Məhkəmə qərarları › İş №2(103)-1778/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1778/2021

08.02.2021 · Daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkyyəti hüququnun tanınması haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1778/2021 08.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X5 Təşkilatının nümayəndəsi X1, həmçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3136/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X5 Təşkilatı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X5 Təşkilatı Abşeron rayonu Mehdiabad Bələdiyyəsini və Maraqlı şəxs2 maraqlı şəxslər kimi göstərərək ərizə ilə məhkəməyə müraciət edib, Abşeron rayonu Mehdiabad qəsəbəsində “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti X5 Təşkilatına məxsus kənd təsərrüfatı torpaq sahəsində (“SALT” otelin arxasında) ağır çəkili beton istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların sahibsiz elan edilməsi və daşınar əşyalar üzərində “X4” Məhdud Məsuliyyətli Cəmiyyəti X5 Təşkilatının mülkiyyət hüquqlarının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3136/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədən iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X5 Təşkilatı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə ərizəçiyə məxsus olan torpaq sahəsində beton istehsalı üçün nəzərdə tutulmuş , sahibi bilinməyən avadanlıqlar olduğunu, onun dəyəri açıq-aşkar əlli beş manatdan yuxarı olduğunu, sahibinin həmin əmlakda marağı olmadığını bildirmişdir. Belə ki, artıq iki ildən artıqdır ki, həmin daşınar əmlak demək olar ki, baxımsız bir durumda və “xxxx” MMC-yə maneə yaradır. Eyni zamanda hazırki vəziyyətdə ərizəçiyə məxsus olan torpaq sahəsi üzərində həmin əmlakın olmasına görə sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmir. Torpaq sahəsinin “xxxx” MMC-yə məxsus olduğunu, həmin torpaq sahəsi üzərində olan avadanlıqların şəkilərini göstərsədə, eyni zamanda Abşeron Rayon Mehdiabad Bələdiyyəsindən verilmiş sorğuda həmin əmlakın kimə məxsus olmasını bilmədiklərini bildirsələrdə, qətnamədə sübutların kifayət qədər olmaması bildirilib. Eyni zamanda qətnamədə qeyd edilib ki, ərizəçi tələbini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi hansı sübutun əlavə olaraq lazım olduğunu və onu təqdim edə bilmədiyini göstərməyib. Qətnamədə işin faktiki hallarının təsdiq edilməməsi qeyd edilir. İşin faktiki halı ondan ibarətdir ki, ərizəçiyə məxsus olan torpaq sahəsində daşınar əmlak var və həmin daşınar əmlakın uzun müddətdir kimə məxsus olması bəlli deyil. Burada işin faktiki iki halı var və hər iki hal da sübut olunur. Daşınar əmlakın olması və həmin daşınar əmlakın ərizəçiyə məxsus olan torpaq sahəsində yerləşdirilməsi. Bunlarda öz təsdiqini tapıb. Əlavə nəyin sübut edilməsi lazım olduğu açıq qalır. Digər bir paradoksal hal ondan ibarətdir ki, məhkəmə öz qətnamsində Prosessual Məcəllənin 77.3-ci mədəsinə əsaslanaraq qeyd edir ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Üç dəfə məhkəmə baxışı olur və hakim heç birində işdə olan sübutlar əsasında baxmağın mümkün olmaması, sübutların kifayət etməməsi barədə bir fikir bildirmir. Məhkəmə iclasında ərizəçi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X5 Təşkilatının nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil da apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, ərizəçi şəxsin irəli sürdüyü müvafiq tələbi şərtləndirən halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Tələbin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan tələbin əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən“X4” Məhdud Məsuliyyətli Cəmiyyəti X5 Təşkilatının hazırkı tələbi əsassızdır, ərizəçi tələbini əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi göstərilmiş, şikayətin dəlillərindən görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni ərizənin təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə yoxlanılmalıdır. Hazırki iş üzrə, ərizənin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Mülki Məcəllənin 184.1-ci maddəsinə əsasən əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Həmin Məcəllənin 185.1-ci maddəsinə əsasən mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı (atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər; Həmin Məcəllənin 185.3-cü maddəsinə əsasən atılmış başqa əmlak ona sahibliyə başlamış şəxsin mülkiyyətinə o zaman daxil olur ki, bu əmlak həmin şəxsin ərizəsi ilə məhkəmə tərəfindən sahibsizhesab edilir. Mülki Prosessual Məcəllənin 324.1-ci maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi haqqında ərizədə hansı əşyanın sahibsiz hesab edilməli olması göstərilməli, onun əsas fərqləndirici əlamətləri təsvir edilməli, habelə mülkiyyətçi tərəfindən əşyanın üzərində mülkiyyət hüququnu saxlamaq niyyətinin olmaması və ərizəçinin əşyaya sahiblik etməyə başlaması barədə sübutlar göstərilməlidir Həmin Məcəllənin 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Əvvəla, ərizəçi mülkiyyətində olan torpaq sahəsində olan ağır çəkili beton istehsalı üçün nəzərdə tutulmuş avadanlıqların sahibsiz elan edilməsi və daşınar əşyalar üzərində mülkiyyət hüquqlarının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də həmin əşyaların mülkiyyətçisinin olmadığına və ya məlum olmadığına yaxud keçmiş mülkiyyətçisinin həmin avadanlıqlardan imtina edərək sahibliyinə xitam verməsinə dair məhkəməyə mötəbər sübut təqdim etməlidir. Çünki, yalnız bu halda daşınar əşya sahibsiz sayıla bilər. İkincisi, mülkiyyət hüququndan imtina etmək məqsədi ilə mülkiyyətçinin atdığı və ya digər şəkildə əl çəkdiyi daşınar əşyanı(atılmış əmlakı) başqa şəxslər öz mülkiyyətinə yönəldə bilər. Lakin hazırki işdə ərizəçinin göstərdiyi əşyaların ümumiyyətlə mülkiyyətçisinin hansı şəxs olması bəlli olmadığından onun bu əşyaları mülkiyyət hüququndan imtina etmək məqsədilə atmasından və ya digər şəkildə onlardan əl çəkməsindan də danışmaq olmaz. Çünki, əvvəlcə mülkiyyətçi müəyyən edilməlidir ki, bundan sonra həmin əşyalarla bağlı onun məqsədi və niyyəti öyrənilsin. Ona görə də ərizəçi ilk növbədə bu əşyaların mülkiyyətçisinin hansı şəxs olmasına və həmin mülkiyyətçi tərəfindən həmin əşyalar üzərində mülkiyyət hüququnun saxlamaq niyyətinin olmamasına dair sübutlar təqdim etməli idi ki, qeyd olunan əşyaların onun mülkiyyətinə daxil olması üçün də əsas yaransın. Üçüncüsü, məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxara bilər. Lakin məhkəmənin də daşınar əşyanın mülkiyyətçisi olmadığına, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmasını hesab etmək üçün əsas olmalıdır. Bu əsasın yaranmasını isə ərizəçi buna dair sübutlar təqdim etmək yolu ilə təmin etməlidir. Əks halda məhkəmənin qeyd olunan əşyaları sahibsiz hesab etməsi və ərizəçinin mülkiyyətinə verməsi əsaslı və qanuni ola bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, hazırki iş üzrə ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətində göstərilmiş dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti X5 Təşkilatının apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3136/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar