Məhkəmə qərarları › İş №2(103)-10454/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-10454/2021

08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-10454/2021 08.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-240/2021 saylı mülki iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən İddiaçı xeyrinə 76984 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 12.07.2017-ci il tarixdə tərəflər arasında ünvan 1 ünvanda yerləşən binada 96, 97 və 98 saylı 3 mənzilin iddiaçının mülkiyyətinə verilməsi barədə müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 63.97 kv metr olan 96 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 61.75 kv metr olan 97 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 31.26 kv metr olan 98 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür.Lakin Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə kı, iddiaçıya verilən hər 3 mənzil tikilmiş binanın iddiaçının gözləntilərinə uyğun olmayan blokunda yerləşir. Həmin blok həyətə baxır və şəhərə panoraması ümumiyyətlə mövcud deyil. Bununla da cavabdeh iddiaçıya 3 mənzilə görə təxminən 25000 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, iddiaçıya təhvil verilmiş mənzillərin ölçüləri ilə müqavilədə göstərilən ölçülərdən tamamilə fərqlidir. Belə ki, 96 nömrəli mənzilin sahəsi 63.97 kv metr olmalı olduğu halda 52,2 kv metr, 97 nömrəli mənzilin sahəsi 61.75 kv metr olmalı olduğu halda 52,1 kv metr, 98 nömrəli mənzilin sahəsi 31.26 kv metr olmalı olduğu halda 23.8 kv metrdir. Göründüyü kimi Cavabdeh MMC müqavilədə göstərildiyi kimi iddiaçıya cəmi 156,98 kv metr verməli olduğu halda, iddiaçını aldadaraq cəmi 128,1 kv metr (28,88 kv metr az) mənzil sahəsini iddiaçıya təhvil verərək üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Hazırda həmin binada mənzillərin 1 kv metrinin qiyməti 1800 manat olması nəzərə alınarsa, cavabdeh iddiaçıya 51984 manat (28,88x1800azn=51984azn) məbləğində maddi ziyan vurmuşdur.Cavabdeh MMC iddiaçıya mənzilləri müqavilədə nəzərdə tutulmuş blokda vermədiyinə görə 25000 manat və ölçüləri az təhvil verdiiynə görə 51984 manat, cəmi 76984 manat maddi ziyan vurmuşdur.Dəfələrlə cavabdehə artıq ödənilmiş pul məbləğinin qaytarılmasına dair şifahi və yazılı xəbərdarlıq edilmişdir. Lakin bir nəticəsi olmamışdır. Cavabdeh hər dəfə müxtəlif bəhanələr edərək iddiaçıya olan borcu qaytarmaqdan imtina edir. Cavabdehin yerləşdiyi ünvana pulun ödənilməsinə dair xəbərdarlıq məktubu iddiaçı tərəfindən göndərilmişdir. Lakin cavabdeh məktuba heç bir reaksiya verməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-240/2021 saylı mülki iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı iddia tələbinə uyğun əsaslandırılmaql apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və qətnaməsinin ləğv edilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq vəsatət təqdim edirək mülki iş üzrə əlavə məhkəmə ekspertizasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı nümayəndəsi Abbasov Əbülfət Əsgər oğlu apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-240/2021 saylı mülki iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya ilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar. Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən MPM-nin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir. İş materiallarında olan tərəflər arasında bağlanmış 12 iyul 2017-ci il tarixli müqavilədən görünür ki, müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh MMC ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan yaşayış evinin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, həmin fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan ümumi sahəsi 104.59 kv.m olan 4 otaqlı fəqrdi yaşayış evinin əvəzinə 50% artıq, B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 63.97 kv metr olan 96 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 61.75 kv metr olan 97 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən Cavabdeh MMC B2 blokunun 3-cü mərtəbəsindən, təmirli 2 otaqlı ümumi tikinti sahəsi 31.26 kv metr olan 98 nömrəli mənzili iddiaçının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Kollegiya qeyd edir ki, iddiaçı hazırki halda Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhz Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsində yerləşən yeni tikilən binadan müqavilə üzrə ona verilməli olan mənzillərin ölçüsündə olan əksikliyin əvəzi olaraq pul tələb edir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının iddia tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialara aid olsa da, birinci instansiyası məhkəməsi mülki prosessual qanunvericiliyin yuxarıda göstərilən normalarının tələblərini pozaraq, hazırki işin aidiyyətinin Nərimanov Rayon Məhkəməsinə aid olmadığı halda işə mahiyyəti üzrə baxmaqla nəticə vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-240/2021 saylı mülki iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.2.2, 263-264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-240/2021 saylı mülki iş üzrə 09 iyul 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar