Məhkəmə qərarları › İş №2(3-8)-400/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-400/2026

03.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-400/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, Əliyeva Aytən İlqar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 126.60 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ##.##.2021-ci il tarixdə 1800 manat, ##.##.2022-ci il tarixdə 1800 manat, ##.##.2022-ci il tarixdə 5400 manat və ##.##.2022ci il tarixdə 3600 manat olmaqla, ümumilikdə 12600 (on iki min altı yüz) manat pul vəsaitini şifahi razılaşma əsasında, sonuncu ödənişin icrası günündən 10 ay müddətinə qaytarmaq şərtilə borc vermişdir. Lakin cavabdeh tərəfindən götürülmüş öhdəlik bugünə qədər sadəcə 400 (dörd yüz) manat həcmində icra edilmiş, nəticədə qalıq borc məbləğində İddiaçı maddi ziyan dəymişdir. Həmin məbləğin ödənilməsi barədə cavabdehi telefon zəngləri və sosial şəbəkə vasitəsilə davamlı olaraq təqib etsə də, bu təqiblər heç bir nəticə verməmişdir. Sözügedən təqiblər fonunda aralarında aparılan yazışmalarla o, qeyd edilən xüsusatları etiraf etmiş, lakin tərəfindən icra edilməyən öhdəliklərini işə aidiyyəti olmayan hallarla əlaqələndirmişdir.

3. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddia təmin edilmiş, Cavabdeh 12200 manat və dövlət rüsumu üçün 126.60 manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh iddianı qəbul edərək iddiaçıya 12200 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh qaytarmaq şərtilə İddiaçı 12600 manat borc almışdır və bu günə qədər onu sadəcə 400 manat həcmində icra etmişdir. Qalan 12200 manat pulu iddiaçıya qaytarmamaqla onun hesabına əsassız varlanmışdır.

5. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 442, 443.1, 448.2, 1091, 1092.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan ##.##.2021-ci il tarixdə 1000 manat, ##.##.2022-ci il tarixdə 1000 manat, ##.##.2022-ci il tarixdə 2000 manat olmaqla, cəmi 4000 (dörd min) manat borc almışdır. Həmin borcdan iddiaçıya ##.##.2021-ci il tarixdə 180 manat, ##.##.2021-ci il tarixdə 180 manat, ##.##.2022-ci il tarixdə 251 manat (qəbzi var), ##.##.2022-ci il tarixdə 620 manat, ##.##.2022-ci il tarixdə 180 manat, ##.##.2022-ci il tarixdə 740 manat (qəbzi var), ##.##.2022-ci il tarixdə 180 manat, ##.##.2022-ci il tarixdə 50 manat (qəbzi var), ##.##.2023-cü il tarixdə 500 manat (qəbzi var) olmaqla, ümumilikdə 2881 (iki min iki yüz səksən bir) manat qaytarmışdır. Beləliklə onun iddiaçıya yalnız 1119 manat borcu qalmışdır. Buna baxmayaraq iddiaçı tərəfindən ona qarşı 12200 manat pul tələbi irəli sürülmüş və Abşeron Rayon Məhkəməsi tərəfindən iddia təmin edilmişdir. İş məhkəmədə baxılarkən o, sübutlar təqdim etmək və iştirakının təmin edilməsi üçün məhkəməyə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, sonrakı məhkəmə iclaslarından onun məlumatı olmadığından məhkəmə iclaslarında iştirak edə bilməmişdir. Həmçinin ##.##.2025ci il tarixdə atası vəfat etdiyindən və bu ona mənəvi olaraq təsir etdiyindən məhkəmə ilə gedib maraqlana bilməmiş, daha sonra məhkəmə ilə maraqlandıqda isə artıq qətnamə qəbul edildiyi bildirilmişdir. O, ##.##.2026-cı il tarixdə məhkəmə qətnaməsini rəsmi olaraq qəbul etmişdir. Hesab edir ki, məhkəmə iclaslarında iştirakı təmin edilmədiyindən və yalnız iddiaçı tərəfin tələbinə istinad edilməklə qətnamə qəbul edildiyindən qətnamə qanunsuz və əsassızdır. Eyni zamanda birinci instansiya məhkəməsi iddia tələbinin qanuni əsası kimi cavabdehlə iddiaçı arasında borc münasibətinin mövcudluğunu qəbul etmiş, cavabdehin iddiaçıdan pul vəsaiti aldığını və bu vəsaiti qaytarmadığı qətnamədə qeyd etmişdir. Bununla məhkəmə faktiki olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi institunu tətbiq etmişdir. Lakin məhkəmə tərəfindən həmin maddənin məzmunundan irəli gələn tələblər, o cümlədən 739.2-ci maddənin imperativ normaları nəzərə alınmamışdır. Belə ki, Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti olan pul vəsaitinin məbləği 3000 manatdan artıq olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır. İş üzrə iddiaçı tərəfindən tələb edilən borc məbləği 12200 manat təşkil edir ki, bu da qanunla müəyyən edilmiş həddi xeyli aşır. Buna baxmayaraq, iş materiallarında tərəflər arasında bağlanmış yazılı borc müqaviləsi, borc qəbzi və ya pul vəsaitinin verilməsini təsdiq edən bank sənədi mövcud deyil. Məhkəmə borc münasibətinin mövcudluğunu yalnız WhatsApp yazışmalarına istinad etməklə qəbul etmişdir. Halbuki yazılı formada bağlanmalı olan borc müqaviləsinin mövcudluğu və pul vəsaitinin faktiki verilməsi elektron yazışmalarla əvəz edilə bilməz və bu cür yazışmalar borc müqaviləısinin bağlanmasını və onun şərtlərini etibarlı şəkildə təsdiq edən sübut hesab edilmir. Beləliklə, birinci instansiya məhkəməsi borc münasibətinin mövcudluğunu qəbul etməklə Mülki Məcəllənin 739-cu maddəsini faktiki tətbiq etdiyi halda, həmin maddənin 739.2-ci hissəsinin məcburi tələblərini tətbiq etməmiş, nəticədə borc münasibətinin mövcudluğu və həcmi düzgün müəyyən edilməmişdir. Bu isə qətnamənin maddi hüquq normalarının düzgün tətbiq edilməməsi nəticəsində qəbul edildiyini göstərir. Həmçinin iddiaçı tərəfindən cavabdehə pul vəsaitinin faktiki olaraq verilib-verilməməsi, verildiyi təqdirdə hansı məbləğdə, hansı tarixdə və hansı hüquqi əsasla verilməsi məhkəmə tərəfindən konkret və dəqiq müəyyən edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etirazında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın qanuni əsası düzgün tapılmış və işin faktiki halları həmin əsasın dispozisiya şərtlərinə uyğun olaraq qiymətləndirilmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa müqavilə yazılı formada bağlanmalıdır. Odur ki, forma tələbi baxımından göstərilən qaydaya riayət edilmədən aparılan borc hesablaşmaları ilə bağlı münasibətlərə borc müqaviləsinin hüquqi rejimi tətbiq oluna bilməz. Bu zaman yaranmış münasibətlər faktiki xarakterinə görə borc münasibətləri olsa da, cavabdeh əldə etdiyi əmlak hesabına əsassız olaraq varlandığı üçün mövcud öhdəliklərin əsası kimi borc müqaviləsinə deyil, əsassız varlanma hallarına istinad olunmalıdır. Göründüyü kimi məhkəmə haqlı olaraq işə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci, 448.2-ci və 1091-ci maddələrini tətbiq edərək düzgün maddi hüquq normalarını seçmişdir. Həmçinin iş materiallarına cavabdehlə arasında olan yazışmaların ekran görüntüləri əlavə olunmuş və həmin görüntülərdə tələbin əsasını təşkil edən xüsusatlar sonuncu tərəfindən etiraf edilmişdir. Sözügedən yazışmalarda ifadə olunanların cavabdehin həqiqi iradəsini ifadə edib-etməməsi və yaxud onun xeyrinə təkzib edilməsi halları yalnız məhkəmə araşdırmasının gedişində təmin edilən başqa sübutlarla müəyyən oluna bilərdi ki, sonuncu mülki işin hazırlanması zamanı lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmənin 4 dəfə keçirilmiş hazırlıq iclasının heç birində iştirak etməmiş, eyni zamanda iddia ərizəsinə də öz yazılı münasibətini (etiraz) bildirməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

11. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

12. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

14. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

16. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

17. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

18. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

20. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

21. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)

22. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

23. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

25. İş materiallarındakı tərəflər arasındakı sosial şəbəkə üzərindən olan yazışmalardan və onların məhkəmə iclasında verdikləri izahatlarından müəyyən olunur ki, cavabdeh iddiaçıya 12500 manat məbləğində borcu olduğunu qəbul etmişdir.

26. Həmçinin, məhkəmə iclasında cavabdehin iddiaçıya ödənişlər etdiyini sübut etmək məqsədilə təqdim etdiyi qəbzlər tədqiq edilərkən iddiaçı həmin ödənişlərin borcun qaytarılması üçün olduğunu təsdiq etmişdir.

27. Həmin qəbzlərə əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən 2022-ci ilin yanvar ayında 251 manat, 2022-ci ilin aprel ayında 740 manat, 2022-ci ilin may ayında 50 manat və 2023-cü ilin yanvar ayında 500 manat olmaqla, ümumilikdə 1541 manat ödəniş edilmişdir.

28. Kollegiya hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ müəyyən edilərkən cavabdeh tərəfindən edilmiş ödənişlər nəzərə alınmalıdır.

29. Belə ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 12200 manatdan cavabdeh tərəfindən ümumilikdə ödənilmiş 1541 manat çıxılmalı və cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği 10659 (12200-1541) manat məbləğində müəyyən edilməlidir.

30. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

31. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdeh Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 121.98 manat pul alınaraq İddiaçı ödənilməlidir.

33. Beləliklə məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi – Cavabdeh 12200 manat və dövlət rüsumu üçün 126,60 manat pulun alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilməli, cavabdeh Cavabdeh 10659 manat və ödənilmiş dövlət rüsumuna görə 121,98 manat, cəmi 10780,98 (on min yeddi yüz səksən manat doxsan səkkiz qəpik) manat tutularaq iddiaçı İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi - cavabdeh Cavabdeh 12200 manat və dövlət rüsumu üçün 126,60 manat pulun alınaraq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Cavabdeh Cavabdeh 10659 manat və ödənilmiş dövlət rüsumuna görə 121,98 manat, cəmi 10780,98 (on min yeddi yüz səksən manat doxsan səkkiz qəpik) manat tutularaq iddiaçı İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar