Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2673/2024 26.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Leyla Məmmədovanın katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz inşa edilmiş qeyri-yaşayış binasının sökülməsi barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-835/2024 nömrəli qətnaməsindən İddiaçı apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, ünvan 1 ünvanındakı torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş qeyri-yaşayış binası cavabdehin hesabına sökülsün. Qətnamə ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin əsaslı olduğunu, Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir: Sökülməsi tələb olunan qeyri-yaşayış binası özbaşına tikintidir. Bu fakt mübahisə doğurmur, çünki lazımi icazələr alınmadan inşa edilib, icazələr barədə sübut məhkəməyə təqdim edilməyib. Həmin tikintinin fotoları iş materiallarına əlavə edilib (iş v. 18, 19, 33-42). Özbaşına tikintinin yerləşdiyi torpaq sahəsi cavabdehin mülkiyyətindədir, bu barədə reyestr çıxarışı var (iş v. 85). Reyestr çıxarışında torpağın ölçüsü 0,028040 ha göstərilib. O cümlədən reyestr çıxarışından və texniki pasportdan (iş v. 60) görünür ki, torpaq sahəsində yerləşən, sahəsi 26.30 kv.m, hündürlüyü 3 metr təşkil edən, mişar daşından inşa edilmiş qeyriyaşayış binası cavabdehin mülkiyyətindədir. Lakin həmin bina mövcud deyil, torpaq sahəsində başqa bina - metal konstruksiyalardan torpaq sahəsinin perimetri boyu, sahəsi təxminən 250 kv.metr, hündürlüyü isə təxminən 6 metr olan özbaşına tikinti inşa edilib. Bu, işdə olan fotolardan görünür. Cavabdehin vəkili və nümayəndəsi də apellyasiya icraatı zamanı etiraf etdi ki, həmin tikinti torpaq sahəsinin perimetri boyu inşa edilib. O cümlədən Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinin məktubunda həmin qeyri-yaşayış obyektinin sahəsinin 250 kv.m olduğu qeyd edilib (iş v. 14). Hüququn tətbiqi üçün ölüçülərin dəqiqliyi əhəmiyyət daşımadığından mütəxəssis rəyinin alınmasına zərurət yoxdur. İddiaçı özbaşına tikintinin sökülməsini tələb etmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsindən görünür ki, lazımi icazələr almadan tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Bu maddədəki “maraqlı tərəf” anlayışı düzgün təfsir olunmalıdır. Özbaşına tikintilərin, xüsusilə də insanların sıx məskunlaşdığı ərazilərdə kommersiya məqsədləri üçün inşa edilən özbaşına tikintilərin sayının artma səbəblərindən biri də məhkəmələrin “maraqlı tərəf” anlayışını düzgün təfsir etməməsidir. Məhkəmə təcrübəsindən görünür ki, belə özbaşına tikintilərin sökülməsi barədə iddialarla məhkəmələrə müvafiq icra hakimiyyəti orqanları ilə müqayisədə sıravi vətəndaşlar daha çox müraciət edirlər. Məhkəmələr isə “maraqlı tərəf” anlayışına yanlış təfsir verərək adətən həmin “marağı” əşya hüquqları ilə əlaqələndirirlər və vətəndaşların iddialarını təmin etmirlər. Əslində isə 180.4-cü maddədə “maraqlı tərəf” deyiləndə o şəxs nəzərdə tutulur ki, onun hər hansı hüquq, azadlıq və ya qanuni marağının təmin edilməsi üçün özbaşına tikintinin sökülməsi zəruridir. İddiaçının və onun ailə üzvlərinin təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi üçün özbaşına tikintinin sökülməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinə görə, hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Metal konstruksiyalardan inşa edilmiş, hündürlüyü təxminən 6 metr, sahəsi isə təxminən 250 kv.m olan özbaşına tikinti iddiaçının, onun ailə üzvlərinin, o cümlədən yaxınlıqda yaşayan və müxtəlif səbəblərdən yaxınlıqda olan hər bir şəxsin təhlükəsiz yaşamaq hüququnu pozur. Özbaşına tikinti iddiaçının yaşadığı evdən bir neçə santimetr aralı inşa edilib (iş v. 33, foto), o cümlədən özbaşına tikinti iddiaçının yaşadığı evdən hündürdür (iş v. 34, foto). Metal konstruksiyaların hər hansı səbəbdən (küləyin təsirindən və s.) uçması, qopması və ya aşması insanların həyat və sağlamlığı üçün təhlükəlidir. Xüsusilə nəzərə alınmalıdır ki, həmin tikinti kommersiya məqsədləri üçün (avtoservis kimi) inşa edilib, orada göstərilən xidmətdən istifadə etmək üçün hər gün həmin tikintiyə onlarla şəxs və avtomobil gələ bilər. Müvafiq icazələr olmadan belə bir tikintinin inşasının qarşısı səlahiyyətli dövlət qurumları tərəfindən vaxtında alınmalı idi, lakin alınmayıb, artıq həmin tikintidən insanlara xidmət göstərilməsi üçün istifadə olunur (iş v. 37, foto). İddiaçı ilə yanaşı yaxınlıqda yaşayan digər sakinlər də özbaşına tikintinin insanların həyat və sağlamlığı üçün təhlükə yaratdığını bildirmək üçün apellyasiya icraatı zamanı açıq məhkəmə iclasına gəlmişlər. Bundan başqa, 30 sakin bu barədə məhkəməyə kollektiv ərizə vermişlər (iş v.54). O cümlədən sakinlərdən biri bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma İdarəsinə yazılı müraciət etmiş, həmin İdarə isə öz məktubu ilə həmin müraciəti AR Prezidentinin xx.xx.2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na və AR Prezidentinin xx.xx.2014-cü il tarixli 349 nömrəli Fərmanı təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydları”na uyğun tədbirlərin görülməsi üçün Xətai RİH və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə göndərmişdir (iş v. 14). Həmin məktubda qeyd olunub ki, İdarənin əməkdaşları tərəfindən yerində baxış zamanı qeyd olunan torpaq sahəsində sahəsi 250 kv.m olan qeyri-yaşayış obyektinin inşa edildiyi aşkar olunmuşdur. Lakin aidiyyəti dövlət qurumları lazımi tədbirlər görməmiş, ona görə də iddiaçı özünün və ailə üzvlərinin təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi üçün hazırkı iddianı vermişdir. İnsanların sıx məskunlaşdığı ərazilərdə müvafiq icazələr olmadan kommersiya məqsədilə inşa edilmiş belə tikililərdə dəfələrlə müxtəlif bədbəxt hadisələr (yanğın, partlayış, tikintinin uçması və s.) baş verib. Bü cür hadisələrin baş verməməsi üçün belə tikililər Mülki Məcəllənin 180.4-cü maddəsində göstərilən maraqlı tərəflərin iddiası əsasında sökülməlidir. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 222-1-ci maddəsinə görə, qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanlarının razılığını almadan özbaşına bina və qurğular tikmə, mövcud tikililərin konstruksiyasında dəyişiklik etmə, habelə bu tikililərin funksional təyinatı dəyişdirilməklə, onlarda yenidən planlaşdırma, yenidənqurma işlərini aparma insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdıqda cinayət məsuliyyətinə səbəb olur. Özbaşına tikintinin cavabdehin mülkiyyətində olan torpaq sahəsində yerləşməsi iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd olunub: “Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz”. Cavabdeh özbaşına tikintiyə mülkiyyət hüququnun tanınması barədə iddia verməyib. Məhkəmə kommersiya məsədilə özbaşına tikinti aparmış şəxsin əvəzinə, xüsusilə onun iddiası olmadığı halda həmin tikintinin insanların həyat və sağlamlığı üçün təhlükəsiz oduğunu təsdiq edən sübutlar toplaya bilməz. Cavabdeh tərəf həmin tikintinin təhlükəsizlik qaydalarına uyğun inşa edildiyini, metal konstruksiyaların uçması, qopması və ya aşması təhlükəsinin olmadığını, o cümlədən yanğın təhlükəsizliyi qaydalarına əməl edildiyini təsdiq edən heç bir sübut təqdim etməyib. İddiaçının yaşadığı evə dair hüquqmüəyyənedici sənədin olmaması iddianın rədd edilməsinə əsas ola bilməz, iddiaçının həmin yerdə yaşaması faktı kifayətdir ki, o, özünün və ailə üzvlərinin Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsində nəzərdə tutulan təhlükəsiz yaşamaq hüququnun müdafiəsini tələb etsin. İddiaçı bildirir ki, yaşadığı evi 6 il əvvəl inşa edib. Cavabdeh tərəf isə bildirir ki, özünə aid tikilini 1 il əvvəl inşa edilib. Yəni cavabeh tikinti-quraşdırma işləri apararkən iddiaçının evi mövcud idi və iddiaçı artıq ailəsi ilə orada yaşayırdı. Beləliklə, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmədiyindən və maddi hüquq normasını səhv tətbiq etdiyindən qətnamə ləğv edilməli və iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-835/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddia təmin olunsun. Cavabdeh mülkiyyətində olan, ünvan 1 ünvanındakı 0,028040 ha torpaq sahəsində yerləşən, həmin torpaq sahəsinin perimetri boyu metal konstruksiyalardan və digər inşaat materiallarından inşa edilmiş tikili Cavabdeh hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-2673/2024
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-2673/2024
26.04.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver