Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1037/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. İddiaçı ilə ##.##.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən Azərbaycan Respublikası Cavabdeh X1 Idarəsinə mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə təyin edilmişdir.
2. Azərbaycan Respublikası Cavabdeh # #### 2025-ci il tarixli, *-**-**/Ə**/**** nömrəli əmrindən görünür ki, DIN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verərək xidmətdən kənar vaxtlarında gəlir əldə etmək məqsədilə Gəncə şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərdiyinə, bununla da “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 2.1.11-ci bəndinin tələblərini pozduğuna görə X1 Idarəsinin mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi DIN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunması əmr edilmişdir.
3. Azərbaycan Respublikası Cavabdeh ## #### 2025-ci il tarixli, *-**-**/Ə(ş/h)***/**** nömrəli əmrindən görünür ki, İddiaçı ## #### 2025-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) X1 Idarəsinin mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsindən azad edilmişdir. Əsas kimi Baş Mühafizə Idarəsinin ##.##.2025-ci il tarixli *-****/Ə**/**** nömrəli əmri qeyd olunmuşdur.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra – “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Cavabdeh (bundan sonra – “cavabdeh”) ##.##.2025-ci il tarixli, *- ****/Ə**/**** nömrəli əmrinin və ##.##.2025-ci il tarixli, 3-13-17/ Ə(ş/h) ***/**** nömrəli əmrinin ləğv edilməsi, onun mülki mühafizə xidməti üzrə mühafizəçi (fəhlə) vəzifəsinə bərpa edilməsi və ona ##.##.2024-cü il tarixdən işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddia tələbi belə əsaslandırılmışdır ki, işəgötürən tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi üçün nə əmrdə qeyd olunan maddə əsasında, nə də əmək qanunvericiliyinin digər maddələrinə əsasən əmək müqaviləsinə xitam verilə bilməzdi. Onun tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hərəkətlərin hər hansı biri törədilməmişdir. Eyni zamanda Həmkarlar Ittifaqının üzvü olsa da, X2baqcadan razılığı alınmamışdır.
6. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı cavabdehin xidmətinin nüfuzuna xələl gətirən hərəkətə yol verərək xidmətdən kənar vaxtlarda gəlir əldə etmək məqsədilə Gəncə şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərdiyinə, bununla da “Azərbaycan Respublikası Cavabdeh mülki mühafizə xidməti işçilərinin etik davranış Qaydaları”nın 2.1.11-ci bəndinin tələblərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsi DIN-nin Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunmuşdur. Iddiaçı xidmətdə mənfi xarakterizə olunur. Aparılan araşdırma nəticəsində onun hərəkətləri yerli Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilmiş, eləcə də Azərbaycan Respublikası DIN-in ##.##.2015-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki Mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”ın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur.
7. Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim – C.Tağıyev) ilə iddia təmin edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan X1 Idarəsinin Həmkarlar Komitəsinin yığıncağının ## ###### 2025-ci il tarixli * saylı Protokolundan görünür ki, iddiaçının xidmətdən kənar vaxtda kompüter ustası kimi fəaliyyət göstərməsi məsələsi müzakirəyə çıxarılmış, lakin bu müzakirələrdə iddiaçının iştirakı təmin edilməmişdir. Başqa sözlə, X1 Idarəsinin Həmkarlar Komitəsinin yığıncağının ## ###### 2025-ci il tarixli * saylı Protokolunun olmasına baxmayaraq ##.##.2025-ci il tarixli *-**-**/Ə**/**** nömrəli əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin DIN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunması əmr edilsə də, belə bir razılaşdırılmağa dair sənəd təqdim edilməmişdir.
9. Məhkəmə vurğulamışdır ki, işəgötürən iddiaçının xidmətdən kənar vaxtlarda kompüter ustası kimi fəaliyyət göstərməsinin işəgötürənin nüfuzuna xələl gətirməsi ilə əsaslandırmışdır, lakin bunun hansı şəkildə xələl gətirdiyini əsaslandırmamış, bu halın mövcudluğunun iddiaçının özünün əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, əmək vəzifələrini pozmasına öz vəzifə öhdəliklərinin icrasına səhlənkar yanaşması, əmək funksiyalarının icrasını düzgün yerinə yetirməməsi ilə hər hansı əlaqəsinin olmasına dair heç bir mötəbər və tutarlı sübut təqdim etməmişdir. Başqa sözlə, işdə iddiaçının hərəkətlərində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 və 72-ci maddələrində əks edilmiş əmək vəzifələrinin kobud şəkildə pozulmasına dair sübutlar yoxdur.
10. Işdən göründüyü kimi, iddiaçı xidmətdənkənar vaxtlarda əmək fəaliyyəti ilə məşğul olmaqla, cavabdehin (işəgötürənin) heç bir hüquq və mənafeyinə, eləcə də xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirməmişdir. Iddiaçı əlavə iş yeri ilə əmək müqaviləsi bağlasaydı belə, xidmətdən kənar vaxtlarda işləməsi üçün cavabdehin razılığı tələb olunmurdu. Məhkəmənin qənaətinə görə iddiaçı peşə məktəbini texniki fənn üzrə bitirmiş, təhsili və təcrübəsi olan şəxs olmaqla xidmətdən kənar, yəni boş və asudə vaxtında ictimai faydalı işlə məşğul olmaqla hər hansı qanuna zidd hərəkətə yol verməmişdir ki, bu fəaliyyəti də mülki mühafizəçi qismində xidmətin və başqa dövlət orqanlarının nüfuzuna xələl gətirə biləcək hərəkətə yol verməsi kimi qiymətləndirilə bilməz. Eyni zamanda iddiaçı barəsində verilən xidməti xasiyyətnamə ilə tabeçiliyində olduğu üst qurum tərəfindən verilən rəydə qeyd olunanlar bir-birinə uyğun gəlmir. Belə ki, xidməti xasiyyətnamənin əksinə olaraq rəydə qeyd olunmuşdur ki, iddiaçı 3 dəfə həvəsləndirilmiş, heç bir intizam tənbehi almamışdır.
11. Bundan başqa Əmək Məcəlləsi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur və məhkəmənin qənaətinə görə xidmət müddətində hər hansı intizam tənbehi almayan iddiaçının yol verdiyi iddia olunan pozuntuya görə onun əmək müqaviləsinə xitam verilməsi həmin pozuntunun - əgər pozuntu hesab edilsə idi belə, xarakterinə adekvat olmamışdır.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 35, Əmək Məcəlləsinin 58, 68, 70 (“ç” bəndi), 71, 80, 89, 186 (2 və 3-cü bəndlər), 300 (1-ci bənd), Mülki Prosessual Məcəllənin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti iddia tələbinə qarşı etirazla eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının işdən azad olunması ilə bağlı qəbul edilən qərar özlüyündə əsaslı olsa da, birinci instansiya məhkəməsi tərəfindən çıxarılan nəticələr kifayət qədər yanlış olmaqla hüququn tətbiqi və bu qəbildən olan işlər üzrə mövcud olan praktikanın kobudcasına pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə qətnaməsində X1 Idarəsinin Həmkarlar Komitəsinin yığıncağının ## ###### 2025-ci il tarixli * saylı Protokolunun olmasına baxmayaraq ##.##.2025-ci il tarixli *-**-**/Ə**/**** nömrəli əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin DIN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Əmək Məcəlləsinin 70 ci maddəsinin “ç” bəndinə əsasən ləğv olunması əmr edilsə də, belə bir razılaşdırılmağa dair sənəd təqdim edilmədiyi bildirilmişdir. Iddiaçı Gəncə Şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində pul müqabilində usta kimi fəaliyyət göstərdiyinə görə Baş Mühafizə Idarəsinin əməkdaşı tərəfindən izahatı alınmış daha sonra Əmək Məcəlləsinin 80ci maddəsinin 1-ci və 2-ci hissənin tələblərinə uyğun olaraq Həmkarlar Ittifaqının üzvü olduğu üçün yığıncaq keçirilərək onun müqaviləsinin ləğv edilməsi barədə razılığa gəlinmişdir. Həmçinin Baş Mühafizə Idarəsi tərəfindən məhkəməyə təqdim edilən xidməti xasiyyətnamədə intizam tənbehi və ya həvəsləndirici barədə heç bir məlumat verilməmişdir.
15. Iddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə qarşı etiraz edərək bildirmişdir ki, o, mühafizəçi kimi işləyib. Rabitə avadanlıqlarından məlumatlı olub, ixtisası odur. Ora işə düzələndən server yaratmış, şəbəkələr qurmuşdur. 10 il iş stajı var, həmin dövrdə barəsində heç bir tənbeh tədbiri tətbiq edilməyib, qüsursuz fəaliyyət göstərmişdir. Xüsusi dövlət mühafizə xidmətində iştirak etmişdir. Istirahət günlərində, xidmətdən kənara vaxtlarda müəssisənin işlərini görmüş, idarədə rabitə avadanlıqları və komputerlərdə nasazlıq olanda onları təmir etdirib, təhvil vermişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər: G.Axundova – sədrlik edən və məruzəçi, F.Qasımov və M.Rüstəmli).
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı və nəticə hissəsi ilə razılaşmış, qətnamə birinci instansiya məhkəməsinin mövqeyi ilə eyni məzmunda əsaslandırılmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
19. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin 6-1, 6-2, 14-cü maddələri üzrə - apellyasiya məhkəməsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini yalnız 72-ci maddədə sadalanmış hallarla eyniləşdirməklə normanın məzmununu daraltması normativ hüquqi aktların uğursuz təfsirdir. Halbuki qanunverici 70-ci maddədə iki müstəqil əsas müəyyən etmişdir: əmək funksiyasının yerinə yetirilməməsi; 2. kobud pozuntu. 72-ci maddədə sadalanmış hallara istinad etmədən də, iddiaçının xidməti funksiyalarını yerinə yetirməməsi - kommersiya fəaliyyəti ilə məşğul olaraq xidməti statusla uzlaşmayan davranış sərgiləməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə işdən çıxarılmasını qanuni və əsaslı edir. Bu fəaliyyət ən azı “xələl gətirə biləcək” xarakter daşıyır və norma faktiki zərər yox, risk meyarını əsas götürür. Norma nəticəni deyil, xidməti statusla uzlaşmayan davranışın özünü qadağan etdiyindən, iddiaçının kommersiya fəaliyyəti 6-1-ci maddənin pozuntusudur. Dövlət mühafizəçisinin paralel kommersiya fəaliyyəti ictimai etimadı artırmır, əksinə dövlət xidmətinin müstəqilliyi barədə şübhə yarada bilər. Ictimai etimadın qorunması əməkdaşın aktiv vəzifəsidir; kommersiya fəaliyyəti bu məqsədlə uzlaşmır və normanın ruhuna ziddir. Ictimaiyyət müşahidə edə bilər ki, əməkdaş xidmət zamanı deyil, eyni zamanda şəxsi mənfəət üçün fəaliyyət göstərir, vətəndaşlar və ya digər qurumlar onun biznes maraqlarına görə qərar verdiyini düşünə bilər. Bu, yalnız faktiki zərər deyil, potensial zərər və ictimai təəssürat əsas götürülərək qiymətləndirilir.
20. Həmçinin iddiaçı DIN-in ##.##.2015-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq olunmuş “Mülki Mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”ın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur, ##.##.2024-cü il tarixli, *-**-**/Ə**/**** saylı əmrdən müəyyən olunur ki, o, verilmiş intizam tənbehlərindən nəticə çıxarıb xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk edərək mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etmədiyinə, bununla da Təlimatın və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
21. Polisin etik davranış kodeksinin 25 və 26.2-ci maddələri üzrə - iddiaçının xidmətdən kənar vaxtlarda Gəncə şəhərində fəaliyyət göstərən kompüter təmiri obyektində usta kimi işləməsi onun xidmətə münasibətinə mənfi təsir göstərə bilərdi və ya belə təəssürat yarada bilərdi. Bu, DIN-in nüfuzuna xələl gətirmə ehtimalı ilə yanaşı xidmətin obyektiv və qərəzsiz icrasına müdaxilə riski yaradır. Maddənin “təsir göstərə bilən” hissəsi burada əsasdır: hətta faktiki olaraq xidmətinə mane olmasa da, xidmətin nüfuzuna xələl gətirə biləcək davranış mövcuddur. Iddiaçının sahibkarlıq fəaliyyəti (kompüter təmiri obyektində pul müqabilində usta kimi işləmə) ilə məşğul olması açıq şəkildə 25.2-ci maddənin qadağan etdiyi “kommersiya və digər ödənişli fəaliyyət” kateqoriyasına daxildir. Hətta əmək haqqından əlavə gəlir əldə etmək məqsədilə belə fəaliyyət, xidmətin etik normalarına uyğun deyil və qanuni əsaslarla əmək müqaviləsinin ləğvini tələb edir. Iddiaçı digər fəaliyyətlə məşğul olarkən rəhbərliyə məlumat verməyib və maraqlar toqquşmasının qarşısını alma prosedurunu yerinə yetirməyib. Bu maddənin tələblərinə əməl etməmək də ayrıca həm etik, həm də intizam məsuliyyətinə səbəb olur.
22. Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksinin 22 və 42.1-ci maddələri üzrə - etik qaydaların pozulması intizam məsuliyyətinin yaranması üçün kifayətdir və tənbehin seçilməsi işəgötürənin diskresion səlahiyyətinə daxildir. Iddiaçı daxili işlər orqanları əməkdaşının xüsusi hüquqi statusundan irəli gələn artırılmış etik və intizam öhdəliklərini pozmuş, xidmətlə bir araya sığmayan kommersiya fəaliyyəti göstərmiş və bununla da əmək müqaviləsinin tərkib hissəsi olan normativ aktların imperativ tələblərini kobud şəkildə yerinə yetirməmişdir. Beləliklə, iddiaçı üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə əmək müqaviləsinin ləğv edilməsinə dair qəbul edilmiş əmr qanuna zidd sayıla bilməz və iddiaçının əmrin ləğv edilməsi barədə tələbi əsassızdır. Iddiaçının xidmətdənkənar kompüter təmiri fəaliyyəti, onun polis statusu ilə uyğun gəlmədiyindən və ictimaiyyət tərəfindən xidmətin qərəzsizliyi və müstəqilliyi barədə şübhə doğura biləcəyindən, xidmətin nüfuzuna xələl gətirmə potensialına malikdir. Bu və digər yuxarıda qeyd olunan səbəbdən Əmək Məcəlləsi, AR-nın daxili işlər orqanlarının intizam nizamnaməsi və “Polis haqqında” Qanunun müvafiq müddəaları ilə müəyyən edilən tədbirlərə (o cümlədən xidmətdən xaric edilmə daxil olmaqla) əsasən iddiaçı haqlı olaraq işdən çıxarılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
24. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
25. Maddə 70 (“ç” bəndi). işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
26. Maddə 71.2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
27. Maddə 71.3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır.
28. Maddə 76.1. Işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
29. Maddə 186.2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək.
30. Maddə 187.1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
31. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
36. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
40. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
41. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və onu da bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə aşağı instansiya məhkəmələri tərəfindən qiymət verilmişdir. Kollegiya həmin hüquqi qiymətləndirmə və nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
42. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının Polisin etik davranış Kodeksinin 25.1 və 25.2-ci maddələrinin tələblərini pozması səbəbindən əmək müqaviləsinə xitam verilməsinin qanuni olması barədə dəlillərinə münasibətdə qeyd edir ki, Polisin etik davranış Kodeksinin 25.1-ci maddəsində əməkdaşın xidməti vəzifələrinin qərəzsiz və obyektiv icrasına mənfi təsir göstərən, təsir göstərə bilən və ya belə təəssürat yaradan fəaliyyətlə məşğul olmamasının zəruriliyi nəzərdə tutulsa da, iş materiallarında iddiaçının xidmətdənkənar vaxtlarda kompüter təmiri ilə məşğul olmasının onun xidməti fəaliyyətinə mənfi təsir göstərdiyini, xidməti vəzifələrinin icrasına mane olduğunu, əmək və icra intizamının normal ahəngini pozduğunu və ya cavabdehin qanunla qorunan mənafelərinə hər hansı zərər vurduğunu təsdiq edən sübutlar mövcud deyildir. Cavabdeh bu barədə yalnız ümumi və ehtimal xarakterli mülahizələr irəli sürmüşdür.
43. Eyni zamanda kassatorun istinad etdiyi Polisin etik davranış Kodeksinin 25.2-ci maddəsi əməkdaşın müəyyən fəaliyyət növləri ilə məşğul olmasına qadağa müəyyən etsə də, həmin normanın pozulması faktının mövcudluğu özlüyündə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin qanuniliyini birbaşa şərtləndirmir. Belə ki, Əmək Məcəlləsinin 71.2-ci maddəsinə əsasən həmin əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işçinin əmək funksiyasını və ya vəzifə borclarını yerinə yetirməməsi nəticəsində iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulması və ya işəgötürənin, yaxud əmək kollektivinin hüquq və qanunla qorunan mənafelərinə zərər vurulması müəyyən edilməlidir.
44. Hazırkı iş üzrə isə cavabdeh tərəfindən iddiaçının xidmətdən kənar vaxtlarda kompüter ustası kimi fəaliyyət göstərməsi ilə onun əmək funksiyasını yerinə yetirməməsi, yaxud əmək vəzifələrini kobud şəkildə pozması arasında səbəbli əlaqənin mövcudluğu aşağı instansiya məhkəmələri tərəfindən gəlinən qənaətə görə sübuta yetirilməmişdir. Həmçinin iş materiallarında həmin fəaliyyət nəticəsində iş yerində əmək və icra intizamının pozulması və ya cavabdehin hüquq və mənafelərinə hər hansı zərərin dəyməsi müəyyən olunmur.
45. Kassatorun xidmətin nüfuzuna xələl gəlməsi, ictimai etimadın azalması və ya mənfi təəssüratın yaranması barədə dəlilləri isə ehtimal və mülahizə xarakteri daşıyır. Halbuki, əmək müqaviləsinə xitam verilməsinin qanuniliyi fərziyyələrə deyil, sübuta yetirilmiş faktlara əsaslanmalıdır. Məhkəmə kollegiyası nəzərə alır ki, əmək müqaviləsinə xitam verilməsi işçi barəsində tətbiq edilən ən ağır intizam tənbehi olmaqla, belə tədbirin tətbiqi yalnız qanunla müəyyən edilmiş əsasların mövcudluğu və onların sübuta yetirilməsi şərti ilə mümkündür.
46. Qeyd olunmalıdır ki, bu qənaət Polisin etik davranış Kodeksinin 25.2-ci maddəsinin tələblərinin əməkdaşlar üçün məcburi xarakter daşımasını istisna etmir. Lakin hazırkı iş üzrə həmin hala görə məhz əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsasında ləğv edilməsinin qanuni əsasları sübuta yetirilmədiyindən, kassasiya şikayətinin dəlilləri qəbul edilə bilməz.
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
48. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.