Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6383/2020 04.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Şadiyev Namiq Ənvər oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə (bundan sonra – Komitə), Hərracların Təşkili üzrə Auksion Mərkəzinə (bundan sonra – Auksion Mərkəzi) və Cavabdeh3 qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən mülki işə, Cavabdeh3 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət etmiş iddiaçı, Xəzər rayonu, Qala qəsəbəsi, H.Cavid küçəsi, 6 “C” ünvanında yerləşən 103 saylı yanacaqdoldurma məntəqəsinin (bundan sonra – YDM) hərracdan satılması ilə bağlı cavabdeh Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracın nəticələrinin, hərracın keçirilməsinə dair tərtib olunmuş protokolunun etibarsız hesab edilməsi, həmin YDM-ya dair hərracın qalibi olmuş Cavabdeh3 adına cavabdeh Komitə tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə verilmiş “Çıxarışın” ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın rədd edilməsini edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq qeyd edilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş iddiaçı, cavabdeh Komitənin və cavabdeh Auksion Mərkəzinin nümayəndələri apellyasiya baxışı iclasına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh3 apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı işdə olan sənədlərə əsasən işin mübahisəsiz faktiki halları kimi müəyyən edilir ki, Laçin rayonundan məcburi köçkün olan iddiaçı və onun ailə üzvləri mübahisəli YDM-da məskunlaşmışlar. YDM-nın satılması ilə bağlı cavabdeh Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə hərrac keçirilmiş və YDM Cavabdeh3 satılmışdır. Hərracın nəticəsi olaraq YDM-ya dair hərracın qalibi olmuş Cavabdeh3 adına cavabdeh Komitə tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə verilmiş “Çıxarış” verilmişdir. Bunları nəzərə alan iddiaçı cavabdehlərə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın ləğv edilməsi tələbi barədə” iddia irəli sürmüşdür. İddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən verdiyi apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının yaşadığı Laçın rayonu 1992-ci ildə ermənistan tərəfindən işğal olduğu üçün, iddiaçı ailə üzvləri ilə birlikdə, Laçın rayonunu tərk etmək məcburiyyətində qalmış və bir müddətdən sonra iddia ərizəsində qeyd edilən ünvanda yerləşən YDM-də məskunlaşmışdır. İddiaçının ailə üzvləri ilə birlikdə uzun müddət həmin YDM-də yaşamasına baxmayaraq, yəni YDM boş olmadığı halda, YDM-nın satılması ilə bağlı cavabdeh Auksion Mərkəzi tərəfindən xx.xx.2018-ci il tarixdə hərrac keçirilmiş və YDM Cavabdeh3 satılmışdır. Göstərilənləri nəzərə alan iddiaçı hesab edir ki, həmin hərracın nəticələri və hərracın keçirilməsinə dair tərtib olunmuş protokol etibarsızdır. Hərrac etibarsız olduğundan həmin YDM-ya dair hərracın qalibi olmuş Cavabdeh3 adına cavabdeh Komitə tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixdə verilmiş “Çıxarış” da ləğv edilməlidir. Məhkəmə iş üzrə tərəflər arasında yaranmış mövcud mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçı, cavabdehlərə qarşı qeyd edilən iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Çünki, o, yuxarıda qeyd edilən YDM üzərində qanunlar ilə qorunan hər hansı bir hüquq, o cümlədən istifadə hüququ qazanmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən hesab edilməlidir ki, Rayon Məhkəməsi eyni nəticəyə gəlməkdə haqlı olmuşdur. Bundan başqa qeyd edilməlidir ki, Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Laçın rayonundan məcburi köçkün olan X2 ifadəsində göstərmişdir ki, o özü 1996-cı ildən, iddiaçı isə 1997-ci ildən mübahisəli YDM-də məskunlaşmışlar. Rayon Məhkəməsi tərəfindən şahid qismində dindirilmiş Ağdam rayonundan məcburi köçkün olan X1 ifadəsində göstərmişdir ki, o özü və iddiaçı 1997-ci ildən mübahisəli YDM-də məskunlaşmışlar. İddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini nəzərə alan Məhkəmə bildirir ki, “Qaçqınların və məcburi köçkünlərin problemlərin həlli üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli sərəncamı 1992-1994-cü illərdə məskunlaşmış məcburi köçkünlərin hüquqlarını qoruyur. İş üzrə Rayon Məhkəməsi tərəfindən dindirilmiş şahid ifadələri ilə isə müəyyən edilir ki, iddiaçı ailə üzvləri ilə birlikdə mübahisəli YDM-da 1994-cü ilə qədər deyil, 1997-ci ildə məskunlaşmışdır. İşin bu halını nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi işin bu halını nəzərə almaqda haqlı olmuşdur. Beləliklə, apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iddianı rədd etməklə iş üzrə qanuni, əsaslı və işin hallarına uyğun nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2020-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6383/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6383/2020
04.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver