Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-10855/2021 02.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı X6 və onun nümayəndəsi (vəkili) X2, cavabdeh “X19” Şirkətinin nümayəndəsi X4 iştirakı ilə X6 “X19” Şirkətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 02 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Kayman adalarının "X19” şirkəti təşkilati-hüquqi forması “filial” olmaqla 10.11.2000-ci il tarixdə dövlət qeydiyyatına alınmış, X18 ilə Filial arasında bağlanmış 01 aprel 2019-cu il tarixli 1688-3№-li əmək müqaviləsinə əsasən X22 “neftin hazırlanması və nəqli sexi/nasos stansiyaları” üzrə böyük usta vəzifəsinə işə qəbul olunmuşdur.
2. 03 mart 2020-ci il tarixli 02X-OK nömrəli əmrin surətindən görünür ki, Qüdrət Əhmədovla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən 04 mart 2020-ci il tarixdən xitam verilmişdir.
3. Həmin əmrdə aşağıdakılar qeyd olunmuşdur: 10 fevral 2020-ci il tarixdə saat 15:40 radələrində Filialın cari təmir sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləyən X12 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə baş vermişdir. Qeyd olunan hadisə istehsalat xarakterli olduğu üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na müvafiq olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidmətinə 04- 2/086 nömrəli 10 fevral 2020-ci il tarixli məktubla dərhal məlumat verilmiş, Əmək Müfəttişliyinin 12 fevral 2020-ci il tarixli **********9 nömrəli əmri ilə hadisənin araşdırılması üçün təhqiqat komissiyası yaradılmışdır. Təhqiqat komissiyası tərəfindən hadisə hərtərəfli araşdırılmış və nəticədə müvafiq təhqiqat aktı tərtib edilərək təsdiq edilmişdir. Təhqiqat aktı filiala 03 mart 2020-ci il tarixdə **********2 nömrəli məktubla rəsmi qaydada təqdim edilmişdir. Təsdiq edilmiş təhqiqat aktına əsasən hadisənin baş verməsinə səbəb olaraq təhqiqat aktının 4.1-ci bəndinə əsasən Filialın baş mexaniki X10, 4.2-ci və 4.6-cı bəndlərinə əsasən mühəndis X13, 4.3 və 4.6-cı bəndlərinə əsasən neftin hazırlanması və nəqli sexinin rəisi X14, 4.4-cü və 4.6-cı bəndlərinə əsasən neftin hazırlanması və nəqli sexinin nasos stansiyaları üzrə böyük ustası X7 cavabdehliyi, 4.5-ci bəndinə əsasən kirayə təmir sexinin rəisi X1 nəzarətsizliyi göstərilmiş və beləliklə adıçəkilən işçilər özlərinin əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi ilə əmək vəzifələrinin və Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşlar. Bundan əlavə, baş vermiş hadisənin araşdırılması, səbəbinin təhqiq edilməsi və gələcəkdə bu kimi halların qarşısının alınması məqsədi ilə şirkət rəhbərinin 02/L nömrəli 11 fevral 2020-ci il tarixli əmri ilə Filial rəhbərinin sədrliyi ilə Filial üzrə daxili komissiya yaradılmışdır. Daxili komissiyanın 15 fevral 2020-ci il tarixli aktına əsasən hadisənin baş verməsinə əsas verən yuxarıda adları çəkilən işçilərdən əlavə Filialın hasilat üzrə vitse-prezidenti Vladimir Navozovun, neftin hazırlanması, təhvili və satış şöbəsinin meneceri X8 və İstehsalatın operativ idarə edilməsi üzrə menecer X3 öz əmək funksiyalarına laqeyid yanaşmaları ilə vəzifə təlimatlarının tələblərini, əmək və icra intizamını pozduqları müəyyən edilmişdir.
4. Şirvan şəhər Prokurorluğunun 29 aprel 2020-ci il tarixli “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, “Qarasu əməliyyat şirkəti”ndə elektrik qaz qaynaqçısı işləyən 1974-cü il təvəllüdlü X12 şirkətin X24 Kompleks hazırlanması sexində X25 Parkında yerləşən Yol qızdırıcısının təmiri zamanı xəsarət alması hadisəsi cinayət əlamətlərini əks etdirmədiyindən, baş vermiş hadisədə cinayət hadisəsi olmadığından 10 fevral 2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə xitam verilmişdir.
5. X18 “Karasu əməliyyat şirkəti”nə qarşı iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək Şirkətin 03 mart 2020-ci il tarixli 02X-OK saylı əmrinin ona aid hissədə ləğv olunmasını, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Şirvan şəhər Məhkəməsi 14 may 2020-ci il tarixli qərardadla işi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərmişdir.
6. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, 01 aprel 2019-cu il tarixli 1688-3 saylı əmr və əmək müqaviləsinə əsasən “X17 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialında “neftin hazırlanması və nəqli sexi, nasos stansiyaları üzrə böyük usta” vəzifəsinə təyin edilmiş, Filialın 03 mart 2020-ci il tarixli 02X-OK əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, yəni mülkiyyətçiyə maddi ziyan vurmaqla əmək vəzifələrini kobud şəkildə pozulduğuna görə əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, işdən azad edilməsi ilə bağlı cavabdehin vermiş olduğu əmr əsassız və qanunsuzdur. Belə ki, peşə təlimatı üzrə işi nasos və mühərriklərin işləmə prinsiplərinə nəzarət etməkdir. Sobanın yuyulması isə həmin təlimata daxil deyildir. 10 fevral 2020-ci il tarixdə səhər saat 08:00-da işə başlayarkən sex rəisi Şaiq Vəliyev onu otağına çağıraraq sobanın içərisində olan ilanvari borudan axan mayedən sızma müşahidə olunduğunu bildirmiş və ilanvari borunun daxilini yumağı ona tapşırmışdır. Həmin tapşırığı yerinə yetirərkən operatoru da özü ilə aparmış, əraziyə gedərkən ona bəlli olmuşdur ki, sobada əlli faiz işlər görülüb başa çatmışdır. Operator Nurəddin adlı şəxslə birlikdə həmin borunu iki maşın su ilə yumuş və ofisə qayıtmışdır. Sobanın içərisində olan ilanvari borunu yumaq səlahiyyətində olmasa da, sex rəisinin tapşırığını icra etmək məcburiyyətində qalmışdır. Halbuki, həmin iş başqa bir işçinin səlahiyyətinə aiddir və əslində partlayışın sobanın içərisində olan borunun yuyulması ilə heç bir əlaqəsi olmamışdır. Sobada partlayış olmamışdan öncə orada qazın olmaması ilə bağlı iki sex rəisi rəy vermiş, onların razılığı əsasında qaynaq işləri başlanılmış və bu zaman partlayış baş vermişdir. Qeyd olunmalıdır ki, sobanın təmiri tədbirlər planına əsasən aparılmalı idi. Lakin həmin tədbirlər planı 11 fevral 2020-ci il tarixdə qanunsuz olaraq tərtib edilmiş və tədbirlər planına onun adı daxil olunmuşdur. Göründüyü kimi baş vermiş hadisə ilə bağlı heç bir təqsiri olmamasına baxmayaraq şirkət tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verilmişdir. Barəsində iltizam tənbehi tətbiq olunan zaman şəxsiyyəti, sosial statusu peşə bilikləri əvvəllər intizam tənbehinə məruz qalmaması kimi hallar nəzərə alınmadan barəsində ən ağır intizam tənbehi görülmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, filialda istehsalatda bədbəxt hadisə baş vermiş və bu qəza iddiaçı tərəfindən ona həvalə edilmiş işin lazımınca yerinə yetirilməməsi səbəbindən olmuşdur. İddiaçı tərəfindən təmirə bağlanmış sobanın ilanvari borusunun yuyulması işin mübahisə edilməyən halıdır. İddiaçı bu barədə ona verilmiş tapşırığın qanunsuz olduğunu irəli sürsə də, həmin qanunsuz əmri icra etməmək barədə əmri verən şəxsə hər hansı bir irad bildirməmiş, əmək qanunvericiliyinə və əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş, əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd olunan faktı təsdiq edən təhqiqat aktı mövcuddur. İddiaçı əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirmiş və əmək vəzifələrini kobud şəkildə pozmuş, əmək funksiyalarını yerinə yetirərkən istehsalatda qəza törətmişdir ki, qeyd olunan hallar müəssisənin qanuni mənafeyinə ciddi xələl gətirən hüquqazidd hərəkətlər hesab edilməlidir.
b) Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 avqust 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia ərizəsinin təmin edilməsi, “X19” Şirkətinin 03.03.2020-ci il tarixli 02X-OK saylı əmrinin X9 aid hissədə ləğv edilməsi, X6 tutmuş olduğu vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsinin təmin edilməsi, ekspertiza xərci olan 120 (yüz iyirmi) manatın “X19” Şirkətindən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sübutetmə cavabdehin üzərində olduğu halda əmrin əsaslarını sübuta yetirməmiş, əmrdə qeyd edilən əsaslandırma üzrə xidməti araşdırma aparılmadan əsaslandırılmayan elektrik-qaz qaynaqçısı X15 10.02.2020-ci il tarixdə saat 15.40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı əsasında qərar qəbul edilmişdir. Əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilən iddiaçının vəzifə təlimatında qeyd edilən vəzifə funksiyalarına istinad etməklə əsas kimi qanunvericiliklə müəyyən edilən əmrin əsaslandırma tələbinə formal yanaşılmışdır. Məhkəmə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 11, 68, 70-ci maddəsinin "ç” bəndi, 71, 72 maddəsinin "a” bəndi, 83, 84, 186-190, 294-300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21, 324; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Belə ki, şəxsin təqsirli olmaması cinayət hadisəsinin olmaması və ekspert rəyləri ilə istisna edilir, təhqiqat aktında əks edilənlərdən isə bilavasitə iddiaçının məsuliyyət daşıması sübuta yetirilmir və mötəbər sübut kimi qiymətləndirilə bilməz.
c) Kassasiya instansiyası məhkəməsindəki icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ilə “X19” Şirkətinin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilmişdir.
12. Kassasiya instansiyası məhkəməsi öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “...Apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı qətnaməsini ləğv edərək iddianın təmin olunması nəticəsinə gələrkən aşağıdakılara əsaslanmışdır: 1. Sübutetmə cavabdehin üzərində olduğu halda əmrin əsaslarını sübuta yetirməmiş; 2. Əmrdə qeyd edilən əsaslandırma üzrə xidməti araşdırma aparılmadan əsaslandırılmayan elektrik-qaz qaynaqçısı X15 10.02.2020- ci il tarixdə saat 15.40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktı əsasında qərar qəbul edilmiş; 3. Əmək funksiyalarının icrasında yol verdiyi nöqsanlara görə vəzifəsindən azad edilən iddiaçının vəzifə təlimatında qeyd edilən vəzifə funksiyalarına istinad etməklə əsas kimi qanunvericiliklə müəyyən edilən əmrin əsaslandırma tələbinə formal yanaşılmış; 4. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış; 5. Qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş, bununla da yanlış nəticə hasil olunmuş; 6. Şəxsin təqsirli olmaması, cinayət hadisəsinin olmaması və ekspert rəyləri ilə istisna edilir, təhqiqat aktında əks edilənlərdən isə bilavasitə iddiaçının məsuliyyət daşıması sübuta yetirilmir və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi zamanı verilmiş əmrin əsaslandırılmaması və bununla bağlı digər dəlillərlə bağlı qeyd edir ki, apellyasiya məhkəməsinin bu hissədə gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Cavabdeh iddia tələbinə etirazında və kassasiya şikayətində göstərir ki, “X20 Xidmətinin 27.02.2020-ci il tarixli tədqiqat aktına əsasən bədbəxt hadisənin baş verməsində tədqiqat aktının 4.4-cü bəndinə əsasən iddiaçı filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş “nasos stansiyaları üzrə böyük ustanın vəzifə təlimatı”-nın 3.2-ci (istehsalat təhlükəsizliyi və əməyin mühafizəsi üzrə peşə öhdəlikləri) bəndinin 1-ci abzasının (öhdəliklərini əmək qanunvericiliyinə, qaydalara, normalara, təlimatlara və əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası üzrə digər rəhbər sənədlərə uyğun olaraq icra etmək tələblərinə əməl etməmişdir. Tədqiqat aktının 4.6-cı bəndinə əsasən X18 filialın istehsalat üzrə vitse-prezidenti tərəfindən təsdiq edilmiş “Mexaniki avadanlıqların təmiri üzrə reqlamenti”nin 4-cü (qızdırıcının demontajına hazırlıq işləri) bölməsinin 4.2-ci (demontajın hazırlıq işlərində vacibdir) bəndinin 3-cü abzasının (ilanvari boru yığımını 2 saat ərzində buxarla yumaq) tələblərinə əməl etməmişdir. İddiaçı öz vəzifə öhdəliklərini yerinə yetirməyərək əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşının səhhətinə xəsarət yetirilməsi ilə Əmək Məcəlləsinin tələblərini kobud şəkildə pozmuşdur. İddiaçının hadisənin baş verməsində təqsiri aşağıdakılardan ibarətdir: 09.02.2020-ci il tarixdə şirkətin vitse-prezidenti Vladimir Novozov neftin hazırlanması və nəqli sexinin ərazisində yerləşən YO-2M markalı yol qızdırıcısının üst səthinin mərkəzində yerləşən deşikdən xam neft qarışıqlı mayenin çölə axmasının qarşısını almaq məqsədilə təmir işlərinin aparılmasına dair müvafiq tapşırıqlar vermişdir. Həmin sexin rəisi Ş.Vəliyev 10.02.2020-ci il tarixdə nasos stansiyaları üzrə böyük usta Qüdrət Əhmədova qızdırıcının ilanvari borusunda yaranmış nasazlığın aradan qaldırılması üçün nəzərdə tutulmuş təmir işlərinin başlanması məqsədilə hazırlıq işlərinin görülməsi tapşırığını vermiş və sahədə yerləşən digər texnoloji avadanlıqların işinə nəzarət etmək üçün getmişdir. İddiaçı ilanvari boru yığımının içərisinin təmiz su ilə yuyulmasını təşkil etsə də, “Mexaniki avadanlıqların təmiri üzrə reqlament”də nəzərdə tutulmasına baxmayaraq ilanvari boru yığımını buxarla yumadan Ş.Vəliyevə mobil telefonla zəng edərək hazırlıq işlərinin başa çatdığını bildirmişdir. Bundan sonra Şirkətin digər əməkdaşları da təmir işlərinin aparılması istiqamətində digər tədbirləri görmüşlər və nəticədə partlayış baş verərək şirkətin əməkdaşının sağlamlığına olduqca ağır zərər vurulmuşdur. Şirkət tərəfindən yaradılmış daxili komissiyanın təhqiqatı nəticəsində də bədbəxt hadisənin baş verməsinin səbəbi işçilərin, o cümlədən X6 öz vəzifə təlimatının, mexaniki avadanlıqların təmiri üzrə reqlamentinin və bununla də Əmək Qanunvericiliyinin pozulması müəyyən edilmişdir”. İddiaçının işdən azad olunmasına dair əmrdə isə onun verilməsinə əsas kimi Əmək Müfəttişliyinin hadisənin araşdırılması ilə bağlı 12 fevral 2020ci il tarixli əmri ilə yaradılmış təhqiqat komissiyasının 27 fevral 2020-ci il tarixli aktına və eyni zamanda bundan əlavə şirkət rəhbərliyinin 11 fevral 2020-ci i tarixli əmri əsasında yaradılmış daxili araşdırma komissiyasının 15 fevral 2020-ci il tarixli aktına istinad olunmuşdur. Hər iki aktın nəticələrinə görə isə iddiaçı əmək funksiyasına laqeyd yanaşmış, vəzifə təlimatlarının tələblərini, əmək və icra intizamını pozmuşdur. Belə olan halda işəgötürənin iddiaçının işdən azad olunmasına dair əmrini əsaslandırmaması və əmrinin əsaslılığını sübut edə bilməməsi ilə bağlı nəticə anlaşılmaz olmaqla işin halları ilə təsdiq olunmur. Apellyasiya instansiya məhkəməsinin əsaslandırması o nəticəyə gəlməyə əsas verir ki, cavabdehin etirazının əsası kimi istinad etdiyi bu dəlillər üzrə ümumiyyətlə hər hansı araşdırma aparılmamışdır. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilsin. Qeyd edilən faktlar üzrə etirazın dəlillərinə qiymət verilməsi iddianın obyektiv və qanuni həlli baxımından mühüm əhəmiyyət kəsb etsə də, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin tələblərini pozaraq etirazın dəlillərini araşdırmamışdır. Həmçinin əmrdə göstərilən əsasların və əmrin əsaslılığının cavabdeh tərəfindən məhkəmə baxışı zamanı sübuta yetirilməməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə də sübutların MPMin 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirliməsi qaydasına cavab vermir. Apellyasiya məhkəməsi isə qeyd edilən aktları sübut kimi qiymətləndirmədən kənarda qoymuşdur. ...Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi baş vermiş hadisə ilə bağlı aparılan cinayət təqibinin yekununa görə qəbul olunmuş 29 aprel 2020-ci il tarixli qərarına və həmin icraatda keçirilmiş və apellyasiya icraatı zamanı təyin olunaraq alınmış ekspert rəylərinə istinad edərək belə qənaətə gəlmişdir ki, şəxs təqsirli deyil, cinayət hadisəsi yoxdur. Nəzərə alınmalıdır ki, cinayət təqibini həyata keçirən orqanın qəbul etmiş olduğu qərar mülki işə baxan məhkəmə üçün preyudisial əhəmiyyətə malik olan qərar olaraq qəbul oluna bilməz. Həmin qərar, o cümlədən ekspert rəyləri digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasından aydın olur ki, cinayət təqibini həyata keçirən orqanın iş üzrə icraata xitam verilməsinə dair qərarda ifadə etdiyi mövqeyini və ekspertiza rəyində müəyyən olunmuş nəticəni möhtəbər sübutlar olaraq qəbul etmişdir, iş üçün əhəmiyyətli olan digər sübutları göstərildiyi kimi kənarda qoymuş və qiymətləndirilməmiş saxlamışdır. Halbuki əmrin verilməsinə əsas məhz həmin aktlar olmuşdur. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qərarda hadisənin cinayət hadisəsi olmamasına dair gəldiyi nəticə ümumiyyətlə hadisənin baş verməməsi demək deyildir. Həmin qərarda ifadə edilmiş mövqe cinayət işinin mövcudluğunu, həmin icraatda təqibin davam etdirilməsini istisna etsə də, mülki və ya əmək münasibətləri daxilində icraatın başlanmasını və davam etdirilməsini istisna etmir. Hər bir halda nəzərə alınmalıdır ki, hadisə baş vermiş, həmin hadisə nəticəsində bir nəfər xəsarət almış və işəgötürən hadisə ilə bağlı zərərə məruz qalmışdır. Bütün bunlar keçirilmiş tədqiqatların nəticəsinə görə verilmiş aktlara əsasən işçinin əmək funksiyası ilə bağlı vəzifələrini düzgün yerinə yetirməməsi və icra etməməsi ilə bağlı olmuşdur”.
Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası
13. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə etmiş, cavabdeh Şirkətin nümayəndəsi isə şikayətin əsassız olduğunu bildirmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
14. Maddə 42. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. Tam fəaliyyət qabiliyyəti olmayan şəxs işəgötürən ola bilməz
15. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ...ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda.
16. Maddə 71. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
17. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması.
18. Maddə 217. 1. İşəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. 2. Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. 3. Bədbəxt hadisənin araşdırılması başa çatdıqdan sonra işəgötürən tərəfindən bir gündən gec olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq akt tərtib edilməli və onun bir nüsxəsi mütləq zərərçəkən işçiyə təqdim olunmalıdır. 4. Bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. 5. Bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X20 Xidməti haqqında” Əsasnamə
19. Bənd 1.1. X20 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
26. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
27. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
31. Eyni zamanda nəzərə alınmalıdır ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
İşə təkrar apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
32. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüququ düzgün tətbiq etmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.
33. Qeyd olunmalıdır ki, 10.02.2020-ci il tarixdə “X19” şirkətinin cari təmir sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləyən X12 iş zamanı ağır xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin (partlayışın) baş verdiyi, hadisə ilə bağlı X11 dərhal məlumat verildiyi, həmin qurum tərəfindən 12.02.2020-ci il tarixində hadisənin araşdırılması üçün təhqiqat komissiyasının yaradıldığı və müvafiq təhqiqat aktının tərtib olunduğu işin mübahisə edilməyən halıdır.
34. İşin müəyyən olunan halına görə, 09.02.2020-ci il tarixdə şirkətin vitseprezidenti Vladimir Novozov neftin hazırlanması və nəqli sexinin ərazisində yerləşən YO- 2M markalı yol qızdırıcısının üst səthinin mərkəzində yerləşən deşikdən xam neft qarışıqlı mayenin çölə axmasının qarşısını almaq məqsədilə təmir işlərinin aparılmasına dair müvafiq tapşırıqlar vermiş, həmin sexin rəisi Ş.Vəliyev 10.02.2020-ci il tarixdə nasos stansiyaları üzrə böyük usta Qüdrət Əhmədova qızdırıcının ilanvari borusunda yaranmış nasazlığın aradan qaldırılması üçün nəzərdə tutulmuş təmir işlərinin başlanması məqsədilə hazırlıq işlərinin görülməsini tapşırmış, iddiaçı ilanvari boru yığımının içərisinin təmiz su ilə yuyulmasını təşkil etsə də, “Mexaniki avadanlıqların təmiri üzrə reqlament”də nəzərdə tutulmasına baxmayaraq ilanvari boru yığımını buxarla yumadan Ş.Vəliyevə mobil telefonla zəng edərək hazırlıq işlərinin başa çatdığını bildirmişdir.
35. X20 Xidmətinin 27.02.2020-ci il tarixli tədqiqat aktında göstərilmişdir ki, X18 filialın rəhbərliyi tərəfindən təsdiq edilmiş “nasos stansiyaları üzrə böyük ustanın vəzifə təlimatı”nın 3.2-ci (istehsalat təhlükəsizliyi və əməyin mühafizəsi üzrə peşə öhdəlikləri) bəndinin 1-ci abzasının (öhdəliklərini əmək qanunvericiliyinə, qaydalara, normalara, təlimatlara və əməyin mühafizəsi, təhlükəsizlik texnikası, yanğın təhlükəsizliyi və istehsalat sanitariyası üzrə digər rəhbər sənədlərə uyğun olaraq icra etmək tələblərinə əməl etməmiş, filialın istehsalat üzrə vitse-prezidenti tərəfindən təsdiq edilmiş “Mexaniki avadanlıqların təmiri üzrə reqlamenti”nin 4-cü (qızdırıcının demontajına hazırlıq işləri) bölməsinin 4.2-ci (demontajın hazırlıq işlərində vacibdir) bəndinin 3-cü abzasının (ilanvari boru yığımını 2 saat ərzində buxarla yumaq) tələblərini yerinə yetirməmiş, nəticədə bədbəxt hadisə baş vermişdir.
36. Şirkət tərəfindən yaradılmış daxili komissiyanın təhqiqatı nəticəsində də bədbəxt hadisənin baş verməsinin səbəbinin işçilərin, o cümlədən X6 öz vəzifə təlimatının və mexaniki avadanlıqların təmiri üzrə reqlamentin tələblərini pozmaları olduğu müəyyən edilmişdir.
37. Apellyasiya baxışı zamanı müəyyən olunmuşdur ki, X20 Xidmətinin sözügedən təhqiqat aktı, aktda hadisənin törənməsində təqsirli olduğu qeyd edilən işçilərdən biri olan Şaiq Vəliyev tərəfindən məhkəmədə mübahisələndirilmiş, Bakı İnzibati Məhkəməsi iddia tələbini təmin etməmişdir.
38. Kollegiyanın qənaətinə görə, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən bu Məcəllənin 72-ci maddəsində göstərilən kobud pozuntuların onun əməllərində mövcud olmaması barədə iddiaçının arqumentlərini əsaslı hesab etməyən birinci instansiya məhkəməsi haqlı olmuşdur; belə ki, iddiaçının yol verdiyi pozuntunun cavabdeh Şirkətin qanuni mənafelərinə xələl gətirmiş olduğu, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulduğu və Şirkətə maddi ziyan dəydiyi şübhəsizdir – həm də bu pozuntu nəticəsində digər işçinin səhhətinə xəsarət yetirilmişdir.
39. Əvvəlki apellyasiya baxışı zamanı alınmış ekspert rəyinə də münasibət bildirən kollegiya qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o halda kifayət qədər yüksək ola bilər ki, ekspert rəyində göstərilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Yalnız bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin "xüsusi”, "müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir. Ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi.
40. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3638/2020 saylı iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat X5 alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Fuad Babayev