Məhkəmə qərarları › İş №2(1-8)-186/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-186/2026

02.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-186/2026 02.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: öhdəliyin icra edilməməsi, borcun qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. ##.##.2025-ci il tarixdə “Borc götürmək haqqında məlumat və ona dair iltizam” adlı sənəddən görünür ki, cavabdeh Cavabdeh tanışı İddiaçı ##.##.2025-ci ilə qədər qaytarmaq şərtilə 15100 manat məbləğində pul götürdüyünü təsdiq etmiş, bu pulu ##.##.2025-ci ildən etibarən 36 ay müddətinə hər ay 420 manat olmaqla ödəyəcəyinə dair öhdəlik götürmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, cavabdehdən 15100 manat məbləğində pulun tutularaq ona ödənilməsi, məhkəməyə müraciət üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq cavabdehdən 136 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə uzun illərdir ki, tanışdır və dostdur. Bir müddət əvvəl cavabdeh ona yaxınlaşaraq maddi çətinliklərinin olduğunu və ona borc pul verməyini ondan xahiş etdi. Onu çoxdan tanıdığı və etibar etdiyi üçün razılaşmışdır. Cavabdehə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borca pul vermişdir. Cavabdeh maddi vəziyyətinin düzəlmək üzrə olduğunu bildirərək borcu tez zamanda qaytaracağını bildirmişdir. Son dəfə cavabdehə pulu ##.##.2025-ci il tarixində vermiş və bu zaman cavabdehin ona cəmi borcu 15100 manat olmuşdur. Cavabdeh 36 ay müddətində, hər ay 420 manat qaytarmaq ilə borcunu ödəyəcəyinə söz vermişdir. Aralarında etibar olduğu üçün notarial qaydada borc müqaviləsi bağlamağa lüzum görməmişdir. Amma cavabdehin öz təkidləri ilə o öz əlyazması ilə borc götürməsinə dair sənəd imzalamışdır. Həmçinin borcu nə zaman qaytarmalı olduğuna, məbləğə dair öz razılığı ilə video çəkilmişdir. Aralarında olan razılığa əsasən cavabdeh hər ay 420 manat pul qaytarmalı olsa da, bu günə kimi heç bir məbləğ qaytarmamışdır. Rəsmi olaraq işləməsinə rəğmən borcdan heç nə ödəməməsi onu məhkəməyə müraciət etməyə məcbur edir.

4. Cavabdeh Cavabdeh izahatında bildirdi ki, iddiaçı tərəfindən ona 2000 manat məbləğində borc verilmişdir. Iddia tələbində qeyd olunan məbləğdə borc götürməmişdir. Iddiaçının ailəsində problem olduğu üçün iltizamı imzalamışdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh 15100 manat pul vəsaiti və 135,3 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ##.##.2025-ci il tarixli iltizama əsasən Cavabdeh tanışı İddiaçı ##.##.2025-ci ilə qədər qaytarmaq şərtilə 15100 manat məbləğində pul götürmüş, bu pulu 36 ay müddətinə hər ay 420 manat ödəyəcəyinə dair iltizam vermiş, həmin iltizamda ödənişlərini ##.##.2025-ci ildən başlayacağını, iltizamı pozduğu halda, yəni ödənişləri vaxtı-vaxtında etmədiyi təqdirdə İddiaçı tərəfindən görülən bütün tədbirləri ilə razı olduğunu, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında baxılacağına etiraz etmədiyini, bu məlumatları və iltizamı öz istəyi ilə yazdığını bildirmişdir. Məhkəmə iclası zamanı cavabdeh işdə olan ##.##.2025-ci il tarixli əlyazmanın onun tərəfindən yazılmasını təkzib etməmiş, lakin 2000 manat məbləğində borc götürdüyünü, iddiaçının ailəsində problem olduğu üçün iltizamı imzaladığını bildirmişdir. Iddiaçı yuxarıda qeyd edilən iltizamı məhkəməyə təqdim etməklə, 15100 manat məbləğində pul vəsaitini iddiaçıya ödədiyini sübut etsə də, cavabdeh tələb olunan məbləğdə borc vəsaitini götürmədiyini təsdiq edən hər hansı sübutu, eyni zamanda cavabdehə hər hansı məbləğdə pul vəsaitinin ödənilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında qanunvericiliyin imperativ tələbinə uyğun olaraq cavabdehə borc məbləği yazılı formada bağlanmış borc müqaviləsi əsasında verilmədiyindən və cavabdehin əldə olunmuş pul vəsaiti üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından iddiaçı əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cavabdeh Cavabdeh hər hansı bir əsas olmadan əsassız varlandığına görə onun həmin pulu geri qaytarmaq öhdəlikləri yaranmışdır.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 739.2, 337.1, 337.2, 337.3, 337.5, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı təxminən 15 ildir ki, tanıyır. Iddiaçı İddiaçı təxminən 10 ildir ki, müxtəlif şəxslərin adına olan rabitə kartlarından istifadə etməklə onun vasitəsi ilə xeyli miqdarda pul qazanmışdır. Belə ki, o, kartlara pul atırdı, həmin pulları yanacaq doldurma məntəqəsində nağdlaşdırıb Eminin həm özünün, həm də anasının pul kartına köçürürdü. Eyni zamanda, iki-üç aydan bir həmin puldan 200-300 manat özünə götürürdü. Emin bu barədə bilirdi və indi başa düşür ki, o, həmin pulları onun adına borc kimi qeyd etmişdir. Yəni, Emin ona heç vaxt nağd pul verməyib və pul kartına da atmayıb. Sadəcə, müxtəlif şəxslərin adına olan pul kartlarına köçürülmüş pulları nağdlaşdıranda, onun hərdənbir götürdüyü 200-300 manatı Emin hesablamış və onu aldadaraq 15.100 manat məbləğində pula iltizam yazdırmışdır. Halbuki, bu qədər məbləğ heç vaxt Emində olmamış və o, həmin məbləği borc kimi ona verməmişdir. 1-ci instansiya məhkəməsi bu faktı araşdırmamış, həmin pulların Emin tərəfindən ona nə vaxt, harada və kimin yanında verildiyini müəyyənləşdirməmişdir. Məhkəmə yalnız onun yazdığı iltizamla kifayətlənməklə çəkişmə prinsipini də pozaraq prosesi onun iştirakı olmadan keçirmişdir.

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı ona 15100 manat məbləğində borc pul verməsi barədə tələbi əsassızdır, iddiaçı ona pul verməyib. 15 ildir ki, bir məhəllədə yaşayırlar, bir-birini tanıyırlar. Iddiaçı kəşbek qazanmağı üçün ona bank kartları verib. Həmin vaxtlar yanacaqdoldurma məntəqəsində işləyirdi. Müxtəlif şəxslərin adına olan 30-35 kart verib, kartların hamısı onda olub. Müştəri ona ödənişi nağd qaydada verirdi, pulu alıb kart vasitəsilə ödəniş edərək kəşbek qazanırdı. Bu qaydada 10 il müddətində kəşbek qazanmışdır. Ayda 1300-1400 manat kəşbek qazanırdılar. Kəşbekin bir hissəsi ona çatmalı idi. 2-3 aydan bir 200-300 manat özünə götürürdü. Bir müddət sonra işdən çıxarılıb. Qarşı tərəfin nikahı pozuldu, aliment məsələsi ortaya çıxdı. Ona bildirdi ki, 15000 manat borcu olması ilə bağlı kağızda qeyd aparsın, o isə ailəsinə imkanının olmadığını, pulunu ona verdiyini desin. O da buna razılaşmışdır. Sonradan ona 15100 manat məbləğində borc verdiyini, məhkəmədə iddia qaldıracağını bildirmişdir. Kəşbek əməliyyatı dayanandan 1 ay sonra kağıza borcu olduğunu yazmışdır. Iddiaçı dediyi üçün kağıza qeyd aparmış, gedib onun arvadına nəsə deməmişdir. Iddiaçı anasının, bacısının, dostlarının kartlarını ona vermişdi. 10263 manat iddiaçının dediyinə görə ona verəcəyi pul məbləğidir, faiz borcunu bağlamağı üçün verdiyi 2000 manat da bura daxil idi, belə ki, pulu kartdan çıxarıb, iddiaçıya verməmiş, özünə xərcləmişdi. Iddiaçıya dəqiq nə qədər verəcəyi olduğunu bilmirdi, iddiaçı dediyi üçün 15000 manat borcu olduğunu yazmış, amma qarşı tərəfin bunu borc olaraq nəzərdə saxladığını bilmirdi. Video çəkilən vaxt isə içkili olmuşdur. Pulu qaytarmağa imkanı yoxdur, bankda kreditləri var, 600 manat əmək haqqı alır. Iddiaçı yalnız ona 2000 manatı faiz borcunun bağlanması üçün verib. Kəşbekdən 263 manat götürüb lombarda vermiş, iddiaçıya həmin məbləği qaytaracağını bildirmişdir. Dizellə bağlı kağızda qeyd olunan həqiqətə uyğun deyil. Heç bir banka ödəniş etməmişdir. Kağızda qeyd olunan “Lukoil oğurluq” qeydi onunla bağlıdır ki, işdə problem olduğundan iş yoldaşları iddiaçının kartından 1000 manat məbləğində pul vəsaiti çıxarmışdır. Lakin, həmin məbləği də iş yoldaşları ona geri verməmişdir.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə # ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Lalə Rəhimli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarında olan cavabdehə məxsus pul öhdəliyinin etirafına dair yazılı sübutlarla yanaşı, cavabdehin pul öhdəliyini gələcəkdə hissə-hissə olmaqla icra edilməsinə dair video və audio yazılarla da iddianın əsaslı olması sübut olunmuşdur. Cavabdeh həmin pul öhdəliyinin iddiaçı ilə arasında olan kəşbek qazanmağa dair birgə fəaliyyət nəticəsində iddiaçının ona verdiyi pulları borc kimi hesaba almasından yarandığını iddia etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Buna görə də cavabdehin şifahi borc müqaviləsindən və əqdin formasına riayət edilmədən bağlanmış borc müqaviləsinin etibarsızlığı il əlaqədar olaraq iddiaçı qarşısında 15100 manat məbləğində pul öhdəliyinin yaranması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

13. Məhkəmə kollegiyası çəkişmə prinsipinin pozulmasına dair cavabdehin apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək qeyd etmişdir ki, məhkəmə iclasları barədə cavabdeh məlumatlandırılmış, məhkəmə hazırlıq iclasında cavabdeh iştirak edərək izahatını vermiş, sübutlarını məhkəməyə təqdim edilməsi üçün prosessual imkana malik olmuş, işin məhkəmə iclasında təyin edilməsi barədə məhkəmə qəbzinə imza edilmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyinə dair sübut təqdim etmədən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Buna görə də məhkəmə kollegiyası cəkişmə prinsipinin pozulmasına dair cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab etmişdir.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi 324.1, 324.2, 329.2, 337.1, 337.2, 337.3, 337.5, 385.1, 425.1, 739.1, 739.2, 740.1, 740.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)****-**** saylı # ###### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə istinad etməklə qeyd edilmişdir ki, konkret halda tərəflərin məhkəmədə verdikləri ifadələri ilə də iddiaçının iddia etdiyi məbləğdə pulun cavabdehə verilməsi mötəbər sübutlarla öz təsdiqini tapmır, belə ki, tərəflərin bu mübahisəyə qədər yaxın dost olduqları işin mübahisə olunmayan halıdır. Cavabdeh ifadəsində iddiaçının 10 ildir ki, müxtəlif şəxslərin adına olan rabitə kartlarından istifadə etməklə onun vasitəsi ilə xeyli miqdarda pul qazandığını,kartlara pul atdığını,həmin pulları yanacaq doldurma məntəqəsində nağdlaşdırdığını, Eminin həm özünün, həm də anasının pul kartına köçürdüyünü, iki-üç aydan bir həmin puldan 200-300 manat özünə götürdüyünü, iddiaçının ona heç vaxt nağd pul vermədiyini, pul kartına da atmadığını, müxtəlif şəxslərin adına olan pul kartlarına köçürülmüş pulları nağdlaşdıranda, ona hərdənbir götürdüyü 200-300 manatı iddiaçı hesablayaraq və onu aldadaraq 15.100 manat məbləğində pula iltizam yazdırdığını bildirmişdir, halbuki iddiaçı həmin məbləği ona borc kimi verməmiş, video çəkilən vaxt isə içkili olmuşdur. Iddiaçının tələb etdiyi borc formaldır və pulu qaytarmağa imkanı yoxdur, bankda kreditləri var, 600 manat əmək haqqı alır. Istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya məhkəməsi bu faktı araşdırmamış, həmin pulların iddiaçı tərəfindən ona nə vaxt, harada və kimin yanında verildiyini müəyyənləşdirməmişdir. Məhkəmə yalnız cavabdehin yazdığı iltizamla kifayətlənməklə hazırki mübahisəyə qiymət vermişdir. Məhkəmə maddi norma kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-1993-cü maddələrinə istinad etmişdir. Konkret halda məhkəmənin cavabdehin əsassız olaraq varlanmasına dəlalət edən yetərincə əsaslar yoxdur, məhkəmənin cavabdeh tərəfindən verilmiş iltizama əsaslanmaqla həmin iltizamda göstərilən məbləği həm borc, həm də əsassız varlanma kimi qəbul etməsi elə mübahisəyə düzgün qiymət verilməməsinə dəlalət edir. Apellyasiya məhkəməsində iddiaçı özü iddia etdiyi məbləğlə bağlı ziddiyyətli ifadə vermiş, bildirmişdir ki, barışıq yolu ilə 12000 manatı bir ilə ödəsə qarşı tərəflə razılıq əldə oluna bilər. 10262 manatı da cavabdehə hissə-hissə vermişdir.

18. Qətnamə prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Məhkəmə cavabdehin məhkəmədə iddia olunan pulun mənbəyinin araşdırılması ilə bağlı verdiyi vəsatətlərə əhəmiyyət verməmiş, heç bir araşdırma aparmamışdır. Tərəflərin dost olmaları və məhkəməyə sübut kimi təqdim olunan iltizamın isə cavabdeh tərəfindən formal olaraq yazıldığını və bu iltizamın iddiaçının ailəsində yarana biləcək söz-söhbətin aradan qaldırılması məqsədinə xidmət etdiyini nəzərə almamışdır.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 337.1. Həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

21. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb, sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir;

22. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir;

23. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

24. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.

25. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin;

26. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

27. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır;

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri üzrə mübahisələndirilən qətnaməni yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Ilk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.

34. Kassasiya şikayətinin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apellyasiya məhkəməsi sübutları qiymətləndirərək hesab etmişdir ki, iddiaçının pul tələbinin əsaslı olduğuna dair işdə sübutlar olduğu halda, cavabdeh iddiaya etirazı kimi istinad etdiyi halları sübut edə bilmədiyindən iddianın təmin edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur.

35. Iddia tələbinə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilmiş, maddi və prosessual pozuntulara yol verilməmişdir.

36. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar