Məhkəmə qərarları › İş №2(103)-4905/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4905/2021

26.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4905/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5227/2020 saylı 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Səlimli (Şərifova) Dilarə Səlim qızı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi, X13 12 saylı evə köçürülməsi, həmin evin sökülən hissəsinin cavabdehlər X6, X3 və Cavabdeh3 tərəfindən bərpa edilməsi, onun həmin evdən istifadəsinə mane olan hərəkətlərin cavabdehlərə qadağa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum əri Səlim Ağaşərif oğlu ilə 1956cı ildə rəsmi nikaha daxil olmuşdur. 1960-cı ildə Bakı şəhəri, Sabunçu rayonu. Balaxanı qəsəbəsində 0,10 ha torpaq sahəsində mərhum əri ilə birlikdə fərdi yaşayış evi inşa etmişlər. 1963-cü ildə həmin evə dair mərhum həyat X5nun adına Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən texniki pasport da tərtib edilmişdir. O, həmin evdə artıq 60 ilə yaxındır ki, yaşayır. Ev onun və həyat yoldaşının ümumi qazancı hesabına inşa edilmişdir və onların ümumi birgə mülkiyyəti olmuşdur. X5 2008-ci ildə vəfat etmişdir. Bundan sonra ailə başçısı kimi ev təsərrüfatını iddiaçı idarə etmişdir. X16 ailə qurandan sonra iki övladı və ailəsi ilə birlikdə həmin evdə yaşamışdır. 2016-cı ildə X16 vəfat etmişdir. Bundan sonra oğlunun yoldaşı Şərifova Dilarə onu evdə yaşamağa qoymamışdır. Elə həmin il məcbur qalıb qızı Maralın evinə köçmüşdür. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdehlər ona məxsus olan evin bir hissəsini sökmüş, onun şəxsi əşyalarını dağıtmışlar. Bununla da cavabdehlər ona külli miqdarda zərər vurmuşlar. Bu barədə o, dərhal polisə məlumat vermiş və şikayətini bildirmişdir. Cavabdehlərin məqsədi həmin evi və həyətyanı sahəni ələ keçirməkdir. Bütün bunları nəzərə alaraq Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi, X13 12 saylı evə köçürülməsi, həmin evin sökülən hissəsinin cavabdehlər X6, X3 və Cavabdeh3 tərəfindən bərpa edilməsi, onun həmin evdən istifadəsinə mane olan hərəkətlərin cavabdehlərə qadağa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5227/2020 saylı 29 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, İddiaçı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi, X13 12 saylı evə köçürülməsi, həmin evin sökülən hissəsinin cavabdehlər X6, X3 və Cavabdeh3 tərəfindən bərpa edilməsi, onun həmin evdən istifadəsinə mane olan hərəkətlərin cavabdehlərə qadağa edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Şərifova (Səlimli) Dilarə Səlim qızı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçının mərhum oğlu X7 ilə 16 noyabr 1993-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və mübahisəli evə gəlin köçmüşdür. Birgə nikahılarından Cavabdeh3 və Cavabdeh2 adlı iki övladları var. Həyat yoldaşı 02 sentyabr 2016-cı il tarixdə vəfat edib. O, həmin evə gəlin köçəndən uşaqlarıyla və iddiaçı qaynanası İddiaçı ilə bir yerdə yaşayır, qaynanası ilə münasibətləri çox yaxşı olub, onların arasında heç bir münaqişə olmayıb. Buna baxmayaraq qaynanası 3 ilə yaxındır ki, öz qızı Maralın evinə gedərək orada yaşayır. Həmin evin müəyyən hissələri qəzalı vəziyyətdə olduğuna görə Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə əlaqədar olaraq Bakı abadlıq tərəfindən söküləndən sonra o, öz vəsaiti hesabına həmin evdə yenidən təmir bərpa işləri aparmağa maddi imkanı yoxdur. O, iddiaçının mübahisəli evə köçürülməsinə etiraz etməmiş, iddia tələbinin qalan hissəsinə heç bir münasibət bildirmədiyi halda məhkəmə qətnamədə göstərir ki, cavabdehlər iddianı etiraf etmişlər. Çünki o, həmin bərpa etmək üçün sökməmişdir. Həmin ev köhnə tikili olduğundan həm özü uçub dağılıb, həmdə Balaxanı qəsəbəsində abadlıq işləri ilə əlaqədar Bakı abadlıq tərəfindən sökülüb. Məhkəmə qətnamə qəbul edərkən iddiaçı həmin evin hansı hissəsində yaşamasını və hansı hissəsinin bərpa edilməsini müəyyənləşdirməmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5227/2020 saylı 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan cavabdehlər X4, X1, X2 məhkəməyə təqdim olunmuş ərizələrindən görünür ki, iddiaçının evə köçürülməsinə etirazları olmadığını, həmin evin müəyyən hissələrinin qəzalı vəziyyətdə olduğundan təmir bərpa işlərini aparıldığını qeyd etmişlər. İşdə olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Mustafa Sübhi küçəsində yerləşən 12 saylı evin mülkiyyətçisi Səlim Ağaşərif oğlu olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.. Kollegiya hesab edir ki, ki, cavabdeh iddia tələbini etiraf etdiyindən və cavabdehlərin iddianı etiraf etməsi qanunun tələblərinə uyğun olduğundan, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından iddia təmin edilməlidir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, cavabdeh məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmadığını bildirsə də iş materialları ilə bu hal təkzib olunur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdehin məhkəmə iclasları barədə məlumatlı olması 15 sentyabr 2020-ci il tarixdə məhkəməyə daxil olmuş cavabdehlər tərəfindən birgə ünvanlanmış ərizədən də sübut olunur. Şikayətinin digər dəlilləri isə yuxarıda göstərilənlərə və cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış ərizə ilə təkzib olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5227/2020 saylı 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh Səlimli (Şərifova) Dilarə Səlim qızının apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5227/2020 saylı 29 oktyabr 2020ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar