Məhkəmə qərarları › İş №2(1-8)-1549/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1549/2026

10.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1549/2026 10.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi – işə bərpa (əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulmuş əsaslarla), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # #### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: Işin halları

1. Iddiaçı İddiaçı ##.##.2001-ci il tarixdən pedaqoji fəaliyyətlə məşğul olmuş, ##.##.2006cı il tarixdən ##.##.2025-ci il tarixədək Gəncə şəhəri, Nizami Aydın adına ** nömrəli tam orta məktəbdə direktor vəzifəsində çalışmışdır.

2. Məktəbdə aparılmış monitorinq zamanı məktəbin direktoru İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyi, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığı qənaətinə gəlinmiş, bu səbəbdən aşkar edilmiş nöqsanlara görə ## ##### 2025-ci il tarixlə əmrlə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

3. Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli, 3-29-31/3-1 ***K/**** nömrəli əmrinə əsasən Gəncə şəhər Nizami Aydın adına ** nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə prosesi, sənədləşmə işləri, şagird və müəllim davamiyyəti, eləcə də kadr idarəçiliyinin təşkili vəziyyəti ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin əməkdaşları tərəfindən təkrar monitorinq aparılmış, monitorinqin nəticələrinə görə Cavabdeh ##.##.2025-ci il tarixli əmri ilə məktəb direktoru İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixli əmrin qanunsuz və əsassız hesab edilərək ləğv olunması, əvvəlki işinə, yəni Gəncə şəhəri Nizami Aydın adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə qaytarılması, işə bərpa olunacağı günə kimi əmək haqqı hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, mediasiya sessiyası üçün ödəmiş 60 manat və hüquqi yardıma görə ödəmiş olduğu 300 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.1992-ci il tarixdən ##.##.2001-ci il tarixədək Gəncə şəhəri * nömrəli tam orta məktəbdə biologiya ixtisası üzrə biologiya müəllimi işləmişdir. ##.##.2001-ci il tarixdən ##.##.2006-cı il tarixədək Gəncə şəhəri * nömrəli tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Sonuncu iş yeri olaraq ##.##.2006-cı ildən ##.##.2025-ci ilədək Gəncə şəhəri Nizami Aydın adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində işləmişdir. Işlədiyi dövrdə heç bir qanun pozuntusuna yol verməmiş, barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. 2025-ci ilin aprel ayından etibarən cavabdeh Gəncə-Daşkəsən Regional Təhsil Idarəsi tərəfindən ona qarşı heç bir əsaslı səbəb olmadan qərəzli mövqe nümayiş etdirilməyə başlanılmışdır. Halbuki Regional Təhsil Idarəsinin müdiri Elçin Kərimov vəzifəyə yeni təyin edilmişdir, qısa müddət ərzində onun fəaliyyətini qiymətləndirməsi mümkün olan bir hal deyildi. Ona qarşı münasibətin qərəzli olması işin halları ilə tam sübut olunur. Agentliyin Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin müdir müavini X5 Təhsil Sektorunun müdiri vasitəsi ilə onu Idarəyə dəvət edərək könüllü şəkildə ərizə yazaraq işdən azad olunmağını təklif etmiş, əks halda məktəbə monitorinq yoxlama göndərəcəyini və açıq şəkildə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə onu işdə azad edəcəklərini bildirmişdir. O isə bu təkliflə razılaşmamış və pensiya yaşına 1 il 6 ay müddət qaldığını bildirmişdir. Bundan sonra məktəbdə 2 günlük monitorinq yoxlama aparılmışdır. Yoxlamanın nəticəsində isə təlim-tərbiyə işləri üzrə direktor müavininin birbaşa vəzifəsinə aid olan nöqsanlara istinad etməklə ona Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin müdiri Elçin Kərimov tərəfindən Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə ##.##.2025-ci il tarixli 3–29–31/3–1–***k/****/* nömrəli əmr verilmişdir. Işdən azad edilməyi barədə əmr verildikdən sonra iştirakı olmadan direktor otağının açarlarını yenisi ilə əvəz etmişlər. O bu barədə müvafiq qaydada şikayət etmişdir. Bundan əvvəl isə ona hər hansı xəbərdarlıq, töhmət və s. tənbeh verilməmişdir. Ümumiyyətlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 188-ci maddəsinin tələblərinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin intizam tənbehi vermək səlahiyyəti olmamışdır. Belə ki, Əmək Məcəlləsinin 188-ci maddəsinin 1-ci bəndinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Qanunvericilik intizam tənbehi vermək səlahiyyəti olan şəxslərin dairəsini müəyyən etmiş, lakin Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin rəhbərliyi qanunun bu imperativ normasını da kobud şəkildə pozaraq barəsində qanunsuz və əsassız intizam tənbehi verilməsinə dair əmr vermişdir. Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi də bu kobud pozuntunu nəzərə almayaraq, həmin əmrə istinad etmişdir. Qanunvericiliyin tələbinə əsasən heç bir hüquqi qüvvəsi olmayan əmrə istinad edilməklə verilən ##.##.2025-ci il tarixli işdən azad edilməsi barədə əmrin özlüyündə hər hansı hüquqi qüvvəsi olmamalıdır. Lakin işdən azad olunmağı barədə əmrdə müqavilənin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Tədris ilinin əvvəlində, yəni ##.##.2024-cü il tarixdə “Rəhbər işçilər arasında vəzifə bölgüsünün aparılması barədə” *** nömrəli əmr vermiş və həmin əmrlə səlahiyyətli şəxsləri lazımi qaydada tanış etmişdir. Həmin əmrin məzmunundan da açıq aydın görünür ki, işdən azad edilməsi ilə bağlı əmrdə ona nöqsan olan göstərilənlərin heç biri onun vəzifə səlahiyyətlərinə aid deyildir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ##.##.2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X8” üzrə əmək müqaviləsi üzrə ona müəyyən olunmuş əmək funksiyası tərəfindən pozulmamış və tam yerinə yetirilmişdir. Direktor müavinlərinin əmək funsiyasına aid olan və qismən yerinə yetirilən əmək funksiyası onun nöqsanı kimi təhrif olunaraq göstərilmişdir. Bu da onu göstərir ki, həqiqətən Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin müdir müavini Elmin Məmmədtağıyev ona dediyi kimi qərəzli olaraq onu işdən azad etmişlər. X7 şifahi olaraq demişdir ki, regionda 24 nəfər direktor işdən azad edilməlidir. Həqiqətən də həmin dövrdə regionda bir neçə nəfər direktor işdən azad edilmişdir. Bundan başqa X4 monitorinq yoxlama olan günü üzrsüz səbəbdən işə gəlmədiyi üçün ondan müvafiq izahat alınmış və gəlmədiyi gün üçün əmək haqqı tutularaq ona xəbərdarlıq edilmişdir. Həmçinin məktəbdə olduğu halda ştat tabelinə imza etməyən işçilərə də məsuliyyətsizlik üçün sonuncu xəbərdarlıq edilmişdir. Digər qüsurlar isə, yəni dərs cədvəlinin tərtibi, əvəzçilik kitabı, jurnallarda olan qüsurlar, davamiyyətə nəzarət təlim-tərbiyə işləri üzrə direktor müavinin səlahiyyətlərinə aid olan işlərdir. Lakin buna baxmayaraq, qərəzli olaraq həmin qüsurlar da onun nöqsanı kimi göstərilmişdir. O, əmrin məzmununda şagirdlərin davamiyyəti ilə bağlı hər hansı tədbirlərin görülməməsi ilə əlaqədar bildirmişdir ki, bununla bağlı ünvanlara gedilmiş, valideyinlərə xəbərdarlıq edilmiş və müvafiq aktlar tərtib edilmişdir. O, işlədiyi müddətdə heç bir nöqsana yol verməmişdir. Həmçinin pensiya yaşına 1 il 6 ay müddət qalmışdır. Uzun illər nöqsansız şəkildə işləməyi ümumiyyətlə nəzərə alınmadan qərəzli olaraq işdən azad edilmişdir. Mərhum həyat yoldaşı İ Qarabağ müharibəsi veteranı olmuşdur. Özü şəkər xəstəliyindən və onkoloji xəstəlikdən əziyyət çəkir. Milli Onkologiya Mərkəzində qeydiyyatdadır. Fərdi əmək mübahisələri üzrə məhkəmə praktikası onu göstərir ki, işdən çıxarılma qanunsuz və ya formal xarakter daşıyırsa, işçinin iddiası təmin edilərək işə bərpa edilə bilər. Işin halları onu göstərir ki, onun işdən çıxarılmağı barədə əmr şəxsi qərəz əsasında tərtib edilmiş və nəticə etibarı ilə tamamilə qanunsuzdur. Hər hansı xəbərdarlıq edilmədən birbaşa sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr verilmişdir. Cavabdeh onu qanunsuz işdən çıxartdığı üçün məcburi iş buraxma müddəti üçün əmək haqqı ödəməlidir.

6. Cavabdeh etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, Gəncə Daşkəsən Regional Təhsil Idarəsinin ##.##.2025-ci il tarixli, 3-29-31/3-1- ***K/**** nömrəli əmrinə əsasən Gəncə şəhər Nizami Aydın adına ** nömrəli tam orta ümumtəhsil məktəbində təlim-tərbiyə prosesi, sənədləşmə işləri, şagird müəllim davamiyyəti və kadr idarəçiliyinin təşkili vəziyyəti ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin əməkdaşları tərəfindən monitorinq keçirilmişdir. Monitorinq nəticəsində Gəncə şəhər Aydın adına ** nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru İddiaçı özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini yerinə yetirmədiyi məlum olmuşdur. Belə ki, monitorinq zamanı məktəbdə şagirdlərin dərsə davamiyyətinin kəskin aşağı olduğu müəyyən edilmişdir. ##.##.2025-ci il tarixində 252 nəfər şagirddən cəmi 62 nəfər dərslərdə iştirak etmiş, davamiyyət 24,6% təşkil etmişdir. ##.##.2025-ci il tarixində isə eyni sayda şagirddən yalnız 55 nəfər dərslərə qatılmış, davamiyyət 21,9 faiz olmuşdur. Bəzi siniflərdə bir neçə şagird, hətta ümumiyyətlə şagirdin dərsdə iştirak etməməsi halları qeydə alınmışdır. Üstəlik, üzrsüz səbəbdən dərsə gəlməyən şagirdlərin əksəriyyətinə qaib qeydlərinin aparılmaması müəyyən edilmişdir ki, bu da mövcud məktəb sənədlərinin aparılması və saxlanması haqqında Təlimatın tələblərinə ziddir. Bundan əlavə, dərs prosesində müəllimlərin iştirakı ilə bağlı ciddi uyğunsuzluqlar müşahidə olunmuşdur. Belə ki, rus dili müəllimi Nurlana Arşadova, informatika müəllimi Günay Bayramova, tarix müəllimi Səbinə Bağırova, biologiya müəllimi Ilahə Hacıyeva, rus dili müəllimləri Səidə Ismayılova və Nurlana Hüseynova dərs buraxmış, əvəzetmə qeydlərində ziddiyyətlər və ya imzasızlıq halları aşkar olunmuşdur. Bəzi hallarda dərs əvəz edən müəllim göstərilməmiş, bəzən isə əvəzetmə aparılsa da sənədlərdə qeyd edilməmiş və ya əmək haqqı düzgün hesablanmamışdır. Həmçinin məktəbin dərs bölgüsü, o cümlədən texniki işçilərin və müəllimlərin ştat bölgüsü düzgün aparılmamış, əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı normativ pozuntular qeydə alınmışdır. Dərs jurnallarında faktiki keçirilməyən X9 (KSQ) imtahanlarının keçirilməsi barədə saxta qeydlərin aparılması, dərs cədvəllərində uyğunsuzluqlar, fənn adlarının yanlış göstərilməsi, fərdi təhsilə cəlb edilən şagirdlərlə bağlı əmrlərin düzgün rəsmiləşdirilməməsi və digər sənədləşmə nöqsanları müəyyən olunmuşdur. Beləliklə, İddiaçı təhsil müəssisəsində qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu yerinə yetirmədiyinə, təhsil müəssisəsində təhsil və təlim-tərbiyə prosesinin, əmək və icra intizamının normal ahəngini pozmuş, təhsil prosesinin iştirakçılarının hüquqlarına və qanunla qorunan mənafelərinə ziyan dəymişdir. Məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə, eləcə də ümumi və məktəbdənkənar təhsil müəssisələrinin direktorlarına Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin ç bəndi istisna edilməklə, digər intizam tənbehlərinin tətbiqi ilə bağlı səlahiyyətlərin həcmi bütün hallarda “Imza səlahiyyətlərinin verilməsi haqqında” əmrin 1.1-ci bəndində hüquqi əsasını tapmışdır. Həmin normativ tənzimləməyə uyğun olaraq, qeyd edilən səlahiyyətlərin birbaşa icrası cavabdeh qurum qismində çıxış edən Agentlik tərəfindən tabeliyində fəaliyyət göstərən Regional Təhsil Idarələrinə ötürülmüşdür. Dolayısı ilə, mövcud hüquqi mexanizm çərçivəsində hər hansı qanun pozuntusunun baş verməsi ehtimalı istisna edilir. Iddiaçı iddia ərizəsində bildirmişdir ki, ## ######## 2024-cü il tarixdə “Rəhbər işçilər arasında vəzifə bölgüsünün aparılması barədə” *** nömrəli əmr imzalayaraq müəyyən funksiyaları direktor müavinləri arasında bölüşdürmüş və bununla da məktəbdə yaranmış nöqsanların onun vəzifə səlahiyyətlərinə aid olmadığını əsaslandırmağa çalışmışdır. Əmr yalnız daxili idarəetmə sənədidir və məsuliyyəti aradan qaldırmır. Məktəb direktoru müəssisənin daxili fəaliyyətini tənzimləmək üçün daxili əmrlər verə bilər. Lakin bu, direktorun qanunvericiliklə müəyyən olunmuş əsas rəhbərlik və nəzarət funksiyalarını aradan qaldırmır. Yəni belə bir əmr məktəb direktorunun tabeliyində olan işçilərin fəaliyyətinə ümumi nəzarət və cavabdehlik öhdəliyini ləğv etmir. Əlavə olaraq vəzifə borclarına nəzarət direktorun birbaşa funksiyasıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının ## ###### 2017-ci il tarixli, **-* nömrəli qərarı ilə təsdiqlənmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin X1 Sorğu Kitabçası”na əsasən, məktəb direktoru müəssisənin fəaliyyətini idarə edir, işçilərin əmək funksiyalarının icrasına nəzarət edir və onların icrasına nail olur. Bu isə direktorun əsas funksiyalarından biri də işçilərin üzərinə düşən vəzifələri necə yerinə yetirdiklərini nəzarətdə saxlamaq və qiymətləndirməkdir. Direktor müavininin öz öhdəliklərini yerinə yetirməməsi direktorun məsuliyyətini istisna etmir. Həmçinin nəzarətsizlik və ümumi rəhbərlik öhdəliyinin pozulması da nöqsan sayılır. Əgər direktor müavinlərinin vəzifələri icra olunmayıbsa və bu hal direktor tərəfindən vaxtında aşkarlanmayıb, qarşısı alınmayıbsa və nəticə etibarilə məktəbin fəaliyyətində ciddi nöqsanlara səbəb olubsa, bu artıq idarəetmə və nəzarət funksiyasının yerinə yetirilməməsi kimi qiymətləndirilir və bu məsuliyyət birbaşa direktorun üzərinə düşür.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Nərgiz Tağıyeva) iddia rədd edilmişdir.

8. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması barədə iddiaçının arqumentləri əsaslı hesab edilə bilməz. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə (akt və arayışla) sübut olunur ki, İddiaçı öz vəzifə səlahiyyətlərini lazımınca icra etməmiş, direktor olduğu dövr ərzində aktda göstərilən pozuntulara yol vermişdir. Bununla da əmək və icra intizamının normal ahəngi pozulmuş, işəgötürənin qanuni mənafelərinə ziyan dəymişdir. Həmçinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qanunazidd tərtib olunduğu barədə dəlillər öz təsdiqini tapmamışdır.

9. Məhkəmə iddiaçının uzun müddət intizam tənbehi almadan işləməsinin nəzərə alınmamasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, əmək qanunvericiliyində işçi ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə ləğv edilməsindən öncə mütləq qaydada işəgötürən tərəfindən başqa intizam tənbehinin tədbiq edilməsi qaydası nəzərdə tutulmamışdır. Belə ki, Əmək Məcəlləsinin 186.2-ci maddəsində işəgötürənə işçinin əmək fəaliyyətində yol verdiyi nöqsanların ağırlıq dərəcəsinə uyğun olaraq intizam tənbehi tətbiq etmək hüququ verilmişdir. Həmçinin hazırkı iş üzrə iddiaçı barəsində monitorinq zamanı aşkar edilmiş pozuntulara görə Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin ## #### 2025-ci il tarixli əmri ilə töhmət verilmiş, # ##### 2025-ci il tarixli əmri ilə isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.

10. Məhkəmə iddiaçının dərsdə iştirak etməyən uşaqlardan, ailələrindən izahatlar alması, pozuntularla bağlı tədbirlər görməsi barədə təqdim etdiyi aktları, şəxsi və sosial vəziyyətinə dair məlumatları nəzərdən keçirərək qeyd etmişdir ki, uşaqlardan, müəllimlərdən çoxsaylı izahatlar alınması, aktlar tərtib edilməsi müvafiq pozuntuları aradan qaldırmamaqla problemin həllinə səbəb olmamış, müəssisədə daxili nizam intizam qaydalarını bərpa etməmişdir.

11. Eləcə də iddiaçı uzun müddətdir onkoloji və şəkər xəstəliklərindən əziyyət çəkdiyini, müalicə müəssisələrində olduğunu bildirsə də, bu cür hallar əmək qanunvericiliyinə əsasən əmək funksiyalarının yerinə yetirilməməsi ilə bağlı məsuliyyətin istisna edilməsi üçün hüquqi əsas yaratmır.

12. Məhkəmə həmçinin iddiaçının Gəncə-Daşkəsən Regional Təhsil Idarəsinin intizam tənbehini tətbiq etmək səlahiyyətinə malik olmaması barədə arqumentinə münasibətdə qeyd etmişdir ki, iş materiallarına əlavə edilmiş “imza səlahiyyətlərinin verilməsi haqqında” əmrdən göründüyü kimi Agentlik aidiyyatı qaydada özünə məxsus intizam tənbehinin tətbiqi səlahiyyətlərinin müəyyən hissəsini (ç bəndi istisna olmaqla) Regional Təhsil Idarələrinin müdirlərinə həvalə etmişdir.

13. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35 və 71-ci, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70 (ç bəndi), 71, 72, 76 (2-ci hissə), 186 və 187-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” ## #### 2021-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ####### 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun Təhsil sistemində həm müəllim, həm də rəhbər kimi uzun müddətli qüsursuz əmək fəaliyyəti nəzərə alınmadan intizam tənbehi tətbiq olunmaqla əmək müqaviləsinə xitam verilməsi ancaq Elçin Kərimovun ona qarşı olan şəxsi-qərəzliyinin təzahürüdür. X2 Regional Təhsil Idarəsinin rəisi başda olmaqla, bütün əlaqəli vəzifəli şəxslərin təzyiq və təkidlərinə baxmayaraq, şəxsi ərizəsi ilə müraciət edib işdən azad olunmadığı üçün ona qarşı qisasçılıq mövqeyi nümayiş etdirməklə bu saxta oyunları qurmuşlar. Birinci instansiya məhkəməsinin hakimi məhkəmə iclası zamanı cavabdehin heç bir rəsmi sənədlə öz təsdiqini tapmayan mülahizələrini qanun kimi qəbul edərək əsas götürmüş, onun isə hüquqi sənədlərlə təsdiq olunan tələblərinə məhəl qoymadan cavabdehin müdafiəçisi kimi özünü göstərmişdir. Tərəflərin bərabərlik prinsipi hakim tərəfindən pozulmaqla çəkişmə prosesinə şərait yaradılmamışdır. Hakim birmənalı şəkildə cavabdehin mövqeyini müdafiə etmişdir. Hakim tərəfindən məktəb ilk Həmkarlar Təşkilatının sədri və komitənin saxta iclasda iştirak edən üzvləri məhkəməyə dəvət olunmayıb və onların məhkəmədə izahatları alınmayıb . ##.##.2025-ci il tarixdə onun iş yerində olmadığından sui-istifadə edətək Gəncə- Daşkəsən regional Təhsil Idarəsinin aparıcı məsləhətçiləri (inspektorları) Rauf Mirzəyev və Aynur Əliyeva Təhsil Idarəsinin müdiri Elçin Kərimovun göstərişinə əsasən məktəbə gələrək onun xidməti otağının qıfılını sındıraraq içəri daxil olmuşlar. Bu hadisə məktəbin işçiləri tərəfindən yerində aktlaşdırılaraq ona təqdim edilmişdir. O, baş vermis bu hal üzrə Gəncə şəhər Prokurorluğuna rəsmi müraciət etmişdir. Tərtib olunmuş ##.##.2025-ci il tarixli akt iş materiallarına əlavə olunmuşdur.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının ## ###### 2017-ci il tarixli *-* nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X8”nın müvafiq müddəalarına əsasən, ümumi təhsil müəssisəssinin direktorunun əmək funksiyalarına məktəbin fəaliyyətinin idarə olunması, müəssisənin və pedaqoji işçilərinin fəaliyyətinin ardıcıl və sistemli təhlilinin aparılması, məktəbdaxili qiymətləndirmənin həyata keçirilməsi və bu qiymətləndirmə əsasında perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, tədrisin müasir metodlarından istifadə olunmasının təşkili, pedaqoji şuraya rəhbərlik edilməsi, tədris plan və proqramlarının icrasının təmin olunması, icbari ümumi orta təhsilin həyata keçirilməsi, uzun müddət təhsildən kənarda qalmış şəxslərin və istedadlı şagirdlərin fərdi təhsilə cəlb olunmasının təmin edilməsi, pedaqoji kollektivdə sağlam mənəvi-psixoloji iqlimin yaradılması üzrə işlərin aparılması, müavinlərin hesabatlarının dinlənilməsi və onların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi, kargüzarlığın və məktəb sənədlərinin düzgün aparılması, hesabatların hazırlanması, məlumat bazalarının düzgün doldurulmasının təmin edilməsi, kadrların seçilməsi və yerləşdirilməsi, müəssisənin təsərrüfat fəaliyyətinin təşkili, avadanlığın uçotu və mühafizəsi, onlardan təlim-tərbiyə prosesində düzgün və səmərəli istifadənin təmin edilməsi, daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi, işçilərə verilən tapşırıqların əmək qanunvericiliyinə uyğun nəzarət olunması və digər analoji vəzifələrin yerinə yetirilməsi daxildir. Qeyd edilənlərin vaxtında və lazımi qaydada icra olunmasına görə məktəb direktoru məsuliyyət daşımaqdadır.

18. Məhkəmə qeyd etmişdir ki, icra etmədiyi iddia olunan vəzifələr həqiqətən də iddiaçının əmək funksiyalarına aid olmuşdur. Iddiaçı həmin vəzifələri yerinə yetirməməklə tərəf olduğu əmək müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri pozmuşdur.

19. Belə ki, direktorun əsas funksiyalarından biri işçilərin üzərinə düşən vəzifələri necə yerinə yetirdiklərinə nəzarət etmək və bu fəaliyyəti qiymətləndirməkdir. Direktor müavininin öz vəzifələrini yerinə yetirməməsi, müəllimlərin məsuliyyətsizliyi direktorun məsuliyyətini istisna etmir. Həmçinin, nəzarətsizlik və ümumi rəhbərlik fuksiyasının lazımi qaydada həyata keçirilməməsi də nöqsan kimi qimətləndirilməlidir. Əgər direktor müavinlərinin vəzifələri icra olunmur, müəllimlər tərəfindən məsuliyyətsizliyə yol verilir və bu hallar direktor tərəfindən vaxtında aşkar edilmir, qarşısı alınmırsa və nəticədə məktəbin fəaliyyətində ciddi nöqsanlar yaranırsa, bu hal idarəetmə və nəzarət funksiyalarının yerinə yetirilməməsi kimi qiymətləndirilir və buna görə məsuliyyət birbaşa direktorun üzərinə düşür.

20. Qeyd edilənlər işəgötürənin iddiaçı barəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə uyğun olaraq “əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin ç bəndi ilə ləğv etmək” növündə intizam tənbehi tətbiq etməsi üçün kifayət qədər hüquqi əsasların mövcud olduğunu göstərir. Belə ki, məhkəmə kollegiyası hesab etmişdir ki, əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili qaydalara riayət etmək işçinin ümdə vəzifələrindəndir.

21. Apellyasiya instansiyası məhkəməsi işdə olan sənədlərə əsasən həmçinin müəyyən etmişdir ki, işçi-iddiaçı ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuş, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılmış, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahatın alınması üçün tədbirlər görülmüş, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş, həmkarlar ittifaqı təşkilatına təqdimatla müraciət edilmiş və iddiaçının işdən azad edilməsinə qabaqcadan razılığı alınmış, bu barədə müvafiq əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan qaydada cavabdeh tərəfindən əsaslandırılmış və imzalanmış, işçiyə bu barədə məlumat verilməklə onunla haqq-hesab aparılmışdır.

22. Iddiaçının tərəf olduğu əmək münasibətlərinə xitam verilməsinin cavabdehin rəhbərliyi və əməkdaşları tərəfindən ona qarşı ayrı-seçkilik və qərəzli münasibətin nəticəsi olması barədə irəli sürdüyü dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, sözügedən dəlillər heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakteri daşıyır.

23. Qeyd olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, apellyasiya şikayətində göstərilən xüsusatlar əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsas yaratmır. Həmçinin məhkəmənin bu qənaətinə görə, iddiaçının barəsində verilmiş əmrin qanunsuzluğuna dair irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı və əsassız sayıldığı üçün digər, yəni işə bərpa edilmə və məcburi işburaxma müddətinə görə əmək haqqının tutulması tələblərinə hüquqi qiymət verilməsinə zərurət yoxdur.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

24. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar, bu mümkün olmadıqda isə işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Əmək Məcəlləsinin 188-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq intizam tənbehi vermək səlahiyyəti onunla əmək müqaviləsi bağlayan işəgötürənə, yəni Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin səlahiyyətlərinə aiddir, lakin onun barəsində tənbeh verən Gəncə-Daşkəsən Regional Təhsil Idarəsi olmuşdur. Ona novruz bayramı ilə əlaqədar qeyri-iş günləri nəzərə alındıqda cəmi 10 gün ərzində eyni xətaya görə 2 dəfə, yəni ## #### 2025-ci il tarixdə töhmət və # ##### 2025-ci il tarixdə sonuncu xəbərdarlıqla şiddətli töhmət əmri verilmişdir.

26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə bu Məcəllənin 70-ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. Azərbaycan Təhsil Işçiləri X6 Nizamnaməsinin 6.11-ci bəndinə əsasən ilkin həmkarlar ittifaqında işçilərin intizam məsələlərinə baxılması həmkarlar ittifaqının üzvlərindən ibarət yığıncağın səlahiyyətlərinə aiddir. Yəni işçilərin intizam məsələləri ilə bağlı rəyi yalnız ilkin həmkarlar ittifaqının yığıncağı verə bilər. Lakin iddiaçı barəsində rəyi ilkin həmkarlar ittifaqının yığıcağı deyil, komitə vermişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdehin nümayəndəsi kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

29. Maddə 3 (5-ci hissə). Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.

30. Maddə 10. Işçinin əsas vəzifələrinə əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; əməyin təhlükəsizliyi normalarına əməl etmək; işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq və s. daxildir.

31. Maddə 11. Azərbaycan Respublikası Əmək Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin hüququdur.

32. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

33. Maddə 68 (2-ci hissə, a bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

34. Maddə 69 (1-ci hissə). Işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

35. Maddə 70 (ç bəndi). Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır.

36. Maddə 71 (2-ci və 3-cü bəndlər). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

37. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi.

38. Maddə 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

39. Maddə 80 (1-ci və 2-ci hissələr). Bu Məcəllənin 70-ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

40. Maddə 83. (1-ci və 2-ci hissələr). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

41. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: - müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; - işçinin adı, atasının adı və soyadı; - əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; - əmək müqaviləsinin ləğv edilməsinin əsası;-həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; - əmək müqaviləsi ləğv edilən gün, ay və il; - əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər.

42. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.

43. Maddə 84 (3-cü hissə). Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi faktlara uyğun formada — təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

44. Maddə 186 (2-ci hissə). Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin ç bəndi ilə ləğv edə bilər.

45. Maddə 292 (2 hissə). Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə müraciət edə bilər.

46. Maddə 300 (1 hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73,74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

52. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

53. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

55. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

56. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

57. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

58. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # #### 2026-cı il tarixli, qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar