Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-8925/2021 03.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), İbayev Vəfaddin Ələm oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, 2(004)-5157/2021 saylı iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 avqust 2021-ci il tarixli qərardaddan İddiaçı verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “cavabdehlərin iddiaçının mülkiyyətində olan sahədən çıxarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinin 02.08.2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. İddiaçı həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 10.08.2021-ci il tarixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü, habelə icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, barəsində şikayət verilmiş qərardad onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdehlərin heç biri Bakı şəhəri, Yasamal rayonunda rəsmi qeydiyyatda deyil. Bu səbəbdən də, iddiaya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 35.2-ci maddəsinin tələbinə görə Yasamal Rayon Məhkəməsi tərəfindən baxıla bilməz. Qərardaddan verilmiş şikayət isə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində qeyd edilən tələblərdən biri, yəni “cavabdehlərin iddiaçının mülkiyyətində olan sahədən çıxarılması barədə” olan tələb MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür. Belə ki, iddiaçının mülkiyyətində olan mübahisəli sahə ünvan 1 ünvanında yerləşir və iddiaçı həmin sahədən cavabdehlərin çıxarılmasını, yəni iddiaçı mülkiyyətində olan sahənin başqasının qeyri-qanuni sahibliyindən götürülməsini tələb edir. Bununla bağlı Məhkəmə qeyd edir ki, MPM-nin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürülmüş tələblərdən biri iddiaçının mülkiyyətində olan sahədən cavabdehlərin çıxarılmasını, yəni iddiaçı mülkiyyətində olan sahənin başqasının qeyri-qanuni sahibliyindən götürülməsini tələb edir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş “Çıxarışdan” görünür ki, həmin sahə iddiaçının mülkiyyətində olmaqla ünvan 1 ünvanında yerləşir. Məhkəmə bildirir ki, MPM-nin 39.1-ci maddəsinin mənasına görə, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, qeyd edilən tələb MPM-nin 39.1-ci maddəsinin təsiri altına düşür və belə olana halda iddiaya Yasamal Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Qeyd edilənlərə əsasən Məhkəmə hesab edir ki, barəsində şikayət verilmiş qərardad ləğv edilməli və iddia ərizəsinin mümkünlüyü, habelə icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün iş həmin Rayon Məhkəməsinə göndərilməlidir. Şikayətdə, qərardadın ləğv edilməsi ilə yanaşı iddia ərizəsini icraatı qəbul edilərək mahiyyəti üzrə baxılması xahiş edildiyindən, lakin MPM-nin 151-ci maddəsinə görə iddia ərizəsinin mümkünlüyü Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan şikayət qismən təmin edilmiş hesab olunur. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 avqust 2021-ci il tarixli qərardad ləğv edilsin və İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “cavabdehlərin iddiaçının mülkiyyətində olan sahədən çıxarılması və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddia ərizəsinin mümkünlüyü və icraata qəbul edilməsi məsələsinin yenidən müzakirə edilməsi üçün iş Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.
Məhkəmə qərarları › İş №2(103)-8925/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-8925/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver