Məhkəmə qərarları › İş №2(103)-6133/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6133/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6133/2021 14.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçılar Baxışeva Hicra Mikayıl qızı və X1 Cavabdeh Fehruz oğluna qarşı “qanunsuz pəncərələrin bağlanması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1591/2020 saylı 15.09.2020-ci il tarixli qətnaməsinə izah verilməsinə dair cavabdehin ərizəsinə baxılması barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1591/2020 saylı 11 mart 2021-ci il tarixli qərardadından cavabdeh tərəfdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Cavabdeh Fehruz oğlu ərizə ilə məhkəməyə müraciət edərək, onun həyətində “açılan pəncərələrin” olmadığını nəzərə alaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli 2(011)-1591/2020 nömrəli qətnaməsinin hansı qaydada icra etməli olduğu barədə izah verilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, qətnaməni icra etməkdə çətinlik çəkir. Çünki ona məxsus mənzilin həyətində qonşuya “açılan pəncərələr” mövcud deyil. “Pəncərə” sözünün anlayışı qanunvericilkdə olmadığından izahlı lüğətə müraciət etmiş, orada “pəncərə” sözünə işıq və hava gəlmək üçün evin və s. divarında açılan deşik və həmin deşiyi qapayan şüşəli çərçivə kimi izah verilmişdir. Ekspert rəyində də, mübahisə predmeti “1,5 m. hündürlükdə plastik pəncərələrlə inşa edilmiş hazar” kimi qeyd edilmiş və mübahisə obyektinin pəncərə deyil, hasar olduğu dəqiq göstrilmişdir. Bundan əlavə qətnaməyə istənilən deyil, məhz ona məxsus mənzilin həyətində qonşuya açılan pəncərələrin ləğv edilməsi qərara alınmışdır. Onun həyətində açılan pəncərə yoxdur. Məhkəmə 1,5 m. hündürlükdə olan hasarın pəncərə olduğunu hesab etsə də, həmin “pəncərələr” nə qonşuya, nə də digər tərəfə açılmır (açılmaz, statik pəncərədir). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1591/2020 saylı 11 mart 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, “Cavabdeh Fehruz oğluna məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən İddiaçı Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsində yerləşən 25 saylı evin 1 saylı mənzilinin həyətinə açılan pəncərələri ləğv edilsin” barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1591/2020 saylı 15.09.2020-ci il tarixli qətnaməsinə “Cavabdeh Fehruz oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsində yerləşən 25 saylı evin 8 saylı mənzili ilə İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsində yerləşən 25 saylı evin 1 saylı mənzilinin sərhəddini ayıran hasarın üzərində inşa edilmiş pəncərələr ləğv edilsin” qaydasında izah edilmişdir. Hazırda həmin qərardaddan cavabdeh şikayət verərək, qərardadın ləğv edilməsini və qətnaməyə “Cavabdeh Fehruz oğlunun həyətində “açılan pəncərələrin” olmadığını nəzərə alaraq qətnamənin icra edilməli deyil, icraata xitam verilməli olduğu barədə izah verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 2(011)-1591/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili şikayətin əsassız olduğunu bildirərək, təmin edilməməsini və qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər tərəflər məhkəməyə gəlmədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən edilir ki, tələbkar Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsində yerləşən 25 saylı evin 1 saylı mənzilinin, borclu isə eyni ünvanda yerləşən 25 saylı evin 8 saylı mənzilinin mülkiyyətçisdir. Onların mənzillərinin sərhəddini ayıran hasarın üzərində borclu qanunsuz pəncərə inşa etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1052 saylı, 08.07.2020-ci il tarixli rəyində də müəyyən edilmişdir ki, ərizəçinin (borclunun) tələbkara məxsus mənzilinin qarşısında 4,45 m enində, 6,95 m uzunluğunda, 2,20 m hündürlüyündə mişar daşı ilə, qalan 1,5 m hündürlüyündə plastik pəncərələrlə inşa edilmiş hasar texniki pasportun məlumatlarında öz əksini tapmır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.09.2020-ci il tarixli qətnaməsi ilə tələbkarın (iddiaçının) iddiası qismən təmin edilərək, borcluya məxsus Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən tələbkara məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzavod küçəsində yerləşən 25 saylı evin 1 saylı mənzilinin həyətinə açılan pəncərələrinin ləğv edilməsi, iddianın qalan hissədə (orta hasarın qaldırılaraq tamamilə bağlanması hissəsində) təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230-cu maddəsinə görə, işə baxmış hakim, apelyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1). Birinci instansiya və apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişirsə və yeni qətnamə çıxarılırsa, qətnamənin izah edilməsini iş üzrə son qətnamə çıxarmış məhkəmə həyata keçirir (maddə 230.2). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (maddə 230.3). Qeyd edilən maddi və prosessual hüquq normalarının mənasından göründüyü kimi, məhkəmə aktına o vaxt izah verilə bilər ki, həmin sənədlərdə qeyd edilmiş ifadə və tələblər aydın olmasın. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 14-cü bəndində qeyd edilir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Qətnaməyə izah verilməsi barədə ərizəni təmin edərkən məhkəmə belə nətiəcəyə gəlmişdir ki, ərizəçi (borclu) tərəfindən onunla tələbkarın mülkiyyətində olan mənzillərin sərhəddini ayıran daş hasarın üzərində qanunsuz plastik pəncərələr inşa edilməsi iş materialları ilə sübut olunmuşdur. Bu halda, mübahisə predmeti olan pəncərinin “açılan” yaxud, “açılmayan” olması iş üçün əhəmiyyət kəsb etmir, çünki tərəflər arasındakı mübahisə, məhz qonşu mənzillərin sərhədlərini ayıran hasarın üzərində ərizəçi tərəfindən tikilmiş pəncərə ilə bağlıdır. Qətnamənin icrası ilə bağlı gələcəkdə yarana biləcək hər hansı çətinliklərin baş verməməsi üçün, eləcə də qətnamədə ərizədə qeyd edilən “açılan pəncərələr” ifadəsinə izah verilməsi qətnamənin real icrasının təmin edilməsi xarakteri daşıdığından və qətnamənin məzmunun dəyişdirilməsi ilə əlaqədar olmadığından “açılan pəncərələr” ifadəsi izah edilməlidir. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Cavabdehin şikayətinin dəlilləri əsassızdır, görünür ki, cavabdehin şikayəti qətnamə ilə həll olunmuş məsələ üzrə icraata xitam verilməsini ehtiva edir. Odur ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1591/2020 saylı 11 mart 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar