Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2092/2023 13.12.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölgüsü tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-47/2023 nömrəli, 21 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Quba Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim V.Seyidov) iddianın qismən təmin edilməsi, paylı mülkiyyətdə olan Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin satış qiyməti 10000 (on min) manat müəyyən edilməklə açıq hərracda satılması və satış pulu İddiaçı ilə Cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi, iddia tələbi “Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərindəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi” hissəsində rədd edilməsi, "xxxx" MMC-yə ödənilmiş 300 manat məbləğində vəsait Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun payının naturada ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığını, cavabdehə mübahisəli torpaq sahəsinin hazırki real bazar qiymətinə uyğun olaraq ½ hissədə məbləğin (10.000 manat) kompensasiya şəklində ona ödənilməsi barədə təklifinə cavabdeh münasibət bildirmədiyindən iddia tələbini dəyişdirərək, Quba rayonu, 2-ci Nüqədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun iddiaçı və cavabdeh arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və daha sonra ərizə təqdim edərək, İddiaçı tərəfindən xidmət haqqı olaraq "xxxx" MMC-yə ödənilmiş 300 manat məbləğində vəsaitin də cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 10/8548 saylı ekspert rəyinə əsasən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki İddiaçı ½ hissədə payının naturada ayrılmasının ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin paylara uyğun naturada faktiki bölgüsünün mümkün olmadığını nəzərə alaraq İddiaçı tərəfindən cavabdehə mübahisəli torpaq sahəsinin hazırki real bazar qiymətinə uyğun olaraq ½ hissədə məbləğin (10000 AZN) kompensasiya şəklində ona ödənilməsi, bundan imtina edildiyi halda ona və ya məhkəməyə yazılı şəkildə məlumat verilməsi yazılı şəkildə təklif edilmişdir. Cavabdeh ümumiyyətlə iddiaçıya kompensasiyanın ödənilməsinə dair fikrini bildirməmişdir. Tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin və evin açıq hərracdan satılması və satış pulunun onlar arasında paylarına mütənasib surətdə bölüşdürülməsindən əvvəl Mülki Məcəllənin 220.3 və 220.4-cü maddələrinin tələblərinə əməl edilmişdir. Tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsi mülkiyyətçilərin paylarına uyğun şəkildə naturada bölgüsü mümkün olmadığından və paylara uyğun kompensasiya verilməsi barədə mülkiyyətçilərin yekdil razılığı əldə edilmədiyindən iddia tələbinin dəyişdirilməsinə zərurət yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Quba Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın tam təmin olunması- Quba rayonunun 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və üzərindəki fərdi yaşayış evinin satış qiyməti müəyyən edilməklə açıq hərracda satılması və satış pulunun iddiaçı və cavabdehlər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə yeni qətnamə çıxarılması, həmçinin apellyasiya şikayəti verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qətnaməsində hüququn və qanunun tətbiqində səhv buraxmışdır. Satış zamanı torpaq sahəsinin bazar dəyəri onun üzərində olan tikili ilə birgə müəyyən edilir. Belə ki, bu amil torpaqların satış zamanı bazar dəyərinin müəyyən edilməsi zamanı mütləq meyarlarından, bəlkə də birincisidir. Çünki torpaq satılacağı halda üzərində olan tikili də avtomatik olaraq üzərində satılacaqdır. İnşa edilmiş tikili birmənalı olaraq torpaqla möhkəm bağlı olduğundan (ondan ayrıla bilmədiyindən) həmin əşyalar vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. İş materiallarında olan sübutlar düzgün qiymətləndirilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Birinci instansiya məhkəməsi hazırki mübahisə üzrə qanunun təfsirində səhvə yol vermişdir. Belə ki, qanunun həqiqi mənasının və məzmununu başqa cür başa düşülməsi və tətbiq edilməsi nəticəsində torpağın bazar dəyərini tikilidən ayrıca müəyyən etmişdir. Bu isə nəticədə məhkəmə tərəfindən maddi hüquq normasının pozuntusuna səbəb olmuşdur. Maddi hüquq norması səhv təfsir edildikdə və yeni araşdırmalara ehtiyac olmadıqda apellyasiya məhkəməsi tərəfindən məhkəmə aktının apelyasiya qaydasında ləğv edilməsi üçün əsas sayılır. Birinci instansiya məhkəməsi tərəfindən iş üçün əhəmiyyətli olan faktiki hallar aydınlaşdırılmamışdır. Birinci instaniya məhkəməsində iş materiallarında kifayət qədər sübutlar olsa da, məhkəmə tərəfindən iş tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/2 hissədə İddiaçı, digər 1/2 hissədə Cavabdeh payı müəyyən edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv olunmasını xahiş etsə də, şikayətin məzmununa əsasən qətnaməni iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qətnamənin mübahisələndirilən hissəsində, yəni iddia tələbinin təmin edilməyən hissəsində hüquqi qiymət verilməsini zəruri hesab edir. İşdən görünür ki, Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/2 hissədə İddiaçı, digər 1/2 hissədə Cavabdeh payı müəyyən edilməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbi əmlakın açıq hərracda satılması və satış pulunun paylarına uyğun tərəflər arasında bölünməsi barədədir. İddia tələbinin qanuni əsasını isə Mülki Məcəllənin 220.6-cı maddəsi təşkil edir. İlk öncə qeyd olunmalıdır ki, iddia tələbi iki hissədən, yəni, məhkəmə aktı ilə ½ hissədə payları müəyyən edilmiş 0,04 ha torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması, satış pulunun tərəflər arasında bölünməsindən ibarətdir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər (Mülki Məcəllənin 220.6. maddəsi). Göründüyü kimi Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Konstitusiya Məhkəməsi 04 aprel 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmənin əmlakın açıq hərracdan satılması barədə qərarı digər mülkiyyətçilərin hüquqlarını təmin etmək məqsədilə qəbul edilir. Qeyd olunan qərarda həmçinin vurğulanmışdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. İşdən görünür ki, qüvvədə olan məhkəmə aktı ilə tərəflər arasında Quba rayonu İİ Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ½ hissədə müəyyən edilmişdir. Lakin iddiaçının apellyasiya qaydasında mübahisələndirdiyi fərdi yaşayış evi ilə bağlı tərəflər arasında Mülki Məcəllənin 220-ci maddəsində nəzərdə tuutlmuş qaydada bölgü aparılmamışdır. Eyni zamanda cavabdeh məhkəmədə dindirilərkən iddiaçının tələb etdiyi evin onlara məxsus olmadığını, həmin tikilinin mübahisəli torpaq sahəsinə aidiyyəti olmadığını bildirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin araşdırılmış halları zamanı iddiaçı tərəfindən Quba rayonu, 2-ci Nügədi kəndində yerləşən 0,04 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində fərdi yaşayış evinin inşa etmələrini və həmin evin dövlət reyestrində qeydiyyatdan keçməsini sübut edən hər hansı bir mötəbər dəlillər məhkəmə kollegiyasına təqdim edilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1. və 88ci maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir tərəf öz hüquqlarının və ya qanunla qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə müdafiəsi mülki mühakimə icraatında tərəflərin bərabərliyi, çəkişmə prinsipləri ilə realizə edilir. Bu zaman hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Məhkəmə o sübutları qəbul edir ki, iddia predmeti ilə bilavasitə əlaqəli olsun. Məhkəmə iddia tələbi üzrə yekun nəticəyə gəlinərkən tələbin təmin və ya rəddinə yönəlmiş digər sübutlarla təsdiq olunan sübutlara istinad etməlidir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı). Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyindən, həmin hissədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-2092/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2092/2023
13.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver