Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-774/2022 02.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 iyun 2021-cu il tarixli, 2(004)-107/2021 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə 07.01.2019-cu il tarixdə müraciət edərək, cavabdeh Cavabdeh 100.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, Cavabdeh ilə 1990-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və cavabdehə məxsus olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən 3 otaqlı mənzilə gəlin köçmüşdür. 1996-cı ilə kimi cavabdehlə birlikdə həmin mənzildə yaşamışlar. 1996-cı ildə Cavabdeh həmin mənzili satmış və əldə olunan vəsait hesabına 22.04.1997-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini satın almışdır. 1997-ci ildən o, əri Cavabdeh ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evə köçərək ailə üzvü kimi yaşamış, birgə təsərrüfat aparmış, istifadə hüququnu əldə etmiş və 1998-ci ildə qeydiyyata alınmışdır. Birgə nikahdan uşaqları doğulmamışdır. Onların arasında bağlanmış nikah 05.10.2006-cı ildə pozulmuşdur. Nikah pozulduqdan sonra da o, həmin evdə yaşamağa davam etmiş və əşyaları da orada olmuşdur. O, Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evi sökülənə kimi orada cavabdehlə birlikdə yaşamışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh ona bildirmişdir ki, ev söküləndən sonra ona mənzil alıb verəcəkdir. Evin satılmasından bir gün əvvəl Cavabdeh 17.04.2017-ci il tarixdə Biləcəri qəsəbəsində Ağ Sarayın yanında kirayə ev tutmuş və onu əşyaları ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evindən çıxaraq, kirayə mənzilə köçürmüşdür. Evin iki ayının pulunu 180 manatdan olmaqla əvvəlcədən cavabdeh ev sahibinə ödəmişdir. Cavabdeh sonradan kirayə pulunu verməmişdir, o, özü də iki ayın pulunu vermişdir. beşinci ayın pulunu ödəyə bilmədiyinə görə ev sahibi onu kirayə qaldığı mənzildən çıxartmışdır. Bu səbəbdən o, müvəqqəti olaraq bacısının yanına Bakı şəhəri Nəsimi rayonu Cəfərov qardaşları küçəsindəki 49 nömrəli evə köçmüş və hazırda orada yaşayır. Cavabdeh onu kirayə mənzilə çıxarandan sonra yaşadıqları Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini 18.04.2017-ci il tarixdə 214.809 manata satmışdır. Evin satışından əldə etdiyi vəsait hesabına Cavabdeh 2 saylı ASAN Xidmət mərkəzində bağlanmış 25.04.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini, həmçinin “Mercedes Benz Vito111” minik markalı, ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri öz adına almışdır. O, evin satıldığını öyrəndikdən sonra Cavabdeh müraciət edərək, vədinə əməl etməsini və ona ev almasını xahiş etmişdir. Lakin Cavabdeh müxtəlif bəhanələrlə ona ev almaqdan yayınmışdır. O, araşdırma zamanı öyrənmişdir ki, Cavabdeh məhkəməyə müraciət edərək, onun istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasına nail olmuşdur. O, məhkəməyə müraciət edikdən sonra qətnaməni əldə etmiş və öyrənmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli 2(004)-701/2015 nömrəli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilmiş, onun Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququ itirilmişdir. O, qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli 2(103)-9129/2018 nömrəli qətnaməsi ilə onun apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli 2(004)-701/2015 nömrəli qətnaməsi ləğv edilmiş, Cavabdeh iddiası rədd edilmişdir. Hazırda Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evi söküldüyünə görə, o, faktiki olaraq evsiz qalmışdır. Məhkəmədən sonra isə Cavabdeh ona ev almamaq və pul verməmək üçün Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini 2019-cu ildə qızı X5 bağışlamışdır. Hesab edir ki, evin sökülməsi ilə əlaqədar, o, öz yaşayış yerindən məhrum olmuş və bununla ona maddi zərər dəymişdir. Bu səbəbdən o, cavabdehdən 100.000 manat pul tutulmasını və iddianın təmin edilməsini xahiş edir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 iyun 2021-cu il tarixli, 2(004)-107/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospektində yerləşən 117 nömrəli fərdi yaşayış evinin sökülməsi nəticəsində İddiaçı həmin evə olan istifadə hüququndan məhrum olunduğuna görə, ona dəymiş maddi ziyanın əvəzi olaraq 20.000 manat pul və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 20.030 (iyirmi min otuz) manat pul Cavabdeh tutularaq İddiaçı ödənılməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-107/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsinin ləvğ edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbi ilə eynilik təşkil etməklə, əlavə olaraq qeyd olunmuşdur ki, cavabdeh 1997-ci ildə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospektində yerləşən 117 saylı 2 mərtəbəli evi almışdır. Həmin evdə iddiaçı, cavabdeh, cavabdehin atası və bacısı birlikdə yaşamışlar. Cavabdehin atası həmin evdə vəfat etmişdir. 1998-ci ildə iddiaçı həmin evə pasport qeydiyyatına alınmışdır. Rəsmi nikahdan övladları olmamış, 2006-cı ildə nikah ləğv edilmişdir. Cavabdeh ev söküldükdən sonra iddiaçını evlə təmin etməyə söz vermişdir. Nikahları ləğv edilsə də, bir evdə ailə kimi yaşamağa davam etmişlər. İddiaçı evin sökülməsi ilə yaşayış yerindən məhrum olmuşdur. Məhkəmə iddiaçının mənzilə yalnız istifadə hüqunun olması qənaətinə gəlmiş və iddianı qismən təmin etmişdir. Halbuki, iddiaçı 1990-cı ildən cavabdehin arvadı kimi Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayonda yerləşən 3 otaqlı mənzildə yaşamış və birgə təsərrüfatı idarə etmişlər. 1996-cı ildə cavabdeh yaşadıqları mənzili özəlləşdirərək satmışdır. Rəsmi nikahda olduqları vaxt-1997-ci ildə Bakı şəhəri, Yasamal rayonu Nəriman Nərimanov prospektində yerləşən 117 saylı, 2 mərtəbəli evi almışlar. Göründüyü kimi, iddiaçının mənzilə yalnız istifadə deyil, pay hüququ da vardır. 20.000 manat pulla iddiaçının özünü yaşayış sahəsi ilə təmin etməyi imkan xaricindədir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunan hissəsində ləğv olunması, həmin hissədə iddianın qanunsuz, əsassız və ədalətsiz olduğu və iddiaçı tərəfindən iddia müddətinin üzürsüz səbəbdən ötürülməsi ilə əlaqədar iddia tələbinin həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə həmin mülki işə baxarkən iddianın təmin edildiyi hissəsində Azərbaycan Respublikası MPM-nin 9 (Ədalət mühakiməsinin çəkişmə, tərə ilərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi), 14 (İş üzrə məhkəmə baxışının prinsipləri), 76 (Sübutlar), 77 (Sübut etmə vəzifəsi), 78 (Sübutların təqdim edilməsi və tələb olunması), 79 (Sübutların olduğu və saxlanıldığı yerdə müayinə və tədqiq edilməsi), 88 (Sübutların qiymətləndirilməsi), 172 (İşlərin baxılması və həll edilməsi müddətləri), 184 (İşin və mübahisənin vəziyyətinin müzakirə edilməsi, işdə iştirak edən şəxslərin vəsatətlərinin həlli), 192 (İşdə iştirak edən şəxslərin izahatları), 193 (Sübutların tədqiq edilmə ardıcıllığının müəyyən olunması), 202 (Yerində müayinə), 210 (Məhkəmə çıxışları), 211 (Replikalar), 214 (Qətnamənin elan edilməsi), 218 (Qətnamə çıxarıldıqda həll edilən məsələlər) və sairə maddələrinin tələbləri kobud surətdə pozmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-107/2021 saylı, 16.06.2021-ci il tarixli qətnaməsi ilə mülki işin materialları iddianın təmin olunan hissəsində tam, hərtərəfli və obyektiv araşdırılmamış, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması ilə nəticələnən, qanunsuz, əsassız və son dərəcə ədalətsiz qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili X6 cavabdehin apellyasiya şikayətini qəbul etməyərək, öz apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın tam təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh öz apellyasiya şikayətini müdafiə etdi, iddiaçı tərəfin apellyasiya şikayətini qəbul etməyərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddianın təmin edilməməsini xahiş etdi, izahatında qeyd etdi ki, İddiaçı 1990-cı ildə rəsmi nikah bağlayaraq ailə qurmuş və birlikdə atasına məxsus olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən 3 otaqlı mənzildə yaşamışlar. 1996-cı ilə kimi iddiaçı ilə birlikdə həmin mənzildə yaşamışlar. Atası vəfat etdikdən sonra o, həmin evi öz adına özəlləşdirmiş və satmışdır. Əldə olunan vəsait hesabına 22.04.1997-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini satın almışdır. Evi aldıqdan sonra İddiaçı ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə köçərək, ailə üzvü kimi yaşamış, 1998-ci ildə qeydiyyata alınmışlar. Birgə nikahdan uşaqları yoxdur. İddiaçı ilə 2006-cı ildə boşanmışlar. Nikah pozulduqdan sonra da iddiaçı həmin evdə yaşamağa davam etmiş və 2015-ci ildə evdən çıxıb getmişdir. O, qərara almışdır ki, yaşadıqları Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evi söküləndə iddiaçıya bir otaqlı ev alıb verəcəkdir. Lakin iddiaçı onun dostunun xalasından satmaq üçün 3.000-4.000 ABŞ dolları dəyərində nisyə paltar almış və pulunu verməmişdir. Həmin pulu iddiaçının əvəzində o, ödəmişdir. Həmçinin iddiaçı evdən gedəndə ona məxsus olan 18.000- 20.000 manat pulunu da aparmışdır. O, bu qədər pulu haraya xərclədiyini soruşduqda, iddiaçı evə kartof-soğan aldığını, evin ehtiyaclarına xərclədiyini bildirmişdir. Bu səbəbdən hesab edir ki, iddiaçıya Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evində olan hüququna görə pul verməməlidir. O, yaşadıqları Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini 18.04.2017-ci il tarixdə 214.000 manata satmışdır. Evin satışından əldə etdiyi vəsait hesabına 25.04.2017-ci il tarixli alğısatqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini, həmçinin “Mercedes Benz Vito111” minik markalı, ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı, ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri özü adına almışdır. Borclarını ödəmiş və 3.500 manat müalicəsinə xərcləmişdir. O, məhkəməyə müraciət edərək, iddiaçının Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququnu itirmiş və sonra evi satmışdır. Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini 2019-cu ildə qızı X5 bağışlamışdır. Hazırda onun iddiaçıya verməyə pulu yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 məhkəməyə gəlməmiş və gəlməməyinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən 3-cü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf iddianın tam təmin edilməsini xahiş etməklə, cavabdeh tərəf qətnaməni iddianın qismən təmin edilən hissəsində mübahisələndirmişdir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 iyun 2021-cu il tarixli, 2(004)-107/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara görə birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur. Belə ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları, təqdim olunmuş sübutlar və qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri, işin faktiki halları ilə müəyyən edilmişdir ki, İddiaçı 1990-cı ildə Cavabdeh ilə rəsmi nikah bağlayaraq ailə qurmuş və cavabdehə məxsus olan Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayonda yerləşən 3 otaqlı mənzilə gəlin köçmüşdür. 1996-cı ilə kimi cavabdehlə birlikdə həmin mənzildə yaşamışlar. 1996-cı ildə Cavabdeh yaşadıqları mənzili satmış və əldə olunan vəsait hesabına 22.04.1997-ci il tarixli alğısatqı müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 2 mərtəbəli 4 otaqlı 117 nömrəli fərdi yaşayış evini satın almışdır. İddiaçı 1997-ci ildən əri Cavabdeh ilə birlikdə Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evə köçərək ailə üzvü kimi yaşamış, birgə təsərrüfat aparmış, istifadə hüququnu əldə etmiş və 1998-ci ildə qeydiyyata alınmışdır. Birgə nikahdan tərəflərin uşaqları olmamışdır. Tərəflərin arasında bağlanmış nikah 05.10.2006-cı ildə pozulmuşdur. Nikah pozulduqdan sonra da İddiaçı Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evində yaşamağa davam etmiş və ev sökülənə kimi orada cavabdehlə birlikdə yaşamışdır. Aralarında olan razılaşmaya əsasən cavabdeh bildirmişdir ki, ev söküləndən sonra iddiaçıya mənzil alıb verəcəkdir. Evin satılmasından bir gün əvvəl Cavabdeh İddiaçı yaşadıqları Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evindən çıxaraq, kirayə mənzilə köçürmüşdür. Cavabdeh Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini 18.04.2017-ci il tarixdə 214.809 manata satmışdır. Cavabdeh həmin evin satışından əldə etdiyi vəsait hesabına 2 saylı ASAN Xidmət mərkəzində bağlanmış 25.04.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini, həmçinin “Mercedes Benz Vito111” minik markalı ** LX *** dövlət qeydiyyat nişanlı və “Opel Astra” minik markalı ** MJ *** dövlət qeydiyyat nişanlı avtomobilləri öz adına almışdır. Sonradan Cavabdeh Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsindəki 164T nömrəli bağ evini qızı X5 bağışlamışdır. İddiaçı ev satılandan sonra Cavabdeh müraciət etsə də, Cavabdeh vədinə əməl etməmiş, iddiaçıya ev almamış və onun istifadə hüququnun olmasına görə kompensasiya ödəməmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli 2(004)-701/2015 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı qarşı “yaşayış sahəsinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququ itirilmişdir. İddiaçı həmin işə baxılmasından və çıxarılmış qətnamədən məlumatı olmamışdır, qətnamədən xəbər tutduqdan sonra əldə etmiş və apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli 2(103)-9129/2018 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli 2(004)-701/2015 nömrəli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı “İddiaçı Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia rədd edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı 1997-ci ildən Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evində yaşamaqla, oradan istifadə hüququ əldə etmişdir. İddiaçı keçmiş əri Cavabdeh tərəfindən aldadılaraq evdən çıxarılmış və ev satılmışdır. Hazırda ev söküldüyünə görə iddiaçı evsiz qalmış və yeganə yaşayış yerindən məhrum olmuşdur. Nəticədə iddiaçıya maddi zərər dəymişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddiaçı istifadə hüququ olan Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evindən istifadə etməkdən faktiki olaraq məhrum olmuş və nəticədə ona yeganə yaşayış sahəsinin sökülməsi nəticəsində maddi zərər dəymişdir. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evini 214.000 manata satdığını və evin satılmasından əldə etdiyi vəsaitdən İddiaçı hər hansı məbləğ ödəmədiyini bildirmişdir. Cavabdeh İddiaçı nisyə aldığı paltarlara görə 3.000-4.000 ABŞ dolları borcunu ödədiyini, həmçinin İddiaçı ona məxsus olan 18.000-20.000 manat pul vəsaitini evdən apardığını iddia etsə də, bu halları təsdiq edən rəsmi sənədləri, mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin İddiaçı cavabdehin evin satılmasına görə ona 100.000 manat ödəməyi öhdəsinə götürməsinə dair yazılı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiası əsasında qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26.01.2015-ci il tarixli 2(004)-701/2015 nömrəli qətnaməsi ilə İddiaçı Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququna xitam verildiyinə və həmin qətnamə artıq Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13.09.2018-ci il tarixli 2(103)-9129/2018 nömrəli qətnaməsi ilə ləğv edilməklə, iddiaçı Cavabdeh İddiaçı qarşı “İddiaçı Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evinə olan istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia rədd edildiyinə, həmçinin həmin fərdi yaşayış evi tamamilə söküldüyünə, bununla da, İddiaçı yeganə yaşayış yeri olan Bakı şəhəri Yasamal rayonu Nəriman Nərimanov prospektindəki 117 nömrəli fərdi yaşayış evindən istifadə etmək, orada yaşamaq hüququndan məhrum olduğuna görə, o cümlədən İddiaçı istifadə hüququ ilə yüklü olan evin satılmasına görə mülkiyyətçi Cavabdeh 214.809 manat vəsait ödənildiyinə görə, iddiaçıya yaşayış sahəsindən istifadə etmək və orada yaşamaq hüququndan məhrum edilməsi nəticəsində vurulmuş maddi zərərin əvəzinin ödənilməsi üçün Cavabdeh mülki məsuliyyət daşımalıdır. Kollegiya qeyd edir ki, "xxxx" MMC-nin 10 yanvar 2022-ci il tarixli, ƏEM/Y-018/22 saylı, “Daşınmaz əmlakın orta aylıq kirayə haqqının müəyyən edilməsi barədə” arayışa əsasən aparılmış araşdırmalar və təhlillərə əsasən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospektində yerləşən 117 saylı fərdi yaşayış evi üzrə həmin ərazidə yerləşən 1 otaqlı mənzillərin orta aylıq kirayə haqqı 10 yanvar 2022-ci il tarixinə təmirlilikdən, təchizatdan asılı olaraq 150,0- 200,0 manat təşkil edir. Kollegiya hesab edir ki, iddiaçıya istifadə hüququna görə vurulmuş maddi zərərin əvəzi olaraq 20.000 manat vəsait ödənilməsi, tərəflərin hüquqi mənafeyinə və əmlak vəziyyətinə uyğun olmaqla, qanuni və ədalətlidir. Həmin məbləğ iddiaçının həmin ərazidə 8 ilə yaxın müddət ərzində davamlı olaraq yaşamasını təmin edəcəkdir. Buna grə də, iddiaçının vurulmuş maddi zərərin əvəzinə görə cavabdehdən 100.000 manat pul tələb etməsi ağlabatan deyildir və həddindən artıq yüksək məbləğdir. Kollegiya iddiaçının mənzildən payının olması tlə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, həmin ev tərəflərin birgə nikahı dövründə əldə edilsə də, yalnız cavabdehə məxsus olan əmlakdır. İddiaçının həmin evdən yalnız istifadə hüququ olmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə müvafiq olaraq şəxsin yaşayış yeri dedikdə, şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. MM-nin 27.3-cü maddəsinə əsasən əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. MM-nin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “X3rşı iş üzrə” Avropa İnsan Hüquqları Məhkəməsinin 24.11.1986-cı il tarixli qərarında qeyd edilmişdir ki, “İnsan Hüquqlarının və X2 haqqında” Konvensiyanın 8-ci maddəsinin mənası baxımından 19 il həmin evdə yaşamayan şəxslər həmin evi öz mənzilləri adlandıra bilərlər. Bu nəticə belə bir fakta əsaslanır ki, uzun müddət həmin evdə yaşamadıqlarına baxmayaraq, ərizəçilərin həmişə ora qayıtmaq fikirləri vardır və mənzilin kirayəçiləri ilə daimi əlaqələri mövcud idi ki, həmin əlaqələr onların evini öz mənzili hesab etmək üçün yetərli idi. MM-nin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarına əsasən MPM-nin 372.2-ci maddəsinə istinadla və yaxud MPM-nin 416-cı maddəsinin tələbləri baxımından tərəfin müvafiq olaraq apellyasiya və ya kassasiya instansiyası məhkəmələrində iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmək hüququ istisna olunur. Birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışsa və buna görə birinci instansiya məhkməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun aellyasiya şikayətinə əlavə edilə bilər və bu halda apellyasiya instansiyası məhkəməsi ərizədə göstərlən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Kollegiya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, cavabdeh olan apellyatorun iddia müddətinin ötürülməsi ilə bağlı dəlili o, birinci instansiya məhkəməsində iştirak etməklə bu barədə ərizə təqdim etmədiyindən, əsaslı hesab oluna bilməz. Kollegiya həmçinin cavabdeh olan apellyatorun maddi və prosessual hüquq normalırının pozulması ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, qeyd olunan hallar məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 iyun 2021-cu il tarixli, 2(004)- 107/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-774/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-774/2022
02.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver