Məhkəmə qərarları › İş №2(1-8)-621/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-621/2026

21.04.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-621/2026 21.04.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ ((Açar sözlər: yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə ## ##### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. İddiaçı (bundan sonra “iddiaçı”) ilə Cavabdeh (bundan sonra “cavabdeh”) 2008-ci ildə faktiki ailə qurublar. Iddiaçı ünvan 1ində yerləşən cavabdehin atası X11 məxsus evə gəlin köçmüş və cehiz əşyalarını da həmin evə yerləşdirmişdir. Onlar nikahlarını ## ###### 2010-cu ildə Şəki IHB-nın Aşağı Göynük kənd Icra nümayəndəliyində qeydə aldırmışdırlar. Tərəflərin ##.##.2010-cu il təvəllüdlü X4, X5 adlı əkiz və ##.##.2014-cü il təvəllüdlü X6 adlı üç uşaqları var.

2. Şəki Rayon Məhkəməsinin ## ######## 2024-cü il tarixli qətnaməsi ilə tərəflərin ## ###### 2010-cu il tarixli nikah pozulmuşdur, birgə nikahdan dünyaya gəlmiş uşaqlar iddiaçının himayəsində saxlanılmış, onların saxlanılması üçün hər uşaq üçün 140 manat olmaqla cəmi 420 manat alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

3. “Torpağın mülkiyyətə verilməsinə dair” JN***B nömrəli, KOD 40404030 olan şəhadətnaməyə əsasən Şəki rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli qərarı ilə 0.20 ha həyətyanı topaq sahəsi X11 və onun ailə üzvləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X8, X3, Cavabdeh (cavabdeh), X7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətinə verilmişdir.

4. Hazırda cavabdeh və anası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 həmin evdə yaşayaraq təsərrüfat aparır. Iş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahından doğulmuş uşaqları ilə birlikdə gəlin köçdüyü Şəki rayonu, Aşağı Layısqı kəndində yerləşən yaşayış evinə istifadə hüquqlarının tanınması, həmin evə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, məhkəmədən öncə faktiki ayrılarkən birgə nikahdan dünyaya gəlmiş uşaqlar iddiaçının himayəsində qalmışdır. Iddiaçı hazırda uşaqları ilə birlikdə kirayədə yaşayır. Maddi vəziyyətləri olduqca aşağı səviyyədədir. Cavabdeh iddiaçıya gəlin düşdüyü evdə yaşmağa lazımi şərait yaratmır. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçının gəlin düşdüyü fərdi yaşayış evi 1981-ci ildə atası inşa edib. Atası 2012-ci ildə rəhmətə getmişdir. Iddiaçı özü uşaqları da götürüb evdən getmişdir. Iddiaçı uşaqların saxlanılması üçün aliment alır. Iddiaçıya istifadə hüququnun verilməsinə və onun evə köçürülməsinə razı deyil.

8. Cavabdeh nümayəndəsi (vəkili) vəkil2 da əlavə olaraq qeyd etmişdir ki, iddiaçının gəlin düşdüyü fərdi yaşayış evi 1981-ci ildə cavabdehin atası X11 tərəfindən inşa edilmişdir. Bu barədə kənd Icra nümayəndəliyi tərəfindən müvafiq arayış verilmişdir. Şəki rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli qərarı ilə fərdi yaşayış evini yerləşdiyi həyətyanı torpaq sahəsi X11 və onun ailə üzvlərinin, o cümlədən cavabdehin ümumi birgə mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Fərdi yaşayış evinə mərhum X9 gözlənilən mülkiyyət hüququ var. Iddiaçı gəlin düşdüyü zaman gözlənilən mülkiyyət hüququ olan şəxs X9 olmuşdur. Iddiaçı gəlin düşdüyü zaman və ondan sonra istifadə hüquqi ilə bağlı notarial müqavilə bağlamamış və buna təşəbbüs göstərməmişdir. Buna görə də iddiqaçının evdə yaşamaq hüququ yoxdur və köçürülməsi təmin edilə bilməz.

9. Şəki Rayon Məhkəmənin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçının cavabdehlə birgə nikahlarından dünyaya gəlmiş ## #### 2010-cu il təvəllüdlü X4, X5 və ## ### 2014-cü il təvəllüdlü X6 adlı uşaqları ilə birlikdə gəlin köçdüyü ünvan 1ində yerləşən yaşayış evinə köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. (hakim Kamran Musayev)

10. Birinci instansiya məhkəməsi göstərmişdir ki, işin mübahisəsiz hallarına görə iddiaçı ilə cavabdeh ##.##.2010-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından ##.##.2010-cu il təvəllüdlü X4, X5 adlı əkiz və ##.##.2014-cü il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Iddiaçı ünvan 1ində yerləşən evə 2008-ci ildə gəlin köçmüşdür. Həmin ev mülkiyyətdə deyil və heç kimin adına qeydə alınmamışdır.

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında ilkin ailə münasibətləri 2008-ci ildən yarandığından Mülki Məcəllənin 228-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Həmin maddənin tələblərinə əsasən istifadə hüququnun yaranması üçün əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.

12. Iş materiallarına əsasən mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda iddiaçının yaşayış hüququ üzrə tələbi təmin edilə bilməz. Lakin iddia tələbi iddiaçının uşaqları ilə birlikdə köçürülməsi hissəsində isə təmin edilməlidir.

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” norması xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşamış, cavabdehin təzyiqləri nəticəsində evdən çıxmaq məcburiyyətində qalmış, sonradan qayıtmaq istəsə də, cavabdeh buna imkan verməmişdir. Buna görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.

15. Cavabdehin ev üzərində hüququ olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (mənzilə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuş, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşaqları ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir.

16. Birinci instansiya məhkəməsi mübahisəli evin hüquqi statusunu, bununla da onun mülkiyyət formasını müəyyən edərkən mülkiyyət formalarından hər hansı birinə aid olmamasını, özbaşına tikinti olmasını, mübahisəli evin tikildikdən sonra daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməməsini, bununla da mübahisəli evin xüsusi mülkiyyət kimi qeydiyyatdan keçməməsini nəzərə alaraq hesab etmişdir, tərəflər arasında yaranmış mövcud mübahisə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin ümumi prinsipləri (hüququn analogiyası), Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və prinsipləri əsas götürülməklə kirayəçi və onun ailə üzvləri arasında olan münasibətlər müstəvisində həll edilməlidir.

17. Birinci instansiya məhkəməsi onu da qeyd etmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi 0.20 ha həyətyanı torpaq sahəsində cavabdehin gözlənilən mülkiyət hüququ mövcuddur. Iddiaçı və birgə nikahdan dünyaya gəlmiş uşaqlar cavabdehin ailə üzvüləri sayılır. Mülkiyyətçinin onunla birgə yaşayan ailə üzvlərini, yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 27.2, 228.1, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.4 və 30.5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. Cavabdeh oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdmişdir.

20. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçının gəlin düşdüyü fərdi yaşayış evi X11 tərəfindən 1981-ci ildə tikilmişdir. Həyətyanı torpaq sahəsi isə 0,20 ha olmaqla Şəki rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli qərarı ilə X9 və onun ailə üzvlərinə, o cümlədən cavabdehin mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Fərdi yaşayış evinə mərhum X9 gözlənilən mülkiyyət hüququ var. Iddiaçı gəlin düşdüyü zaman gözlənilən mülkiyyət hüququ olan şəxs X9 olmuşdur. Iddiaçı gəlin düşdüyü zaman və ondan sonra istifadə hüququ ilə bağlı notarial müqavilə bağlamamış və buna təşəbbüs göstərməmişdir. Buna görə də iddiaçının istifadə hüququ yoxdur və köçürülməsi təmin edilə bilməz. Bundan başqa, iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 12 Saylı Şəki Ərazi Idarəsinin “daşınmaz əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə” ##.##.2025-ci il tarixli bildirişindən göründüyü kimi, cavabdehin atası tərəfindən 1981-ci ildə tikilmiş, iddiaçının gəlin düşdüyü fərdi yaşayış evinin qeydiyyatından imtina edilmişdir. Imtina səbəbi fərdi yaşayış evinin Şəki rayonu Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli qərarı cavabdehin ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,20 ha torpaq sahəsinin hüdudlarından kənarda yerləşməsi olmuşdur. Məhkəmənin mövqeyinə görə mübahisəli evin yerləşdiyi həyətyanı sahəyə cavabdehin da mülkiyyət hüququ olduğu üçün atası tərəfindən tikilmiş mübahisəli fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ olmuşdur. Mülkiyyətçi kimi ailə üzvlərini həmin evə köçürmək səlahiyyətinin olmasını əsas göstərmişdir. Lakin iş materialları məhkəmənin gəldiyi nəticəni təkzib edir. Belə ki, yuxarıda qeyd etdiyi kimi, bir şəxsin istifadə hüququnun olması üçün ilk növbədə əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Belə olan halda iddiaçının istifadə hüququ yoxdur, fərdi yaşayış evi yalnız cavabdehin atasının adına qeydə alına, onun yerləşdiyi həyətyanı sahə isə (Aqrar Islahat Komissiyasının qərarı ilə ayrıldğına görə) ailə üzvlərinin adına qeydə alına bilər. Yəni belə olan halda cavabdehin həmin evə gözlənilən mülkiyyət hüququ yoxdur. Yalnız cavabdehin atası Yadigar Abdullayevin gözlənilən mülkiyyət hüququ mövcuddur. Cavabdeh ailə üzvü kimi mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malikdir. Bura yalnız yetkinlik yaşına çatmayan uşaqlarını köçürmək ixtiyarına malikdir. Qanunun bu normasında ər (arvad) nəzərdə tutulmamışdır.

21. Apellyasiya baxışında 0.20 ha həyətyanı torpaq sahəsinin hazırda sağ olan mülkiyyətçiləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X2, X7 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 üçüncü şəxs qismində işə cəlb edilmişlər.

22. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə cavabdeh аpellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəmənin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməmişdir. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Taleh Musayev, Elman Isayev)

23. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ## ####### 2013-cü il tarixli qərarın istinadən göstərmişdir ki, cavabdehlə iddiaçı arasında qeyrirəsmi ər-arvad münasibətləri 2008-ci ildə cavabdehin iddiaçının atasına məxsus ünvan 1ində yerləşən evə gəlin köçdüyü andan yarandığından həmin münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir.

24. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının yaşamaq hüququnun tanınması və köçmək istədiyi ev cavabdehin atası X11 Şəki rayonu Aşağı Göynük kənd “Paris Kommunası” adına kolxozun ## ###### 1973-cü il ** nömrəli müvəkkillər yığıncağının qərarı ilə verilmiş 0.20 ha torpaq sahəsində yerləşir. Həmin evin Dövlət Reyestrində qeydiyyatından imtina olunsa da, X11 həmin evə gözlənilən mülkiyyət hüququ olmuşdur. Mülki Məcəllənin 228.2-ci maddəsinin tələbinə görə iddiaçı ilə cavabdehin atası arasında həmin evdən istifadə ilə bağlı hüququn əldə edilməsi üçün evin qeydiyyatdan keçib-keçməməsinin hər hansı bir əhəmiyyəti yoxdur. Tərəflər arasında yaşayış sahəsindən istifadəni təmin etmək məqsədi ilə hər hansı məzmunda müqavilənin bağlanması mümkündür.

25. Göründüyü kimi 2009-cu il oktyabr ayının 1-dək iddiaçı ilə onun yaşamaq hüququnun tanınması və köçmək istədiyi evin sahibi və istifadəçisi olan şəxslər arasında notariat qaydasında təsdiqlənən hər hansı yazılı razılaşma mövcud deyildir. Iddiaçı həmin evə gəlin köçdüyü zaman və ondan sonra istifadə hüququ ilə bağlı notarial müqavilə bağlamamış və buna təşəbbüs göstərməmişdir

26. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya məhkəməsi evin rəsmi reyestrdə qeydiyyata alınmaması əsası ilə iddianın “istifadə hüququnun tanınması” hissəsini rədd etməkdə haqlı olmamışdır. X11 həmin evdən sahiblik və istifadə hüququ mövcud olmuşdur ki, iddiaçının da istifadə hüququnun yaranması üçün notariat qaydasında müqavilə bağlaması lazım idi. Hazırki iş üzrə iddiaçı iddiasını cavabdeh olan keçmiş ərinə qarşı qaldırmışdır ki, onun da 2008-ci ildə mübahisəli evə gözlənilən mülkiyyət hüququ deyil, istifadə hüququ olmuşdur.

27. X11 ##.##.2012-ci ildə ölmüşdür. Onun təsərrüfat başçısı olduğu 1981-ci ildə tikilmiş fərdi yaşayış evi üzrə o, rəhmətə gedəndən sonra arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 təsərrüfat başçısı kimi ** nömrəli təsərrüfatda qeydə alınmışdır. Ondan qalmış mirası qəbul edən şəxslərdən biri də hazırki iş üzrə cavabdehdir ki, , miras açıldığı vaxtdan həmin miras əmlakın bir hissəsi onun mülkiyyəti olmuşdur. Cavabdehin miras qalmış əmlakın ona aid olacaq hissəsinə gözlənilən hüququ yaranmışdır. Həmin vaxt hazırki iş üzrə tərəflər rəsmi nikahda olduğundan mübahisənin ##.##.2012-ci ildən sonraki dövrünə 2009-cu il #######ın #-dən qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir.

29. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

30. Apellyasiya instansiyası məhkəməsi istinad edilən maddənin müddəalarından çıxış edərək göstərmişdir ki, iddiaçı cavabdehin ailə üzvü olmuşdur, onun və yetkinlik yaşına çatmayan uşaqlarının ##.##.2012-ci ildən sonra mübahisəli evin mülkiyyət hüququ gözlənilən Cavabdeh aid hissəsindən istifadə hüquqları mövcud olmuşdur.

31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin məhrum etmənin qanunsuz olması barədə mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, apelyasiya baxışında araşdırma zamanı birinci instansiya məhkəməsinin göstərdiyi əsaslandırmanın həqiqəti özündə əks etdirmədiyi müəyyən edilmişdir ki, əvvəla ona görə ki, kənddə iş yerinin və uşaqların əlavə məşğələlərə getmək imkanının məhdudluluğunu əsas gətirərək iddiaçının təkidi ilə cavabdeh də onunla birlikdə 2023-cü ilin sentyabr ayının 12-də mübahisəli evi tərk edərək kirayədə yaşamaq üçün Qax şəhərinə getmişlər. X1 küçəsi, blok 1, mənzil 6-da yaşamışlar. Kirayədə yaşadıqları müddət ərzində tərəflərin münasibətləri pozulmuş, hazırki iş üzrə iddiaçı cavabdehə qarşı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh nikahın pozulmasını istəmədiyi üçün onlara barışmaq üçün 3 ay möhlət verilsə də, tərəflər barışmamış və nəticədə Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış ## ###### 2010-cu il tarixli nikah pozulmuş, yetkinlik yaşına çatmamış uşaqlar iddiaçı olan ananın yanında saxlanmışdır. Iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etsə də, o, hələ də Qax şəhərində olan kirayə mənzildə yaşadığını, ayrı-ayrı fənlər üzrə məşğələlərə gedən əkiz uşaqlarının orta məktəbi bitirənədək də orada yaşamaq istədiyini, uşaqlar ali məktəbə daxil olduqdan sonra mübahisədə adı keçən evə köçəcəyini bildirmişdir.

32. Qeyd olunanlar tərəflərin məhkəmə iclasında bildirdiklərinə əks etdirir və tərəflər mübahisələndirməmişlər.

33. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

34. Şəki Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə cavabdehlə iddiaçı arasında olan ##.##.2010-cu il tarixli nikah pozulmuş, birgə nikahdan doğulmuş uşaqlar iddiaçının himayəsində saxlanılmışdır. Yuxarıda göstərilən maddənin tələbi baxımından tərəflər arasında yaşayış sahəsinin gözlənilən mülkiyyətçisi ilə iddiaçı arasındakı ailə münasibətlərinə xitam verildiyindən keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır

35. Apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia tələbində göstərdiyi uşaqları ilə birlikdə ünvan 1ində yerləşən yaşayış evinə yaşayış hüquqlarının tanınması, həmin evə köçürülməyi barədə tələbinə münasibətdə bildirmişdir ki, iddiaçının mübahisəli yaşayış evinə istifadə hüququ müəyyən edilmədiyindən və Mülki Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayıldığından uşaqların yaşayış yeri ananın yaşayış yeri sayılır və uşaqların həmin yaşayış yerinə köçürülməklə bağlı hissəsində də iddia tələbi təmin edilməməlidir.

36. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 27.2, 228.1, 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.4, 30.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdir.

38. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işdə Mülki Məcəlləsinin 228-ci maddəsinin müddəalarının tətbiq olmasını qeyd etsə də, sonda hazırki mübahisədə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etməklə səhvə yol vermişdir. Belə ki, işin hallarından da göründüyü kimi, tərəflər arasında hazırki mübahisə ilə bağlı hüquq münasibətləri 2008-ci ildə yaranmışdır və bu işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair ## ####### 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il #######ın #-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.5ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

b) Kassasiya şikayətinə etirazın dəlilləri

39. Kassasiya şikayətinə etiraz verilməmişdir Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

41. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib, buna görə də kollegiya qətnaməni tam yaxlayır.

42. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları, MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır.

47. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, əvvəla qeyd edilməlidir ki, iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edən bu dəlillərə apellyasiya instansiyası məhkəməsi qiymət verib.

48. Bundan əlavə, Mülki Məcəllənin 225-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinin tətbiq edilməsinin düzgün olmaması barədə dəlil də əsassızdır. Belə ki, işdən görünür ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının evə gəldiyi 2008-ci ilə və iddiaçının qayınatasının öldüyü 2012ci ilə münasibətdə tətbiq edilməli olan normaları dügzün seçmişdir.

49. Buna görə də məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

50. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar