Məhkəmə qərarları › İş №2(103)-4042/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4042/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4042/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(011)-2743/2021 saylı qərardadından X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 Namiq Oruc oğluna, Cavabdeh2, Cavabdeh3 və Bakı şəhəri 22 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququna dair qeydlərin və buna dair verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(011)-2743/2021 saylı qərardadı ilə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan X3 şikayət verərək, qərardadın dəyişdirilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə aidiyyəti üzrə Xəzər Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilk olaraq 2020-ci ilin noyabr ayında iddiaçı Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Xəzər Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia ərizəsi MPM-in tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 2(011)-2743/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında X3 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət düzgün olmuşdur. Çünki, iddia ərizəsinin məzmunundan və işdə olan sənədlərdən görünür ki, iddiaçının tələbi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki 3267 saylı bağ sahəsinə dair alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi ilə bağlıdır. Düzdür, sual oluna bilər ki, axı iddiaçı cavabdehlərdən, mülkiyyət hüququnun bərpa edilməsi yaxud bağ torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən geri götürülməsi və ya daşınmaz əmlakla bağlı hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia irəli sürməmişdir. Başqa sözlə, bu cür tələb formal olaraq MPM-in 39.1-ci maddəsinin təsiri dairəsinə aid olmadığı kimi görünə bilər. Lakin iddia edən məhz mülkiyyətində olan bağ-torpaq sahəsi ilə əlaqədar hüquqlarının pozulduğunu iddia edir və bu pozuntunun aradan qaldırılıması üçün məhkəməyə müraciət edərək ona məxsus olduğunu iddia etdiyi daşınmaz əmlakla bağlı alqı-satqı müqavilələrinin etibarsızlığını və çıxarışların ləğv edilməsini tələb edir. Niyyəti və məqsədi bağtorpaq sahəsinə dair mülkiyyət hüqunu bərpa etmək, həmin torpaq sahəsini başqasının qeyriqanuni sahibliyindən geri almaq və bununla əlaqədar hüquqlarının pozulmasını aradan qaldırmaq olmuşdur. İddianın məzmunu tələbin başqa cür olmasını da tam istisna edir. Başqa sözlə cavabdehlər tərəfindən sözügedən bağ sahəsi ilə bağlı alqı-satqı müqavilələri bağlanmasaydı bəlkə də iddiaçı ilə cavabdehlər heç vaxt hansısa mülki hüquq münasibətlərində qarşılaşmayacaqdılar. Ancaq bu artıq baş verib və mübahisə yaranıb. Bu münasibətlər çərçivəsində iddiaçı cavabdehlərin onun iddia etdiyi bağ sahəsi ilə əlaqədar alqı-satqı aparmaları ilə əlaqədar mülkiyyət hüququnun pozduğunu bəyan edir. Sözsüz ki, məhkəmə baxışı zamanı müstəsna aidiyyətlə bağlı iddia tələblərinin artırılması yaxud dəqiqləşdirilməsi zərurəti də qaçılmaz olacaqdır. Əks halda iddiaçının yalnız mübahisəli bağ-torpaq sahəsinin alqı-satqı müqavilələrinin etibarsızlığını və qeydiyyatının ləğv edilməsini tələb etməkdə hüquqi marağı və istəyi də olmazdı. Göründüyü kimi, tələb müstəsna aidiyyətlə bilavasitə bağlıdır. Bundan başqa, iddia ərizənini məzmunundan görünür ki, iş üzrə dörd cavabdeh göstərilmiş və onlardan ikisinin qeydiyyatı və hüquqi ünvanı Bakı şəhərinin rayonları olsa da, digər ikisi isə müvafiq olaraq Cəbrayıl və Tərtər rayonlarında rəsmi qeydə alınıblıar. Belə çıxır ki, Bakı şəhərində qeydiyyatda olan yaxud hüquqi ünvanı olan cavabdehlər olmasaydı iddia digər rayonlardan birinin məhkəməsinə verilməli idi. İşə həmin rayonların Məhkəməsində yaxud Bakı şəhərində daşınmaz əmlakın yerləşdiyi ərazidə deyil, digər rayonların məhkəməsində baxılmalı olarsa, bu zaman məhkəmə tədqiqi zamanı bağ-torpaq sahəsi ilə bağlı bir sıra prosessual hərəkətlərin aparılması, o cümlədən məhkəmənin yerində baxış keçirməsi, ekspertiza təyin edilərsə, Bakı şəhərində fəaliyyət göstərən ekspertin(mütəxəssisin) yaxud qiymətləndiricinin bağ-torpaq sahəsində tədqiqat aparması, bununla əlaqədar ekspertin və qiymətləndiricinin məhkəmədə dindirilməsi və.s.(sonuncu hərəkətlər işə Cəbrayıl yaxud Tərtər Rayon Məhkəmələrində işə baxılardısa, o hallara aiddir) zərurəti yarana bilər. Əlbətdə ki, bu zaman cavabdehlərin qeydiyyatda olduğu rayon məhkəməsinin hakiminin Bakı şəhəri Xəzər rayonu ərazisinə gəlməsində, Bakı şəhərində fəaliyyət göstərən ekspertin yaxud qiymətləndiricinin Cəbrayıl yaxud Tərtər Rayon Məhkəməsinə dəvət olunmasında istər-istəməz narahatlıq və əlavə xərclər yaranması ortaya çıxa bilər ki, bu da ədalət mühakiməsinin həyata keçirilməsində səmərəliliyi təmin etmir. Əksinə buna süni əngəllər yarada bilər. Məhz bu mövqedən yanaşaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində nəzərdə tutulan (iddiada göstərilən bağ-torpaq sahəsi) “torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar torpaq sahəsinin olduğu yerə görə verilir” müddəası bu iddia tələbinin mahiyyəti və məzmunu ilə bilavasitə bağlı olduğundan hazırki iddia da torpaq sahəsinin olduğu yer üzrə verilməlidir. Çünki, MPM-in 39.1-ci maddəsinin güddüyü məqsəd də məhz bu xarakterli iddiaların müstəsna aidiyyət qaydalarına riayət edilməklə baxılmasının təmin edilməsindən ibarətdir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(011)-2743/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli 2(011)-2743/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar