Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5208/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi” X10rşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5208/2025 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi” X10rşı “əmək münasibətlərinə qanunsuz xitam vermə əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının və dəymiş zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2787/2025 nömrəli 13 iyun 2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikasının Dövlət X5 Şurası sədrinin xx.xx.2023-cü il tarixli 74/k nömrəli əmri ilə Mərkəzin Daxili audit xidmətinin böyük daxili auditoru vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixədək həmin vəzifədə işləmişdir. X6 sədrinin xx.xx.2024-cü il tarixli 192/k nömrəli əmri ilə Dövlətov X4 Daxili audit xidmətinin müdiri vəzifəsinə təyin olunmuşdur.
2. İddiaçı tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, X9 sədrinə rəsmi şəkildə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə etiraz etmədiyini bildirmiş və əmək müqaviləsinə həmin tarixdə xitam verilməsini xahiş etmişdir. O, xx.xx.2025-ci ildə işdən azad edilməsini xahiş etmişdir.
3. X9 sədrinin xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə X8 audit xidmətinin müdiri vəzifəsinin ixtisar olunması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh «Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi» PHŞ-ya qarşı «əmək münasibətlərinə qanunsuz xitam vermə əmrinin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndi ilə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrin qanunsuz hesab edilməsi və ləğv edilməsi; Daxili audit xidmətinin müdiri vəzifəsinə bərpa olunmasının cavabdeh tərəfindən təmin edilməsi; cavabdeh tərəfindən qanunsuz işdən çıxarıldığına görə ona işdən çıxarıldığı günün sonrakı günündən, yəni xx.xx.2025-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta əmək haqqının ödənilməsi və Mərkəz tərəfindən işçilərə ödənilən bütün növ kütləvi mükafat əmrlərinin ona da şamil olunması; cavabdeh tərəf iddia ərizəsində göstərmiş olduğu əsassız, qanunsuz və qərəzli hərəkətləri ilə işgüzar nüfuzuna, idarəçilik imicinə ciddi zərbə vurduğuna, psixoloji gərginlik və stress yaşatdığına görə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinin tələbləri nəzəri alınmaqla ona dəymiş mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və Şəhid ailələrinin təminatına dəstək fondu - YAŞAT Fondunun rəsmi bank hesabına köçürülməsinin cavabdeh tərəfindən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, ali təhsillidir, Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini həm bakalavr, həm də magistr dərəcəsi üzrə fərqlənmə diplomu ilə bitirmişdir. Hazırki tarixə əmək stajı 10 ildən çoxdur. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin öz rəsmi saytında Daxili audit xidmətinin böyük daxili auditor vəzifəsinə vermiş olduğu vakansiya elanı əsasında 2023-cü ilin 18 yanvar tarixində şəxsi anket məlumatlarını göndərərək həmin vəzifəni tutmaq üçün müraciət etmişdir. İlkin seçimdən və təşkil olunmuş müsahibələrdən uğurla keçərək vəzifəyə uyğun hesab olunmuşdur. Mərkəzlə 31 mart 2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi (bildiriş № xxxxxxx001000) bağlayaraq Daxili audit xidmətində böyük daxili auditor vəzifəsinə təyin olunmuşdur. xx.xx.2024cü il tarixdə namizədliyi X3 təqdim edildikdən sonra 01 iyul 2024-cü il tarixdən Daxili audit xidmətinin müdiri vəzifəsinə təyin olunmuşdur. Həmin vəzifə üzrə də əmək müqaviləsi (bildiriş № xxxxxxx001002) müddətsiz bağlanmışdır. Eyni zamanda, göstərilən bütün dövr ərzində X7 təşkilatına da üzv qəbul olunmuş və hər ay hesablanmış əmək haqqından 1 % üzvlük haqqı Mərkəzin Mühasibatlıq sektoru tərəfindən tutularaq təşkilata köçürülmüşdür. 23 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Müşahidə Şurası yaradılmışdır. X15 X1 dəyişiklik edilmiş və Nizamnamənin 4.7-ci bəndində Müşahidə Şurasının vəzifələri müəyyən edilmişdir. 4.7.13- cü bəndinin tələbinə əsasən daxili audit bölməsinin fəaliyyətinə nəzarət etmək və fəaliyyətinə dair hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə təyin və vəzifədən azad etmək Müşahidə Şurasının vəzifələrinə aid edilmişdir. Bu səbəbdən xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin (bildiriş № xxxxxxx001004) məzmununda (3.1 bənd) əmək funksiyasında aşağıdakı düzəliş edilmişdir: İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür: Fəaliyyəti ilə bağlı illik planın hazırlanması və Müşahidə Şurasına təqdim edilməsi; Daxili auditlə bağlı hesabatın Müşahidə Şurasına təqdim edilməsi; Audit zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına məsul olan şəxslər göstərilməklə, Müşahidə Şurasına təkliflərin verilməsi; Fəaliyyəti ilə bağlı müstəqilliyinə və ya obyektivliyinə müdaxilələr barədə Müşahidə Şurasının məlumatlandırılması; İşinin təşkili üçün zəruri olan təşkilati-texniki tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədi ilə Müşahidə Şurasına müraciət edilməsi; Daxili auditin metodologiyasına əsasən Mərkəzdə daxili audit prosedurlarının müəyyən edilməsi; Zəruri hallarda Müşahidə Şurasının razılığı ilə Mərkəzin digər əməkdaşlarının auditin aparılmasına cəlb edilməsi; Fəaliyyəti ilə bağlı kənar auditorlar tərəfindən təsdiqlənmiş illik maliyyə hesabatlarının Müşahidə Şurasına təqdim edilməsi. Əmək funksiyasının icrasına maneə yaradan hallarla bağlı bildirir ki, xx.xx.2025 - xx.xx.2025-ci il tarixləri aralığında müxtəlif saatlarda Mərkəzin Aparat rəhbəri və digər vəzifəli şəxsləri tərəfindən ona aşağıda qeyd etdiyi təzyiqlər olmuşdur. A) «Ərizəni yaz işdən çıx». O, bunun üçün səbəb olmadığını bildirdikdə, cavabında bunun Mərkəz rəhbərliyinin istəyi ilə olması bildirilmişdir. O, bunun qanunsuz tələb olduğu üçün əmək münasibətlərini davam etdirəcəyini bildirmişdir. Bundan sonra təzyiqlər bir qədər də artmağa başlamış və xx.xx.2025-ci il tarixdə o, nahar fasiləsində olan zaman xidməti otağından xidməti istifadəsində olan «notebook» qanunsuz şəkildə Mərkəzin İnformasiya Texnologiyaları şöbəsinin müdiri tərəfindən qaçırılmışdır. Nahar fasiləsindən qayıtdıqdan sonra faktla bağlı dərhal Mərkəzin Aparat rəhbərinə və Hüquq departamentinin direktoruna rəsmi elektron məktubla məlumat verərək bildirmişdir ki, xidməti «notebook»-da Daxili audit xidməti tərəfindən hazırlanmış və konfıdensial olan məlumatlar var və «notebook»un bu formada oğurlanması qanunsuzdur, onun normal xidməti fəaliyyət göstərməsinə birbaşa maneədir və Daxili audit funksiyasının müstəqilliyinə təhdiddir. Onİar isə bunun Mərkəz rəhbərliyinin tapşırığı ilə olmasını bildirmişlər. B) «Əmək Məcəlləsinin 70-ci maddəsinin V hissəsinə əsasən səni maddə ilə işdən çıxaracağıq». xx.xx.2025ci il tarixdə Mərkəzin Aparat rəhbərinin xidməti otağında X16 sədrinin müavini, Hüquq departamentinin direktoru, Aparat rəhbərinin iştirakı ilə görüşdə növbəti təhdid, Müşahidə Şurasının yekdil qərarı ilə «səni Mənəvi-əxlaqi keyfiyyətlərinin olmaması maddəsi ilə» işdən qovacağıq». O, bu qərarı özündə əks etdirən protokolu tələb etdikdə isə sonuncular ona bunu təqdim etməmiş, onun inad etməsinin gələcəyi üçün pis nəticələr verəcəyi ilə təhdid olunmuşdur. O isə, «bir halda ki, Müşahidə Şurası bu cür düşünür o zaman, buyurun həmin maddə əsasında məni işdən azad edərək əmri rəsmiləşdirin» deyərək öz fikrini bildirmişdir. Əmək hüquqlarının pozulması ilə bağlı bildirir ki, Mərkəzlə bağlanmış əmək müqaviləsi xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən ləgv edilmişdir. Vəzifənin ixtisar edilməsi ilə bağlı qərar verilən zaman onun zəruriliyi əsaslandırılmamış, X7 təşkilatının qabaqcadan rəyi alınmamış, onunla həmkarlar ittifaqı arasında heç bir təklif müzakirə edilməmiş, Müşahidə Şurasının iclasının gündəliyinə daxil edilmiş məsələlər barəsində məlumat proseduru gözlənilməmiş, beləliklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78 və 80-ci maddələrinin və Mərkəz Nizamnaməsinin 4.9cu bəndinin tələbləri Mərkəzin vəzifəli şəxsləri tərəfindən kobud surətdə pozulmuş və qanunvericiliyin tələblərinə uyğun müvafiq prosedurlar həyata keçirilməmişdir. Bütün qeyd olunanlar bu qənaətə gəlməyə əsas verir ki, bu ixtisar şəxsinə qarşı yönəlmiş bir qərardır.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 13 iyun 2025-ci il tarixli 2(006)-5208/2025 nömrəli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.
7. Məhkəmə iddiaçının ixtisar zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78, 80-ci maddələrinin pozulmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, Mərkəzin Nizamnaməsinin 3.1.50-ci yarımbəndinə əsasən Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək Mərkəzin vəzifələrindən biridir. İşin həcmindən asılı olaraq Mərkəzin Aparatında mütəmadi olaraq struktur dəyişiklikləri aparılır. Mərkəzdə ilk dəfə daxili auditor vəzifəsi xx.xx.2019-cu ildə təsis edilmişdir. xx.xx.2023-cü il tarixədək Mərkəzdə bir daxili auditor fəaliyyət göstərmiş, obyektiv səbəblərdən iş həcminin artması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Mərkəzdə Daxili audit xidməti, xidmətdə xidmətin müdiri, 1 böyük daxili auditor və 1 daxili auditor ştatları təsis edilmişdir. xx.xx.2023-cü il tarixdə xidmətdə mövcud olan daxili auditor ştatı böyük daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor ştatı kiçik daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor və kiçik daxili auditor ştatları daxili auditor ştatları ilə əvəz edilmişdir. Yeni struktura uyğun olaraq Mərkəzdə 2 daxili auditor ştatı mövcuddur.
8. Məhkəmə hesab etmişdir ki, Mərkəzdə aparılan struktur dəyişiklikləri, həmçinin Daxili audit xidmətinin müdiri vəzifəsinin ixtisar edilməsi obyektiv səbəblərdən - işin həcmindən asılı olaraq həyata keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun müvafiq prosedurlar həyata keçirilmişdir.
9. Həmçinin məhkəmə iddiaçının Əmək Məcəlləsinin 78-ci maddəsinin tələblərinin pozulmasına dair dəlilləri ilə bağlı qeyd etmişdir ki, sözügedən normanın 1-ci hissəsinin məzmunundan göründüyü kimi, qanunvericilikdə əmək müqaviləsinə ƏMnin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilərkən işçinin peşəkarlıq səviyyəsinin məhz işəgötürən tərəfindən müəyyən edilməsi qaydası əks olunmuşdur. Lakin sözügedən hüquq normasının tətbiq edilməsi üçün mərhələli şəkildə bir neçə şərtə əməl edilməlidir: əvvəla, müvafiq müəssisədə faktiki olaraq işçilərin sayının azaldılması və ya ştatların ixtisarı həyata keçirilməlidir, daha sonra həmin müəssisədə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üçün eyni ixtisas (peşə) üzrə bir neçə işçi çalışmalıdır. Məhz göstərilən şərtlər mövcud olduqda işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi həyata keçirilir. O da nəzərə alınmalıdır ki, işçilərin sayı və ya ştatlarının ixtisarına normativ qaydada anlayış verilməsə də, işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidinin azaldılması, işçilərin ştatlarının ixtisarı isə konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılması kimi başa düşülür. Başqa sözlə, əgər işəgötürən tərəfindən hər hansı müəssisədə konkret vəzifə üzrə işləyən işçilərinin sayı azaldılırsa bu işçilərin sayının ixtisarına, ümumilikdə bir neçə işçinin çalışdığı vəzifələr ixtisar edilirsə bu, işçilərin ştatlarının ixtisarının aparılmasına dəlalət edir. Belə olan halda, müvafiq vəzifə ştat cədvəlindən çıxarıldığından, eyni vəzifədə və ixtisas üzrə işləyən, müqayisə aparılmalı olan başqa işçi(lər) olmur.
10. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən sonuncunun başqa işlə təmin olunmaması Əmək Məcəlləsinin pozuntusu kimi qiymətləndirilə bilməz. Həmçinin, qeyd edilməlidir ki, əmək qanunvericiliyi işəgötürənin üzərinə ixtisar olunan işçiyə başqa işin təklif olunması kimi vəzifə qoymamışdır. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya münasibətdə üstünlük hüququ olduğu halda göstərilən normaların tələblərinə riayət edilməməsi kimi iddia dəlilləri də əsassızdır.
11. Məhkəmə iddia rədd edərkən qeyd etmişdir ki, iddiaçı barəsində işdən azad edilməsi barədə əmrin qanunvericiliyin tələblərinə uyğun olmamasına dair irəli sürdüyü dəlilləri mülahizə xarakterli olmaqla heç bir mötəbər sübut növləri ilə öz təsdiqini tapmamışdır.
12. Məhkəmə iddia tələbinin mənəvi ziyan tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab etmişdir ki, iddia tələbi mənəvi ziyan hissəsində də rədd edilməlidir.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 11-ci maddəsinin 1-ci hissəsinin “b” bəndi, 12-ci maddəsinin “c” bəndi, 68-ci maddənin 1 və 2-ci hissəsinin “a”bəndi, 70-ci maddəsinin “b” bəndi, 71, 77-ci maddənin 1-ci hissəsi, 77-ci maddəinin 1,2, 3-cü hissəsinin “a” və “b” bəndləri və 4-cü hissəsi, 78-ci maddənin 1 və 2-ci hissəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətində iddia ərizəsində sadalananlar göstərilməklə qeyd edilmişdir ki, Həmkarlar ittifaqının belə hallarda qabaqcadan razılığı yalnız formallıq üçün deyil, işçinin müdafiəsi məqsədilə obyektiv və əsaslandırılmış mövqeyə söykənməlidir. xx.xx.2025-ci il tarixində bildiriş göndərilibsə necə xx.xx.2025-ci il tarixində qabaqcadan razılıq alınır? Bu, əmək qanunvericiliyinə ziddir. Çünki həmkarlar ittifaqı qərarının alınması öncədən baş verməli və işçiyə alternativlər, ixtisarın əsaslandırılması ilə bağlı yazılı rəy təqdim olunmalı idi. 1-2 gün ərzində bu prosedurun aparılması, hüquqi baxımdan formal və qeyri-real hesab olunur. O, bu barədə də məhkəməyə öz etirazımı bildirsə də etiraz araşdırılmamış və cavabdehdən bu iddia ilə bağlı heç bir izahat istənilməmişdir. Sübut kimi, Həmkarlar İttifaqının protokolu məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Cavabdeh tərəf bildirir ki, xx.xx.2025-ci il tarixində Müşahidə Şurasının iclasında müvafiq struktur dəyişikliyi və ixtisar qərarı formalaşdırılmışdır. Lakin bu bəyanatı təsdiqləyən iclas protokolu, qərarın mətni və ya çıxarışı sübut kimi təqdim edilməmişdir. Halbuki bu sənəd ixtisarın hüquqi əsasını təşkil edir və onun təqdim edilməməsi ciddi sübut boşluğu yaradır. Məhkəmə xx.xx.2025-ci il tarixli Məhkəmə baxışı zamanı təqdim edilmiş sübutun qəbul edilməməsi barədə MPM-nin 47.2-ci maddəsinə əsasən təqdim etdiyi vəsatətə heç bir hüquqi münasibət bildirməmişdir. Nəticədə MPM-nin 184.4-cü maddəsinin tələbi pozulmuş, işin obyektiv və ədalətli araşdırılması təmin edilməmişdir. Vəsatətə baxılmaması və qiymət verilməməsi məhkəmənin qərəzsizliyinə və qəbul etdiyi qətnamənin qanuniliyinə əsaslı şübhə yaradır. Məhkəmə öz qətnaməsində göstərir ki, cavabdeh tərəf ixtisar prosesini qanunun tələblərinə uyğun aparmışdır. Lakin bu nəticə mötəbər sübutlarla təsdiq edilmir. Belə ki, cavabdeh tərəf məhkəməyə həmkarlar ittifaqının iclasının protokolunu təqdim etməmişdir, Müşahidə Şurasının iclasının protokolunu təqdim etməmişdir, işin həcminin azalmasını obyektiv səbəb kimi göstərən cavabdeh tərəfdən bunu sübut edəcək məlumatlar istəməmişdir, sadəcə sözlər yazılan açıqlama ilə kifayətlənmişdir. Ümumiyyətlə ixtisarın baş verməsi üçün qanunvericiliyin tələbinə uyğun şəkildə xronoloji sənədləşmə ardıcılığını tələb etməmişdir. Yalnız natamam və bəzi gecikdirilmiş sənədlərin sürəti ilə kifayətlənmiş, elektron sənəd dövriyyəsindən sənəd çıxarışı tələb etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim edərək, onun təmin edilməməsini xahiş etmişdir.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi
19. Maddə 68.1. Əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş əsaslarla xitam verilə bilər.
20. Maddə 68.2. “a” bəndi. ərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinə xitam verilməsi üçün əsasdır.
21. Maddə 70 “b” bəndi. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilmə əsaslarından biri də işçilərin sayı və ya ştatların ixtisar edilməsidir.
22. Maddə 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi.
23. Maddə 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir.
24. Maddə 77.3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında.
25. Maddə 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, iddiaçının işdən azad olunması barədə əmr verilərkən mövcud qanunvericiliyin tələbləri pozulmamışdır.
35. Göründüyü kimi İddiaçı Azərbaycan Respublikasının Dövlət X5 Şurası sədrinin xx.xx.2023-cü il tarixli 74/k nömrəli əmri ilə Mərkəzin Daxili audit xidmətinin böyük daxili auditoru vəzifəsinə təyin edilmiş və xx.xx.2024-cü il tarixədək həmin vəzifədə işləmişdir. X6 sədrinin xx.xx.2024-cü il tarixli 192/k nömrəli əmri ilə Dövlətov X4 Daxili audit xidmətinin müdiri vəzifəsinə təyin olunmuş, X9 sədrinin xx.xx.2025-ci il tarixli 27/k nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə X8 audit xidmətinin müdiri vəzifəsinin ixtisar olunması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir.
36. İddiaçı bununla yanaşı konkret tarix qeyd etməklə işdən azad edilməyinə etiraz etmədiyini bildirmişdir.
37. Məhkəmə iclasında iddiaçı bu hala münasibət bildirirək qeyd etmişdir ki, qanunvericiliklə gözlənilən müddətdə yeni iş axtarıb tapması üçün həmin müddətləri gözləməkdən imtina etdiyini bildirmişdir.
38. Qanunveriliyin tələbinə görə işçilərin sayını və ya ştatlarını ixtisar etməklə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi müqaviləni ləğv edilməsi əsaslarından biridir.
39. Hazırki halda da ştatın ixtisar edilməsi ilə əmək müqaviləsinə xitam verilmişdir.
40. İddiaçı dörd təqvim həftəsi əvvəlcədən Mərkəzin aparatının strukturunda müvafiq dəyişikliklərin həyata keçirilməsi ilə əlaqədar tutduğu Daxili audit xidmətinin müdiri vəzifəsinin 2025-ci ilin fevral ayında ixtisar olunacağı ilə bağlı rəsmi xəbərdar edilmiş, xəbərdarlıq iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və o, həmin tarixdə X9 sədrinə ərizə ilə müraciət edərək əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilməsinə heç bir etiraz etmədiyini və əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilməsi istəyini bildirmişdir.
41. İşçilərin sayı və ya ştatlarının ixtisarına normativ qaydada anlayış verilməsə də, işçilərin sayının ixtisarı konkret vəzifə üzrə ştat vahidinin azaldılması, işçilərin ştatlarının ixtisarı isə konkret vəzifənin müəssisənin ştat cədvəlindən çıxarılması kimi başa düşülür. Başqa sözlə, əgər işəgötürən tərəfindən hər hansı müəssisədə konkret vəzifə üzrə işləyən işçilərinin sayı azaldılırsa bu işçilərin sayının ixtisarına, ümumilikdə bir neçə işçinin çalışdığı vəzifələr ixtisar edilirsə bu, işçilərin ştatlarının ixtisarının aparılmasını ehtiva edir.
42. Belə olduqda isə, müvafiq vəzifə ştat cədvəlindən çıxarıldığından, eyni vəzifədə və ixtisas üzrə işləyən, müqayisə aparılmalı olan başqa işçi(lər) olmur.
43. Ştat vahidinin ixtisar edilməsi işəgötürənin səlahiyyətinə aid olan məsələ olsa da, onun qanuna uyğun həyata keçirilməməsi nəticəsində işçinin hüququnun pozulubpozulmamasına dair iddiaya məhz qanunvericilik normalarının tələbləri baxımından məhkəmə tərəfindən huquqi qiymət verilir.
44. Hazırki halda iddiaçı özü də müddəti gözləmədən əmək müqavilsinə xitam verilməsini xahiş etmişdir. Xəbərdalıq müddəti əvəzinə işdənçıxarma müavinətinin ödənilməsi isə hazırki halda mübahisə predmetini təşkil etmir.
45. İddiaçının tutduğu vəzfəsinin ixtisarı zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71, 78, 80-ci maddələrinin pozulmasına dair dəlillər ilə bağlı Kollegiya hesab edir ki, Mərkəzin Nizamnaməsinin 3.1.50-ci yarımbəndinə əsasən Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər görmək Mərkəzin vəzifələrindən biridir. İşin həcmindən asılı olaraq Mərkəzin Aparatında mütəmadi olaraq struktur dəyişiklikləri aparılır.
46. Mərkəzdə ilk dəfə daxili auditor vəzifəsi xx.xx.2019-cu ildə təsis edilmişdir. xx.xx.2023-cü il tarixədək Mərkəzdə bir daxili auditor fəaliyyət göstərmiş, obyektiv səbəblərdən iş həcminin artması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Mərkəzdə Daxili audit xidməti, xidmətdə xidmətin müdiri, 1 böyük daxili auditor və 1 daxili auditor ştatları təsis edilmişdir. xx.xx.2023-cü il tarixdə xidmətdə mövcud olan daxili auditor ştatı böyük daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor ştatı kiçik daxili auditor ştatı ilə, xx.xx.2024-cü il tarixdə böyük daxili auditor və kiçik daxili auditor ştatları daxili auditor ştatları ilə əvəz edilmişdir. Yeni struktura uyğun olaraq Mərkəzdə 2 daxili auditor ştatı mövcuddur.
47. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Mərkəzdə aparılan struktur dəyişiklikləri, həmçinin Daxili audit xidmətinin müdiri vəzifəsinin ixtisar edilməsi obyektiv səbəblərdən - işin həcmindən asılı olaraq həyata keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun müvafiq prosedurlar həyata keçirilmişdir.
48. Apellyasiya icraatı zamanı təqdim edilmiş Azərbaycan Respublikası Dövlət X13 X12 İttifaqı Komitəsinin İclasının 1 nömrəli 24 yanvar 2025-ci il tarixli iclas Protokolundan görünür ki, iddiaçının tutduğu vəzifə ilə yanaşı, Təsərrüfat Sektorunda elektrik vəzfəsinin də ixtisar edilməsinə etiraz edilmədiyi qərara alınmışdır.
49. Mübahisələndirilən xx.xx.2025-ci il tarixli, 27/K saylı əmrə münasibətdə Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ya ştatlar ixtisar edildikdə) işdən azad edilmişdir. İşçiyə qanunverilicikdə nəzərdə tutulmuş müddət ərzində rəsmi xəbərdarlıq edilmiş, həmin xəbərdarlıqla tanış olmuşdur. Əmrin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir.
50. Kollegiya hesab edir ki, digər hissələrdə də iddia tələbinin rədd edilməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olmuşdur.
51. Əmək münasibətlərinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulmasına yol verilməsi müəyyən edilməmişdir.
52. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
53. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verilməsində hər hansı qanun pozuntusu aşkar edilmədiyindən ona bağlı olan digər tələblər də təmin edilə bilməz.
54. İddiaçı tərəfindən təqdim edilən xüsusi qərardad qəbul edilməsi barədə vəsatətdə qeyd edilən hallar araşdırma zamanı öz təsdiqini tapmadığından vəsatətin təmin edilməməsi qərara alınmışdır.
55. Beləliklə, kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2787/2025 nömrəli 13 iyun 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.