Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2670/2021 12.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Vüsalə Baxışova və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçının nümayəndəsi Orxan Bünyadın iştirakı ilə, iddiaçı Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzil xidmət haqqının , məişət tullantılarının daşınması xidmətinə görə borcun ödənilməsi və çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Geriqaytarma onunla əsaslandırılıb ki, iddia ərizəsində 5 cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilib. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, tələblər bir-biri ilə bağlıdır, ona görə də iddiaçı həmin tələbləri bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Şikayət rədd olunmalıdır. Belə ki, cavabdehlər çoxmənzilli binada ayrı-ayrı mənzillərdə yaşayırlar. İddia ərizəsində onların hər birinə qarşı 3 tələb irəli sürülüb: 1) mənzil xidmət haqqının ödənilməsi; 2) məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətinə görə haqqın ödənilməsi; 3) çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin qoyulması. Birinci instansiya məhkəməsi iddia ərzəsinin geri qaytarılmasının hüquqi əsası kimi Mülki-Prosessual Məcəllənin 152.1.7-ci maddəsinin göstərişinə istinad edib. Həmin maddəyə görə bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi geri qaytarılır. Bu maddə tətbiq olunarkən MPM-in 149.3-cü maddəsinin göstərişi nəzərə alınmalıdır. Həmin maddəyə görə iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Göründüyü kimi, iddiaçıya bir-biri ilə bağlı olan tələbləri bir iddia ərizəsində birləşdirmək hüququ verilib. Əgər iddia ərizəsində birləşdirilən tələblər bir-biri ilə bağlı deyilsə, belə halda birinci instansiya məhkəməsi 152.1.7-ci maddəni tətbiq etməklə iddia ərizəsini geri qaytarmağa halıdır. Bu məsələnin düzgün həll edilməsi üçün 149.3 və 152.1.7-ci maddələrdə işlədilən “bağlı” və “əlaqədar” ifadələrinin izahı verilməlidir. Bu ifadələr sinonim sözlər olmaqla tələblər arasında hüquqi əhəmiyyət daşıyan bağlılığı nəzərdə tutur. Məs., kredit münasibətində borcalan və zaminlərə qarşı tələblər bir iddia ərizəsində birləşdirilə bilər, çünki həmin tələblərin arasındakı bağlılıq hüquqi əhəmiyyət daşıyr: borcalana qarşı tələbin təmin edilməsi zaminə qarşı tələbin təmin edilməsinə əsas olur (əgər zaminlik xitam olunmayıbsa) və ya əksinə, borcalana qarşı tələbin rədd edilməsi zaminə qarşı tələbin rədd edilməsinə əsas olur və s. Əgər iddia ərizəsində bir necə cavabdehə qarşı irəli sürülən tələblər arasındakı bağlılıq hüquqi əhəmiyyət daşımrsa, yalnız fiziki bağlılıq mövcuddursa, bu hal iddiaçıya əsas vermir ki, həmin cavabdehlərə qarşı tələbləri bir iddia ərizəsində birləşdirsin. Hazırkı iddia ərizəsində 5 cavabdehə qarşı irəli sürülmüş 1-ci və 2-ci tələblərə münasibətdə bağlılıq hüquqi əhəmiyyət daşımır, yalnız fiziki bağlılıq mövcuddur: mənzillər eyni binada yerləşir. Mənzil xidmət haqqının ödənilməsi (1-ci tələb) və məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətinə görə haqqın ödənilməsi (2-ci tələb) hər bir cavabdehə münasibətdə müstəqil vəzifədir, bir cavabdehin vəzifəsinin digər cavabdehin vəzifəsi ilə heç bir əlaqəsi yoxdur, çünki mənzillər ayrı-ayrı mənzillərdir. Ona görə də iddiaçı həmin tələbləri irəli sürmək üçün 5 cavabdehin hər birinə qarşı ayrıca iddia ərizəsi verməlidir. 5 cavabdehə qarşı irəli sürülmüş 3-cü tələb (çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin bağlanması öhdəliyinin qoyulması) arasında bağlılıq hüquqi əhəmiyyət daşıyan bağlılıq kimi qiymətləndirilə bilər, bir şərtlə ki, cavabdehlərin mənzilləri eyni binada yerləşin. Çünki, binada mənzillərdən savayı bütün bina sakinləri üçün ümumi olan hissələr (zirzəmi, dam, pilləkən meydançası və s.) mövcuddur, hər bir mənzil sahibi öz mənzili (binanın yalnız özünə aid olan hissəsi) ilə yanaşı ümumi olan hissələrə görə ümumi hüquqlara malikdirlər və ümumi vəzifələr daşıyırlar. Lakin hazırkı işdə cavabdehlərin mənzilləri ayrı-ayrı binalarda yerləşir: 5 cavabdehdən 3-ü Bakı şəhəri, Ə.Cavad küçəsindəki 6 №-li çoxmənzilli binada ayrı-ayrı mənzillərdə, 2-si isə həmin küçədəki 8 №-li çoxmənzilli binada ayrı-ayrı mənzillərdə yaşayırlar. Göründüyü kimi, binalar ayrıdır. Ona görə də 5 cavabdehə qarşı irəli sürülmüş 3-cü tələbə münasibətdə hüquqi bağlılıq mövcud deyil. Hüquqi bağlılığı olmayan tələblərin bir iddia ərizəsində birləşdirilməsinə qanunverici ona görə yol vermir ki, tələblərin çoxluğu işin həllini çətinləşdirir: işin həllinə sərf olunan vaxt baxımından, toplanan sübutlar baxımından, işdə iştirak edən şəxslərin sayı baxımından və s. Əgər tələblər arasında hüquqi bağlılıq mövcuddursa, mübahisənin tam və obyektiv həlli naminə qanunverici tələblərin bir iddia ərizəsində birləşdirilməsinə yol verir. Hüquqi bağlılıq olmadığı halda müxtəlif tələblərin bir iddia ərizəsində birləşdirilməsi məqsədmüvafiq deyil. Beləliklə, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət rədd olunsun. Hazırkı iş üzrə Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-2670/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2670/2021
12.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver