Məhkəmə qərarları › İş №2(107)-245/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-245/2023

14.02.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-245/2023 14.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Mingəçevir Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “işə bərpa” tələbinə dair (Açar sözlər: İşə bərpa, əmək haqqının ödənilməsi) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Salmanov Əli Sabir oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi (vəkili) X3, Cavabdeh Mingəçevir Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Mingəçevir Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-1894/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsində mühəndis vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün əmək haqqının alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 2011-ci il tarixdən Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsində mühəndis işləyir. İşlədiyi müddət ərzində işinin öhdəsindən layiqincə gəlmiş, əmək və daxili nizam intizam qaydalarını pozmamışdır. 15 ildir ki, şəkər xəstəsi kimi qeydiyyatdadır. 2021-ci ilin may ayının 03-dən avqust ayının 31-dək ayaq barmağında əmələ gələn yara ilə əlaqədar xəstəlik vərəqəsi açılmaqla müalicə olunmuşdur. xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək əmək məzuniyyətinə çıxıb müalicə üçün Almaniya dövlətinə getmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada olmuş və ona həmin dövr üçün xəstəlik vərəqəsi verilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstə yatdığı müddət əlavə edilərək məzuniyyətdə olmuşdur. xx.xx.2021-ci il tarixdən hazıradək adına xəstəlik vərəqəsi açılaraq həkim müayinəsi əsasında müalicə olunur. Yalnız xx.xx.2022-ci il tarixdə ona xəbər vermişlər ki, xx.xx.2022-ci il tarixdən 2-ci dərəcə əlillik təyin olunmuş və xəstəlik vərəqəsi bağlanmamış, müalicəsi davam edir. xx.xx.2022-ci il tarixdə idarənin baş mühasibinin müavini ona məlumat vermişdir ki, idarənin onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Halbuki, adına açılmış xəstəlik vərəqəsi bağlanmamış və müalicə davam etmişdir. Daha sonra əmək kitabçası və əmrin surəti ona poçt vasitəsilə göndərilmişdir. Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin xx.xx.2022-ci il tarixi, 46 saylı əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə tam ziddir. Belə ki, Əmək Məcəlləsində 74.1-ci maddəsi yoxdur, lakin məzmunundan görünür ki, cavabdeh tərəf 74cü maddəsinin 1-ci hissəsinin «c» bəndinə istinad etmişdir. Bununla ƏM-nin 79-cu maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Həmin maddədən görünür ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərə əmək müqaviləsinə xitam vermək qadağandır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin «c» bəndində əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsini göstərir. Həmin maddənin qeyd hissəsində göstərir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyasının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Bütün bunlara idarənin rəisi tərəfindən əməl edilməmiş və qərəzli surətdə əmək müqaviləsinə xitam verilmişdir. TibbiSosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, ona 2-ci dərəcəli əlilik verilmişdir. Bu da əmək qabiliyyətinin tam itirilməsi hesab edilə bilməz. Əksinə dövlətin qanunlarına əsasən 2-ci qrup əlillər üçün idarələrdə işə qəbul üçün kvota verilməlidir. Ona görə də, onun Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsində mühəndis vəzifəsinə bərpa olunmağı və məcburi iş buraxma müddəti üçün əmək haqqının alınıb ona verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin etibarnaməsi iş materialına əlavə edilmədiyi halda məhkəmə iclasında cavabdeh təşkilatın nümayəndəsi kimi Nümayəndə izahatı alınmış və məhkəmə tərəfindən qətnamə qəbul edilərkən həmin izahata da istinad edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ə.Hüseynov) 16 noyabr 2022-ci il tarixli, 2(051)-1894/2022 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı tələbini Əmək Məcəlləsinin 79-cu maddəsi ilə əsaslandırsa da bunu sübut edəcək hər hansı bir əsas məhkəmə iclasında müəyyən olunmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin mühəndisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ C ” bəndində nəzərdə tutulan qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədiyi əsası ilə xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi İddiaçıla əmək müqaviləsinə xitam verilməsi üçün kifayət qədər əsaslar mövcuddur. Belə ki, İddiaçı çalışdığı Mənzil Təsərrüfatı və Abadlaşdırma idarəsində onun vəzifəsi mühəndis kimi fəaliyyət göstərməkdir. Lakin iddiaçının hazırda səhəttində yaranan problemlər onun müəssisədə mühənsdis kimi öz əmək funksiyasını yerinə yetirməyə imkan vermir. İddiaçı xx.xx.2022-ci il tarixli əmrdə göstərildiyi kimi, xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixdək əmək qabiliyyəti olmaması vərəqələrinə əsasən müalicədə olmuşdur. Əmək Məcəlləsinin 74.1-ci maddəsinin qeydində göstərilir ki, əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülür. Tibbi sosial ekspert komissiyasının İddiaçı sonuncu müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatında da onun ikinci dərəcəli əlilliyi, özünə xidmət zamanı kənar şəxsin köməyə ehtiyacı, sağ aşağı ətrafın şorar oynağının amputasiyası məlumatı verilmişdir. Göründüyü kimi komisyanın bu rəyi onun Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində nəzərdə tutulan qaydada qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədiyi əsası ilə əmək müqaviləsinə xitam verilməsininə hüquqi əsas vermişdir. Bu onu deməyə əsas verir ki, İddiaçı əmək qabiliyyətini itirmiş, əlillik müəyyən edilməklə qanuni olaraq işdən azad edilməsinə dair əmr verilib və əmək münasibətlərinə xitam verilmişdir. Məhkəmə iş materiallarında olan sənədlər və tərəflərin təqdim etdiyi sübutları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlmişdir ki, İddiaçı işdən çıxarılma qaydalarına tam əməl olunmuşdur. Belə ki, tibbi sosial ekspert komissiyasının İddiaçı sonuncu müayinəsinə dair xx.xx.2022-ci il tarixli məlumatında da onun ikinci dərəcəli əlilliyi, özünə xidmət zamanı kənar şəxsin köməyinə ehtiyacı, sağ aşağı ətrafın şorar oynağının amputasiyası məlumatı verilmişdir. Göründüyü kimi komisyanın rəyi onun Əmək Məcəlləsinin 74-cü maddəsinin “c” bəndində nəzərdə tutulan qaydada qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədiyi əsası ilə əmək müqaviləsinə xitam verilmiş, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi isə göstərilən xüsusatları nəzərə alaraq İddiaçı tutduğu vəzifədən azad etmişdir. Məhkəmə iclasında iddianın təmin olunması üçün iddiaçı tərəfindən heç bir sübut təqdim olunmamışdır. Cavabdeh tərəfindən təqdim olunmuş sübutlar isə iddiaçının tutduğu vəzifədən azad olunmasına əsas olmaqla iddianın təmin olunmamasına əsas vermişdir. Məhkəmə qeyd olunanları və iş materiallraını araşdırdıqdan sonra hesab etmişdir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 42, 74-cü maddəsinin “c” bəndinə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1, 88, 218.1 və 218.3-cü maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndinə əsasən, qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilir. Maddənin mənasından göründüyü qanunverici, normada (ƏM-nin 74-cü maddəsinin “c” bəndində) “əmək qabiliyyətinin tam itirilməsi” fikrini xüsusi olaraq vurğulamışdır. İş materilları sübuta yetrilir ki, iddiaçı əmək qabiliyyətini tam deyil, qismən itirmiş və Tibbi Sosial Ekspert Komissiyasının məlumatına əsasən, ona xx.xx.2022-ci il tarixdən ikinci dərəcəli əlillik təyin olunmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı əmək qabiliyyətinin tam itirməmişdir yəni, ikinci dərəcəli əlildir. İş materillarında iddiaçının əmək qabiliyyətinin tam itirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi, əmək qabiliyyətinin ən azı bir il müddətinə tam itirlmiş hesab edilməsinə dair müvafiq orqanın qərarı və əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi yoxdur. İşə baxan birinci instansiya Məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni yəni, iddia ərizəsinin rədd edilməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndi ilə əsaslandırmağa çalışsada, həmin maddənin qeyd hissəsinin tələblərini qərəzli surətdə pozmuşdur ki, bu da həmin qətnamənin ləğv olunması üçün əsasdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmiş işçilər və hallar sadalanmışdır. Həmin maddənin tələbinə (3-cü yarımbəndinin) görə, “əmək qabiliyyətini müvəqqəti itirən işçilərin” əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHS Cərrahiyyə Şöbəsinin 11 iyun 2022-ci il tarixli, Seriya SN 0007 № ******* olan “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həkim nəzarəti altında stosaniar müalicədə olmuş və xx.xx.2022ci il tarixdən işə başlamalı idi. Cavabdeh isə iddiaçı ilə aralarında olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 79-cu maddəsinin qeyd edilən imperativ normasının tələbini pozaraq, iddiaçını müalicə olunduğu zaman əmək müqaviləsinə qanunsuz xitam vermişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-1894/2022 saylı qətnaməsinin ləğv edilməsini, onun iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin mühəndisi X8 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74.1ci maddəsinin “C” bəndində nəzərdə tutulan qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar əmək funksiyasını yerinə yetirə bilmədiyi əsası ilə xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2022-ci il tarixdə işçinin son ödənişləri ilə bağlı maliyyə idarəsinə sifariş verilmiş və əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq xx.xx.2022-ci il tarixdə ona 1105,86 manat iki aylıq müavinət verilmişdir. Bununla da Mingəçevir şəhər MTvə Aİ Əmək Məcəlləsinin 74.1-ci maddənin bu tələblərinə əməl edərək düzgün olaraq xx.xx.2022-ci il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. X8 xx.xx.2022-ci il tarixli əmrdə göstərildiyi kimi, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ci il tarixədək əmək qabiliyyəti olmaması vərəqələrinə əsasən müalicədə olmuşdur. Lakin müəssisənin spesifik xüsusiyyətlərinə görə iddiaçı tutduğu vəzifə ilə bağlı binaların bacalarına çıxmaq, bina zirzəmilərinə daxil olmaq, onların təmizlənməsi və ya təmir olunmasım müayinə etmək və mütəxəssis rəyi vermək məcburiyyətindədir. Lakin tibbi sosial ekspert komisiyasının X1 müayinəyə dair xx.xx.2022-ci il tarixli rəyinə görə onun ikinci dərəcəli əlilliyi, özünə xidmət zamanı kənar şəxsin köməyə ehtiyacı, sağ aşağı ətrafın şorar oynağının amputasiyası xüsusi işlərdə işləyə bilməməsi bildirilmişdir. Belə olan halda o, üzərinə düşən vəzifə səlahiyyətlərini yerinə yetirmək imkanı xaricindədir. Xəqani Nəcəfov sərbəst, kənar şəxsin köməyi olmadan hərəkət edə bilməməyi, funksional vəzifələrini yerinə yetirə bilməzdi. Digər tərəfdən müəssisənin ştat cədvəli məhdud olduğundan başqa iş yerinin təklif edilməsi də imkan xaricindədir. İddiaçı şikayətində ƏMnin 74-cü maddənin qeydinə əsaslanaraq tibbi rəyin müəssisədə olmamasına istinad edərək qətnamənin qanunsuz hesab edir. Lakin Tibbi sosial ekspert komisiyasının X1 müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatında onun ikinci dərəcəli əlilliyi, özünə xidmət zamanı kənar şəxsin köməyə ehtiyacı, sağ aşağı ətrafın şorar oynağının amputasiyası məlumatı verilmişdir. Müəssisə iddiaçı ilə 2022- ci ilin iyun ayınadək dəfələrlə əlaqə saxlayıb bir ildən artıq müddətdə xəstəlik vərəqəsində olduğundan tibbi komissyanın müayinəsindən keçməsini və rəyin təqdim edilməsini tələb etmişdir. İddiaçı tibbi komissiyanın bu rəyini gizlətmiş və müəssisə X1 müayinəyə dair xx.xx.2022-ci il tarixli məlumatı DSMF-nin elektron portalından aldıqdan sonra həmin rəyi hüquqi əsas kimi rəhbər tutaraq onunla əmək müqaviləsinə xitam verilməsi qənaətinə gəlmişdir. Komisyanın bu rəyi onun Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “ C ” bəndində nəzərdə tutulan qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədiyi əsası ilə əmək müqaviləsinə xitam verilməsininə hüquqi əsas vermişdir. Bu onu deməyə əsas verir ki, X8 əmək qabiliyyətini itirmiş, əlillik müəyyən edilməklə qanuni olaraq işdən azad edilməsinə dair əmr verilib və əmək münasibətlərinə xitam verilmişdir. Digər tərəfdən iddiaçı yenə də Əmək Məcəlləsinin 74.1-ci maddəsinin “C” bəndində nəzərdə tutulan qeydə istinad edir və qeyd edir ki, iddiaçı əmək qabiliyyətini tam itirməmişdir. Lakin Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin Əlavəsindəki İnsan orqanizmi funksiyalarının itirilməsi faizlərinin cədvəlinin 13-cü qrafasında insan orqanizminin sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliklərin təyinat müddəti müiddətsiz göstərilmişdir ki, bu hal da onun əlilliyinin davamlı olmasına və iddiaçının qanuni əsasla əmək müqaviləsinə xitam verilməsinə dəlalət edir. Buna görə də, hesab edir ki, X5 işə bərpa edilməsi haqqında apellyasiya şikayəti əsassızdır və bu səbəbdən rədd edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi (vəkili) X4 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını, Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-1894/2022 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Mingəçevir Şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsində göstərilən əmək müqavilələrinə xitam verilməsinin əsaslarından biri də əmək müqaviləsinə tərəflərin iradəsindən asılı olmayan hallarla bağlı xitam verilməsidir. 74-cü maddəsində əmək müqaviləsinin tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq xitam verilməsi əsasları göstərilmişdir. 74-cü maddəsinin “c” bəndinə əsasən qanunvericiliklə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə əmək müqaviləsinə xitam verilir. 74-cü maddəsinin “Qeydinə” əsasən əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. 79-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmiş işçilər və hallar sadalanmışdır. Həmin maddənin tələbinə (3-cü yarımbəndinin) görə, “əmək qabiliyyətini müvəqqəti itirən işçilərin” əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. X12 Hüquqları Haqqında Qanunun; 21.2-ci maddəsinə əsasən əmək münasibətlərində əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol verilməsi, habelə kollektiv və əmək müqavilələrində digər işçilərlə münasibətdə X12 əmək hüquqlarının məhdudlaşdırlması qadağandır. 21.4-ci maddəsinə əsasən müəssisənin ləğv edilməsi halları istisna olmaqla, müddətindən asılı olmayaraq, reabilitasiya müəssisəsində və digər reabilitasiya subyektlərində müalicə keçən əlilliyi olan şəxslərlə bağlanılmış əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-1894/2022 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kollegiya Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)- 1894/2022 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin, ona etirazın dəlillərini tərəflərin izahatı və iş üzrə toplanmış sübutlarla birlikdə araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-1894/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, mübahisəli əmrin məzmununa xüsusi diqqət yetirməmişdir. Ona görə də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Kollegiya qeyd edir ki, əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilir. Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməlidir. Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. Əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərin iş yeri və vəzifəsi saxlanılmaqla onlara ilk 14 gün üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və miqdarda işəgötürənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınır. Normanın qeyd hissəsində işçi əmək funksiyasını yerinə yetirə bilmədikdə tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verilməsi üçün zəruri şərtlər sadlanmışdır. Həmin şərtlər aşağıdakılardan ibarətdir: a) işçinin əmək qabiliyyətinin tam itirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi ilə müəyyən edilməli; b) Əmək qabiliyyətinin tam itirilməsi dedikdə, icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə işçiyə onun orqanizminin funksiyalarının pozulması faizinə uyğun əlillik müəyyən edilməklə ən azı bir il müddətinə əmək qabiliyyətsiz hesab edilməsi başa düşülməli; d) Əmək qabiliyyətinin 6 aydan az müddətə müvəqqəti itirilməsi əmək müqaviləsinə xitam verilməsi üçün əsas təşkil etməməli; e) Əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi nəzərə alınmalıdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı əmək qabiliyyətini tam itirməmişdir yəni, ikinci dərəcəli əlildir. İş materillarında iddiaçının əmək qabiliyyətinin tam itirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi, əmək qabiliyyətinin ən azı bir il müddətinə tam itirlmiş hesab edilməsinə dair müvafiq orqanın qərarı və əmək qabiliyyətini bir ildən çox olmayan müddətə qismən itirmiş işçilər üçün isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi yoxdur. İşə baxan birinci instansiya məhkəməsi iş üzrə qəbul etdiyi qətnaməni yəni, iddia ərizəsinin rədd edilməsini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin “c” bəndi ilə əsaslandırmağa çalışsada, həmin maddənin qeyd hissəsinin tələblərini pozmuşdur ki, bu da həmin qətnamənin ləğv olunması üçün əsasdır. Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində əmək müqaviləsinin ləğv edilməsi qadağan edilmiş işçilər və hallar sadalanmışdır. Həmin maddənin tələbinə (3-cü yarımbəndinin) görə, “əmək qabiliyyətini müvəqqəti itirən işçilərin” əmək müqaviləsinin ləğv edilməsi qadağandır. İddia ərizəsinə əlavə edilmiş Mingəçevir şəhər Mərkəzi Xəstəxanası PHŞ Poliklinika Şöbəsinin 11 iyun 2022-ci il tarixli, Seriya SN 0007 № ******* olan “Əmək qabiliyyətinin olmaması vərəqəsi”ndən göründüyü kimi iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həkim nəzarəti altında müalicədə olmuş və həmin tarixlərdə işdən azad edilməklə onun işə başlamalı olduğu tarixin xx.xx.2022-ci il olması müəyyən edilir. Cavabdeh isə iddiaçı ilə aralarında olan əmək müqaviləsinə iddiaçının müalicə olunduğu zaman xitam verməklə Əmək Məcəlləsinin 79-cu maddəsinin qeyd edilən imperativ normasının tələbini pozmuşdur. Beləliklə, yuxarıda qeyd olunduğu kimi cavabdeh təşkilat Əmək Məcəlləsinin bir sıra normalarının imperativ tələblərini pozmaqla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqаviləsinin ləğv edilməsi qаydаlаrınа əməl оlunmаdаn həmin müqaviləyə xitam vermişdir. Kollegiya qeyd edir ki, sadalanan hallar şikayətin dəlillərinin əsaslı, ona etirazın dəlillərinin isə əsassız olmasını göstərir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyildir. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 387-ci maddəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin prosessual əsasları göstərilmişdir. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Konstitusiya Məhkəməsinin Plenumu 20 may 2011-ci il tarixli qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli məhkəmə iclasında cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi qismində Nümayəndə izahatı alınmış, baxılan iddia tələbi üzrə onun çıxışı dinlənilmiş, bunlar məhkəmə iclas protokolu və məhkəmə qətnaməsində də əksini tapmaqla yanaşı məhkəmə qətnaməsi qəbul edilərkən həmin fikirlərə də istinad edilmişdir. Lakin Nümayəndə verilmiş etibarnamənin, sonuncunun cavabdeh təşkilatda işləməsinə dair sənədin birinci instansiya məhkəməsinə təqdim edilməməsi nəzərə alınaraq, Nümayəndə Cavabdeh Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi qismində çıxış etməsi səlahiyyətinin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də birinci instansiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə işin müəyyən edilmiş həqiqi hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamaqla qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan qanuni və əsaslı hesab edilə bilməz. Kollegiyаnın qənaətinə görə mülki işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış və qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Ona görə də məhkəmə kollegiyаsı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli hesab edir və bu nəticəyə gəlir ki, Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-1894/2022 nömrəli qətnaməsi tam ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir. İddiaçı iddiasında işə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının alınıb ona verilməsini tələb etməsində haqlı olmasına, iddia ərizəsinin məzmununda işdən azad edilməsi barədə 13 iyul 2022-ci il tarixli, 46 nömrəli əmrin qanunsuz olmasını bildirməsinə baxmayaraq, iddia ərizəsinin yekununda həmin əmrin ləğvi barədə fikir ifadə etməmişdir. Məhkəmə kollegiyası İddiaçı işdən azad edilməsini qanunsuz, onun məcburi işbiraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməli olmasını isə əsaslı hesab etdiyindən, 13 iyul 2022-ci il tarixli, 46 nömrəli əmr ləğv edilmədən İddiaçı işə bərpa edilməsinin və ona məcburi işbiraxma müddəti üçün əmək haqqı ödənilməsinin texniki baxımdan mümkünsüzlüyünü əsas götürərək və prosessual qənaət prinsipindən çıxış edərək hesab edir ki, yekun qərar qəbul edilərkən həmin məsələyə də qiymət verilməlidir. Şərh edilənlər nəzərə alınaraq məhkəmə kollegiyası İddiaçı işdən azad edilməsinə dair 13 iyul 2022-ci il tarixli, 46 nömrəli əmrin ləğvini iddia tələbindən kənara çıxma halı kimi qiymətləndirmir. Göstərilənlərə əsasən və MPM-in 384, 392, 393, 402-406-cı mаddələrini rəhbər tutaraq məhkəmə kollegiyası. Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2(051)-1894/2022 nömrəli qətnaməsi tam ləğv edilsin. İş üzrə yeni qəbul edilməklə iddia tələbi təmin edilsin. İddiaçı işdən azad edilməsinə dair Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsinin 13 iyul 2022-ci il tarixli, 46 nömrəli əmri ləğv edilsin, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Mingəçevir şəhər Mənzil Təsərrüfat və Abadlaşdırma İdarəsində mühəndis vəzifəsinə bərpa edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar