Məhkəmə qərarları › İş №2(105)-1857/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1857/2023

02.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1857/2023 02.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə zəruri avtomobil yolunun verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(012)- 748/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə zəruri avtomobil yolunun verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə gedib-gəlmək üçün Cavabdeh məxsus olan 0,035 ha torpaq sahəsindən zəruri avtomobil yolunun verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində X1 məxsus olan 0,065 ha torpaq sahəsinin 0,03 hissəsini o, qalan 0,035 ha hissəsini isə Cavabdeh xx.xx.2012-ci il tarixdə Abşeron rayonu notariusu R.K.Hümmətovun notariat kontorunda alqı-satqı yolu ilə almışdır. Torpaq sahəsini alarkən satıcı ilə cavabdehə düşən torpaq sahəsindən ona zəruri yolun verilməsini razılaşmışlar. Həmin vaxt cavabdeh də bu razılaşmaya etiraz etməmişdir. Onlar aldıqları torpaq sahəsini dövlət reyestrində qeyd etdirməklə müvafiq çıxarış almışlar. Bir neçə ay bundan öncə, mülkiyyətində olan torpaq sahəsində ailəsilə birgə yaşamaq üçün fərdi yaşayış evi tikdirmək niyyətilə getdikdə görmüşlər ki, cavabdeh ona məxsus olan torpaq sahəsinə girmək üçün darvazanı iddiaçıya məxsus olan torpaq sahəsinin girişini bağlamaqla qoymuşdur. Mülkiyyətində olan torpaq sahəsinin olmasına baxmayaraq cavabdeh ümumi istifadədə olan küçəyə çıxış yolunun qarşısını bağlamışdır. Torpaq sahəsinə daş maşınlarının, başqa maşınların girişini və hətta piyada girişini belə tam məhdudlaşdırmışdır. Cavabdeh bütün vasitələrlə torpaq sahəsinə girişə qərəzli şəkildə maneçilik yaradır. Bunun nəticəsində isə onun hüquqları kobud şəkildə pozulur. Ona məxsus olan torpaq sahəsinə başqa hissədən zəruri yolun verilməsi mümkün deyildir. Qanunda göstərildiyi kimi, hər kəs mülkiyyətində olan torpaq sahəsindən maneəsiz istifadə etməlidir, lakin cavabdehin hərəkəti nəticəsində o, xüsusi mülkiyyətindən mərhum olmuşdur. Torpaq sahəsinə daxil ola bilmir, orada təyinatına uyğun olaraq fərdi yaşayış evi tikdirə bilmir. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(012)-748/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə zəruri avtomobil yolunun verilməsi barədə iddia tələbinin təmin edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu və mütəxəssis tədqiqatının aparılması üçün ödənilmiş vəsaitin iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pulun İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir (hakim Məlahət Abbasova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(012)-748/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istifadə hüququ özözlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi birbirindən fərqlidir. Buna görə, bu hüquqlar öz sahiblərinin əşyadan istifadə etmək səlahiyyətlərini təmin etsələr də, bu imkanı təmin edən əmlak hüquqlarının heç birini “istifadə hüququ” adlandırmaq olmaz. Əks halda əmlak hüquqlarının adlarının əsas funksiyası olan fərqləndirmə və müəyyən etmə xüsusiyyəti aradan qalxmış olar. Belə olan halda isə hansı hüququn nəzərdə tutulduğunu müəyyən etmək mümkün olmaz. Nəticə etibarilə, mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilə əsasən qeyd edilməlidir ki, hər bir şəxs mülkiyyətində olan əmlakdan istifadə edə, ona sahiblik edə və barəsində sərəncam verə bilər. Abşeron rayonu, Saray qəsəbəsində R.Rəhimova məxsus 0,065 ha torpaq sahəsinin 0,03 ha hissəsini o, qalan 0,035 ha hissəsini isə cavabdeh alqı-satqı qaydasında özgəninkiləşdirmişdir. Həmin torpaq sahəsi alınarkən ilkin razılaşma əsasında cavabdeh istifadəsində olan (həmin 0,035 ha hissədən də artıq istifadəsində olan) torpaq sahəsindən istifadə etməyə razılıq vermişdir (məhkəmə iclasının audio-video yazılarında da bu barədə etirafedici xüsusat mövcuddur). Çünki torpaq sahəsi satılarkən orada onun mülkiyyətinə keçən torpaq sahəsinə gediş-gəliş üçün faktiki yol olmuşdur. Lakin cavabdeh torpaq sahəsinə gediş-gəlişi məhdudlaşdırmaqdan ötrü torpaq sahəsinin giriş hissəsinə darvaza qoymuşdur. Bununla da cavabdeh hüquqdan sui-istifadə edərək, torpaq sahəsindən istifadə etməyə məhdudiyyət yaratmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsi əsası kimi bir iddia tələbinin sübut olunmamasını, ikincisi isə hüquqi əsasının olmamasını göstərmişdir. İddia tələbi üzrə ədalətli məhkəmə araşdırmasını təmin etməklə sual doğuracaq hallardan azad məhkəmə qətnaməsi qəbul etməli olduğu halda, sübutlar üzrə natamam araşdırma (bu hal prosessual maddələr ilə bağlı hissədə qeyd ediləcəkdir) aparmış, əsassız olaraq da iddia tələbinin hüquqi əsası olmadığını göstərmişdir. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarları baxımından, həmçinin qeyd edilən maddi hüquq normaları baxımından onun torpaq sahəsindən istifadə etməkdən ötrü zəruri keçid avtomobil yolunun ayrılması təmin edilməlidir. Əks halda bu onun mülkiyyətindən sərbəst surətdə sahiblik və istifadə hüququnu məhdudlaşdırır ki, mülkiyyət hüququna müdaxilə istənilən formada qanunsuzdur. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını sadalasa da, həmin normaları ya tətbiq etmək istəməmiş, səhv təfsir etməklə tətbiq etmişdir. Belə ki, torpaq sahəsinə gediş-gəliş üçün yol sahəsinin verilməsindən ötrü qonşu torpaq mülkiyyətçisi olan cavabdehdən torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Yuxarıda göstərilən maddi hüquq normalarının və Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının məna və məzmununa görə torpaq sahəsinə gediş gəliş üçün zəruri avtomobil yolu verilməlidir. Cavabdeh tərəfindən həmin torpaq sahəsinə giriş-çıxışını məhdudlaşdıran hərəkətin (hərəkətsizliyin) edilməsi faktiki olaraq mülkiyyət hüququnun yalnız kağız üzərində qalmasını, mülkiyyətində olan torpaq sahəsindən sahiblik, həmçinin istifadə etmək hüququnu mümkünsüz etmişdir. Bu qeyd edilən xüsusatlar isə onu ehtiva edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını səhv təfsir etməklə tətbiq etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki prosessual qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. Onun adına xx.xx.2012-ci il tarixli, AA 044165 saylı torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur. İş materiallarında olan RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,035 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. Orada yerləşən fərdi yaşayış evinə dair onun adına xx.xx.2021-ci il tarixli, 9036 saylı texniki pasport tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-2/3-32/2-2755/2023 saylı mütəxəssis rəyindən görünür ki, RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yol elektron məlumat bazasında göstərilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Ümumi istifadədə olan yol sxemdə göstərilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2076 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 14 mart 2023-cü il tarixli 3-2/3-32/2-2755/2023 nömrəli mütəxəssis rəyinə əsasən, RX ******* saylı, xx.xx.2012-ci il tarixli reyestrdən çıxarışla İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsinə gedən yol elektron məlumat bazasında göstərilmədiyindən sualın cavablandırılması mümkün olmamışdır. Ümumi istifadədə olan yol mütəxəssis rəyinə əlavə olunmuş sxemdə göstərilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdən İddiaçı, RX ******* nömrəli çıxarışa əsasən isə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,035 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir. İddiaçı iddia edir ki, mülkiyyətində torpaq sahəsinin olmasına baxmayaraq cavabdeh ümumi istifadədə olan küçəyə çıxış yolunun qarşısını bağlamışdır. Torpaq sahəsinə avtomobillərin və piyada girişini tam məhdudlaşdırmışdır. Cavabdeh bütün vasitələrlə onun torpaq sahəsinə girişinə qərəzli şəkildə maneçilik yaradır. Bunun nəticəsində isə onun hüquqları kobud şəkildə pozulur. Ona məxsus olan torpaq sahəsinə başqa hissədən zəruri yolun verilməsi mümkün deyildir. Cavabdeh isə iddia tələbini qəbul etmir. Birinci instansiya məhkəməsi haqlı olaraq qərarında qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, cavabdehin mülkiyyətindədir və onun bu sahəyə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Bu sahədən iddiaçıya dəyəri ödənilmədən zəruri yolun verilməsi mövcud qanunvericiliyin tələblərinə ziddir. Qanunvericiliyə görə iddiaçı cavabdehlə servitut barədə razılaşma olmadıqda, onun şərtlərinin tətbiq edilməsilə bağlı məhkəməyə müraciət edə bilər. Hazırki halda isə İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə zəruri avtomobil yolunun verilməsi barədə tələbinin hüquqi əsası yoxdur və buna görə də təmin oluna bilməz. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə mülkiyyət hüququ ilə yanaşı servitutlar da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 239-cu maddəsinə görə fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Həmin Məcəllənin 255.1-ci maddəsinə görə servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. Həmin Məcəllənin 255.4-cü maddəsinə görə servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Həmin Məcəllənin 255.8-ci maddəsinə görə daşınmaz əşya müəyyən şəxsin xeyrinə servitutla yüklü edilə bilər. Bu cür yüklülük şəxsi servitut adlanaraq ondan ibarət olur ki, mülkiyyətçidən başqa, həmin şəxs binadan və ya onun bir hissəsindən özü və ya ailəsi üçün mənzil kimi istifadə edə bilir. Şəxsi servitut başqa şəxslərə verilmir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə görə bələdiyyə avtomobil yolların şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yolları, habelə kənd və qəsəbələrinin ərazisində yerləşən və onların mülkiyyətində olan küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yollar və yol qurğuları aiddir. Bələdiyyə yolları bələdiyyə qurumlarının ərazisi hüdudlarında avtomobil və başqa nəqliyyat əlaqələrini təmin edir. Həmin Qanunun 13-cü maddəsinə görə ümumi istifadədə olan bələdiyyə yollarının yerləşdiyi torpaq sahələri də bələdiyyə mülkiyyətinə aid edilir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyəti orqanının və müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir. Qanunsuz tikili və qurğuların inşasına yol vermiş hüquqi və fiziki şəxslər, onları bu Qanunla və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz qüvvəsi və (və ya) vəsaiti hesabına sökməlidir. Torpaq Məcəlləsinin 54-cü maddəsinə görə servitut - bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır. Servitut-torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq sahəsinə aşağıdakı servitutlar müəyyən edilə bilər: torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək; torpaq sahəsindən fərdi, kommunal, mühəndis, elektrik və digər xətt və şəbəkələrin çəkilməsi və təmiri üçün istifadə etmək; torpaq sahəsində drenaj işləri aparmaq; torpaq sahəsində su toplamaq və içməli su götürmək (mal-qaranı suvarmaq); torpaq sahəsindən mal-qaranı keçirmək; yerli şəraitə və adətlərə uyğun olaraq, özgənin torpaq sahəsində ot biçmək və mal-qara otarmaq; torpaq sahəsindən axtarış, tədqiqat və digər işlərin aparılması üçün müvəqqəti istifadə etmək; qonşu sahədə dayağı olan və ya müəyyən hündürlükdə qonşu sahəsinə keçən tikililər və qurğular ucaltmaq; qonşu sahədə müəyyən hündürlükdən artıq olan tikililərin və qurğuların ucaldılmasını qadağan etmək; torpaq sahəsində qoruyucu meşə əkinləri və zolaqları salmaq və digər təbiət qoruyucu obyektlər yaratmaq; qanunvericiliyə zidd olmayan hallarda torpaq sahəsi üzərində digər servitutlar. Servitutlar, onların müəyyən edildiyi torpaq sahəsinə mümkün qədər az məhdudiyyətlər yaradan üsullarla həyata keçirilməlidir. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, üzərində servitut müəyyən edilən torpaq sahəsinin mülkiyyətçisinin həmin servitutdan istifadə edən şəxsdən müvafiq ödəniş tələb etmək hüququ vardır. Kənd əhalisinin və onların birliklərinin xeyrinə müəyyən edilən kənd təsərrüfatı servitutlarına görə ödəniş tutulmur. Servitutlar müvəqqəti və daimi ola bilər. Torpaq sahəsi üzərində hüququn formasından asılı olmayaraq, bütün torpaq sahəsinə servitut müəyyən edilə bilər. Servitutlar qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməlidir. Torpaq sahəsi başqa şəxslərə keçdikdə, qanunvericiliklə müəyyən edilmiş servitutlar saxlanılır. Müəyyən edilmiş servitutun əsasları sonradan aradan götürülərsə, torpaq mülkiyyətçisinin tələbinə görə həmin servitut dayandırıla bilər. Üzərində servitutun müəyyən edilməsi nəticəsində torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilməsi mümkün olmadığı hallarda, həmin sahənin mülkiyyətçisinin bu servitutun məhkəmə qaydasında dayandırılmasını tələb etmək hüququ vardır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 fevral 2003-cü il tarixli Qərarın 20-ci bəndinə görə torpaq sahəsinə tətbiq edilən servitutların təqribi dairəsi Torpaq Məcəlləsinin 54-cü maddəsinin 4-cü hissəsində müəyyən edilmişdir. Servitut barədə razılaşma olmadıqda, onun şərtləri məhkəmənin qətnaməsi ilə müəyyən edilə və yaxud dayandırıla bilər. Servitut verilməsi haqqında müqavilə yazılı formada tərtib edilməli, notariat qaydasında təsdiq olunmalı və dövlət qeydiyyatından keçirilməlidir. Həmin qaydaya əməl olunmaması servitutun etibarsızlığına səbəb olur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin 48-ci vərəqində İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə zəruri avtomobil yolunun verilməsi tələbinə dair hazırkı iş üzrə tərəflərin mülkiyyətində olan torpaq sahələrinin yerləşmə vəziyyətinə görə sxemi əks olunmuş və iddiaçının nümayəndəsi tərəfindən baxış üçün təqdim edilmiş mobil telefon vasitəsi ilə video çəkilişə məhkəmə kollegiyası tərəfindən baxıldıqda da həmin sxemin tam reallığı əks etdirdiyi məlum olmuşdur. Bununla əlaqədar müəyyən olunmuşdur ki, iddiaçı və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin giriş hissələri tam açıq olmaqla hər hansı darvaza və giriş qapısı qoyulmamış, hər iki tərəfin torpaq sahələrinin sərhədləri tam hörgü ilə hasara alınmışdır. Həmçinin müəyyən olunur ki, torpaq sahələrinin sərhədləri tam hasara alındığından cavabdeh mülkiyyətindəki torpaq sahəsinə avtomobillə sərbəst daxil ola bilir, lakin iddiaçının mülkiyyətindəki torpaq sahəsinə avtomobil vasitəsi ilə deyil, yalnız piyada keçmək olur. Bununla əlaqədar iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında bildirdi ki, cavabdeh hasarın özünə məxsus hissəsini təxminən 2 metr arxaya çəkdiyi halda hazırkı mübahisə həll olunmuş olar. Lakin həmin sxemə əsasən müəyyən olunur ki, bu kimi halda cavabdehin torpaq sahəsi üzərində mülkiyyət hüququ pozulmuş olar. Buna görə hazırkı mübahisə torpaq sahəsinə nəqliyyat vasitəsi ilə keçmək üçün servitut müəyyən edilməklə həll edilə bilər. İddiaçının özü də məhz iddia ərizəsində avtomobillə keçidin servitut qoyulmaqla təmin edilməsini qeyd etsə də, iddia tələbində servitutun əvəzli olaraq qoyulması mübahisələndirilməmişdir. Bundan əlavə məhkəmə kollegiyası tərəfindən ümumi yolun giriş hissəsində darvazanın mövcud olduğu müəyyən olundu. Bununla əlaqədar cavabdehin nümayəndəsi bildirdi ki, həmin darvazadan hamı sərbəst istifadə edir və həmin darvaza onun tərəfindən qoyulmamış, gecə vaxtı sahibsiz itlərin daxil olmaması məqsədi ilə edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində məhz cavabdehə məxsus 0,035 ha torpaq sahəsindən zəruri avtomobil yolunun verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi mövqe ilə razılaşır və hesab edir ki, iddiaçının apellyasiya şikayətində istinad etdikləri dəlillər əsassız hesab olmaqla apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.12-ci maddəsinə əsasən torpaq sahəsi tələbi barədəki iddialarda iddianın qiyməti torpağın müəyyən edilmiş qiyməti ilə, bu olmadıqda isə bazar qiyməti ilə hesablanır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, e-2(012)-748/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar