Məhkəmə qərarları › İş №2(105)-2378/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-2378/2020

28.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-2378/2020 28.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(067)-854/2020 saylı qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, X1, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsinin boşaldılması tələbinə dair iddiası cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 münasibətdə qismən təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh4 Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən yaşayış evdən istifadə hüququna xitam verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və onların həmin yaşayış sahəsindən əşyaları ilə birlikdə çıxardılmasına dair qətnamə qəbul ediməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(067)1886/2015 saylı icra vərəqəsinə əsasən Cavabdeh2 məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evi xx.xx.2016-cı il tarixdə hərrac vasitəsi ilə satılmışdır. Alqısatqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı Açıq Səhmdar Cəmiyyətinə keçmiş və bu hüquq xx.xx.2018-ci il tarixdə DƏDRX-də qeydə alınmışdır. ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində qeydiyyatda olan cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 yaşayış sahəsini 1 ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materiallarında olan sübutlara əhəmiyyət verməmiş, tərəflər arasında hüquq münasibətlərini tənzimləyən müqavilə müddəalarına düzgün hüquqi qiymət verməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddianı təmin, qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. İddiaçı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması hissəsində, yəni iddianın təmin edilməyən hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə iddiaçının mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, cavabdehlərin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmışdır. Həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan ipoteka predmetinin hesabına cavabdehin öhdəliyi icrasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə iddiaçı tərəfindən ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması hissəsində mübahisələndirilmiş və iddianı həmin hissədə təmin edilməsini də xahiş etmişdir. Mülki Məcəllənin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Qeyd etmək lazımdır ki, ipoteka müqaviləsi əsas kredit müqaviləsinin təminat üsullarından biridir. Borclu öhdəliyi icra etmədikdə kreditor borcun ipoteka predmetinə yönəldilməklə, ipoteka predmetinin satışı nəticəsində əldə edilən vəsait hesabına borcun ödənilməsini tələb edə bilər. Borc ipoteka predmetinə yönəldildikdə ipoteka predmeti hərrac vasitəsi ilə satışa çıxarılmaqla əldə edilən vəsait hesabına borcun ödənilməsi təmin edilməsi ilə bağlı prosedura başlanır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3. maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzil tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə əsasən kreditin təminatı kimi ipoteka qoyulduğundan və mübahisəli mənzil artıq iddiaçının mülkiyyətində olduğundan, eləcə də cavabdehlər həmin mənzilin ipotekaya qoyularkən tutmanın yönəldilməsi və o satıldıqda mənzili tərk etməsi barədə yazılı öhdəlik götürdüyündən, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması hissəsində ləğv edilməli və həmin hissədə iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilsin. Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ipoteka qoyanın və ailə üzvlərinin mənzildən çıxarılmaları və evin boşaldılması hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 ünvan 1 ünvanda yerləşən yaşayış evi boşaldaraq, həmin mənzildən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar