Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6941/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili X2, Cavabdeh2 və vəkili X1 iştirakı ilə, İddiaçı “xxxxxxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(001)-977/2015 saylı qətnaməsindən Cavabdeh2 apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “xxxxxxxx” MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada MMC-nin xeyrinə 11413,10 manat borc və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, MMC ilə sürücü ekspeditor Cavabdeh2 arasında xx.xx.2012-ci il tarixdə müqavilə bağlanılaraq, sonuncu işə götürülmüş, müqaviləyə əsasən satış təmsilçisi vəzifəsində çalışan işçi əmək münasibətləri prosesində ona verilmiş, cəmiyyətə məxsus əmlakın və digər maddi sərvətlərin salamatlığının təmin olunması üçün tam maddi məsuliyyət daşımalı, işçi ona verilmiş əmlakın salamatlığını təmin etmədiyi təqdirdə MMC-yə vurulmuş əvəzini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin anası, digər Cavabdeh1 ilə iddiaçı cəmiyyət arasında xx xxx 2012-ci il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh şirkətdən götürdüyü malları lazımi təşkilatlara çatdırmaqla həmin malların dəyərini onlardan alaraq şirkətin xəzinəsinə ödəməli olduğu halda, yoxlama zamanı cavabdehin satdığı malların dəyərindən bir qisminin cəmiyyətin xəzinəsinə mədaxil etdiyi müəyyən edilsə də, malların dəyərindən 11413,10 manatı satış məntəqələrindən alaraq cəmiyyətin xəzinəsinə mədaxil edilmədiyi məlum olmuşdur. Cavabdeh2 həmin pulları ticarət obyektlərindən alsa da, öz vəzifəsindən sui-istifadə edərək, şirkətin xəzinəsinə ödəməyərək öz ehtiyacları üçün xərclədiyini göstərmiş və yaxın vaxtlarda həmin məbləği ödəməyi öhdəsinə götürsə də, ödəməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(001)- 977/2015 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 iddiaçı “xxxxxxxx” MMC-nin xeyrinə 11413,10 manat məbləğində pulun tutulması, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 50%, yəni 15 manatının Cavabdeh2 tutularaq MMCyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə görə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin istinad etdiyi iş materiallarında olan iltizam üzrə o, pulu ödəməyi öz üzərinə götürməmiş, yalnız obyektlər pulu ona ödədikdən sonra MMC-yə təqdim edəcəyini öz üzərinə götürmüşdür. Məhkəmə bu hala düzgün qiymət verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 və vəkili apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Cavabdeh2 qeyd etdi ki, MMC-yə borcu yoxdur, məhkəmə işə onun iştirakı olmadan baxdığından bəzi məsələlər araşdırılmamışdır. Qeyd edilən borcun yaranma səbəbi onun təqsiri ucbatından olmamışdır, qəbul etdiyi çoxlu sayda mağazalara ondan əvvəl işləyən Vüsal adlı şəxs tərəfindən verilmiş, lakin satılmamış malları qaytarıb MMC-yə təhvil verəndə onlar bu malları qəbul etməmiş, malların satış üçün yararsız, keyfiyyətsiz olması barədə akt və ya malın geri qaytarılması barədə qaimə yazıb, həmin məbləği onun hesabından silməmişlər. Şirələri təhvil verdiyi mağazalar bağlanmış və onların dəyərini ala bilməmişdir. “Portağal” market bağlanmış, həmin marketdə qalmış 1200 manat məbləğində pulun əvəzində, həmin borcu ödəyəcəkləri halda geri qaytarmaq şərti ilə bir ədəd kompüter götürmüş, lakin marketin rəhbərliyi pulu qaytarmaq əvəzinə ondan Polis bölməsinə şikayət etmiş, nəticədə o, kompüteri qaytarmaq məcburiyyətində qalmış və yalnız bundan sonra polisdə azad olunmuşdur. Həmçinin, şirkətə 11413,10 manat məbləğində borcu olmasını etiraf etməsinə dair xx.xx.2013-cü il tarixli izahatı Hərbi biletini geri ala bilməsi üçün təzyiq altında yazıb imzalamışdır. İzahatı yazdıqdan sonra Hərbi biletini təhvil almış, lakin sonradan izahatın etibarsız sayılması üçün heç bir tədbir görməmiş, bununla bağlı məhkəmədə iddia qaldırmamışdır. İddiaçının nümayəndəsi-vəkili isə şikayətin dəlilləri ilə razılaşmayaraq, etirazı müdafiə edərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlmədiyinə görə, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Kərimov X5 ifadəsində göstərdi ki, “xxxxxxxx” MMC-də təxminən 2012-ci il ərzində 1 il 7 ay bölgə müdiri vəzifəsində işləmişdir. Bakıxanov qəsəbəsində yerləşən “Portağal” market bağlanarkən mağazanın 1250 manat borcu olmuş və həmin borcun əvəzində kompüter vermişlər ki, satıb qalan borc məbləğinə silsinlər. Cavabdeh2 da kompüteri götürmüş, lakin bundan sonra mağaza müdirinin şikayəti əsasında Rəşadı Polis bölməsinə aparmışlar. Bu barədə MMC-yə bildirsələr də, MMC-dən onlara aidiyyəti olmadığını və Rəşadın özünün məsələni həll etməli olduğunu bildirmişlər. Nəticədə Rəşad kompüteri geri qaytarmalı olmuş və həmin marketin borcu da Rəşadın ayağına yazılmışdır. Göstərilən borc məbləği də daxil olmaqla ümumi borc məbləği 11413 manat hesablanmışdır. Rəşad işdən çıxarkən MMCyə hansı məbləğdə borcu qalıb-qalmamasından və xx.xx.2013-cü il tarixli izahatın yazılmasından məlumatı olmamışdır. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyasiya şikayəti vermiş şəxsə münasibətdə yoxlanılması təşkil edir. İddiaçı tərəfindən şikayət verilmədiyindən qətnamə ona münasibətdə yoxlanılmır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki,şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. “xxxxxxxx” MMC ilə Cavabdeh2 arasında xx xxx 2012-ci il tarixdə bağlanmış “Sürücü-ekspeditorla bağlanılan tam maddi məsuliyyət daşınması barədə” müqaviləyə əsasən, işçi (Cavabdeh2) ona daşınması üçün verilmiş yüklərin (sonradan əmlak adlandırılacaq) çatışmaması üçün tam maddi məsuliyyət daşıyır, işçinin tam maddi məsuliyyəti işəgötürənə dəymiş zərərin əvəzinin onun tərəfindən tam həcmdə ödənilməsindən ibarətdir. Müqavilənin 1-ci maddəsinin “a” bəndinə əsasən Cavabdeh2 malları, işləri və ya xidmətləri müvafiq olaraq təhvil-təslim aktı üzrə qəbul etməyi və qeyd edilən aktda uyğunsuzluqlara görə MMC-yə vurulmuş maddi zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan Cavabdeh2 tərəfindən xx.xx.2013-cü il tarixdə tərtib edilərək imzalanmış əlyazma şəklində olan izahatda (iltizamda) göstərilmişdir ki, “Mən, Cavabdeh2 xx.xx.2012ci il tarixdən “xxxxxxxx” MMC şirkətində satış təmsilçisi vəzifəsində işə götürülmüşəm və şirkətlə maddi məsuliyyət daşınma barəsində müqavilə bağlamışam. MMC tərəfindən mənə verilib ərazi, ticarət obyektləri və məhsullar (təbii şirələr) satış məqsədi ilə verilib. xx.xx.2013-cü il tarixində təhvil-təslim vaxtı ərazimdə və ticarət obyektlərində aşkar olundu ki, 11413,10 manat məbləğ çatışmır. Həmin məbləği mən öz işlədiyim vəzifədən istifadə etmişəm və şirkətin xəzinəsinə ödəməmişəm və öz ehtiyacıma xərcləmişəm. Həmin çatışmayan məbləği mən öz öhdəmə götürürəm və yaxın vaxtda şirkətə ödəməyə söz verirəm”. Məhkəmə işin müəyyən edilmiş hallarına əsasən belə nətiəcəyə gəlmişdir ki, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıyır və iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Kollegiya qeyd edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, tərəflər arasında olan müqaviləyə əsasən Cavabdeh2 malları, işləri və ya xidmətləri müvafiq olaraq təhvil-təslim aktı üzrə qəbul etməyi və qeyd edilən aktda uyğunsuzluqlara görə MMC-yə vurulmuş maddi zərərin əvəzini ödəməyi öhdəsinə götürmüşdür, yoxlama zamanı cavabdehin malların dəyərindən 11413,10 manatı satış məntəqələrindən alaraq cəmiyyətin xəzinəsinə mədaxil etmədiyi məlum olmuş və bu halı cavabdeh özü əlyazma ilə yazdığı izahatında etiraf edərək, yaranmış borcu aradan qaldıracağına söz vermişdir. Mülki Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882.4-cü maddəsinə əsasən bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 882.5-ci maddəsinə əsasən əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Göründüyü kimi, Cavabdeh2 iddiaçı müəssisəyə 11413,10 manat məbləğində borcu olmasını etiraf edərək, həmin borcu yaxın vaxtda ödəməyi öhdəsinə götürmüşdür. Kollegiya qeyd edir ki, qanunun tələbinə görə, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Borcun hər hansı etibarlı şəkildə (müqavilə, üzləşmə aktı, izahat, iltizam və s.) etirafı tərəfləri həmin etirafa kimi baş vermiş bütün qeyri-müəyyənliklərdən azad edir. Əks yanaşma bu institutun mahiyyətinə zidd olardı. Ona görə də xx.xx.2013-cü il tarixli izahatadək tərəflər arasında hansı məzmunda danışıqların aparılmasının heç bir əhəmiyyəti yoxdur. Cavabdeh2 apellyasiya şikayətində iltizam üzrə pulu ödəməyi öz üzərinə götürmədiyini, yalnız obyektlər pulu ona ödədikdən sonra MMC-yə təqdim edəcəyini öz üzərinə götürdüyünü qeyd etsə də, iş materiallarında olan izahatdan (iltizamdan) görünür ki, o, çatışmayan məbləği öz öhdəsinə götürmüş və yaxın vaxtda ödəməyə söz vermişdir. Göründüyü kimi, apellyasiya şikayətində qeyd edilən həmin hal iş materialları ilə təkzib olunur və bunun əksini təsdiq edəcək hər hansı sübut təqdim edilməmişdir. Eləcə də Cavabdeh2 şirkətə 11413,10 manat məbləğində borcu olmasını etiraf etməsinə dair xx.xx.2013-cü il tarixli izahatı Hərbi biletini geri ala bilməsi üçün təzyiq altında yazdığını bildirsə də, həmin izahatın etibarsız sayılması üçün məhkəmədə iddia qaldırmamışdır (o cümlədən qarşılıqlı iddia verməmişdir). Mülki Məcəllənin 337.2-ci maddəsinin tələbinə görə isə, əhəmiyyətsiz əqdlərdən fərqli olaraq, mübahisə edilən əqdin etibarsız hesab edilməsi üçün onun məhkəmə qaydasında mübahisələndirilməsi tələb olunur. Kollegiya apellyasiya şikayətində və Cavabdeh2 izahatında göstərilənləri əsassız sayır və hesab edir ki, göstərilən dəlillər qətnaməni ləğv etmək və ya dəyişdirmək üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-977/2015 saylı iş üzrə xx xxxxxx 2015-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6941/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6941/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver