Məhkəmə qərarları › İş №2(1-8)-695/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-695/2026

14.05.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-695/2026 14.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı Mənzil-Tikinti Kooperativinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikilinin sökülməsi və maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** saylı Sərəncamına əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha ərazidə İddiaçı Mənzil Tikinti Kooperativinə çoxmənzilli yaşayış binaları tikintisinin, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilməsi, layihə sənədlərinin mərhələsindən asılı olmayaraq, lisenziya əsasında memarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və ya fiziki şəxslər tərəfindən işlənməsi və aidiyyəti orqanlarla razılaşdırılması təmin edilməsi, yaşayış binalarının işçi layihəsi AR Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X7 Dövlət Ekspertiza Baş idarəsində ekspertiza edilərək layihələndirmə işləri tam başa çatdırıldıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş texniki sənədlər qeydiyyatdan keçirilməsi, tikintiyə icazə verilməsi üçün Sumqayıt şəhər Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilməsi, layihələndirmə başa çatdırıldıqdan sonra, mövcud sərəncam inşaat pasportu, işçi layihəsi, ekspertiza rəyi, kommunikasiyaların texniki şərtləri tikintinin qeydiyyat və icazə vərəqəsi ilə birlikdə tikinti işlərinin aparılması üçün əsasdır. İddiaçı MTK-nə ərazinin sanitar vəziyyətinə nəzarət etməsi, layihələndirmənin vaxtı və qaydası üzrə Memarlıq və Şəhərsalma idarəsinin tapşırıqlarını, inşaat pasportunda nəzərdə tutulmuş digər göstərişlərini yerinə yetirsin və layihələndirməni ayrılmış torpaq sahəsinin hüdudları çərçivəsində, müvafiq qaydalara uyğun başa çatdırılmasını təmin etməsi, ərazinin və yaşayış binasının razılaşdırılmış eskiz layihəsinə uyğun hazırlanmış işçi layihəsi tam həcmdə Memarlıq və Şəhərsalma idarəsinə təqdim edilməsi, layihələndirmə zamanı nəzərdə tutulmuş ərazidən keçən və ya əvvəlcədən müəyyən, olunmamış kommunikasiya xətləri aşkar olunarsa, həmin xətlərin aidiyyati təşkilatlarla razılaşdırılaraq öz vəsaiti hesabına sahədən kənarlaşdırılmasını təmin edilməsi tapşırılmışdır. Bu sərəncam inşaat pasportu ilə birlikdə yalrtız layihələndirmə üçün əsasdır. İddiaçı MTK Sumqayıt bələdiyyəsi ilə torpaq münasibətlərini həll etdikdən, DƏDRX-də sifarişçinin torpaq üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alındıqdan və tikintinin aparılmasını əlaqədar təşkilatlarla müvafiq qaydada razılaşdırdıqdan sonra tikinti işlərinə başlaya bilər. ‘‘xxxx” MTK tərəfindən binaların söküntüsü, tikintisi və vətəndaşlara təqdim edilməsi ilə əlaqədar aparılacaq işlər zamanı sakinlərlə bağlanacaq müqavilə və digər sənədlərlə bağlı yarana biləcək anlaşılmazlıqların qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsi təmin olunsun. Yuxarıda qeyd edilən bəndlər İddiaçı MTK tərəfindən yerinə yetirilməzsə, sərəncamın ləğv edilməsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılması qərara alınmışdır. Sərəncamın müddəti bir ildir.

2. ##.##.2024-cü il tarixli Akta əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, 15 və ** saylı binaların yanında yerləşən avtodayanacaqla əlaqədar Cavabdeh dayanacağa aid sənədlərin və özünün şəxsiyyət vəsiqəsini tələb etsələr də, o öz narazıçılığını bildirmiş, sənədlərin verilməsindən imtina etmişdir. Ona həmin ərazinin Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə çoxmərtəbəli binanın tikintisi üçün İddiaçı MTK-nə verilməsini izah etmişlər və həmin ərazinin boşaldılmalı olmasını bildirmişlər.

3. ##.##.2024-cü il tarixli, **** saylı icarə müqaviləsinə əsasən AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerlən 4196.0 kv.m torpaq sahəsini İddiaçı MTK-nə icarəyə vermiş və icarə müddəti ##.##.2024-cü ildən ##.##.2026-cı il tarixədək müəyyən edilmişdir.

4. ##.##.2024-cü il tarixli Çıxarışa əsasən Sumqayıt şəhəri, Ü.Hacıbəyli küçəsi, ** saylı ünvanda yerləşən 0,4196 ha torpaq sahəsinə İddiaçı MTK-nın icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyini cəlb edilməklə cavabdeh Cavabdeh Məhəmməd oğluna qarşı “qanunsuz tikilinin sökülməsi və ərazinin boşaldılması tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha torpaq sahəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının ## ###### 2022-ci il tarixli, *** saylı sərəncamı ilə xxxx” MTK-nə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Hazırda Cavabdeh Məhəmməd oğlu qeyd olunan 13-cü mikrorayon, ev 17yə yaxın 0,70 ha torpaq sahəsini Sumqayıt bələdiyyəsi tərəfindən verilmiş müqavilə əsasında dəmir setka ilə çəpərə alaraq avtodayanacaq kimi istifadə edir və 25 kv.metr sahədə özbaşına tikinti apararaq orada yaşayır. Məsələ ilə əlaqədar Sumqayıt bələdiyyəsinin rəhbərliyi ilə əlaqə saxlanılmış və onların verdiyi məlumata əsasən məlum olmuşdur ki, bələdiyyə tərəfindən verilmiş müqavilənin müddəti 2019-cu ildə bitmişdir. Avtodayanacağın boşaldılaraq əvvəlki vəziyyətə qaytarılması ilə əlaqədar ** saylı Mənzil Kommunal Sahəsinin rəhbərliyi tərəfindən əraziyə baxış keçirilmiş və Cavabdeh zəbt etdiyi ərazini boşaltması tapşırılmışdır. Lakin, Cavabdeh ərazini boşaltmaqdan və avtodayanacaq və tikintiyə dair digər sənədləri verməkdən imtina etmişdir. Göstərilənlərə əsasən Cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın hasarlayaraq avtodayanacaq kimi istifadə etdiyi ərazinin boşaldılması və avtodayanacaqda özbaşına apardığı tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

7. Daha sonra iddiaçı X3 tərəfindən məhkəməyə ərizə təqdim edilərək, onun əsl iddiaçı İddiaçı MTK (bundan sonra- iddiaçı) ilə əvəz edilməsi xahiş edilmişdir.

8. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın hasarlanaraq avtodayanacaq kimi istifadə etdiyi ərazinin boşaldılması və avtodayanacaqda özbaşına apardığı tikintinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən baxış zamanı təqdim olunan qeyri-yaşayış obyektinin (avtodayanacağın) rəyin tədqiqat hissəsində qeyd olunan koordinatlar daxilində yerləşdiyi müəyyən edilmişdir. Həmçinin qeyd olunur ki, həmin qeyri yaşayış obyektinə (avtodayanacaq) dair mülki iş materiallarında hüquq müəyyənedici və texniki sənəd olmadığından, ekspertin vəsatətinə əsasən Mərkəzə təqdim olunmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmamışdır.

10. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddianın təmin edilərək, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13cü mikrorayon, ev 17-yə yaxın hasarlanaraq avtodayanacaq kimi istifadə edilən ərazinin boşaldılması və avtodayanacaqda aparılmış özbaşına tikintinin sökülməsi qət edilmişdir.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** saylı Sərəncamına əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha torpaq sahəsi çoxmənzilli yaşayış binalarının tikintisi və ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilməsi iddiaçıya həvalə edilmişdir. Sumqayıt şəhəri, 13-cü mikrorayon, 15 və ** saylı binaların yanında yerləşən avtodayanacaq cavabdehin istifadəsindədir və həmin ərazinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı sənədlər mövcud deyil. Məhkəmə obyektiv həqiqətin müəyyən olunması məqsədilə iş üzrə məhkəmə tikinti-

12. ekspertizası keçirmiş və ekspertin rəyinə əsasən təsdiq olunmuşdur ki, baxış zamanı texniki təqdim olunan qeyri-yaşayış obyektinin (avtodayanacağın) rəyin tədqiqat hissəsində qeyd olunan koordinatlar daxilində yerləşdiyi müəyyən edilmişdir.

13. Məhkəmə həmçinin qeyd etmişdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsi ilə bağlı əsaslı dəlillər irəli sürülmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

14. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən inşa olunmuş və onun istifadəsində olan özbaşına tikili iddiaçıya, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** saylı Sərəncamı ilə üzərinə düşən vəzifələri və hüquqlarını həyata keçirməyə imkan verməmişdir.

15. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanunun normalarına müvafiq olaraq pozuntularla tikilmiş bina və ya qurğular müvafiq icra hakimiyyəti orqanının və ya maraqlı tərəfin iddiası üzrə məhkəmənin qərarı əsasında sökülə bilər. Şübhəsiz ki, belə özbaşına tikililərin sökülməsi onu həyata keçirmiş şəxsin hesabına həyata keçirilməli, onların tikintisinə sərf edilmiş materiallar isə onun mülkiyyətində saxlanmalıdır. Özbaşına tikilmiş binaların və qurğuların sökülməsini həm məhkəmə qaydasında yerli icra hakimiyyəti orqanları tərəfindən, həm də belə tikililərin aparılması nəticəsində hüquqları pozulmuş və ya həyatı və sağlamlığı üçün təhlükə yaranmış şəxslər tərəfindən də tələb oluna bilər.

16. Beləliklə, məhkəmə qeyd etmişdir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın hasarlanaraq avtodayanacaq kimi istifadə edilən ərazi-torpaq sahəsi boşaldılmalı və avtodayanacaqda aparılmış özbaşına tikinti sökülməlidir.

17. Məhkəmə öz hüquqi mövqeyini AR Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə, 60-cı maddəsinə, Mülki Məcəllənin 152.1, 152.2, 152.4, 157.4, 157.8, 158.4, 170.2, 180.1, 180.2, 180.3, 180.4, 240-ci maddələrinə, Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələrinə, habelə MPM-nin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsində icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunun tələblərinə müvafiq olaraq pozuntularla tikilmiş bina və ya qurğuların müvafiq icra hakimiyyəti orqanının və ya maraqlı tərəfin iddiası əsasında məhkəmənin qərarı ilə sökülə biləcəyi qeyd edilmişdir. Həmçinin göstərilmişdir ki, belə özbaşına tikililərin sökülməsi onu həyata keçirmiş şəxsin hesabına aparılmalı, tikintidə istifadə olunan materiallar isə həmin şəxsin mülkiyyətində saxlanmalı idi. Özbaşına tikilmiş binaların və qurğuların sökülməsini məhkəmə qaydasında yerli icra hakimiyyəti orqanlarının, habelə hüquqları pozulmuş və ya həyatı və sağlamlığı üçün təhlükə yaranmış şəxslərin tələb edə biləcəyi vurğulanmışdır. Beləliklə, məhkəmənin iddia tələbinin təmin edilməli olduğu qənaətinə gəldiyi, cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın ərazinin boşaldılmalı və həmin ərazidə aparılmış özbaşına tikintinin sökülməli olduğu müəyyən edilmişdir. AR ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin müvafiq bəndlərinə əsasən, bələdiyyənin torpaq sahəsinin ayrılmasının mümkünlüyünü müəyyən etmək üçün müraciətdə göstərilən halları, ərazinin plan sənədlərini və digər zəruri məlumatları araşdırdığı, həmçinin yerində baxış keçirdiyi qeyd olunmuşdur. Əgər torpaq sahəsinin ayrılması həmin planlara uyğun olarsa və başqa şəxslərin hüquqları ilə ziddiyyət təşkil etməzsə, bələdiyyənin müvafiq qərar qəbul etdiyi, əks halda isə imtina etdiyi göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3cü maddəsinə istinad edilərək qeyd olunmuşdur ki, müəyyən hallarda qeyri-qanuni istifadə edilmiş torpaq sahələrinin geri qaytarılması mümkün olmadıqda, həmin sahələrdən istifadə edən şəxslərin mülkiyyətinə verilə bilərdi. Bu isə yalnız qanunda göstərilən şərtlər daxilində mümkün hesab edilmişdir. Hazırkı iş üzrə də həmin şərtlərdən birinin mövcud olduğu müəyyən edilmiş, cavabdehin mübahisəli torpaq sahəsinə dair üstünlük hüququnun olduğu qənaətinə gəlinmişdir. Onun bu torpaq sahəsini hüquqi əsaslarla əldə etmək imkanına malik olduğu qeyd edilmişdir. Bundan əlavə, mülki iş üzrə icraatın dayandırılması ilə bağlı məsələlərə də toxunulmuş, qanunvericiliyə əsasən icraatın dayandırılmasının yalnız müəyyən hallarda mümkün olduğu göstərilmişdir. Xüsusilə, başqa bir işin nəticəsi olmadan mübahisəyə baxılmasının mümkün olmadığı hallarda icraatın dayandırılmalı olduğu qeyd edilmişdir. Eyni zamanda bildirilmişdir ki, iş üzrə iki dəfə icraatın dayandırılması barədə vəsatət verilməsinə baxmayaraq, məhkəmə tərəfindən bu vəsatətlərin təmin edilmədiyi və yekun qərarın qəbul edildiyi, bunun isə prosessual qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirildiyi vurğulanmışdır. İş materiallarına əsasən müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin # ###### 1994-cü il tarixli qərarı ilə mübahisəli torpaq sahəsinin avtomobillərin dayanacağı üçün ayrılması qərara alınmışdır. Sonrakı dövrdə həmin torpaq sahəsi ilə bağlı istifadə müqavilələrinin bağlandığı və faktiki istifadənin davam etdiyi qeyd olunmuşdur. Lakin həmin torpaq sahəsinə dair istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığı göstərilmişdir. Bu məqsədlə müvafiq dövlət orqanına müraciət edildiyi, lakin müqavilələrin müddətinin bitməsi, sahənin dəqiq göstərilməməsi və torpaq sahəsinin dövlət mülkiyyətində olması əsas gətirilərək müraciətin təmin edilmədiyi bildirilmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakimlər Lalə Rəhimli sədrlik edən, məruzəçi, Ayaz Mahmudov və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə araşdırmaları ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** saylı Sərəncamına əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilməsi iddiaçıya həvalə edilmişdir. Sumqayıt şəhəri, 13-cü mikrorayon, 15 və ** saylı binaların yanında yerləşən avtodayanacaq cavabdehin istifadəsindədir və həmin ərazinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı sənəd mövcud deyil.

22. İşdən görünür ki, ##.##.2024-cü il tarixli icarə müqaviləsinə əsasən icarəyəverən AR İqtisadiyyat Nazirliyi yanıda Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerlən 4196.0 kv.m torpaq sahəsini ##.##.2024-cü ildən ##.##.2026-cı il tarixədək iddiaçıya icarəyə vermişdir. İcarə hüququ dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə iddiaçının adına qeydiyyata alınmışdır.

23. Məhkəmə kollegiyası ekspertin rəyinə əsaslanaraq müəyyən etmişdir ki, baxış zamanı təqdim olunan qeyri yaşayış obyekti (avtodayanacaq) rəyin tədqiqat hissəsində qeyd olunan koordinatlar daxilində yerləşir. Cavabdeh bununla razılaşmayaraq apellyasiya şikayətində göstərmişdir ki, iki dəfə iş üzrə icraatın dayandırılması barədə vəsatət versə də, məhkəmə icraatı dayandırmamış, iş üzrə yekun məhkəmə aktı çıxarmaqla AR MPM-nin 254, 255-ci maddələrinin tələbləriini pozmuşdur.

24. Məhkəmə kollegiya iş üzrə icraatın dayandırılması ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının AR MPM-nin 254.1-ci maddəsinə əsasən əsassız olması barədə düzgün nəticəyə gəlmişdir.

25. Belə ki, iş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili X1 iş üzrə icraatın dayandırılmasına dair ərizəsinin təmin edilməməsi Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024cü il tarixli qərardadında qeyd edilmişdir ki, iddia tələbi cavabdeh tərəfindən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın hasarlayaraq avtodayanacaq kimi istifadə etdiyi ərazinin boşaldılması və avtodayanacaqda özbaşına apardığı tikintinin sökülməsi olduğu halda, Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan *-*(***)-****/**** saylı iş üzrə iddia tələbi Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində avtomobillərin dayanacağı məqsədilə X2 adına rəsmiləşdirilmiş 0,32 ha torpaq sahəsi üzərində istifadə (icarə) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyinin Reyestr Xidmətinin * saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasıdır.

26. Apellyasiya şikayətinin digər dəlili isə ondan ibarət olmuşdur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” AR Qanunun tələblərinə riayət edilməmişdir. Belə ki, həmin qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilmiş olduğu halda torpaq sahəsi onun geri qaytarılmasının mümkün olmaması əsası ilə onu istifadə edən şəxsin mülkiyyətinə verilə bilər. Göründüyü kimi, cavabdehin həmin torpaq sahəsinə dair üstünlük hüququ vardır. O həmin torpaq sahəsini bu və ya digər hüquqi əsasla əldə etmək üçün üstünlük hüququna malik olmuşdur.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli ərazinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı sənəd olmadığı halda onun istifadəsindədir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

28. Yekun olaraq Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırması haqqında olan neqator iddiadır. Mülkiyyətçi öz əmlakından istədiyi kimi istifadə etmək imkanından məhrum olduğundan, mülkiyyətin müdafiəsi haqqında iddia qaldırmaq məcburiyyətində olmuşdur.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, mülki qanunvericiliyin müddəalarına görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.

30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Beləliklə məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrdən ibarətdir və bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

32. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Konstitusiyasının 13 və 29-cü, Mülki Məcəllənin 152.1, 152.5, 157.8, 158.4, 180.1,180.2, 180.3, 180.4, 240-cı, habelə MPM-nin 14.2, 77.1, 217.4, 220.6, 384.0.2, 385.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv olunması və iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

34. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, AR ## #### 2002-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən, bələdiyyənin torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədilə müraciətdə göstərilən hallara, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxdığı və hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirdiyi qeyd edilmişdir. Həmçinin göstərilmişdir ki, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı müvafiq plan sənədlərinə uyğun olduqda, başqa şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədikdə, eləcə də kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədikdə, bələdiyyə tərəfindən müvafiq qərarın qəbul edildiyi müəyyən olunmuşdur. Əks halda isə torpaq sahəsinin ayrılmasından imtina edildiyi və ya alternativ torpaq sahəsinin təklif edildiyi göstərilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 16.3-cü maddəsinə əsasən, həmin qanun qüvvəyə minənədək qeyri-qanuni istifadə edilmiş torpaq sahələrinin geri qaytarılması mümkün olmadıqda, bu sahələrin istifadəçilərin mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Eyni zamanda, Qanunun 16.4-cü maddəsinə uyğun olaraq sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahələrinin də geri alınması mümkün olmadıqda, həmin artıq hissələrin də istifadəçinin adına rəsmiləşdirildiyi vurğulanmışdır. Beləliklə, torpaq sahəsinin geri qaytarılmasının mümkün olmaması əsası ilə iki halda onun istifadəçinin mülkiyyətinə verilə biləcəyi müəyyən edilmişdir. Hazırkı iş üzrə də bu hallardan birinin mövcud olduğu və cavabdehin həmin torpaq sahəsinə dair üstünlük hüququna malik olduğu nəticəsinə gəlinmişdir. Onun torpaq sahəsini müvafiq hüquqi əsaslarla əldə etmək imkanının olduğu qeyd edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyasının nəzərə almadığı hal kimi göstərilmişdir ki, mübahisəli torpaq sahəsi AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən icarəyə verilmişdir və iddiaçı tərəfindən müəyyən müddətə istifadəyə qəbul edilmişdir. Müqavilənin müddətinin ##.##.2024-cü ildən ##.##.2026cı il tarixədək olduğu və həmin müddətin bitmək üzrə olduğu qeyd edilmişdir. Bundan əlavə, məhkəmə prosesi zamanı mübahisənin operativ və obyektiv həllinə mane olan halların yarana biləcəyi, belə hallarda isə qanunvericiliyə uyğun olaraq icraatın dayandırılmasının mümkün olduğu göstərilmişdir. Mübahisənin həlli üçün əhəmiyyət kəsb edən hallar başqa icraat çərçivəsində aydınlaşdırılanadək hazırkı iş üzrə icraatın dayandırılmalı olduğu qeyd edilmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

36. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

37. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının * saylı Protokolu

38. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

39. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

40. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

41. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

42. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

43. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

44. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 32. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

45. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.

46. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

47. Maddə 240. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə öz sahəsində binalar və qurğular ucalda bilər. Belə tikililərin inşası üçün müəyyən edilmiş qaydada icazə alınmalıdır. Göstərilən qaydalara əməl etməklə mülkiyyətçi öz mülkiyyətində olan torpaq sahəsində ucaltdığı binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir. Lakin bu qaydaların pozulması ilə inşa edilmiş tikililər özbaşına tikili hesab edilir və yuxarıda qeyd olunan maddəyə əsasən belə tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

56. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılma hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

57. Apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, hazırkı kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassasiya şikayətinin dəlilləri üzrə maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir.

Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

58. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

59. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

60. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının ##.##.2022-ci il tarixli, *** saylı Sərəncamına əsasən Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 17-yə yaxın 0,70 ha torpaq sahəsi çoxmənzilli yaşayış binalarının tikintisi, ətraf ərazinin abadlaşdırılmasının layihələndirilməsinə icazə verilməsi iddiaçıya həvalə edilmişdir. Sumqayıt şəhəri, 13-cü mikrorayon, 15 və ** saylı binaların yanında yerləşən avtodayanacaq cavabdehin istifadəsindədir və həmin ərazinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı sənəd mövcud deyil.

61. Həmçinin apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, ## ##### 2024-cü il tarixli icarə müqaviləsinə əsasən AR İqtisadiyyat Nazirliyi yanıda Əmlak Məsələləri Dövlət Xidməti Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerlən 4196.0 kv.m torpaq sahəsini ##.##.2024-cü ildən ##.##.2026-cı il tarixədək iddiaçıya icarəyə vermiş və icarə hüququ dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ##.##.2024-cü il tarixdə onun adına qeydə alınmışdır.

62. Apellyasiya məhkəməsi yuxarıda qeyd olunan ekspert rəyinə əsaslanaraq müəyyən etmişdir ki, baxış zamanı təqdim olunan qeyri yaşayış obyekti (avtodayanacaq) rəyin tədqiqat hissəsində qeyd olunan koordinatlar daxilində yerləşir.

63. Apellyasiya məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisəli ərazinin cavabdehə məxsus olmasını təsdiq edən hər hansı sənəd olmadığı halda onun istifadəsindədir. Ona görə də birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

64. Nəzərə alınmalıdır ki, hazırkı iddia mülkiyyət hüququnun həyata keçirilməsində yaradılmış maneələrin aradan qaldırması haqqında olan neqator iddiadır. Mülki qanunvericiliyin müddəalarına əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.

65. AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

66. Apellyasiya məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdıraraq qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizələrdən ibarətdir və bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz.

67. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlınılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar