Məhkəmə qərarları › İş №2(103)-2330/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2330/2023

28.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2330/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə, cavabdehə məxsus itin torpaq sahəsindən çıxarılması və elektrik enerjisindən istifadəyə məhdudiyyətlər yaratmasının cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Açar sözlər: evə köçürülmə tələbi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı evə köçürülmə, cavabdehə məxsus itin torpaq sahəsindən çıxarılması və elektrik enerjisindən istifadəyə məhdudiyyətlər yaratmasının qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(008)-5861/2022 nömrəli qətnaməsindən cavabdehin şikayətinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

1. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evə köçürülməsi, cavabdehə məxsus olan və təhlükə mənbəyi olan itin həmin evin yerləşdiyi torpaq sahəsindən çıxarılması və elektrik enerjisindən istifadəyə yaradılan məhdudiyyətlərin (elektrik xəttinin kəsilməsi, sayğacın bağlanması kimi hərəkətlər) cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(008)- 5861/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri, Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etmələrinə maneə törətməsi qadağan edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

3. Qətnamə ilə razılaşmayan cavabdeh ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2(008)- 5861/2022 nömrəli qərardadı ilə şikayət geri qaytarılmışdır.

5. Cavabdeh yenidən həmin qətnamədən apelyasiya şikayət verərək, ləğv edilməsini xahiş etmiş və apelyasiya şikayəti mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddət keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onu vermiş şəxsə qaytarılır; Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır; Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Maddə 361.1. Apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir; Maddə 361.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir; Maddə 363.1.1-1. Apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər;

7. Məhkəmə aktlarından verilən apellyasiya şikayətinin formasını müəyyən edən “Apellyasiya şikayətinin forması” adlı “Əlavə 2” (2 saylı Əlavə) “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2021-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

8. İşdən müəyyən olunur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli qətnaməsi 27 dekabr 2022-ci il tarixdə məhkəmə qəbzinə imza etdirməklə şəxsən cavabdehə rəsmi qaydada verilmiş, sonuncunun hazırkı apellyasiya şikayəti isə elektron kabinet vasitəsilə 17 fevral 2023-cü il tarixdə göndərilmiş, bununla da qətnamədən şikayət verilməsi üçün qanunla nəzərdə tutulan 1 aylıq prosessual müddət ötürülmüşdür.

9. İş üzrə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişdir.

10. Bundan əlavə, MPM-in “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsində apellyasiya şikayətinin cədvəl forması və şikayətdə hansı məlumatların göstərilməli olması müəyyən edilmiş, Əlavə ilə tələb olunmuşdur ki, apellyasiya şikayəti verən şəxs işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməli, işin materiallarına istinad edilməklə məhkəmələr tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməli, eləcə də mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların məhkəmələr tərəfindən araşdırılmadığını dəqiq bildirməli, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməli; şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməli; məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığı dəqiq göstərilməli və hər birinin qarşısında bu halın məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətinin nədən ibarət olduğuna aydın şəkildə izah verilməli; məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsi dəqiq göstərilməli və hər birinin qarşısında bunun nədə ifadə olunmasına (qanunla göstərilən sübutlarla təsdiq edilməməsi və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilməsi) aydın şəkildə izah verilməli; apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

11. İşdən müəyyən olunur ki, şikayətdə mülki prosessual qanunvericiliyin qeyd olunan imperativ göstərişləri yerinə yetirilməmiş, şikayət “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavə ilə tələb olunan cədvəl formasına və cədvəl daxilində məzmuna uyğun tərtib edilməmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 540/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadında eyni nöqsana yol verilən kassasiya şikayətinə münasibətdə göstərilmişdir ki, “Kassasiya şikayətlərinin müəyyən edilmiş forma tələblərinə əməl edilməklə verilməsinin məcburiliyi onunla bağlıdır ki, məhkəmə aktlarından verilən kassasiya şikayətinin formasını müəyyən edən “3 saylı Əlavə” “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 09 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və MPM-ə daxil edilmişdir. Bundan əlavə, kassasiya şikayətinin sözügedən 3 saylı Əlavədə nəzərdə tutulmuş formada verilməsi, məhz MPM-nin 407.1-ci maddəsinin tələbidir. Həmin normada MPM ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətinə dair tələblər göstərilmiş, Məcəllənin digər 408.1.1-ci maddəsi isə 407.1-ci maddəsinin tələblərinə cavab verməyən kassasiya şikayətinin geri qaytarılmalı olduğunu müəyyən etmişdir.”

13. Həmçinin, MPM-in 361.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi göstərilməlidir.

14. Həmin Məcəllənin “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsi ilə də tələb edilmişdir ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir.

15. MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

16. Lakin birinci instansiya məhkəməsi qanunun tələblərini diqqətə almamış, müddət ötürülməklə verilmiş, eyni zamanda MPM-in 361.1-ci maddəsinə və “Apellyasiya şikayətinin forması” adlı 2 saylı Əlavəsinə uyğun forma və məzmunda tərtib edilməyən şikayəti qaytarmalı olduğu halda, iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.

18. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericiliyin tələbləri pozulmaqla verildiyi və bu səbəbdən apellyasiyanın mümkünlüyü əsasları müəyyən olunmadığı üçün, qeyri-mümkün sayılmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir.

19. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 2(008)- 5861/2022 nömrəli qətnaməsindən Cavabdeh şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar