabr 2020-ci il tarixdə baş versə də, bununla bağlı intizam tənbehi İddiaçı iki ay sonra verilmişdir. Bundan başqa, əmrin əsaslandırıcı hissəsindən də göründüyü kimi, İddiaçı barəsində inzibati xətanın törədilməsi haqqında məhkəmə qərarı qanuni qüvvəyə minməmiş, ona həmin əsaslarla intizam tənbehi verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində X14 iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, X14 iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İş materiallarına əlavə olunmuş Sumqayıt Apelyasiya Məhkəməsinin 3(105)- 256/2021 saylı 04.05.2021-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İXM-ni 157-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsinə dair Şabran rayon məhkəməsinin 10 mart 2021-ci il tarixli 3(031)-121/2021 saylı qərarı ləğv edilmiş və İddiaçı barəsində AR İXM-nin 157-ci maddəsi ilə başlanmış X14 iş üzrə icraata xitam verilmişdir. Əmrin əsaslandırıcı hissəsinin ikinci bəndinə, yəni Təhminə Bəylərovaya münasibətdə olan hissəsinə gəldikdə isə, məhkəmə hesab edir ki, işəgötürən ümumiyyətlə heç bir əsas gətirmədən İddiaçı bu hal üzrə intizam tənbehi vermişdir. Belə ki, qeyd olunan əmr Təhminə Bəylərovaya münasibətdə olan hissəsində yalnız bir formal cümlə ilə “Nəzərə alsaq ki, bu məsələ pandemiya dövründə baş verir İddiaçı müəssisə rəhbəri kimi necə ciddi nöqsanlara yol verdiyi aşkar olunur” əsaslandırılır. İddiaçı Təhminə Bəylərovaya münasibətdə konkret olaraq Əmək Məcəlləsinin hansı normanın və ya vəzifə təlimatının hansı bəndinin pozmasına istinad edilməyib. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü hissəsinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Yuxarıda sadalanan əsaslara istinadən məhkəmə hesab edir ki, Xaçmaz Regional İdarəsinin rəisinin 16 dekabr 2020-ci il tarixli 56-K saylı əmri ləğv edilməlidir. İş materiallarında olan X9 İdarəsinin rəisi Nazim Ağayevin 15 yanvar 2021-ci il tarixli 01-K saylı əmrinə əsasən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinin “ə” bəndinə əsasən Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinə əsasən əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndində göstərilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi, qeyd olunan əmr o əsasla verilib ki, İddiaçı ona verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozaraq, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Lakin məhkəmənin yuxarıda gəldiyi nəticəyə əsasən, İddiaçı barəsində olan birinci əmr qanunsuz və əsassız olması səbəbindən ləğv edilməli olduğu üçün, 15 yanvar 2021-ci il tarixli 01-K saylı əmr də hüquqi qüvvəsini itirmiş olduğundan, ləğv edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Yeni Azərbaycan partiyası Şabran rayon Təşkilatı tərəfindən verilmiş 21 dekabr 2020-ci il tarixli 22 nömrəli xasiyyətnamədən görünür ki, İddiaçı uzun illər Şabran (keçmiş Dəvəçi) rayonunda bir sıra işlərdə, o cümlədən Partiya, Sovet, Komsomol orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. Hansı sahədə çalışmasından asılı olmayaraq o, özünü daim işgüzar, bacarıqlı bir işçi kimi tanıtmış, verilən hər bir işin öhdəsindən peşəkarlıqla gəlmişdir. Yüksək təşkilatçılıq qabiliyyətinə malik olan İddiaçı siyasi kompaniyalarda fəal iştirak edərək, dövlət siyasətinin həyata keçirilməsində daim fəallıqla və səylə çalışır. Rəhbərlik etdiyi mədəniyyət müəssisənin kollektivi rayon miqyaslı dövlət tədbirlərində daim fərqlənmiş, əhali tərəfindən xüsusi rəğbətlə qarşılanmışdır. İddiaçı hal hazırda mədəniyyət işçiləri YAP təşkilatının sədridir. Onun işlədiyi kollektivdə və ictimaiyyət arasında xüsusi hörmətin nəticəsi olaraq YAP Şabran rayon təşkilatı qadınlar şurasının 9 üzvündən biri seçilmiş, iki dəfə YAP qadınlar şurasının qurultaylarının iştirakçısı olmuşdur. İddiaçınm ictimai-siyasi fəallığı daim yüksək qiymətləndirilmiş, o, Şabran rayon İcra Hakimiyyətinin və YAP Şabran rayon təşkilatı tərəfindən fəxri fərmanlarla təltif edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Şabran rayon Mədəniyyət və Turizm Şöbəsinin 142 saylı 15 dekabr 2015ci il tarixli sənədin surətindən görünür ki, X6 2014-cü ildən Şəhər Mədəniyyət Sarayında müvəqqəti mədəni təşkilatçı işləyir. Son vaxtlar Ü.Məmmədovanın kollektiv üzvlərinə qarşı qeyri səmimi hərəkətləri başlamışdır. Özünə məxsus psixoloji durumu ilə daim işçilərə qarşı mənfi - aqressiv hərəkətlərə yol verərək, kollektivdə normal iş şəraitinin yaranmasına mane olmuşdur. Daim özünə aid olmayan işlərə qarışmaqla kollektivdə nüfuzsuz bir işçi kimi özünü göstərmişdir. İşçilər arasında yerli - yersiz mübahisələr yaratmış, əsəbi hərəkətləri ilə kollektiv üzvləri arasında psixoloji gərginliyin yaranmasına çalışmışdır. Bir neçə dəfə kollektiv üzvləri ilə birlikdə qəbul edilmiş, ona işdə sağlam mühitin yaradılması, kollektiv üzvləri arasında səmimi münasibətlərin formalaşması ilə bağlı tövsiyyələr verilmişdir. Ü.Məmmədovaya verilən tövsiyyələrdən nəinki lazımı nəticə çıxarmamış, əksinə iş yoldaşı ilə işçiyə yaraşmayan hərəkətlərə yol verərək hüquq normalarını kobud şəkildə pozmuşdur. 20 oktyabr 2015-ci il tarixdə Şəhər Mədəniyyət Sarayının metodisti D.Babayeva ilə Şəhər Mədəniyyət Sarayında Ü.Məmmədova arasında şəxsi mübahisə olmuş, mübahisə barədə məlumat vermək üçün D.Babayeva Mədəniyyət və Turizm şöbəsinin məsləhətçisi İddiaçı iş otağına gəlmiş. Ü.Məmmədova da dərhal həmin otağa daxil olaraq D.Babayevanı vuraraq ona xəsarət yetirmişdir. Baş vermiş hadisə ilə bağlı otaqda olan işçilər tərəfindən akt tərtib edilmişdir. D.Babayeva Rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Rayon Polis şöbəsində işlə bağlı təhqiqat işlərinə başlanmış, X3 barəsində toplanmış materiallar tədbir görülmək üçün Şabran rayon Məhkəməsinə göndərilmişdir. Ü.Məmmədova hüquq mühafizə orqanları tərəfndən onun haqqında ciddi cəza tədbirləri görüləcəyindən çəkinərək rayon Polis şöbəsinin və Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyi barədə böhtan xarakterli ərizələrlə yuxarı orqanlara müraciət etmişdir. Toplanmış materiallar əsasında Azərbaycan Respublikası Prezident Administrasiyasına rayon İcra Hakimyyəti Başçısı tərəfindən əsaslandırılmış cavab məktubu göndərilmişdir. Ü.Məmmədova təqdim etdiyi izahatında əsəbi olduğunu, hərəkətlərindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini və hal-hazırda heç bir şikayəti olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1- ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) busübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməli, X9 İdarəsinin 16.12.2020-ci il tarixli 56-K saylı və 15.01.2021-ci il tarixli 01-K saylı əmrlər ləğv olunaraq, İddiaçı işinə bərpa olunmalı və ona məcburi işburaxmaya görə əməkhaqqı hesablanaraq ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin olunsun. X9 İdarəsinin 16.12.2020-ci il tarixli 56-K saylı və 15.01.2021-ci il tarixli 01-K saylı əmrlər ləğv olunsun. İddiaçı Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə bərpa olunsun. İddiaçı məcburi işburaxmaya görə əməkhaqqı hesablanaraq ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Apelyasiya məhkəməsinə şikayət verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qətnamə qanuni qüvvəsini alır. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar