Məhkəmə qərarları › İş №2(1-8)-1432/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1432/2026

21.05.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1432/2026 21.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdehlər cavabdeh4 Mənzil Tikinti Kooperativi, ləğv prosesində olan cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, cavabdeh1 İsa oğlu və Əmanətlərin Sığortalanması Fonduna qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü, kassasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə olunmadıqda. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4 Mənzil Tikinti Kooperativi, ləğv prosesində olan cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti, cavabdeh1 İsa oğlu, Əmanətlərin Sığortalanması Fonduna qarşı “kompensasiya ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan cavabdeh3 ASC (vəkil İbayeva-X1) tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 407.4-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. İş materiallarından müəyyən edilir ki, cavabdeh ləğv prosesində olan cavabdeh3 ASC tərəfindən verilmiş kassasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunsa da, ödənilmiş məbləğ qanunvericiliyin tələblərinə uyğun şəkildə ödənilməmiş, yəni müəyyən olunmuş məbləğdən az ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.4-cü maddəsinə əsasən dövlət rüsumu iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda, 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində, həmin qanunun 8.6-cı maddəsinə əsasən isə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində rüsum ödənilməlidir. Qanunun qeyd olunan normasında bəhs olunan “iddianın qiyməti” anlayışı MPM-in 112ci maddəsində izah edilmiş, habelə müxtəlif tələblər üzrə iddianın qiymətinin müəyyən olunmasının meyarları müəyyən edilmişdir. MPM-in 112.1.1-ci maddəsinə görə, iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda-alınan məbləğlə müəyyən edilir. Bu baxımdan hazırda baxılan iş üzrə iddianın qiyməti, tələb edilən kompensasiya məbləğinin dəyəri ilə müəyyən edilir. İş materiallarından isə müəyyən edilir ki, iddiaçı iddia ərizəsində cavabdeh cavabdeh4 MTK-dan Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə 17 ünvanında 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 196,1 kv.m. olan mənzilin mövcud real bazar qiymətləri əsasında dəyərinin müəyyən edilərək kompensasiya formasında ona ödənilməsinə, cavabdehlər cavabdeh4 MTK-dan, cavabdeh1 İsa oğlundan, ləğv prosesində olan cavabdeh3 ASC-dən və AR Əmanətlərin Sığortalanması Fondundan müştərək qaydada mənzildə aparılmış təmir-tikinti və yenidənqurma işlərinə çəkilmiş xərclərin məbləğinin müəyyən edilməklə müştərək qaydada cavabdehlərdən tutulmasına, iş üzrə ödənilmiş dövlət rüsumunun və digər məhkəmə məsrəflərinin müştərək qaydada cavabdehlərdən tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddianın qiymətini göstərməsə də, işə baxmış Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən iddiaçıya dəymiş maddi ziyanın məbləği 350.000 manat, təmir xərclərinə çəkilmiş məbləğ isə 25.310 manat müəyyən edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2025-ci 3 sentyabr il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh4 MTK-dan vurulmuş maddi ziyanın əvəzi qismində 350.000 manatın alınaraq iddiaçı İddiaçı ödənilməsi, həmçinin LPO cavabdeh3 ASC-dən 25.310 manatın alınaraq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, cavabdeh4 MTK və LPO cavabdeh3 ASC-dən müştərək qaydada 100 manatın alınaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsi ilə LPO “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 2025-ci 3 sentyabr il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi cavabdeh cavabdeh4 MTK-ya yönəlmiş iddianın ümumi qiyməti 350.000 manat, cavabdehlər ləğv prosesində olan cavabdeh3 ASC və AR Əmanətlərin Sığortalanması Fonduna qarşı yönəlmiş iddianın qiyməti isə 25.310 manat təşkil edir. Cavabdeh ləğv prosesində olan cavabdeh3 ASC apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün ödəməli olduğu dövlət rüsümünun məbləği, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1, 8.1.3 və 8.6-cı maddələrinin tələblərinə əsasən 82,96 manat təşkil etdiyi halda o, cəmi 50 manat məbləğində dövlət rüsumu ödəmişdir. MPM-in 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası eyni zamanda işin dövlət rüsumunun ödənilməsi ilə bağlı hallarına istinadən qeyd etməyi zəruri sayır ki, MPM-in 108, 112, 151.1, 152.1.5, 259.0.12-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi və baxılması zamanı birinci instansiya məhkəməsi, MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən apellyasiya instansiyası məhkəməsi dövlət rüsumunun düzgün (qanunla müəyyən edilmiş qaydada və məbləğdə) ödənilməsini yoxlamağa borcludur. Baxılan işdən görünür ki, iddiaçı iddia ərizəsi verilərkən 100 manat, cavabdeh LPO cavabdeh3 ASC isə apellyasiya şikayəti verərkən 50 manat dövlət rüsumu ödəmişdir. Halbuki, yuxarıda qeyd olunduğu kimi cavabdeh LPO cavabdeh3 ASC-yə yönəlmiş iddianın qiyməti 25.310 manat təşkil etdiyinə görə, apellyasiya şikayəti verilərkən cavabdeh LPO cavabdeh3 ASC 82,96 manat məbləğdə dövlət rüsumu ödənilməli idi. Qanunla müəyyən olunmuş məbləğdən az dövlət rüsumu ödənilməsinə baxmayaraq iddia ərizəsinə birinci və ya apellyasiya şikayətinə apellyasiya instansiyası məhkəməsində baxılması, kassasiya şikayəti verilməsi üçün ödənilməli olan dövlət rüsumunun da az (apellyasiya şikayəti verilən zaman ödənilən məbləğə uyğun) hesablanması üçün əsas ola bilməz. Göründüyü kimi qiymətləndirilən iddialar üzrə kassasiya şikayətinin verilməsi üçün ödənilməli olan dövlət rüsumu, birinci instansiya məhkəməsində faktiki ödənilmiş məbləğin deyil, iddianın qiymətinə uyğun ödənilməli olan məbləğin 50 faizindən ibarətdir. Buna görə də kassasiya şikayətinin mümkünlüyünü həll edən kassasiya instansiyası məhkəməsi, dövlət rüsumunun məbləğinin düzgünlüyünü müəyyən edərkən, aşağı instansiya məhkəmələrində səhv müəyyən edilən məbləğlə bağlı deyil. MPM-in 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh LPO cavabdeh3 ASC tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İzah olunur ki, şikayət verən şəxs prosessual müddətlərlə bağlı qanunvericiliyin tələblərini nəzərə almaqla MPM-in 408.5-ci maddəsinə uyğun olaraq nöqsanları aradan qaldırdıqdan sonra yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və MPM-in 404-1.2, 408.1.3 və 408.3-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh ləğv prosesində olan cavabdeh3 Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar