Məhkəmə qərarları › İş №2(105)-376/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-376/2021

09.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-376/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, X1nın, cavabeh Cavabdeh, üçüncü şəxs Siyəzən rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin rəisi X5 iştirakı ilə, X1nın Cavabdeh qarşı özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)- 15/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)-15/2020 saylı qətnaməsi iddia qismən təmin edilmiş, ünvan 1, ev 10 ünvanında X1nın istifadəsində olan tikilinin pəncərə yerinin qarşısında Cavabdeh tərəfindən 4,3x6 metr ölçüdə inşa edilmiş yardımçı tikilinin cavabdehin hesabına sökülməsi, həmin ərazinin təmizlənməklə, əvvəlki vəziyyətinə qaytarılması, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun 50 %-i, yəni 5 (beş) manatının Cavabdeh tutularaq iddiaçıX4 xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (bir yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı X1ndan, 50 %-i, yəni qalan 50 (əlli) manatının isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci cəmi 156,20 (bir yüz əlli altı manat 20 qəpik) manat məbləğində pulun 50 %-i, yəni 78,10 (yetmiş səkkiz manat 10 qəpik) manatı X1ndan, 50 %-i, yəni qalan 78,10 (yetmiş səkkiz manat 10 qəpik) manatının isə Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə- Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank)**********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına ödənilməsi qət edilmişdir (hakim Bəylər Ələkbərov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsini xahiş etmişdir. İŞİN H A L L A R İ: X1 Cavabdeh qarşı “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, zəbt olunmuş sahənin təmizlənərək əvvəlki vəziyyətinə qaytarılması, iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin zəbt etdiyi sahədə özbaşına tikililərin onun hesabına sökülməsi, həmin ərazinin təmizlənməsi və əvvəlki vəziyyətinə qaytarılması, cavabdeh tərəfindən ona vurulan 500 manat mənəvi zərərin və dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, nikahı pozulduqdan sonra soyadının dəyişməsi və yeni şəxsiyyət vəsiqəsinin alması ilə əlaqədar soyadının “Rüstəmova” soyadına dəyişməsinin nəzərə alınmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh kollegiyası apelyasiya şikayətini müdafiə edərək göstərdi ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur, bu özünü onda göstərmişdir ki,məhkəmə tətbiq edilməli olan qanuni tətbiq etməmişdir. Prosesual hüquq normalarının pozulması özünü onda göstərir ki, işin nəticəsinə təsir edən hallar araşdırılmamışdır. Belə ki, eyni tələblə həmin faktiki halların araşdırılması məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb etmişdir. İddiaçı qismində X2 ona qarşı eynilə “özbaşına tikililərin cavabdehin hesabına sökülməsi, mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və iddiaçıya dəymiş mənəvi zərərin ödənilməsi” tələbinə dair Siyəzən Rayon Məhkəməsində iddia ərizəsində baxılmış və xx.xx.2020-ci il tarixli, iş № 2(059)-10/2020 saylı qətnamə qət edilmişdir. İddiaçının iddiasının əsassız olduğu barədə qətnamə qət edilmişdir. Lakin üstündən 6 ay keçməmiş eyni iddia ilə X1nın iddiası təmin edilmişdir. Absurd bir məntiqdir. Əvvəla onun sağında yaşayan 5 qonşusu, həmçinin binanın şərq hissəsində də 5 qonşusu da yaşadıqları otağa artırmalar etmişlər. Adambaşına düşən yaşayış sahəsi həddindən artıq az olduğu üçün məcburiyyətdən hamısı bu addımı atmışlar. Onunla birgə 4 nəfər ailə üzvü var. Ailə başçısı özüdür, həyat yoldaşı ilə boşanmışdır. Özü heç bir yerdə işləmir, uşaqlarının ikisi azyaşlıdır. Böyük qızı da heç bir yerdə işləmir. İnşa etdirdiyi kiçik bir artırmanı sökdürmək ən azından ədalətsizlikdir. Əvvəla o, həmin yerə 1994-cü ildə köçmüş, artırmanı tikən zaman X1 ondan şikayət etmişdi. Siyəzən rayon MİS-nin rəhbərliyi gəlib hadisə yerinə baxış keçirdilər və ümumi razılıq əsasında artırmanı inşa etdi və X6 da artırma etmək üçün 2 metr əlavə sahə vermişdir. Yəni bütün bu tikililər həm MİS-nin, həm də özünün razılığı ilə olub. Köçüb yaşadığı artırmanı inşa etdirdikdən 2-3 il sonra iddiaçı özü üçün artırma inşa etdirmişdir. Siyəzən Rayon Məhkəməsinin hakimi sözügedən ərazidə olmuş, həqiqətləri öz gözü ilə görsə də, qətnamə çıxaran zaman bütün bunları nəzərə almamışdır. İddiaçının işığının qabağının kəsilməsini göstərsə də, həmin tikili özü qanunsuz tikilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq apelyasiya şikayətinin təmin edilməsini, Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)-15/2020 saylı qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında X1 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, cavabdehlə divar qonşusu olmaqla, ailəsi ilə birlikdə yaşayır. Cavabdehin yaşadığı otağın girişində və qərb tərəfində özbaşına əlavə tikililər aparması nəticəsində mənzildən istifadə hüquqları məhdudlaşıb. Belə ki, cavabdehin apardığı qanunsuz tikintilər nəticəsində yaşayış otağının yeganə pəncərəsi ləğv edildiyindən hazırda otaqda havasızlıq səbəbindən iki azyaşlı uşaqlar da daxil olmaqla,ailəliklə nəfəs ala və bu səbəbdən də mənzildə rahat yaşaya bilmirlər. Bundan əlavə, cavabdehin özbaşına tikdiyi otağın dördüncü divarı, otağının divarından istifadə etməklə inşa edildyindən, soyuq havalarda bu otaqda yaşamaq qeyri-mümkün olur. Həmçinin, cavabdeh müxtəlif vaxtlarda yaşayış otağının giriş hissəsində müəyyən haqq müqabilində kənar şəxslərə aid müxtəlif işlər yerinə yetirir, o cümlədən xalça və çirkli yun yuyur. Nəticədə, yaşadığı otağın daxili divarının nəmişlikdən kif bağlamasına, o cümlədən bir otaqdan ibarət yaşayış sahəsinin yaşayış üçün yararsız vəziyyətə düşməsinə səbəb olur. Eyni zamanda, otağa giriş-çıxış zəbt olunmuş sahədən keçdiyindən, cavabdeh mütəmadi olaraq, qəsdən, ona sataşmaqla nalayiq ifadələr işlədir. Bundan başqa, cavabdeh binanın ümumi kanalizasiyasını zəbt edərək ora qoşulmağı üçün ondan 50 manat pul tələb edib, o, isə buna irad bildirdikdə bacılarını üstünə gətirdərək onu susdurub, mübahisə böyüməsin deyə qardaşı cavabdehin tələb etdiyi 50 manat pulu verərək, mübahisənin dava-dalaşa çevirilməsinin qarşısını alıb. Cavabdehin qanunsuz hərəkətləri barədə binanın mülkiyyətçisinə dəfələrlə şikayətlər edilib, mülkiyyətçi isə bu barədə polisə müraciət edib, sonuncular isə cavabdehdən izahatlar alıb. Lakin, polisin müvafiq tədbirləri də cavabdehin qanunsuz əməllərinin qarşısını almasında aciz qalıb. Hazırda binada yaşayanların yarıdan çoxu cavabdehin qanunsuz tikililərinin yaratdığı maneələrdən və qərəzli hərəkətləridən əziyyət’çəkir. Odur ki, cavabdehin özbaşına apardığı yaşayış təyinatlı tikililər sökülməli və onun birgəyaşayış qaydalarına zidd etdiyi qanunsuz əməllərə son qoyulmalıdır. Cavabdeh tərəfindən zəbt edilmiş ərazidə aparılmış özbaşına tikililərə görə əmlakıdan istifadə hüquqları məhdudlaşmış, habelə zəruri hallarda yaşayış sahələrində yaxşılaşdırma və təmir-bərpa işlərinin həyata keçirilməsinə maneələr yaranmışdır. Bu səbəbdən də, qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi məqsədi ilə dəfələrlə Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin rəhbərliyinə şikayətlər etsə də, cavadeh bu qurumun da, qanuni tələblərinə məhəl qoymamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)-15/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Siyəzən rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsinin rəisi X8 izahatında göstərdi ki, təmsil etdiyi idarədə 1 il 6 aydır ki işləyir. Həmin yer tərəflərə sığınacaq kimi verilib. Onlar həmin sığınacaqda yaşamalı, kənarda özlərinə şərait qurmalı idilər. Lakin şəraiti sığınacaqda qurublar. Mübahisəli ərazidə dəfələrlə olmuşdur. Ora ilk dəfə gedəndə artıq tikililər var idi. Mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Siyəzən Rayon İcra Hakimiyyətinin Mənzil İstismar Sahəsi ilə X7 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, bu müqavilə ilə X10 şəhəri, Nizami küçəsi 45 ünvanında yerləşən “Ailəvi yataqxana”dan yaşayış sahəsi 19,76 kv.m olan 1 otaqlı yaşayış sahəsi ayrılmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(059)-15/2020 saylı yerində müayinə protokolundan görünür ki, baxış zamanı iddiaçının istifadəsində olan yaşayış sahəsinə girişdən keçərkən iç-içə olan 2-ci otaqda qapı ilə üzbəüz nisbətən sağa yuxarı tərəfdə hündürlüyü 82 sm., eni 1 m olan pəncərə yeri olsa da, həmin pəncərə yerinin bağlandığı müəyyən edilmiş, cavabdehin istifadəsində olan yaşayış sahəsinin giriş hissəsindən sağ tərəfdə yerləşən otaqda iddiaçının istifadəsində olan yaşayış sahəsinin hündürlüyü 82 sm., eni 1 m olan pəncərə yerinin bağlandığı aydın görünmüşdür. Eyni zamanda, pəncərə yerinin qarşısı cavabdeh tərəfindən 4,3x6 m ölçüdə olan inşa olunan yardımçı tikili ilə bağlanmış və iddiaçının otağına düşən təbii işığın qarşısı alınmışdır. Həmçinin, iddiaçının istifadəsində olan otağa tikilinin digər hissələrindən də işıq düşmədiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 27204 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən “Siyəzənneft” NQÇ-nin balansında olan subaylar yataqxanasının sxemindən göstərilən iddiaçının istifadəsində olan tikilinin pəncərələrinin qarşısı cavabdeh tərəfindən bağlanaraq 4,3x6 metr ölçüdə yardımçı tikili olunmuş və cavabdeh tərəfindən istifadəsində olan tikilinin pəncərə yerindən inşa olunmuş əlavə tikiliyə qapı açılmışdır. Həmçinin, rəydən görünür ki, “Siyəzənneft” NQÇ-nin balansında olan subaylar yataqxanasının sxemində nəzərdə tutulan pəncərənin qarşısı cavabdeh tərəfindən tikili inşa olunaraq bağlanmış və iddiaçının istifadəsində olan tikiliyə digər hissələrdən təbii işıq düşmədiyi üçün həmin tikili otağa düşən təbii işığın qarşısını kəsir ki, bu da İnşaat Norma və Qaydalarının 2.08.01.89* un 1.3-cü bəndinin tələblərinə ziddir. Eyni zamanda, rəylə cavabdeh tərəfindən inşa olunmuş tikilinin iddiaçının otağına düşən təbii işığın qarşısını kəsdiyi üçün və yaşayış otağı təbii işıqla təmin olunmadığını nəzərə alaraq, həmin tikilinin ünvanda normal mənzil şəraitində yaşamağa təsir göstərdiyi müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. Həmçinin, iş materiallarında olan mötəbər maliyyə sənədlərindən görünür ki, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci cəmi 156,20 (bir yüz əlli altı manat 20 qəpik) manat, iddia üzrə ödənilmiş dövlət rüsumu isə 10 (on) manat təşkil edir. Birinci instansiya məhkəməsi qeyd olunan iş materiallarına, ekspert rəyinə istinadən Cavabdeh ünvan 1, ev 10 ünvanında iddiaçı Xanım Rüstəmovanın istifadəsində olan tikilinin pəncərə yerinin qarşısında yataqxananın texniki pasportunda öz əksini tapmayan 4,3x6 metr ölçüdə yardımçı tikili inşa etdirməklə, oranın texniki planına zidd olaraq dəyişikliklər etməsi, nəticədə iddiaçının istifadəsində olan yaşayış sahəsinin pəncərə yeri bağlanmasını, bununla da sonuncunun otağına düşən təbii işığın qarşısı alınmasını, bu isə cavabdeh tərəfindən inşaat norma və qaydalarına zidd olaraq inşa olunmuş mübahisəli tikilinin iddiaçıya normal mənzil şəraitində yaşamasına mənfi cəhətdən təsir göstərməsinə dəlalət etməsini, belə bir tikilinin mövcudluğunun iddiaçının qanunla qorunan hüquq və azadlıqlarını pozmasını müəyyən edərək iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 17, 180, Mənzil Məcəlləsinin 91, 12, 14, 15, 23, 24, 27-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş hallarına və qanunvericlik normalarına uyğundur və məhkəmə qeyd edilən əsasla iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi işin bütün hallarını araşdıraraq iddianı təmin etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Məhkəmə qeyd edir ki, Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında şəhərsalma və tikinti fəaliyyəti sağlam və təhlükəsiz yaşayış, iş və istirahət şəraiti ilə bağlı sosial minimumların təmin edilməsi; təhlükəsizliyin təmin edilməsi; ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsi; şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi; tarixi landşaftın və mədəni irs obyektlərinin qorunması; ictimaiyyətin məlumatlandırılması prinsipləri əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci maddəsinin 1-ci hissəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) xidməti yaşayış sahələri; yataqxanalarda yaşayış sahələri; manevr fondu yaşayış sahələri; əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri aiddir. Həmin Məcəllənin 12.5-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi vətəndaşların yaşayış sahəsində yaşaması ilə əlaqədar onların məişət və digər ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan yardımçı sahələrin (balkon və ya eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla həmin yaşayış sahəsinin bütün hissələrinin sahəsinin məcmusundan ibarətdir. Həmin Məcəllənin 14-cü maddəsinin İ və İİ hissələrinə əsasən yaşayış sahəsinin əsas təyinatı həmin sahədə insanların yaşamasıdır. Yaşayış sahəsində qanuni əsaslarla yaşayan fiziki şəxslərə həmin yaşayış sahəsindən peşə fəaliyyətini və ya fərdi sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə istifadəsinə yol verilir o şərtlə ki, bu digər şəxslərin hüquqlarını və qanuni mənafelərini, habelə yaşayış sahəsi üçün müəyyən edilmiş tələbləri pozmasın. Bu Məcəllənin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 23-cü maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Həmin Məcəllənin 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. Həmin Məcəllənin 27-ci maddəsinin 1-ci və 5-ci hissələrinə əsasən Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxxxx 2000-ci il tarixli, 160 nömrəli qərarı ilə təsdiq edilmiş, təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması qaydalarının 1.2-ci bəndinə görə bu qaydalar binaların və qurğuların dayanıqlığını, zəlzələyə davamlılığını, uzunömürlülüyünü təmin edən normativ sənədlərin tələblərinin pozulması hallarının; ümumi istifadə sahələrinin, xüsusilə zirzəmilərin təyinatından kənar məqsədlər üçün istifadə olunması və bununla əlaqədar binanın yükgötürən konstruksiyalarının zəiflədilməsinin, mövcud binalarda artırmaların tikilməsi, eyvanların genişləndirilməsi və yenilərinin quraşdırılması, bünövrələrin, mərtəbəarası örtüklərin, yükdaşıyan divarların, arakəsmələrin sökülməsi, əlavə qapı və pəncərə boşluqlarının açılması hallarının qanunsuz olaraq müvafiq orqan və təşkilatlarla razılaşdırmadan həyata keçirilməsinin qarşısının alınması məqsədini daşıyır. Göründüyü kimi, ünvan 1, ev 10 ünvanında Cavabdeh tərəfindən bu yataqxananın texniki planına zidd olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alınmadan yenidənqurma işləri aparılmış, bunun nəticəsində həmin ünvanda tərəflər arasında birgəyaşayış qaydaları pozulmuş, iddiaçının normal və layiqli həyat şəraitinə maneə yaranmışdır. Qeyd edilən faktlar iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxx 2020-ci il tarixli, 27204 saylı ekspert rəyi ilə təsdiqini tapmışdır. Bundan başqa məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manatın 50 %-i, yəni 50 (əlli) manatı X1ndan, 50 %-i, yəni qalan 50 (əlli) manatının isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, aparılmış torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci cəmi 156,20 (bir yüz əlli altı manat 20 qəpik) manat məbləğində pulun 50 %-i, yəni 78,10 (yetmiş səkkiz manat 10 qəpik) manatı X1ndan, 50 %-i, yəni qalan 78,10 (yetmiş səkkiz manat 10 qəpik) manatının isə Cavabdeh tutularaq Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin "Kapital Bank" Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Xətai filialındakı (kod-200071, VÖEN(bank)**********, m/h- AZ37NABZ********************; SWİFT AİİBAZ2X, MMC VÖEN: **********, hesab № AZ23AİİB********************) hesablaşma hesabına ödənilməsi nəticəsinə gəlməkdə də haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Mahmudov Rusiyaya qarşı" iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X14 Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən , bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin "Qavazov Bolqarıstana qarşı" xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni haqlı hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. X14 Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə xx xxxxxxx 1999cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli, 4 saylı «Məhkəmə qətnaməsi» haqqında Qərarının 2.4-cü bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğu üçün təmin oluna bilməz. İş materiallarından görünür ki, cavabdeh apelyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Belə ki, cavabdehin dəlilləri iş materiallarına əlavə edilmiş ekspert rəyi ilə təkzib edilir. Apelyasiya şikayətində qeyd olunan dəlillər məhkəmə tərəfindən araşdırılaraq ona hüquqi qiymət verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan cavabdeh Lətif Hüsyenova münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Siyəzən Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(059)-15/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar