Məhkəmə qərarları › İş №2(103)-11649/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-11649/2021

13.12.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-11649/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı MMMC-nin Cavabdeh qarşı “kommunal xərclərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(011)- 5532/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı MMMC Cavabdeh qarşı iddia ərizəsi, daha sonra iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kommunal xidmətlərə görə cavabdehdən 1529,13 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq MMMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, MMMC 28.03.2016-cı il tarixdə sahə mülkiyyətçilərinin qərarı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Nizamnamənin surətindən görünür ki, Cəmiyyətin fəaliyyət ərazisi Bakı şəhəri, Xətai rayonu, məhəllə 2934, Sadıqcan küçəsi, ev 2A, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. İddiaçı MMMC-nin Nizamnaməsinə əsasən Cəmiyyət qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək: cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək və sair hüquqlara malikdir. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 216,70 kv.m olan 10 saylı mənzil cavabdehin mülkiyyətindədir. Cavabdehin mənzilin mülkiyyətçisi olaraq ümumi əmlakın saxlanılması üçün kommunal haqları ödəmək öhdəlikləri yaranmışdır. Lakin, cavabdeh öhdəliklərini yerinə yetirməkdən boyun qaçıraraq, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yaranmış borcu ödəməkdən yayınır. İddiaçı MMMC-nin aylıq kommunal tariflərin dəyişdirilməsinə dair İddiaçı MMMC-nin idarə Heyətinin 28.12.2016-cı il tarixli 5 saylı iclas Protokoluna əsasən aylıq kommunal xidmət tariflərinin dəyişdirilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2(011)- 5532/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayətində işin faktiki halları sadalanaraq göstərilmişdir ki, sahə mülkiyyətçilərinin ümumi yığıncağının 26.12.2016-cı il tarixli qərarı olması barədə məhkəməyə məlumat verilsə də, müzakirə predmeti olmamış, tələb edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili isə apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, iş materiallarına uyğun izahat verib, şikayətin təmin olunmamasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6 maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, məhəllə 2934, 2A, korpus 4, 10 saylı mənzil üzərində Cavabdeh xüsusi mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində 27.12.2017-ci il tarixdə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən mənzil sahibinə göndərilmiş bildirişin surətindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, məhəllə 2934, 2A, 10 saylı mənzil üzrə 1377,44 manat məbləğində borcu vardır. İddiaçı MMMC-nin 28.03.2016-cı il tarixli 1116-MM3-0022 qeydiyyat nömrəli nizamnaməsinin surətindən görünür ki, nizamnamənin 6.1-ci maddəsinə əsasən, cəmiyyətin iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Nizamnamənin 6.3.4-cü maddəsinə əsasən, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətidir. İddiaçı MMMC-nin 28.12.2016-cı il tarixli idarə heyəti iclasının 5 nömrəli protokolunun surətindən görünür ki, sahə mülkiyyətçisinə qış mövsümündə (15.11-15.04 ərəfəsində) istilik, daimi olaraq isti su verildikdə mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,90 manat; sahə mülkiyyətçisinə qış mövsümündə istiliklə təchiz edilmədikdə və mənzilə isti su verilmədikdə mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,50 manat və sahə mülkiyyətçisi mənzildə yaşamadığı təqdirdə, təmirə başlayan günədək mənzilin ümumi sahəsinin hər kv.metri üçün 0,35 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən daşınmaz əmlak kompleksini birgə idarə etmək və s. məqsədlə İddiaçı MMMC (Cəmiyyət) yaradılmışdır. Cəmiyyətin idarəetmə orqanları onun iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyasıdır. Cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək cəmiyyətin iştirakçılarının ümumi yığıncağının səlahiyyətidir. Baxılan işdən görünür ki, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarı cəmiyyətin iştirakçılarının ümumi yığıncağında deyil, idarə heyətinin iclasında müəyyən edilmişdir. Məhkəmə də belə nəticəyə gəlmişdir ki, yaşayış binasının saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında müəyyən edilməli məsələ olduğundan, idarə heyətinin iclasında aylıq kommunal tariflərinin miqdarının müəyyən edilməsi barədə Qərar mənzil qanunvericiliyinin və Cəmiyyətin nizamnaməsinin müddəalarına zidd olduğundan, həmin Qərar əsasında Cavabdeh kommunal xitmətlərə görə haqqın tutulması barədə iddia tələbi əsassızdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni ümumən əsaslı və qanuni hesab edir. Mənzil Məcəlləsinin Vİ fəslində yer almış 43.2.4-cü maddənin tələbinə görə çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın idarəetmə orqanı olan sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmişdir. Sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi qaydası, qərarlar qəbul edilməsi və s. məsələlər Mənzil Məcəlləsinin 44-47-ci maddələrində şərh olunmuşdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı, cəmiyyətin idarə heyəti və maliyyə təftiş komissiyası (müfəttişi) cəmiyyətin idarəetmə orqanlarıdır. Məcəllənin 125-ci maddəsinə əsasən, cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək səlahiyyəti mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətidir. Tərəflər arasında kommunal xərclərin ödənilməsinə dair müqavilə bağlanmamışdır. İddiaçı tərəfindən apelyasiya şikayətinə əlavə edilmiş 26.12.2016-ci il tarixli Ümumi yığıncağın qərarına münasibətdə Kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Baxılan iş üzrə göründüyü kimi, iddiaçı tərəfindən 26.12.2016-ci il tarixli Ümumi yığıncağın qərarı birinci instansiya məhkəməsində təqdim edilməmişdir və iddiaçıdan asılı olmayan səbəblərə görə mümkün olmaması müəyyən edilməmişdir, iddiaçı özü apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə tərəfindən tələb edilməmişdir. Digər tərəfdən Kollegiya qeyd edir ki, aylıq kommunal xidmət tariflərinin dəyişdirilməsi barədə 26 dekabr 2016-cı il tarixdə Ümumi yığıncağın qərarı olduğu halda, iki gün sonra - 28 dekabr 2016-cı il tarixdə eyni məsələ ilə bağlı İdarə heyətinin iclasının keçirilməsi və eyni məzmunlu qərarın qəbul edilməsinə hər hansı zərurət qalmamış olardı. Bundan başqa iş materiallarında olan 27.01.2017-ci il tarixli MMMC-nin iştirakçılarının növbədənkənar ümumi yığıncağın 6 nömrəli protokolunda olan iştirakçıların imzaları ilə apelyasiya şikayətinə əlavə edilmiş 26.12.2016-cı il tarixli Ümumi yığıncağın qərarında olan iştirakçıların imzalarına nəzər saldıqda eyni iştirakçıların imzaları arasında kəskin fərq olduğu vizual baxışdan müəyyən edilir. Sadalanan hallar apelyasiya şikayətinə əlavə edilmiş qərarın mötəbərliyini şübhə altına almağa əsas verir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi və ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5532/2021 saylı iş üzrə 22 sentyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar