Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-2315/2020 09.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi ilə, iddiaçı X3 Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrüyünün Cavabdeh Səbuhi oğluna qarşı "gömrük ödənişlərinin məcburi tutulması tələbinə dair" mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)- 1047/2020 nömrəli qətnaməsindən Cavabdeh Səbuhi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin (hakim Toğrul Əliyev) xx xxxx 2020-ci il tarixli, 2(039)- 1047/2020 nömrəli qətnaməsi ilə iddiа təmin edilmiş, Cavabdeh Səbuhi oğlundan gömrük ödənişi olaraq 911.412,35 RF rublu, dəbbə pulu olaraq 41.370,52 RF rublu, cəmi 952.782 (doqquz yüz əlli iki min yeddi yüz səksən iki) RF rublu 87 (səksən yeddi) RF qəpiyi məbləğində pul vəsaitinin iddiaçı X3 Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrüyünün xeyrinə tutulması, habelə ödənilməli olan 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh Səbuhi oğlundan alınıb Azərbaycan Respublikası dövlət büdcəsinin hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı X3 Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrüyü Cavabdeh (Azərbaycan Respublikasının vətəndaşı) qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən gömrük ödənişləri və dəbbə pulu olaraq cəmi 952782,87 rubl pul vəsaitinin Dağıstan Gömrüyünün xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh Səbuhi oğlu (xx xxxx 1997-ci il təvəllüdlü, pasport PC AZE-С02024592 nömrəli, x xxxx 2018-ci il tarixində verilmiş; Azərbaycan Respublikası ünvan 1 ünvanında qeydiyyatda olan) Dağıstan Gömrüyü qarşısında 952.782,87 rubl məbləğində gömrük ödənişləri və cərimə üzrə borcludur. Gömrük ödənişləri gömrük ərazisinə müvəqqəti daxilolma üçün elan edilmiş sərnişin gömrük bəyannaməsinin təqdim edildiyi xx.xx.2018-ci il tarixdən hesablanmışdır. xx.xx.2018-ci il tarixə avronun məzənnəsi - 73.0884 rubl; 2494 (sm3) x 5 (avro 1 sm3 üçün) x 73,0884 (rubl) = 911.412,35 rubl; gömrük ödənişlərinin ödənilməsi üçün son tarixin pozulmasına görə cərimə - 41.370,52 rubl; xx xxxx 2018-ci il tarixə borcun ümumi məbləği – 952.782 rubl təşkil edir. Bu borc 2014-cü ildə istehsal edilmiş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikin həcmi 2,494 m3 olan “Toyota Camry” markalı avtomobilin gömrük ərazisinə müvəqqəti daxilolma müddətinin pozulması ilə əlaqədar yaranmışdır. xx xxxx 2018-ci il tarixdə həmin avtomobil Cavabdeh tərəfindən X2 gömrük ərazisinə gətirilərək sərnişin gömrük bəyannaməsinə əsasən Rusiya Federasiyası ərazisində müvəqqəti olma (tranzit) müddəti ilə qeydiyyata götürülmüşdür. Nəqliyyat vasitəsi müəyyən edilmiş müddətdə X2 gömrük ərazisindən çıxarılmamışdır. Cavabdeh gömrük ərazisində müvəqqəti olma müddətinin uzadılması ilə bağlı gömrük orqanlarına müraciət etməmişdir. Cavabdeh X2 gömrük ərazisinə daxil olarkən nəqliyyat vasitələrinin həmin ərazidə müvəqqəti olma qaydaları ilə tanış edilmiş, bunu xx xxxx 2018ci il tarixli izahatında olan imzası ilə təsdiq etmiş, ona gömrük orqanı tərəfindən müəyyən edilmiş gömrük ərazisində müvəqqəti olma müddəti qurtaranadək nəqliyyat vasitəsini həmin ərazidən çıxarmamasına, habelə həmin ərazidə nəqliyyat vasitəsinə dair istifadə və sərəncam hüququnu başqa şəxsə verməsinə görə məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Gömrük nəzarəti zamanı nəqliyyat vasitələrinin müvəqqəti giriş şərtlərinə uyğunluğu yoxlanılarkən Dağıstan Gömrüyü tərəfindən sözügedən “Toyota Camry” markalı nəqliyyat vasitəsinin müəyyən olunmuş müddətdə ərazidən çıxarılması barədə məlumatın olmadığı aşkar edilmişdir. Dağıstan Gömrüyü tərəfindən yoxlama tədbirləri həyata keçirilmiş, müvafiq sorğular göndərilmişdir: xx.xx.2019-cu il tarixli 49-xx-xx/11725 nömrəli Minsk Mərkəzi Gömrük İdarəsinə; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə; Orenburq Gömrüyünə (xx.xx.2019-cu il tarixli, 49-xx-xx/02599 nömrəli); Dağıstan Respublikası üzrə X6 Nazirliyinə (xx.xx.2019-cu il tarixli, 49-xx-xx/02601 nömrəli). Görülmüş tədbirlərin nəticələrinə əsasən, həmin avtomobilin X2 gömrük ərazisindən çıxarılmadığı müəyyən edilmişdir. Cavabdeh ünvanına göndərilmiş xx.xx.2019-cu il tarixli bildirişlə ondan “Toyota Camry” markalı avtomobilə görə ödəmədiyi gömrük rüsumu və gömrük qaydalarını pozması ilə əlaqədar tətbiq olunmuş cərimə olmaqla cəmi 952.782 rubl məbləğində pul vəsaitini Dağıstan Gömrüyünün xeyrinə ödəməsi tələb olunmuşdur. Lakin Cavabdeh tərəfindən həmin bildirişə indiyədək heç bir reaksiya verilməmişdir. Ona görə Dağıstan Gömrüyü qeyd olunan pul vəsaitini Cavabdeh məhkəmə qaydasında tələb etməyə məcbur olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh Səbuhi oğlu iddianı qəbul etməyərək bildirmişdir ki, həqiqətən xx xxxx 2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Toyota Camry” markalı avtomobillə Azərbaycan Respublikasının ərazisindən Rusiya Federasiyasının ərazisinə Dağıstan Respublikası gömrük nəzarəti postundan daxil olmuşdur. Daxil olan zaman ona xəbərdarlıq edilmişdir ki, bir il müddətində həmin nəqliyyat vasitəsi X2 gömrük ərazisindən çıxarılmalıdır. Lakin, həmin X1 ərazisində başqa şəxsin sahibliyinə vermiş və həmin şəxs avtomobili X2 gömrük ərazisindən hələ də çıxarmamışdır. İddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı Dağıstan Gömrüyünün nümayəndəsi vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edərək işə Dağıstan Gömrüyünün nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-1047/2020 nömrəli qətnaməsindən Cavabdeh Səbuhi oğlu tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh Səbuhi oğlu apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o, etibarnamə əsasında idarə etdiyi 2014-cü ildə istehsal olunmuş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikin həcmi 2,494 m3 olan “Toyota Camry” markalı avtomobili xx xxxx 2018-ci il tarixdə Rusiya Federasiyasına keçirmişdir. X1 ərazisində başqa şəxsin sahibliyinə vermiş və Azərbaycan Respublikasına qayıtmışdır. Sonradan özündən asılı olmayan səbəblərdən yenidən Rusiyaya gedib avtomobili gətirə bilməmişdir. Çünki özü heç bir yerdə işləmədiyinə görə maddi imkanı çox aşağı olduğundan Rusiyaya getmək üçün yol pulu belə olmamışdır. Həmçinin həmin dövrdə həm özü, həm də valideynləri ağır xəstəliklər keçirdiyi üçün avtomobili qaytarmaq mümkün olmamışdır. Bundan başqa, iş materiallarından belə görünür ki, gömrük ödənişləri üzrə borc barədə ona xəbərdarlıq məktubu göndərilmişdir. Lakin həmin xəbərdarlıq məktubu ona çatmamışdır. Onun belə xəbərdarlıqdan (borc məbləğindən) məlumatı olmamışdır. Həmin xəbərdarlıq rəsmi qaydada ona çatdırılmadan onun bu qədər məbləğdə cərimə edilməsi əsassızdır. Göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul olunaraq iddia tələbi rədd edilməlidir. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Səbuhi oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbi barədə məhkəməyə məlumat verməmiş, iddiaçı X3 Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrüyü də məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh Səbuhi oğlu teleqramla məhkəməyə müraciət edərək səhhəti və maddi vəziyyəti ilə əlaqədar hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyindən işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh teleqramda göstərdiyi səbəbləri məhkəmə baxışının təxirə salınmasına əsas verən üzrlü hallar kimi qəbul etmir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Cavabdeh Səbuhi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-1047/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, 2014-cü ildə istehsal edilmiş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikinin həcmi 2,494 m3 olan “Toyota Camry” markalı avtomobil Serikbay Kadırsızova məxsusdur. İşdə olan xx xxxx 2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, Serikbay Kadırsızov özünə məxsus 2014-cü ildə istehsal edilmiş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikinin həcmi 2,494 m3 olan “Toyota Camry” markalı avtomobili müddətsiz olaraq idarə etmək və sərəncam vermək hüququ ilə Cavabdeh etibar etmişdir. İşdə olan sərnişin gömrük bəyannaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh xx xxxx 2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi 2014-cü ildə istehsal edilmiş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikinin həcmi 2,494 m3 olan “Toyota Camry” markalı avtomobillə müvəqqəti olaraq Rusiya Federasiyasının ərazisinə daxil olmuşdur. İşdə olan Cavabdeh tərəfindən Dağıstan Gömrüyünə verilmiş izahata əsasən, o bildirmişdir ki, nəqliyyat vasitəsinin gömrük orqanı tərəfindən müəyyən edilmiş müddət ərzində gömrük ərazisindən çıxarılmamasına, habelə istifadə və sərəncam hüququnun Avrasiya Gömrük Birliyinin ərazisində başqa şəxsə verilməsinə görə məsuliyyət barədə xəbərdar edilmişdir. Gömrük ərazisinə daxilolmanın məqsədi kimi “tranzit” qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Dağıstan Gömrüyü tərəfindən aparılmış araşdırma gedişində 2014-cü ildə istehsal edilmiş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikinin həcmi 2,494 m3 olan “Toyota Camry” markalı avtomobilin X2 gömrük ərazisindən çıxması müəyyən edilməmişdir. İşdə olan Federal Gömrük Xidmətinin Məhərrəmkənt Gömrük Postunun xx xxxxxx 2019-cu il tarixli qərardadının surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən nəqliyyat vasitəsinin müəyyən edilmiş müddətdə ərazidən çıxarılmaması faktı üzrə onun barəsində inzibati icraatın başlanılması qərara alınmışdır. İşdə olan Federal Gömrük Xidmətinin Məhərrəmkənt Gömrük Postunun xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh gömrük ödənişi üzrə borclu tanınmışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli xəbərdarlıq məktubunun surətindən müəyyən olunur ki, Cavabdeh 911.412,35 rubl gömrük ödənişi, 26.013,22 rubl cərimə üzrə borclu olması barədə xəbərdarlıq edilmişdir. İşdə olan Gömrük ödənişləri üzrə hesablamada qeyd olunur ki, xx xxxxxx 2019-cu il tarixə Cavabdeh cərimə üzrə məbləği 41.370,52 rubl təşkil etmişdir. Gömrük ödənişləri üzrə borc barədə Cavabdeh xəbərdarlıq məktubu göndərilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası vətəndaşı olan Cavabdeh xx xxxx 2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi 2014-cü ildə istehsal olunmuş, VİN - 4T1BF1FK2FU495644, qeydiyyat nömrəsi LL746UU, mühərrikinin həcmi 2,494 m3 olan “Toyota Camry” markalı avtomobil ilə Azərbaycan Respublikası ərazisindən X2 gömrük ərazisinə daxil olan Rusiya Federasiyasının ərazisinə Dağıstan Gömrüyünün Məhərrəmkənd gömrük postundan, keçidin məqsədini tranzit olaraq qeyd etməklə daxil olmuşdur. Bu zaman X2 gömrük ərazisində qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq ona idarə etdiyi avtomobilin bir il müddətində həmin ərazidən çıxarılmalı olduğu, habelə bu avtomobilin qeyd edilən ərazidə başqa şəxsin istifadəsinə və sərəncamına verilməsinin qadağan olduğu izah edilmiş və o, bu barədə xəbərdar edildiyini bildirməklə avtomobili bir il müddətində həmin ərazidən çıxarmaq və bu ərazidə avtomobili başqa şəxsin istifadəsinə və sərəncamına verməmək barədə üzərinə öhdəlik götürmüşdür. Lakin, bir ilin tamamında Dağıstan Gömrüyü tərəfindən aparılmış yoxlamalara dair sənədlərlə, habelə Cavabdeh özünün məhkəmə iclası zamanı verdiyi izahatı ilə təsdiq olunur ki, sonuncu üzərinə götürdüyü öhdəliyi icra etməmiş, avtomobili həmin ərazidə başqa şəxsin sərəncamına vermişdir. Bununla da Cavabdeh X2 gömrük ərazisində qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-in 13-cü maddəsinə əsasən, məhkəmə mübahisələri Azərbaycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. Məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Azərbaycan Respublikasının qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlarla (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul olunmuş aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələr arasında ziddiyyət olduqda, beynəlxalq müqavilənin müddəaları tətbiq edilir. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” xx xxxxxx 1993-cü il tarixli Minsk Konvensiyasının (bu Konvensiya (beynəlxalq müqavilə) Rusiya Federasiyası tərəfindən xx.xx.1994-cü il tarixdə, Azərbaycan Respublikası tərəfindən xx.xx.1996-cı il tarixdə ratifikasiya edilmişdir) 20-ci maddəsinin 1-ci bəndinə əsasən, yaşayış yeri Razılığa gələn Tərəflərin birində olan şəxslərə qarşı iddialar, onların vətəndaşlığından asılı olmayaraq, həmin Razılığa gələn Tərəflərin məhkəmələrinə təqdim edilir... Həmin Konvensiyanın 13-cü maddəsinə əsasən, (1) Razılığa gələn Tərəflərdən birinin ərazisində gerbli möhürlə möhürlənmiş və müəyyən edilmiş qaydada səlahiyyətli müəssisə, yaxud da öz səlahiyyəti çərçivəsində, buna xüsusi səlahiyyəti olan şəxs tərəfindən verilən və ya təsdiqlənən sənədlər, Razılığa gələn bütün digər Tərəflərin ərazilərində hər hansı bir təsdiqləmə aparmadan qəbul edilir. (2) Razılığa gələn Tərəflərdən birinin ərazisində rəsmi sənəd kimi baxılan sənədlər, Razılığa gələn digər Tərəflərin ərazilərində resmi sənəd kimi sübutedici qüvvəyə malikdir. Qanunvericiliyin istinad edilən normaları baxımından birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, daha üstün hüquqi qüvvəyə malik olan yuxarıda qeyd edilən Konvensiyanın tələbləri baxımından hazırkı iş üzrə aidiyyət qaydaları pozulmamışdır. Yəni X3 Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrüyü iddiaçı qismində Cavabdeh Səbuhi oğluna qarşı sonuncunun yaşayış yeri üzrə Azərbaycan Respublikasının məhkəməsində iddia qaldırmağa haqlı olmuşdur. Həm də RF ərazisində tərtib olunmaqla iddiaçının məhkəməyə təqdim etdiyi rəsmi və digər sənədlər məhkəmə üçün sübutedici qüvvəyə malikdir. MPM-in 439.1-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Həmin Məcəllənin 439.2-ci maddəsinə əsasən, xarici şəxslər Azərbaycan Respublikası vətəndaşları və hüquqi şəxsləri ilə bərabər prosessual hüquqlardan istifadə edir və prosessual vəzifələri daşıyırlar. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük borcunun ödənilməsi üçün təminatı bu Məcəllənin 45-ci fəslində nəzərdə tutulmuş qaydada şəxsdən tələb etmək hüququna malikdirlər. Həmin Məcəllənin 148.3.4-cü maddəsinə əsasən, gömrük ödənişlərini ödəmək malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifəsidir. Həmin Məcəllənin 224.1-ci maddəsinə əsasən, bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır: gömrük rüsumları; əlavə dəyər vergisi; aksizlər; yol vergisi; gömrük yığımları; haqq; dövlət rüsumu. Həmin Məcəllənin 247.1-ci maddəsinə əsasən, gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar. Həmin Məcəllənin 249.1-ci maddəsinə əsasən, ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. İstinad edilən qanunvericilik normaları əsasında birinci instansiya məhkəməsi işin mahiyyəti üzrə bu nəticəyə gəlmişdir ki, cavabdeh, etibarnamə əsasında idarə etdiyi avtomobillə X2 gömrük ərazisinə daxil olan zaman üzərinə avtomobili bir il müddətində həmin ərazidən çıxaracağı, bu avtomobili qeyd edilən ərazidə başqa şəxsin istifadəsinə və sərəncamına verməyəcəyi barədə öhdəlik götürsə də, üzərinə götürdüyü öhdəliyi icra etməməklə X2 gömrük ərazisində qüvvədə olan gömrük qanunvericiliyinin tələblərini pozmuş, bununla da gömrük ödənişini ödəməkdən yayınmışdır. Bu səbəbdən də iddiaçı, səlahiyyətli orqan olaraq həmin gömrük ödənişini, habelə müəyyən edilmiş müddəti pozduğuna görə dəbbə pulunu tələb etməkdə haqlıdır. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən iddia ərizəsində göstərilən məbləğ iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, məhkəmə iddiа tələbini təmin etməkdə haqlı olmuş, tərəflər arasındakı qarşılıqlı münasibətlərə və işin faktiki hallarına düzgün hüquqi qiymət vermişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh Səbuhi oğlunun apellyasiya şikayətinin dəlilləri əsassız və qəbuledilməzdir. İşin faktiki hallarından aşkar surətdə görünür ki, cavabdehin niyyəti etibarnaməyə əsasən barəsində istifadə və sərəncam hüququnun olduğu “Toyota Camry” markalı X1 ərazisinə keçirib orada özgəninkiləşdirmək olmuşdur. Eyni zamanda, cavabdeh həmin avtomobili RF-nin ərazisinə Dağıstan Gömrüyünün Məhərrəmkənd gömrük postundan gömrük bəyannaməsində “tranzit” kimi qeyd etməklə keçirmiş, bununla gömrük rüsumu ödəməkdən yayınmaq məqsədi güdmüşdür. Əks halda, cavabdehin avtomobili RF ərazisində nə üçün başqa şəxsin sahibliyinə verməsi, nə üçün geriyə (Azərbaycan Respublikasına) avtomobilsiz qayıtması anlaşılmazdır. Onun sonradan özündən asılı olmayan səbəblərdən (maddi imkanının çox ağır olması, özünün və valideynlərinin ağır xəstəlik keçirməsi kimi səbəblərdən) yenidən Rusiyaya gedib avtomobili gətirə bilməməsi barədə dəlilləri də inandırıcı görünmür. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, iddiaçı X3 Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrüyünün Cavabdeh Səbuhi oğluna qarşı iddia tələbi qanuni və əsaslıdır, birinci instansiya məhkəməsi də həmin tələbi təmin etməklə düzgün qərar qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun, həmçinin qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə, X3 Gömrük Xidmətinin Şimali Qafqaz Gömrük İdarəsinin Dağıstan Gömrüyü cavabdehə qarşı iddia tələbində haqlıdır və birinci instansiya məhkəməsi iddianı təmin etməkdə düzgün qərar qəbul etmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Səbuhi oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-1047/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Səbuhi oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(039)-1047/2020 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov.
Məhkəmə qərarları › İş №2(107)-2315/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-2315/2020
09.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver