Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7072/2020 11.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Şərafət Məmmədova və Emin Mehdiyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Hüseyn Cəfərlinin iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına (pretenziya qaydasına) riayət edilməsində dair sənəd təqdim etməmişdir, Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə görə belə halda iddia ərizəsi geri qaytarılır. Qərardadda “pretenziya qaydası” kimi tərəflərin arasında bağlanmış “təbii qazın alqı-satqısı barədə” müqavilənin 5.2-ci bəndindəki şərt göstərilmişdir. Orada qeyd olunub ki, həmin müqavilə ilə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilərlər. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət onunla əsaslandırılıb ki, müqavilənin 5.2-ci bəndindəki şərt pretenziya qaydası deyil. Şikayət təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki-Prosessual Məcəllənin 152.1.6-cı maddəsinə görə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 1-ci instansiya məhkəməsi həmin normanı pozmuşdur. Belə ki, Avropa Məhkəməsi və Konstitusiya Məhkəməsi müxtəlif qərarlarında dəfələrlə qeyd ediblər ki, hüquqi müəyyənlik prinsipi - hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə dair aydınlığı və müəyyənliyi nəzərdə tutur. Hüquqi müəyyənlik prinsipi tələb edir ki, hüquqi qaydalar hər bir şəxsin öz davranışını tənzimləməyə imkan vermək baxımından kifayət qədər dəqiqliklə ifadə edilsin. Hüquqi müəyyənlik prinsipi yalnız qanunla müəyən edilən davranış qaydalarına deyil, həm də müqavilə ilə müəyyən edilən davranış qaydalarına (məs., pretenziya qaydasına) şamil olunur. Müqavilənin 5.2-ci bəndində “pretenziya qaydası” kimi müəyyən edilmiş qayda hüquqi müəyyənlik prinsipinə cavab vermir. Məhkəmələrə təqdim olunan bəzi müqavilələrdə belə şərt müəyyən olunur: mübahisələr qarşılıqlı anlaşma və ya qarşılıqlı razılaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilərlər. “Qarşılıqlı anlaşma”, “qarşılıqlı razılaşma” və digər bu kimi ifadələrə əsaslanan qaydalar hüquqi müəyyənlik prinsipinə cavab vermədiyinə görə pretenziya qaydası sayılmır. Belə ifadələr müqavilə tərəfinə öz davranışını tənzimləməyə imkan vermir. Yəni o, “anlaşmaq” və ya “razılaşmaq” üçün konkret olaraq hansı hərəkəti, hansı müddətdə və hansı qaydada etməli olduğunu təyin edə bilmir. Pretenziya qaydası həm qanunla, həm də müqavilə ilə müəyyən edilə bilər. Müqayisə üçün hüquqi müəyyənlik prinsipinə cavab verən pretenziya qaydasını göstərək. Məs., Mülki Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göründüyü kimi, bu qayda hüquqi müəyyənəlik prinsipinə cavab verir: müqaviləni ləğv etmək istəyən şəxs hansı hərəkəti, hansı qaydada və hansı müddətdə etməli olduğunu təyin edə bilir. Pretenziya qaydasının məqsədi ondan ibarətdir ki, mübahisələrin həll edilməsi zamanı tərəflərin və məhkəmənin vaxtına, məsrəflərinə və zəhmətinə qənaət olunsun, elə mübahisələr gəlib məhkəməyə çıxsın ki, tərəflər özləri onu həll edə bilmirlər. Yəni pretenziya qaydası – həll qaydasıdır. Əgər həll qaydası hüquqi müəyyənlik prinsipinə cavab vermirsə, deməli, məqsədə xidmət etmir, əksinə, formal olmaqla vaxt itkisinə səbəb olur. Beləliklə, qərardad ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilsin və iş həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Namiq Cəfərov Hakimlər: Şərafət Məmmədova Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-7072/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7072/2020
11.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver